Azərbaycan–İtaliya: mədəni
əlaqələr genişlənir
Qədim tarixə malik olan Azərbaycan–İtaliya mədəni əlaqələri müstəqillik illərində daha da inkişaf etmişdir. Bu əlaqələrin möhkəmləndirilməsində Prezident İlham Əliyevın və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Cənab Prezidentin İtaliyaya dövlət səfəri çərçivəsində bu ölkənin paytaxtındakı məşhur Villa Borghese parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət etməsi mədəni əlaqələrimizin tarixinə dəyərli töhfədir.
Bu abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli sərəncamına əsasən ucaldılıb. Həmin sərəncama əsasən Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub.
Prezident İlham Əliyev İtaliyaya səfərində verdiyi bəyanatda dedi: “Biz bu gün, cənab Prezidentin (İtaliya Prezidenti nəzərdə tutulur—red.) dediyi kimi, mədəniyyət sahəsində əməkdaşlığa da toxunduq. Biz bu sahədə əməkdaşlığı dərinləşdirmək istəyirik. Azərbaycanın İtaliyada Mədəniyyət Mərkəzinin açılışı nəzərdə tutulur. Bir neçə il bundan əvvəl dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi Villa Borgneze parkında ucaldılıb.”
Prezidentin səfəri zamanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu da imzalandı. Bu, onu göstərir ki, Azərbaycanla İtaliya arasında mədəni əməkdaşlığın geniş perspektivləri var.
Azərbaycan üçün zəngin mədəniyyətə, böyük dövlətçilik tarixinə, güclü iqtisadiyyata, dünya siyasətində özünəməxsus yerə malik olan bir ölkə kimi İtaliya həmişə mühüm maraq kəsb edib.
Azərbaycan–İtaliya mədəni əlaqələrinin qədim kökləri mövcuddur. Mədəniyyət tarixçiləri qeyd edirlər ki, Azərbaycanda incəsənətin müxtəlif istiqamətlərinin təşəkkülü və formalaşmasında antik Roma intibahının təsirini inkar etmək olmaz.
Ədəbiyyatşünas Samir Tağıyevin qeyd etdiyinə görə, M. F. Axundzadənin komediyaları fransız və ingilis dilləri ilə yanaşı, italyan dilində də nəşr olunub. İtaliyanın Neapol kitabxanasından əldə olunmuş materiallar göstərir ki, M. F. Axundzadənin komediyalarının italyan nəşrləri bir neçə mənbədə öz əksini tapmışdır.
Bu mənbələr sübut edir ki, İtaliyada bir çox məşhur alimlər və tərcüməçilər Pizze, Kristian Monn, Karlo Alfons, Nallino, Enriko, Kerilli, Aleksandr Bişiani, Anqelo Mişel Piemontezi və başqaları Azərbaycan ədəbiyyatına xüsusi maraq göstərmişlər. 1982-ci ildə Anqelo Mişel Pimontezinin tərtib etdiyi İtaliya kataloqunda A. Bişiani M. F. Axundzadə haqqında məqalə çap etmişdi.
Ötən əsrdə Azərbaycan musiqisinə professional Avropa dəyərlərinin inteqrasiya edilməsi də məhz mərkəzi İtaliya olan opera sənəti ilə bağlı olmuşdur. Mütəxəssislərin fikrinə görə, görkəmli bəstəkar Ü. Hacıbəylinin opera yaradıcılığı İtaliyanın opera sənətinin əsas xüsusiyyətləri ilə sıx bağlı olmuşdur. Azərbaycanın ilk vokal ifaçılarının, məhz bu ölkədə təhsil almaları da bu əlaqələrə misal ola bilər. Məsələn, istedadlı vokal ifaçısı Şövkət Məmmədovanın dünyanın ən məşhur musiqi təhsil ocağı sayılan Milanda oxuması mədəni əlaqələrimizin bariz nümunəsidir.
