Prezident İlham Əliyev: Biz
elmi tərəqqini, inkişafı təmin
etməliyik, ölkəmizi gələcəyə
aparmalıyıq, müasirləşdirməliyik
Azərbaycan uzun illər ərzində sabitlik yolu ilə gedir. Ölkəmizdə mövcud olan sabitlik Azərbaycan xalqının iradəsi ilə təmin edilir. Bizim apardığımız siyasət xalq tərəfindən dəstəklənir. Siyasət konkret işlərlə ölçülür. Bizim siyasətimizin təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır. Ona görə də xalq tərəfindən bizə göstərilən etimad yüksək səviyyədədir və sabitliyin, əmin-amanlığın əsas şərtləri məhz budur.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Prezident İlham Əliyev tərəfindən
reallaşdırılan uğurlu strategiya və qəbul edilən dövlət
proqramları sayəsində ötən il
ölkəmizdə makroiqtisadi sabitlik təmin edilib, iqtisadi artım sürətlənib və
iqtisadiyyatın dayanıqlı inkişafı yeni
mərhələyə daxil olub. Nəhəng sosial
infrastruktur quruculuğu
regionların mənzərəsini tamamilə dəyişib. Bölgələrdə 58 min kilometr uzunluğunda yeni qaz, 13 min
kilometr uzunluğunda
içməli su xətləri çəkilib,
470-ə yaxın modul tipli
sutəmizləyici qurğu quraşdırılıb,
706 min nəfər əhali içməli
su ilə təmin edilib.
Uzunluğu 16 min
kilometrdən çox olan
yollarda təmir-tikinti işləri
aparılıb, 470 körpü və tunel istifadəyə verilib.
Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində son 16 ildə 3300-dən çox məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Ötən il ərzində qeyri-neft sektorunda ÜDM-in 3,5 faiz, qeyri-neft sənayesində isə 14,3 faiz artımın qeydə alınmasında regionların böyük rolu olub. 2019-cu ildə regionların sosial-iqtisadi inkişafının dördüncü Dövlət Proqramı çərçivəsində sosial-iqtisadi sahələrə 7,2 milyard manat vəsait yönəldilib, eyni zamanda, ölkə Prezidentinin imzaladığı müvafiq sərəncamlarla əlavə olaraq 1 milyard manata yaxın vəsait ayrılıb.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bütün bunlar barədə ətraflı danışıb, görüləcək işlər haqqında geniş məlumat verib. Proqramda reallaşdırılması nəzərdə tutulan tədbirlərin əvvəllər həyata keçirilən layihələrin məntiqi davamı olduğunu bildirib.
Dövlət başçısı nitqində bundan öncəki üç proqram çərçivəsində mühüm tədbirlər gerçəkləşdirildiyini, bununla belə hələ görüləsi işlərin çox olduğunu qeyd edib: “Hesab edirəm ki, dördüncü proqram çərçivəsində ölkə qarşısında duran əsas infrastruktur vəzifələri icra olunacaq və beləliklə, ölkəmizin gələcək inkişafı üçün daha gözəl imkanlar yaranacaqdır.
Keçən il ərzində proqramın icrası ilə bağlı bütün lazımi tədbirlər görülüb. Deyə bilərəm ki, proqram artıqlaması ilə icra edilib. Proqramda nəzərdə tutulmuş məsələlər həll olunub. Ancaq bəzi məsələlərdə müəyyən ləngimələr var. Ona görə bu məsələlərin həllinə xüsusi diqqət göstərilməlidir. Hesab edirəm ki, proqramın bu il icra ediləcək bütün tədbirləri həyatda öz əksini tapacaq”.
