Azərbaycan – Türkiyə dostluğu və qardaşlığı
sarsılmazdır
Türkiyə liderinin səfəri iki
ölkə arasında münasibətləri daha
da gücləndirəcək
Azərbaycan –
Türkiyə dostluğu və
qardaşlığı sarsılmazdır
Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Buna görə bir daha təşəkkürümü bildirirəm. Öz növbəmdə bildirməliyəm ki, bütün məsələlərdə, beynəlxalq arenalarda Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyir. Elə bir məsələ olmayıb və əminəm olmayacaq ki, Azərbaycan öz dəstəyini Türkiyəyə göstərməsin. Hazırda bölgədə gedən bütün proseslərdə birmənalı şəkildə Azərbaycan dövləti və Azərbaycan xalqı Türkiyə dövlətinin və xalqının yanındadır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 fevral 2020-ci il
Biz Azərbaycanın uğurları ilə fəxr edirik. Bundan sonra bu uğurlara yeni nailiyyətlərin əlavə olunacağına da heç bir şübhəmiz yoxdur. Düşünürəm ki, 20 il əvvəlki Azərbaycan ilə bugünkü Azərbaycanı müqayisə etmək mümkün deyil. Bu gün tamamilə başqa bir Azərbaycan göz önündədir. İnfrastrukturu, quruculuğu ilə daim inkişaf edən, dəyişən bir Azərbaycan var. Təbii ki, burada Azərbaycan iqtisadiyyatının keçən il əldə etdiyi inkişaf islahatlar prosesinin nə qədər doğru olduğunu da ortaya qoymaqdadır.
Rəcəb Tayyib ƏRDOĞAN
Türkiyə Cümhuriyyətinin Prezidenti
Bakı, 25 fevral 2020-ci il
Azərbaycan–Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir
millət, iki dövlət” tezisinə əsaslanır.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğanın Bakıya son səfəri
çərçivəsində səsləndirilən fikirlər
və imzalanan çox
sayda sənədlər bir
daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə
qardaşlığı sarsılmazdır və böyük geosiyasi və
geoiqtisadi potensiala
malik bu iki ölkənin strateji əməkdaşlığı
regionda sülhün və
təhlükəsizliyin təmin edilməsinə, habelə
bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə
yönəlmişdir.
Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan–Türkiyə münasibətləri daim güclənir. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan–Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir, iki xalq arasında əlaqələrin səviyyəsini keyfiyyətcə yeni mərhələyə keçirir. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır.
Ən əsası, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir.
Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşır, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə dair mühüm addımlar atılır. Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sahədə əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin xeyli dərəcədə artırılmasına imkan verir. Xüsusilə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya son səfəri çərçivəsində ölkələrimiz arasında yeni sazişlərin imzalanması siyasi-iqtisadi, habelə hərbi əlaqələrin daha da güclənməsinə xidmət edəcəyi proqnozlaşdırılır. Qeyd etmək yerinə düşər ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclasının yekununda Bakıda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 14 əməkdaşlıq sənədi imzalandı. Prezident İlham Əliyev əməkdaşlığın müxtəlif istiqamətləri haqqında danışarkən, hərbi sənaye kompleksləri arasında əlaqələrə xüsusi önəm verdiklərini vurğuladı və Türkiyədən yeni hərbi texnika alınacağını bildirdi: “Bu il isə hərbi təlimlərin sayı daha da çox olacaq. Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək və bu gün biz birgə istehsalın təşkili haqqında da danışmışıq”. Mütəxəssislərin fikrincə, hərbi sahəyə dair imzalanmış saziş iki ölkə arasında hərbi əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə çıxaracaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ölkəsinin Azərbaycanla hərbi əməkdaşlığın daha da gücləndirilməsinə tərəfdar olduğunu acıqladı: “Ordularımızın güclü olması önəmlidir. Bu baxımdan, müdafiə sənayelərimizin gücləndirilməsi vacibdir”.
Ümumiyyətlə, Cənubi Qafqaz və Qara dəniz kimi strateji əhəmiyyətli regionlarının geoiqtisadi mənzərəsini dəyişməyə qadir olan Azərbaycan və Türkiyə beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı aktorlardır. Uzun illərdir bu iki qardaş ölkə Qərbin enerji təhlükəsizliyinin güclənməsinə dəstək verir. Siyasi, iqtisadi, enerji, nəqliyyat – bütün sahələrdə çox böyük nailiyyətlər əldə edən Azərbaycan və Türkiyə hazırda tərəfdaşları ilə TANAP layihəsini uğurla reallaşdırır. TANAP-ın icrasının müstəqilliyimizin daha bir mühüm hadisəsi kimi tarixə düşdüyünü vurğulayan siyasi şərhçilər əlavə edirlər ki, Azərbaycanın və Türkiyənin möhkəm işbirliyi, qardaşlığa və dostluğa söykənən fəaliyyətləri bu strateji layihənin uğurla reallaşmasında əhəmiyyətli rol oynadı. Bu gün sirr deyil ki, Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində Azərbaycan ilə Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsini şərtləndirir. Azərbaycanın neft strategiyasının həyata keçirilməsi Qafqaz regionunda sabitliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə müsbət təsir göstərir.
Fevralın 25-də imzalanan
daha bir mühüm sənəd nəqliyyat sahəsinə
aid oldu. Belə ki, iki qardaş
ölkə daha bir dəmir
yolu vasitəsilə birləşməyi düşünür. Söhbət Qars–Naxçıvan dəmir
yolunun tikintisinə dair Anlaşma Memorandumundan gedir. Prezident
İlham Əliyev sənədlərin imzalanması
mərasimindən sonra
mətbuata bəyanatında
nəqliyyat sahəsində
böyük nailiyyətlərimizin
olduğunu vurğuladı
və Qars–Naxçıvan
dəmir yolunun tikintisinə dair Anlaşma Memorandumunun imzalanmasının xüsusi
əhəmiyyət daşıdığını
diqqətə çatdırdı:
“Bu, xüsusi əhəmiyyət
daşıyan məsələdir.