Milanda təhsil alan digər vokal ifaçı, Azərbaycanın görkəmli müğənnisi Bülbül idi. O, sovet hakimiyyətinin ilk çağlarında vokal texnikasını daha da təkmilləşdirmək üçün 1924 və 1927-ci illərdə İtaliyaya göndərilmişdi. Sonrakı illərdə Azərbaycan–İtaliya mədəni əlaqələri sistemində bu ənənə daha da inkişaf etdirildi. Böyük müğənnimiz Müslüm Maqomayev də İtaliyada vokal təhsili almışdı.
Sovet hakimiyyəti dövründə yaradıcı insanların əməkdaşlığına dövlət tərəfindən nəzarət rejimi, əlbəttə, mədəni əlaqələrin ümumi keyfiyyətinə mənfi təsir göstərirdi. Lakin bütün bu neqativ məqamlara baxmayaraq, sovet siyasəti çərçivəsində Azərbaycan–İtaliya mədəni əlaqələri formalaşmışdı. Azərbaycanda İtaliya musiqisi, kinosu, operaları get-gedə məşhurlaşırdı. Xüsusilə, Azərbaycan Opera və Balet Teatrının səhnəsində görkəmli italyan bəstəkarlarının operaları – Rossininin “Seviliya bərbəri”, Verdinin “Traviata”, “Aida”, “Trubadur”, Puççininin “'Toska”, “Çio-Çio- San” musiqili əsərləri müxtəlif illərdə teatrsevərlərin ən sevimli və baxımlı tamaşaları olmuşdur.
Rəssamlıq sahəsində də əlaqələr yaranmışdı. İtaliya rəssamlıq sənətinə kütləvi marağın oyadılmasında R.Mustafayev adına Milli İncəsənət Muzeyinin fəaliyyəti diqqətəlayiqdir. Belə ki, muzeyin yarandığı ilk vaxtlarda italyan sənətkarlarının əsərlərinin nümayişinə diqqət gücləndirilmişdir. Hazırda muzeydə İtaliya zalı fəaliyyət göstərir.
Rəssamlarımızın əsərləri dəfələrlə Romada və İtaliyanın digər şəhərlərində keçirilən sərgilərdə nümayiş olunub. Elə Xalq rəssamı Sakit Məmmədovun əsərləri bu yaxınlarda Romada keçirilən sərgidə əsas eksponatlardan idi.
Azərbaycanda İtaliya filmlərinə maraq
böyükdür. Bu il yanvarın 25-dən 30-dək İtaliya–Azərbaycan
Film festivalı keçirilib. Bu festivallar
İtaliya və Azərbaycan kino sənayesinin
keçmişini, bugününü və gələcəyini
təbliğ etmək məqsədi daşıyır.
İtaliyanın Azərbaycandakı səfirliyi, Nizami
Kino Mərkəzi və “The Landmark” tərəfindən dəstəklənən
festival hər iki ölkənin bir sıra elmi mərkəzləri
ilə əməkdaşlıq çərçivəsində
təşkil edilmişdi. Festival çərçivəsində
seçilmiş 15 müasir İtaliya filmi nümayiş
olunub. Bu il martın 4-dən 7-dək
Bakıda ikinci İtaliya-Azərbaycan Beynəlxalq Film
festivalı keçirilməsi nəzərdə tutulur. Festival
İtaliyanın Azərbaycandakı səfirliyi, “Imago Group”
film istehsalı şirkəti, Venesiyanın Ca Foscari
Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti, “Cinema Plus” və “United Cultures”in birgə əməkdaşlığı
çərçivəsində reallaşacaq.
Əlbəttə, Azərbaycan–İtaliya mədəni əlaqələri
bunlarla yekunlaşmır. Bu əlaqələr inkişaf edir, təkmilləşir
və dövlətlərimizin bir-birinə
yaxınlaşmasında əhəmiyyətli rol oynayır.
M.
MÜKƏRRƏMOĞLU,
Xalq qəzeti.-2020.-22 fevral.-S.8.