Prezident İlham Əliyev nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsində ölkədəki mövcud sabitliyin, xalq-iqtidar birliyinin önəmli rol oynadığını vurğulayıb. Dövlətimizin başçısı dünyada, o cümlədən bölgədə, postsovet məkanında yeni münaqişə ocaqlarının, yeni gərginlik yerlərinin yarandığı bir şəraitdə Azərbaycanda dinclik, əmin-amanlıq hökm sürdüyünü, bunun xalqımızın iradəsi ilə təmin edildiyini, ölkədə aparılan siyasətin vətəndaşlar tərəfindən dəstəkləndiyini xatırladıb: “Siyasət konkret işlərlə ölçülür. Bizim siyasətimizin təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır. Ona görə də xalq tərəfindən bizə göstərilən etimad yüksək səviyyədədir və sabitliyin, əmin-amanlığın əsas şərtləri məhz budur”.
Ölkə rəhbəri çıxışında əldə edilən uğurları konkret göstəricilər əsasında təhlil edib. Bildirib ki, ötən il reallaşdırılan ciddi struktur və kadr islahatları sayəsində ümumi daxili məhsul 2,2 faiz, sənaye istehsalı 1,5 faiz, valyuta ehtiyatları 6,4 milyard dollar artıb, 98 min yeni iş yeri yaradılıb, xarici şirkətlər tərəfindən respublikamıza 13,5 milyard dollar sərmayə qoyulub, makroiqtisadi sabitlik hökm sürüb, inflyasiya 2,5 faiz təşkil edib, əhalinin gəlirləri 7,4 faizə çatıb. Bütün bunlarla bərabər, gerçəkləşdirilən strategiyada əsas yer tutan və prioritet vəzifə kimi qarşıya qoyulan qeyri-neft sektorunun inkişafı diqqətdə saxlanılıb. Əlbəttə, bu məsələdə hesabat dövründə istismara verilən nəhəng sənaye müəssisələrinin fəaliyyətə başlaması, eyni zamanda, sahibkarlığın daha da güclənməsi, biznes mühitinin yaxşılaşması, vergi-gömrük inzibatçılığı və iş adamlarına göstərilən dövlət dəstəyi xüsusi rol oynayıb. Biznes mühitinin əlverişliyini Dünya Bankı da qeyd edib. Belə ki, “Doing Business” hesabatında Azərbaycan keçən il 20 ən islahatçı ölkə sırasına daxil edilib.
Konfransda ölkənin 10 bölgəsində sənaye zonasının yaradılmasının sənayeləşmə prosesinə təkan verdiyi, həmin zonalara indiyədək rezidentlər tərəfindən 6 milyard manata yaxın investisiya yatırıldığı, onlarda istehsalın ümumi həcmində 2,6 dəfə artım qeydə alındığı və 9 mindən çox yeni iş yeri açıldığı vurğulanıb. Həmçinin Azərbaycanda yaradılan makroiqtisadi sabitliyin, əlverişli biznes və investisiya mühitinin regionların inkişafında mühüm rol oynadığı qeyd edilib. Eyni zamanda, Azərbaycan hökumətinin iqtisadi siyasəti milli iqtisadiyyata təsir edən xarici və daxili iqtisadi amilləri, ortamüddətli proqnozları nəzərə almaqla həyata keçirdiyi, qeyri-neft sektorunun inkişafının iqtisadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanıldığı, milli iqtisadiyyatın tərəqqisinə və ixracın şaxələndirilməsinə yönələn tədbirlərin isə qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir göstərdiyi bildirilib.
Konfransda ölkədə investisiya mühitinin yaxşılaşdırılmasına təsir göstərən ixracın və investisiyaların təşviqi mexanizmlərinin formalaşdırılması, idxal-ixrac əməliyyatları sahəsində mütərəqqi mexanizmlərin (“Yaşıl dəhliz”, elektron bəyanetmə və s.) tətbiq edilməsi, dövlət satınalmalarında yerli malların xeyrinə güzəştlər müəyyən olunması, kənd təsərrüfatının ənənəvi sahələrinin (pambıqçılıq, tütünçülük, ipəkçilik) inkişafı üçün subsidiyaların nəzərdə tutulması, kiçik sahibkarlığın, o cümlədən ailə təsərrüfatlarının dəstəklənməsi məqsədilə Ailə Biznesinə Asan Dəstək (“ABAD”) mərkəzlərinin yaradılması barədə də ətraflı danışılıb.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 18 yanvar 2016-cı il tarixli “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ölkəyə daha çox xarici sərmayələrin cəlb edilməsi, sənaye istehsalının artırılması kimi mühüm məqsədləri özündə ehtiva edir. Bu fərman əsasında sahibkarlara investisiyanın təşviqi sənədi və təsdiqedici sənəd verilir. Bu sənədləri alan sahibkarlar Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda nəzərdə tutulmuş güzəştlərdən yararlanmaq imkanı əldə edir, mənfəət və gəlir vergisinin 50 faizini, əmlak və torpaq vergisini, idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə ƏDV və idxal rüsumlarını 7 il müddətində ödəməkdən azad olunurlar.
