Könüllülüksevgi, vətənpərvərlik və xeyirxahlıqdan doğan hərəkat 

Heç bir təmənna güdməyən xeyirxah əməldən gözəl nə ola bilər? İnsanları bir-birinə daha da yaxınlaşdıran, onlarda mərhəmət, sevgi hisslərini artıran belə əməllər sağlam cəmiyyətin təməlində dayanmaqla könüllülük fəaliyyətinin əsasını təşkil edir. Məlum olduğu kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ilielan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkənin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycanda “Könüllülər ilielan edilib. Təqdirəlayiq haldır ki, “ Könüllülər ili” çərçivəsində geniş Tədbirlər Planı hazırlanıb həyat keçirilməsi nəzərdə tutulub.

“Hər kəsin dəyəri nəyə can atmasındadır”

Könüllülük fəaliyyəti şəxsi iradə və azad seçim əsasında cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan, əhalinin həssas qruplarından olan insanlara (əlillər, qocalar, kimsəsiz uşaqlar, ehtiyacı olan kəslər və s.) göstərilən fiziki və mənəvi yardım, cəmiyyətdə maarifləndirmə işinin aparılması, vətəndaş fəallığının artırılması, sağlam həyat tərzinin təbliğ edilməsi, ətraf mühitin qorunması və s. məqsədlərlə həyata keçirilən layihə və tədbirlərdə göstərilən təmənnasız sosial xidmətdir.

Yüksək dəyərlər naminə başqalarına kömək edib cəmiyyətə fayda vermək, öz bacarıqlarını yeni ortamda istifadə etmək, yeni dostlar taparaq yeni əlaqələr qurmaq bu işin əsas qayəsini təşkil edir.

Gündəlik həyatda hər birimiz könlümüzdən gələn yaxşılıq və hörmət hisslərini yaşlılara yolu keçməkdə kömək etməklə, avtobusda yaşca böyüklərə yer verməklə, hər hansı bir şəxsə yaşından asılı olmayaraq yardım etməklə göstəririk. Könüllü olmaq da məhz bu hisslərin birlikdə təzahürüdür.

Məşhur Roma imperatoru, filosof Mark Avreli deyirdi: “Hər kəsin dəyəri nəyə can atmasındadır”. Bu fəaliyyətin üstünlüyü də elə məhz budur.

Vətənpərvərlik məktəbinin daşıyıcı sütunlarını təşkil edən könüllülük öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərinə bağlılıq və xidmət örnəyidir. Azərbaycan gəncləri üçün milli ideya və dəyərlər naminə birləşmək bu gün həmişə olduğundan daha vacib olmaqla zamanın tələbidir.

İnsanları vahid niyyət, sağlam düşüncə, təmənnasız kömək ətrafında birləşdirən könüllülük hərəkatı Azərbaycan xalqının əsrlər boyu xeyirxah, fədakar, təşəbbüskar, sağlam, ülvi niyyətli olmasının bariz nümunəsidir.

XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət ali dəyərlər kimi sistemləşdirilərək, BMT könüllüləri tərəfindən koordinasiya olunmağa başlayıb və beləliklə, könüllülük dünyada kütləvi bir sosial fəaliyyətə çevrilib. BMT Baş Assambleyası 1985-ci ildə dünya dövlətlərinə hər il iqtisadiinkişaf naminə 5 dekabr tarixinin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunmasını təklif edib. O vaxtdan hər il 5 dekabr tarixi dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.

Tarixə bir nəzər

Tarixə nəzər salsaq görərik ki, könüllülük fəaliyyəti ilk dəfə XVII əsrdə Fransa ordusunda yaranıb. Daha dəqiq desək, bu anlayış və yaxud hərəkat könüllü hərbçi olmaq istəyən fransızların qeydə alınmasından sonra meydana çıxıb. Belə ki, bu dövrdə Avropada şəxsi istəyi ilə hərbi xidmətə gedənləri “volantaire”, yəni “könüllü” adlandırırdılar.

XIX əsrdə ABŞ-da vətəndaş müharibəsi zamanı isə qadınların könüllü olaraq tibb bacısı kimi fəaliyyət göstərməsi minlərlə könüllünü öz ətrafında birləşdirən Amerika Qırmızı Xaç Təşkilatının yaranmasına səbəb oldu. XX əsrin əvvəllərindən başlayaraq könüllülük fəaliyyəti bütün dünyada genişləndi və yeni mərhələyə qədəm qoydu.

Əsasında altruizm fəlsəfəsi dayanır

Mövzuya bir az fəlsəfi yanaşsaq, görərik ki, könüllülüyün əsasını altruizm fəlsəfəsi təşkil edir. Altruizm əxlaqi prinsipləri humanizm, insanlıq fəlsəfəsindən qaynaqlanır. Pozitivizmin banisi sayılan fransız filosofu, sosiologiyanın bir elm kimi formalaşmasında müstəsna xidmətləri olmuş Oqüst Kont tərəfindən irəli sürülən altruizmbaşqa adamlara təmənnasız xidmət göstərilməsini, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini qurban verməyi özündə ehtiva edir. Eqoizmin əksi olan altruizmin mərkəzi motivini və əxlaqi meyarını başqa adamın və ya sosial birliyin maraqları təşkil edir. Əxlaqi prinsip olan altruizm- başqasının rifahı naminə təmənnasız əziyyətə qatlaşmaq anlamına gəlir. Məhz bu aspektdən yanaşdıqda könüllülüyün əslində birbaşa humanizmə xidmət etdiyini görə bilərik.

