Mədəniyyət sahəsində əməkdaşlıq xalqların yaxınlaşmasına önəmli töhfələr verir 

Azərbaycan Respublikasının mədəniyyət sahəsində xarici siyasət strategiyasına uyğun olaraq, beynəlxalq ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulması, mövcud münasibətlərin daha da inkişaf etdirilməsi sahəsində  mühüm  nailiyyətlər əldə olunmuşdur. Təkcə  ötən il ərzində hökumətlərarası komissiyalar çərçivəsində Çin, İran, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Yaponiya, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Monteneqro, Xorvatiya, Rusiya Federasiyası və digər ölkələrlə hökumətlərarası komissiyanın iclas protokollarının mədəniyyət sahəsində əməkdaşlıqla bağlı hissələrinin razılaşdırılması istiqamətində müvafiq işlər aparılıb. Komissiyaların ekspertlərinin, həmçinin komissiya üzvlərinin görüşlərində iştirakı təmin olunub.

Beynəlxalq mədəni əməkdaşlığın  müqavilə-hüquqi bazasının genişləndirilməsi diqqət mərkəzində olub. Azərbaycan Mədəniyyət Nazirliyi ilə Çin Mədəniyyət və Turizm Nazirliyi arasında 2019–2023-cü illər üçün mədəni əməkdaşlıq haqqında protokol, Azərbaycan Respublikası hökuməti ilə Əfqanıstan İslam Respublikası hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq proqramı”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Bolqarıstan Respublikasının Mədəniyyət Nazirliyi arasında 2019–2023-cü illər üzrə mədəniyyət sahəsində əməkdaşlıq haqqında proqram”, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu... imzalanıb.

Mədəniyyət naziri Əbülfəs Qarayev Latviya, Almaniya, İndoneziya, İordaniya, Yunanıstan, Meksika, Argentina, Əfqanıstan, ABŞ, Böyük Britaniyanın ölkəmizdəki səfirləri ilə görüşüb. Bununla yanaşı, nazir Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Mədəniyyət naziri Svetlana Uçaykinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Onlarla  ölkələrimiz arasında  mədəni əməkdaşlıq məsələləri müzakirə olunub. Mədəniyyət Nazirliyində Rusiya Federasiyası Həştərxan vilayətinin Mədəniyyət və Turizm naziri Olqa Prokofyeva ilə görüş keçirilib. Görüşlərdə mədəni əməkdaşlığın perspektivləri müzakirə edilib.

Ölkəmizin beynəlxalq təşkilatlarla, xüsusilə UNESKO və TÜRKSOY ilə əməkdaşlıq uğurla davam etdirilib. Ötən il  martın 6-da TÜRKSOY-un Ankarada yerləşən baş qərargahında Mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə “Nəsimi ilinin açılış mərasimi keçirilib. Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanası tərəfindən təşkil olunmuş tədbirdə Nəsiminin həyat və yaradıcılığından söz açılıb, sərgiyə baxış olub.

Mədəniyyət naziri 12-27 noyabr tarixində UNESKO-nun mənzil-qərargahında təşkilatın Baş Konfransının 40-cı sessiyasında, 27-28 noyabrda isə UNESKO-nunÜmumdünya mədəni və təbii irsinin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyasında iştirak edib. Nazir sonuncu tədbir çərçivəsində həmçinin UNESCO-nun baş direktoru Odre Azuleylə görüşüb.

Türkmənistanın paytaxtı ­Aşqabadda MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə “Birlik ölkələrində ümumi humanitar məkan: mədəniyyət, təhsil və elm sahələrində dialoqmövzusunda MDB-yə üzv ölkələrin elm və yaradıcı ziyalılarının XIV Forumu keçirilib. Forumda Azərbaycan   nümayəndə heyəti də təmsil olunub.

Ölkəmizin nümayəndə heyəti, həmçinin 14-16 noyabrda VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda iştirak edib. Tədbir çərçivəsində 2020-ci ildə keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycanın “qonaq ölkə” statusunda iştirakı ilə bağlı  mədəni proqramın təşkili istiqamətində danışıqlar aparılıb.

Ötən ilin  sentyabr  ayında Anqolanın paytaxtı Luanda şəhərində keçirilən sülh mədəniyyəti naminə Pan-Afrika Forumu çərçivəsində Azərbaycan və UNESCO-nun birgə təşkilatçılığı ilə “Bakı prosesi” və onun qlobal proseslərdə roluna həsr olunmuş xüsusi sessiya keçirilib. Sessiyada “Bakı prosesinin tarixi, əhəmiyyəti və Afrikanın bu qlobal hərəkatda rolu barə də söz açılıb.

Yeri gəlmişkən qeyd edək ki, UNESKO-nun 2020–2021-ci illər üzrə “Görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileylər proqramı” çərçivəsində 2020-ci ildə qeyd edilməsi məqsədilə görkəmli yazıçı-dramaturq, publisist, ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi ilə bağlı aidiyyəti sənədlər hazırlanıb və  Prezident  bu yubileyin ölkəmizdə  qeyd olunması ilə bağlı  bu yaxınlarda  sərəncam da imzalamışdır.

Onu da bildirək ki, oktyabrın 16-da Parisdə – UNESKO-nun baş qərargahında dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin  650 illiyinə həsr olunmuş möhtəşəm yubiley tədbiri keçirilib.

Ölkəmiz 2019-cu ildə bir sıra mötəbər beynəlxalq tədbirlərə uğurla evsahibliyi edib. Mayin 2-3-də Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraqmövzusunda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Foruma hazırlıq, tədbirin proqramının müzakirə olunması ilə bağlı Mədəniyyət naziri Əbülfəs Qarayevnazirliyin nümayəndələrinin də iştirakı ilə Parisdə görüşlər keçirilib.

Azərbaycan hökumətinin, UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və İSESKO-nun tərəfdaşlığı ilə keçirilən forumda çoxsaylı ölkələrin dövlət və hökumət rəsmiləri, nazirlər, millət vəkilləri, 60 ölkənin diplomatik nümayəndəliyinin rəhbərləri, elm xadimləri və ekspertlər daxil olmaqla, 106 ölkə və 32 beynəlxalq təşkilatdan 500-dən çox xarici, ümumilikdə isə 2 min nəfərə yaxın nümayəndə iştirak edib.

Ötən ilin yayında (30 iyun – 10 iyul) isə ölkəmiz tarixinin ən böyük tədbirinə – UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına evsahibliyi edib. Sessiya çərçivəsində iki beynəlxalq tədbir – Dünya İrsi üzrə Gənc Peşəkarlar ForumuÜmumdünya İrsi üzrə Abidə Menecerləri Forumu da gerçəkləşib. Dünya İrs Komitəsinin 43-cü sessiyası mədəni irsimizlə bağlı mühüm tarixi qərarla yadda qalıb. Azərbaycan ­Respublikası tərəfindən irəli sürülmüşXan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” nominasiyası UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.

Ötən il paytaxtımız üçün də əlamətdar olub. Oktyabrın 30-da Bakı şəhəri dizayn kateqoriyası üzrə UNESKO-nun ­“Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilib. Qeyd edək ki, Şəki şəhəri 2017-ci ilin noyabrında təşkilatın bu şəbəkəsinə salınmışdı.

Bu il  ölkəmizin  beynəlxalq mədəni əlaqələrin inkişafında  yeni uğurlar  qazanacağı  şübhəsizdir.

 

M.MÜKƏRRƏMOĞLU

Xalq qəzeti  2020.- 9 fevral.- S.5.