Konfransda vurğulanıb ki, indiyədək verilən investisiya təşviqi sənədləri üzrə layihələrin reallaşması yerli istehsala 4 milyard manatdan artıq investisiyanın yatırılmasına, 28 minədək yeni iş yerinin açılmasına səbəb olacaq. Bu layihələrin 87 faizi regionların payına düşür. Sahibkarlığın inkişafına dövlət dəstəyi göstərilməsi sayəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsi işləri də davam etdirilir. Bu prosesin dövlət büdcəsinə əlavə yük yaratmadan həyata keçirilməsi üçün kreditləşdirmə geri qaytarılan vəsaitlər hesabına təmin edilir. 2019-cu ildə bunun nəticəsində 1573 sahibkarlıq subyektinə 175 milyon manat məbləğində güzəştli kredit verilib.
Konfransda 2005-ci illə müqayisədə regionların qeyri-neft sektoru üzrə ümumi vergi daxilolmalarının xüsusi çəkisinin 2 dəfə artaraq 15 faizə çatması da mühüm məqam kimi qeyd edilib. Bildirilib ki, əmək bazarının leqallaşması və yeni iş yerlərinin yaradılması hesabına ötən il məcburi dövlət sosial sığorta haqqı üzrə regionlardan daxilolmalar 28 faiz artıb, o cümlədən qeyri-dövlət sektorunda artım 50 faiz olub. İşsizlikdən sığorta haqqı üzrə regionların daxilolmaları 39 faiz, o cümlədən qeyri-dövlət bölməsində 70 faiz artıb. Eyni zamanda, ötən il regionlarda fərdi sahibkarların sayında 12 mindən çox artım qeydə alınıb.
Əmək bazarının leqallaşmasından söz düşmüşkən, konfransda dövlət başçısının narahatlıqla vurğuladığı bir məsələni xatırlatmaq istərdik. Azərbaycan Prezidenti nitqində “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin bundan sonra da aparılacağını diqqətə çatdıraraq, deyib: “Burada da iki tərəf var. Bu işlərə göz yuman dövlət məmuru və bu işləri görən sahibkar. Bu sövdələşmə də tamamilə pozulmalıdır və pozulur. Dövlət indi göz yummur, sahibkar da gərək öz biznesini kölgədən 100 faiz çıxarsın. Dövlət, mərkəzi icra orqanlarımız xüsusi anlayış göstərərək bu prosesi tədricən edirlər. Çünki bu işi görənlər onilliklər ərzində, sovet dövründə də, müstəqillik dövründə də belə işləyiblər, öyrəşiblər. Ona görə buna son qoyulmalıdır. “Kölgə iqtisadiyyatı” olmamalıdır, vəssalam, çox sadə. Düzdür, hər yerdə var, hər ölkədə var. Bizdə bu, dözülməz dərəcəyə gəlib çıxmışdır. O təhlil mənə veriləndə, sözün düzü, çox dəhşətə gəldim. Ona görə buna son qoyulur. Vergi və gömrük orqanları keçən il proqnozdan əlavə 1 milyard manatdan çox vəsaiti nəyin hesabına toplayıblar? Onun hesabına ki, bu pullar kiminsə cibinə gedirdi və bu pullardan Azərbaycan vətəndaşı məhrum idi. Biz bu şəffaflığı təmin edərkən, mən qeyd etdiyim sosial təşəbbüsü reallaşdıra bildik. O pul qəpiyinə qədər insanların maaşına, pensiyasına, təqaüdünə, müavinətinə getdi. İndi biz “kölgə iqtisadiyyatı”na göz yuma bilərikmi? Qətiyyən yox! Yenə də deyirəm, “kölgə iqtisadiyyatı”na son qoyulmalıdır...”.
