AMEA-nın Yer Elmləri
Bölməsi hesabat verib
Fevralın 7-də Azərbaycan
Milli Elmlər Akademiyası (AMEA) Rəyasət
Heyətinin növbəti
iclası keçirilib.
Əvvəlcə AMEA-nın prezidenti,
akademik Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə
təltif olunmuş
AMEA-nın Gəncə
Bölməsinin sədri,
akademik Fuad Əliyevə və akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədova “Şöhrət”
ordenlərini, “Bakı
Dövlət Universitetinin
100 illiyi (1919-2019)” Azərbaycan
Respublikasının yubiley
medalı ilə təltif olunmuş akademiklər Akif Əlizadə, Ramiz Məmmədov, Telman Əliyev, Nazim Məmmədov, Vaqif Fərzəliyev, Vaqif Abbasov, müxbir üzvlər Qurban Yetirmişli, Misir Mərdanov, Oktay Qasımov, Oqtay Səmədov, Bəxtiyar Məmmədova yubiley medallarını təqdim
edib.
AZƏRTAC xəbər verir ki, tədbiri
açan akademik Ramiz Mehdiyev iclasın AMEA-nın Yer Elmləri Bölməsinin 2019-cu ildəki
elmi və elmi-təşkilati fəaliyyətinə
həsr olunduğunu bildirib.
Sonra AMEA-nın
birinci vitse-prezidenti, Yer Elmləri Bölməsinin sədri, akademik İbrahim Quliyev bölmənin hesabat məruzəsini təqdim edib. Akademik hesabat ilində bölməyə daxil olan elmi müəssisələrin
fəaliyyətlərində Azərbaycan Respublikası
Prezidentinin fərman və sərəncamları,
dövlət proqramları,
AMEA rəhbərinin sərəncamları,
AMEA-nın ümumi yığıncağının və Rəyasət Heyətinin qərarlarının əsas
götürüldüyünü diqqətə çatdırıb.
Bildirilib
ki, hesabat ilində bölmənin müəssisələrində 14 problemi əhatə edən 48 mövzu üzrə tədqiqatlar aparılıb və 70 iş tamamlanıb, 13 mühüm nəticə əldə olunub. Elmi müəssisələr
tərəfindən 2 işin
tətbiq olunduğunu
deyən alim ötən il
26 təsərrüfat müqaviləsi
üzrə görülən
işlərin yekunlaşdığını
nəzərə çatdırıb.
Bölmənin nəşriyyat fəaliyyətindən
danışan akademik bildirib ki, 144-ü xaricdə olmaqla 291 məqalə və 45-i xaricdə olmaqla 104 tezis işıq üzü görüb. Bunlardan 45 məqalə
impakt faktorlu jurnallara aiddir. Vurğulanıb ki, ötən il bölmənin alimləri tərəfindən hazırlanmış
10 monoqrafiya, 3 kitab və 19 dərs vəsaiti nəşr edilib, eləcə də 25 qrant və biri xaricdə
olmaqla iki patent alınıb.
Kadr hazırlığından danışan
akademik İ.Quliyev bildirib ki, 2019-cu ildə bölmə üzrə magistraturaya 16 nəfər, doktoranturaya isə 12 nəfər qəbul olunub, hazırda bölmənin institutlarında 20 fəlsəfə
doktorantı təhsil
alır.
Beynəlxalq əlaqələrdən danışan
birinci vitse-prezident bildirib ki, hesabat
ilində ABŞ, Almaniya,
Fransa, İtaliya, Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrin
elm və təhsil müəssisələri ilə
əməkdaşlıq davam
etdirilib, birgə tədqiqatlar aparılıb. Akademik İ.Quliyev ötən il bölmədə
dörd beynəlxalq tədqiqat laboratoriyasının
fəaliyyət göstərdiyini
də əlavə edib.
Elmi tədqiqatlarda informasiya kommunikasiya texnologiyalarından
istifadə haqqında
danışan akademik bildirib ki, bölmənin
NASA, UNAVCO, EMSC, ZOPAC, EMSC məlumat bazaları, Massaçusets
Texnologiya İnstitutu,
REA Yer Fizikası İnstitutu, Nüvə Sınaqlarının Hərtərəfli
Qadağan Olunması Müqavilə Təşkilatı
(CTBTO) və s. elmi müəssisələrlə elektron
elmi əlaqələri
davam etdirilir.
Natiq məruzəsində
elmi müəssisələrdə
keçirilən konfrans
və yubileylər, struktur dəyişiklikləri,
təltiflər, xarici
ezamiyyətlər, elm və
təhsilin inteqrasiyası,
gənc alim və mütəxəssislərin
fəaliyyəti, ekspedisiyalar
və digər məsələlərə də
toxunub.
Məruzə dinlənildikdən sonra müzakirə aparılıb,
suallar cavablandırılıb. Müzakirələrdə
AMEA Rəyasət Heyətinin
üzvləri və bölməyə daxil olan institutların rəhbərləri iştirak
ediblər.
Sonra Rəyasət
Heyəti bölmənin
2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı təsdiq edib. Mühüm nəticələrin AMEA Rəyasət Heyətinin hesabatına salınması
qərara alınıb.
Bölməyə dağılma mexanikasının
qeyri-klassik problemləri,
Binəqədi dördüncü
dövr flora və
fauna tapıntı yerinin
öyrənilməsi, intellektual
coğrafi məlumat sistemi, böyük dərinlik nefti, geodinamika və seysmologiya prioritet elmi istiqamətləri üzrə işlərin həyata keçirilməsi
tapşırılıb.
Rəyasət Heyətinin digər qərarı ilə AMEA-nın Geologiya və Geofizika İnstitutunun strukturunda qismən dəyişiklik edilib.
Xalq qəzeti 2020.- 8 fevral.- S.6.