Könüllü olmaq üçün

Demək olar ki, hər kəs, yəni özünü dərk edən və yaş həddindən asılı olmayaraq aşağıda qeyd olunmuş təməl xüsusiyyətlərə malik olan şəxslər könüllü ola bilərlər:

– Məsuliyyətli olmaqbu xüsusiyyət olmadığı təqdirdə siz öz öhdənizə düşən işi yerinə yetirə bilməyəcəksiz.

– Gülərüz olmaq – hər kəsə müsbət enerji ötürməklə həm başqalarında məmnunluq yarada, həm də özünüzə rahatyaddaqalan bir könüllülük proqramı bəxş edə bilərsiniz.

– İşə həvəsli olmaqbu hiss olmadıqda siz öz işinizdən bezə bilərsiniz.

– Ünsiyyətcil olmaqbu xüsusiyyətlə siz həm yeni dostlar qazana, həm də komanda ilə rahat işləyə biləcəksiniz.

Dünyanın ən xoşbəxt insanı siz ola bilərsiniz

Könüllülük zamanı əldə olunanlar aşağıdakılardır:

Siz könüllü olduğunuz təqdirdə çoxlu sayda könüllü ilə tanış olacaqsınız və mütləq şəkildə bir-birinizə yardım etməklə çalışarkən ən möhkəm dostluqların təməlini qoyacaqsınız.

– Gələcək karyeranızda sizə uğur gətirəcək təcrübəni qazanacaqsınız. Digər dostlarınızla müqayisədə sizin CV-niz, tərcümeyi-halınız daha dolğun və seçilən olacaq.

Proqramdan asılı olaraq dil biliklərinizi inkişaf etdirə və sənədlərlə işin mahiyyətini anlayacaqsınız.

- Siz özünüzdə yeni xüsusiyyətlər kəşf etməklə dünyanın ən xoşbəxt insanı olacaqsınız. Bununla da şəxsi inkişafınıza böyük töhfələr verəcəksiniz.

Hərəkat yeni mərhələyə qədəm qoyub

Qeyd etdiyimiz kimi, könüllülük hərəkatı bütün dünyada geniş vüsət alıb. Müasir Azərbaycanda isə könüllülük sahəsində real inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Elə buna görə də könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz ümummilli liderin adı ilə bağlıdır. Belə ki, dahi öndərin idarəçiliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektorlar, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanıldı. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verildi.

Beləliklə, 1998-ci ildə Gənclər, İdmanTurizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başladı. 1998–2000-ci illərdə bu proqramın nəticəsi olaraq ölkədə güclü könüllü komandası yaradıldı və könüllülük prinsiplərinin geniş auditoriyada təbliğinə start verildi.

Gənclər Forumunun keçirilməsi, “Gənclər gününün təsis edilməsi 1995–1996-cı illərin ictimai-siyasi gərginliyindən sonra gənclər üçün bir mayak oldu. Təhsilini yarımçıq qoyaraq az məvacibli yerlərini tərk edərək ölkədən kənara üz tutan gənclərdə ruh yüksəkliyi yarandı. Bu proqram əsas götürülərək 1998–2000-ci illərdən başlayaraq ölkədə könüllülük prinsiplərinin geniş təbliğinə başlanıldı.

Gənclərin mənəvi-fiziki inkişafı ilə bağlı indiyə qədər bir sıra sənədlər qəbul edilib. Belə ki, 2005–­2009-cu illəri əhatə edən gənclərlə bağlı Dövlət Proqramı çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tamdüzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxardı.

Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü 2007-ci ilin “Gənclər ilielan edilməsində də göstərdi. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədilə dövlət başçısı 2009-cu ilin iyun ayında “Könüllü fəaliyyət haqqında” Qanunu imzaladı və bununla da könüllüöz istəyi əsasında əvəzi ödənilməyən ictimai-faydalı fəaliyyətlə məşğul olmaq istəyən gəncləri özündə cəmləşdirən, dövlət büdcəsindən maliyyələşən cəmiyyət və təşkilatlar yaradıldı.

2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) yanında aktivkonstant ­könüllü təşkilat olan ASAN Könüllüləri Təşkilatı (AKT) yaradıldı. Bu hərəkat minlərlə gəncin ilkin təcrübəsi toplamasına, öz peşəsinin incəliklərini öyrənməsinə, ən əsası isə özünü tanımağa geniş imkan verdi. Hazırda bir çox dövlət qurumlarında könüllülər təşkilatları yaradılmaqdadır.

Ölkəmizdə könüllülük fəaliyyətinin təbliği məqsədi ilə dövlətimiz tərəfindən bütün zəruri addımlar atılıb, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib. Əksər hallarda könüllük fəaliyyəti hər bir şəxsin uğurlu fəaliyyətinin başlanğıcı, həyatında səmərəli dönüş nöqtəsi olur.

Könüllü gənclər kreativ təşəbbüskarlıqları, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verib, ölkəmizdə Avroviziya mahnı müsabiqəsi, I Avropa Oyunları, “Formula – 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları, AFFA-nın könüllülük proqramı kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıblar.

Qazanılmış uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində yuxarıda qeyd edilən mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyəti yüksək və peşəkar səviyyədə təşkil edildi.

Son illərdə ASAN, “Regional İnkişafİctimai Birliyi, “Bir” tələbə könüllüləri, “Dost” könüllüləri və digər könüllü hərəkatları yaranaraq mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gəncin birləşdiyi könüllü qrupları ölkəmizin inkişafı üçün öz töhfələrini verirlər.

Ölkə başçısının müvafiq sərəncamı ilə 2020-ci ilin “Könüllülər ilielan edilməsi bu hərəkatın daha mütəşəkkil xarakter almasını təmin etməklə yanaşı, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədlərini də özündə ehtiva edir.

Aydın TAĞIYEV,

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri

Xalq qəzeti  2020.- 9 fevral.- S.7.