Bəli, “kölgə iqtisadiyyatı”na qarşı mübarizə tədbirlərinin gücləndirilməsinin nəticəsidir ki, büdcə daxilolmaları getdikcə artır. Məsələn, ötən il vergi sahəsində aparılan islahatlar nəticəsində “kölgə iqtisadiyyatı”nın həcmi azalmaqda davam edib. Məhz bunun sayəsində 2019-cu ildə vergi daxilolmaları tarixi maksimuma – 7 milyard 672,6 milyon manata çatıb.
“Kölgə iqtisadiyyatı”na qarşı mübarizə tədbirlərinin sayəsində iqtisadiyyatın ayrı-ayrı sektorlarında da vergi daxilolmalarında artım qeydə alınıb. Belə ki, ötən il qeyri-neft sektorundan vergi daxilolmaları üzrə proqnoz 109,1 faiz yerinə yetirilib ki, bu da indiyədək əldə edilən ən yüksək göstəricidir. Ümumiyyətlə, bu sektordan vergi daxilolmaları 458,3 milyon manat və ya 9,1 faiz artaraq 5 milyard 432,3 milyon manata çatıb. Sözügedən sahədən daxilolmaların həcminin cəmi vergi daxilolmalarında xüsusi çəkisi 70,8 faiz təşkil edib, özəl sektorun qeyri-neft sektoru üzrə vergi daxilolmalarında xüsusi çəkisi isə 76,4 faiz olub.
“Kölgə iqtisadiyyatı”na qarşı mübarizədə əmək bazarının leqallaşdırılması önəmli rol oynayıb. Məhz belə bir siyasətin gerçəkləşdirilməsi sayəsində ötən il qeyri-neft özəl sektorda çalışan işçilərin 8 min manatadək olan əməkhaqları gəlir vergisindən azad olunub. Nəticədə 300 milyon manatdan çox vəsait işləyənlərin sərəncamında qalıb.
İslahatın səmərəsi əmək müqavilələrinin dinamikasında da aydın müşahidə olunub. 2019-cu ildə qeyri-dövlət sektorunda bağlanan əmək müqavilələrinin sayı 99 minə yaxın (18,3 faiz) artıb. Qeyd olunan islahat sayəsində, həmçinin əməkhaqlarının artırılması nəticəsində əməkhaqqı fondunun yüksəlməsi müşahidə edilib.
Daxilolmaların artımı pensiya sisteminin maliyyə dayanıqlılığını gücləndirib və büdcədən transfertin DSMF-nin gəlirlərində payının 2017-ci ildəki 38,1 faizdən 2020-ci ildə 29,6 faizədək enməsi gözlənilir.
Azərbaycan Prezidenti İlham Əliyev konfransda
dövlət qurumlarının qarşısında bir sıra mühüm vəzifələr
qoyub. Müvafiq strukturların rəhbərlərinə bank sektorunda
sağlamlaşdırma prosesinin davam etdirilməsi, emal sənayesinin
inkişafının diqqət mərkəzində
saxlanılması, modul tipli
təmizləyici qurğulara qayğı
ilə yanaşılması, Abşeron
yarımadasında mövcud göllərin
təmizlənməsi prosesinin daha geniş vüsət alması, Bakı və
Sumqayıt istisna olmaqla,
digər şəhərlərdə ictimai
nəqliyyatın qaydaya salınması, sahibkarlara yaradılan əlverişli şəraitin
müqabilində onların vergiləri tam
ödəmələrinin vacibliyi və s. barədə konkret
tapşırıqlar verib.
Vaqif BAYRAMOV,
Xalq qəzeti 2020.- 5
fevral.- S.1;2.