Çünki Ermənistanın işğalçı siyasətinə
görə, Naxçıvan
uzun illərdir, demək olar ki, blokada, yəni
mühasirə şəraitində
yaşayır. Naxçıvanda istehsal olunan məhsulların xarici bazarlara çıxarılması
böyük problemdir”.
Dövlət başçımız
əlavə etdi ki, Qars–İğdır–Naxçıvan
dəmir yolunun tikintisi bu problemi
aradan qaldıracaq və beləliklə, Azərbaycanla Türkiyə
arasında yeganə quru sərhədi olan Naxçıvan Muxtar Respublikasının inkişafı və əhalinin rifahı daha da yaxşılaşacaqdır.
Prezident İlham Əliyev əmin olduğunu açıqladı ki, gələcəkdə Naxçıvandan
Türkiyəyə ixrac
əməliyyatlarının sayı artacaqdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da mətbuata bəyanatında Naxçıvanı
Qarsa birləşdirəcək
dəmir yolunun əhəmiyyətini xüsusi
vurğuladı. Bununla yanaşı, cənab Ərdoğan Naxçıvanın
inkişafı baxımından
çox önəmli
qaz kəmərinin tikiləcəyini də bildirdi: “Digər bir önəmli addım isə Naxçıvanda sərhədə
qədər, eyni qaydada, İğdırdan da sərhədə qədər təbii qaz kəmərinin çəkilməsidir. Beləliklə, təxminən 160 kilometrlik
kəmərin çəkilməsi
ilə Naxçıvan
təbii qazla bağlı daha əlverişli imkan əldə edəcək”.
Türkiyə lideri dəmir yolu və qaz kəmərinin
reallaşmasından sonra Naxçıvanın
həm İrandan, həm də Türkiyədən dəstək
almaqla daha güclü bir vəziyyətə gələcəyini
də diqqətə çatdırdı, çox
önəmli olan bu layihələrin qısa müddətdə
başa çatdırılmasının
əhəmiyyətli olduğunu
vurğuladı: “Sabahdan
etibarən infrastruktur
işlərinə başlayacaqlar
və İnşallah,
bunu sürətlə
başa çatdıraraq
qısa müddətdə
burada təbii qaz nəqlinə başlanacaq. Bu, çox
önəmlidir”. Qardaş
ölkənin başçısı
4,5 milyard dollar olan ticarət dövriyyəsinin 2023-cü ildə
15 milyard dollara çatdırılacağını da diqqətə çatdırdı. İmzalanan sənədlərin
əhəmiyyətindən danışan Türkiyə
Prezidenti gömrükdən
kənd təsərrüfatına,
enerjidən nəqliyyata,
texnologiyadan turizmə
qədər hər sahədə əməkdaşlığı
dərinləşdirəcəklərini də qeyd etdi.
Bundan başqa, rəqəmsal dövlət xidmətləri
sahəsində, sərmayə
bazarında, maliyyə
sektorunda da yeni əməkdaşlıq
imkanlarının araşdırılacağını
da açıqladı.
Türkiyə lideri Bakıda dünya birliyinə güclü mesajlar da göndərdi. Belə
ki, cənab Ərdoğan azərbaycanlı
həmkarının “Dağlıq
Qarabağ Azərbaycandır
və nida”, deyərək fikrini açıq şəkildə
ifadə etdiyini bildirdi və Türkiyə olaraq bu ifadənin altına imza qoyaraq bir daha
təkrarladı. Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi
və ərazi bütövlüyü çərçivəsində
həll edilməsinin ən böyük arzuları olduğunu vurğulayan Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha bəyan
etdi ki, Azərbaycana bu haqlı mübarizəsində
verdikləri dəstəyi
bundan sonra da davam etdirəcəklər.
Cənab
Ərdoğan çıxışında
Minsk qrupunun bu məsələdə səmimi
davranmadığını da açıq şəkildə ifadə
etdi. Prezident İlham Əliyev
Türkiyənin dünya
miqyasında Azərbaycana
ən böyük dəstək verən ölkə olduğunu bildirərək, buna görə bir daha təşəkkürünü
bildirirdi, bütün
məsələlərdə, beynəlxalq arenalarda Azərbaycanın daim Türkiyənin haqq işini dəstəklədiyini
vurğuladı. Dövlət
başçısı çıxışında
Türkiyənin iştirakı
olmadan bölgədə
və dünyada heç bir məsələnin öz həllini tapa bilmədiyini önə çəkərək, yaxın
tarixin də bunu göstərdiyini dedi: “Biz buna çox sevinirik, çünki Türkiyənin
gücü bizim gücümüzü artırır.
Bizim gücümüzün birləşdirilməsi
bizi daha da güclü edir”. Prezident İlham Əliyev,
həmçinin əmin
olduğunu bildirdi ki, Azərbaycan və Türkiyə bundan sonra da
hər zaman bir-birinin yanında olacaq, bir-birinin uğurlarına sevinəcəklər.
Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir. Bu baxımdan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son səfəri çərçivəsində səsləndirilən bəyanatların və imzalanan sənədlərin iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə şərait yaradacağı, həmçinin regional inkişafın, eləcə də təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətli olacağı gözlənilir.
Səbuhi
MƏMMƏDOV
Xalq qəzeti 2020.- 28 fevral.- S.1;3.