Əmək pensiyalarının artırılması vətəndaşların həyat səviyyəsinə mühüm təsir göstərəcək 

Prezident İlham Әliyev tərəfindən son illər reallaşdırılan islahatlar iqtisadiyyatda şəffaflığın səviyyəsini artırıb, iqtisadi inkişafı sürətləndirib, qeyri-neft sektorunun yeni mərhələyə daxil olmasını şərtləndirib. Bu siyasətə uyğun olaraq, 2019-cu ilin əvvəlindən etibarən dövlət başçısının müvafiq sərəncamları ilə geniş sosial paketin icrasına başlanılıb, minimum əməkhaqqı, minimum pensiya, sosial müavinətlər, təqaüdlər və digər ödənişlər artırılıb.

Qeyd edim ki, respublikada həyata keçirilən sosial islahatlar uğurlu iqtisadi islahatlardan, şəffaflaşdırma siyasətindən qaynaqlanıb. Başqa sözlə, belə bir strateji xətt büdcə gəlirlərinin artmasına, maliyyə imkanlarının əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaradıb. Hökumət şəffaf iqtisadiyyat quruculuğunu dərinləşdirməklə daha böyük maliyyə əldə etməyə və sosial proqramların əhatəsini genişləndirməyə nail olub.

Bu fikri bir qədər də dəqiqləşdirib deyə bilərəm ki, 2019-cu ilin əvvəllərindən başlayaraq, iqtisadiyyatda yeni islahatların başlanması “kölgə iqtisadiyyatı”nın azalmasına və şəffaflığın təmin edilməsinə mühüm təsir göstərib. Ötən il yanvarın 1-dən qüvvəyə minən vergi qanunvericiliyinə edilən yeni dəyişikliklər də əmək bazarında qeyri-leqal məşğulluğun qarşısının alınmasına və qeyri-neft sektoru üzrə daxilolmaların həcminin artmasına səbəb olub.

“Kölgədən çıxmanın” nəticəsidir ki, əmək müqavilələrinin sayı təkcə qeyri-neft sektorunda 70 minə yaxın artıb. Әn çox qeyri-leqal məşğulluq və vergidən yayınmanın təsadüf edildiyi pərakəndə ticarət, ictimai-iaşə, tikinti sahələrindən vergi daxilolmaları 25-30 faiz yüksəlib. Güzəştin tətbiqi və şəffaflaşma üçün yaradılan fiskal stimullar nəticəsində qeyri-dövlət bölməsində 80 mindən çox yeni əmək müqaviləsi qeydə alınıb ki, bu da 100 mindən çox artan əmək müqavilələri sayının 75 faizini təşkil edib.

Sosial islahatlar üçün belə əlverişli iqtisadi zəmin yaradılması hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə müəyyənləşir. Bu baxımdan hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü önə çəkmək və vətəndaşların sosial rifahını yaxşılaşdırmaqdan ibarətdir. Elə buna görə də Azərbaycanda dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görürbu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Xüsusilə də şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur, bu kateqoriyaya aid olan insanlara mənzillər, avtomobillər verilir, onlar güzəşt və müxtəlif kompensasiyalarla təmin edilirlər. Azərbaycanda sosial sahə üzrə görülən işlər bir tərəfdən dövlətin gücünü, digər tərəfdən isə Prezidentin həyata keçirdiyi siyasətin səmərəliliyini, reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir.

Azərbaycanda insanların rifahının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılması ölkəmizin dinamik iqtisadi inkişafından, maliyyə resurslarının artmasından qaynaqlanır. Dördüncü regional Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısı bununla bağlı deyib: “Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşamalıdır. Bizim artan iqtisadi gücümüz ölkəmizin güclənməsinə, ilk növbədə, xalqımızın rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu edirik. Ona görə sosial sahədə görülmüş bu işlər bir daha bizim siyasətimizi əks etdirir, bizim gücümüzü göstərir və bundan sonra da bu sahə daim diqqət mərkəzində olacaqdır”.

Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 2020-ci il fevralın 6-da imzaladığı sərəncam da bu fikrin bariz ifadəsidir. Həmin sərəncama əsasən bu il yanvar ayının 1-dən etibarən 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyənləşdirilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılır.

Onu da qeyd edim ki, əmək pensiyalarının indeksləşdirilməsi, həm də əmək müqaviləsi ilə çalışaraq sosial sığorta sistemində fəal iştirak üçün bir stimuldur. Belə ki, əmək müqaviləsi ilə çalışanlar fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay sosial sığorta ayırmaları ilə deyil, eyni zamanda, dövlət tərəfindən də hər ilin əvvəlində indeksləşdirilərək artırıldığının şahidi olurlar. Bu, həmçinin qeyri-formal məşğulluq sahəsində işləyən vətəndaşlara bir mesajdır ki, onlar da öz əmək fəaliyyətlərini rəsmiləşdirsinlər, pensiya kapitallarına malik olsunlar ki, hər il dövlət tərəfindən həmin pensiya kapitallarının indeksləşdirilərək artırılması imkanından faydalansınlar. Beləliklə, gələcəkdə pensiya təminatı hüququna yiyələnə bilsinlər.

 

Məhərrəm SƏFƏRLİ,

Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü

Xalq qəzeti  2020.- 9  fevral.- S.4.