Azərbaycan – İtaliya:
daha böyük hədəflərə
doğru
Azərbaycan ilə İtaliya arasında əlaqələr çox yüksək səviyyədədir. O cümlədən Azərbaycan ilə İtaliya arasında mədəni sahədə əməkdaşlıq və şəhərlərarası əlaqələr də inkişaf edir. 1972-ci ildə Bakı və Neapol qardaşlaşmış şəhərlər elan edilib. 2012-ci ildə Romanın Villa Borgeze parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olub. Bundan başqa, Roma şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaq.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Müstəqilliyini bərpa etdikdən sonra üçüncü onillik ərəfəsində Azərbaycan regionun ən inkişaf edən ölkələrindən biri və mədəniyyətlər, etnik qruplar və fərqli dinlərin birgəyaşayış modeli kimi özünü təsdiq etmişdir.
Sercio MATTARELLA
İtaliya
Respublikasının Prezidenti
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi. Çünki bu, gənc müstəqil dövlətin beynəlxalq aləmə inteqrasiyası, ölkənin inkişafı, əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi. Müstəqilliyin ilk illərində Azərbaycanda hakimiyyətdə olan dairələr bu mühüm vəzifənin öhdəsindən gələ bilməmişdilər. Əksinə, xalqın qanı bahasına qazanılmış müstəqilliyimiz addım-addım uçuruma yaxınlaşırdı. Lakin ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xarici siyasətin düzgün müəyyənləşdirilməsi və həyata keçirilməsi bu sahədə əsaslı dönüş yaratdı. Heydər Əliyevin xarici siyasətində Azərbaycan elmini, mədəniyyətini, tarixini dünyada tanıtmaq, xarici dövlətlərlə bərabərhüquqlu, xalqımızın mənafeyinə xidmət edən əlaqələr yaratmaq və Qarabağ probleminin həlli ən mühüm yer tuturdu.
Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilmiş, mühüm əməkdaşlıq formatlarının təşəbbüskarı olmuşdur. Müasir dövrdə Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsipinə söykənən xarici siyasət strategiyası ekspertlər tərəfindən də yüksək qiymətləndirlir. Son 16 ildə ölkəmizin dünya birliyindəki reytinqinin yüksəlməsi, əlaqələrinin genişləndirilməsi və mövqeyinin möhkəmləndirilməsi də təsdiqləyir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə diqqəti cəlb edib və daim milli maraqlara söykənib. Məhz bunun nəticəsidir ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı da get-gedə artır.
Dövlət başçımızın xarici səfərləri həmişə beynəlxalq aləmin diqqət mərkəzində olur. Çünki belə səfərlər zamanı bütün sahələrə öz töhfəsini verən görüşlər, biznes forumlar keçirilir, sənədlər imzalanır. Bütün bunlar ölkəmizin mövqeyinin daha da möhkəmləndirilməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin bugünlərdə İtaliyaya dövlət səfərinin yekunları da bunu təsdiqləyir.
Azərbaycan -- İtaliya əməkdaşlığı qədim tarixə malikdir. Dövlətimizin başçısı dövlət səfəri zamanı bu məqamı xüsusi vurğuladı. Bildirdi ki, Azərbaycan və İtaliya arasında əlaqələrin zəngin tarixi vardır. Ən azı 30 min ildən artıq yaşı olan petroqliflərin yerləşdiyi və UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olunmuş Qobustan Dövlət Tarixi Qoruğu ərazisindəki qayalar üzərində Roma İmperiyası legionlarının bizim eradan əvvəl I əsrə aid latınca yazıları vardır. Bu yazılar Roma İmperiyası legionlarının Azərbaycan ərazisində olduğunu sübut edir. İtalyan səyyahı Marko Polo öz əsərlərində Azərbaycandan bəhs etmişdir. XV əsrdə Azərbaycan Ağqoyunlu dövləti ilə Venesiya Respublikası arasında siyasi, diplomatik əlaqələr qurulmuşdur. 1469–1478-ci illərdə Venesiya Respublikasının Azərbaycanda səfirliyi fəaliyyət göstərmişdir. Həmin dövrdə Azərbaycan ilə Neapol Krallığı arasında təmaslar mövcud olmuşdur.
İki ölkə arasında diplomatik münasibətlərə toxunan dövlət başçısı diqqətə çatdırdı ki, müsəlman aləmində ilk parlament respublikası olan, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Azərbaycan və İtaliya arasında diplomatik münasibətlər yaradılmışdır. İtaliyanın Bakıda diplomatik təmsilçiliyi fəaliyyət göstərmişdir. Hazırda Azərbaycan və İtaliya arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir.
Dövlər başçısı xatırlatdı ki, İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ildə Azərbaycana rəsmi səfəri iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə vermişdir. Həmin səfər zamanı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın İtaliyanın yüksək dövlət ordenləri ilə təltif edilməsi Azərbaycan və İtaliya arasında dostluğun inkişafına verilən töhfənin təzahürü kimi qiymətləndirilir.
Azərbaycan Prezidentinin İtaliyaya ilk dövlət səfəri həm keçirilən görüşlər, həm də imzalanan sənədlər baxımından çox zəngin oldu. Dövlətimizin başçısı İtaliya Respublikasının Prezidenti Sercio Mattarella, İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte, İtaliya Respublikası Senatının Sədri, senator xanım Maria Elisabetta Alberti Kaselatti, İtaliya Respublikası Deputatlar Palatasının sədri Roberto Fiko, Roma şəhərinin meri Vircinia Raggi ilə görüşüb. Səfər çərçivəsində müxtəlif sahələri əhatə edən ümumilikdə, 20-dən çox sənədin imzalanması da əməkdaşlığımızın əhatəliliyini təsdiqləyir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, artıq Azərbaycan və İtaliya strateji tərəfdaşlardır. Bu strateji tərəfdaşlıq münasibətləri ikitərəfli əlaqələrin bütün sahələrini əhatə edir. İmzalanan sənədlər sırasında Azərbaycan və İtaliya arasında “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” xüsusi qeyd edilməlidir. Bu sənəd iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasında mühüm rol oynayacaq.
Birgə bəyannamə qarşıdakı uzun illər ərzində iki ölkə arasında sıx əməkdaşlığı müəyyən edən vacib siyasi sənəddir. Bu sənəd ölkələr arasında strateji tərəfdaşlığın gələcək istiqamətlərini müəyyən edir, ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Ən başlıcası, birgə bəyannamədə Azərbaycan və İtaliyanın bir-birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək öz əksini tapıb. Sənəddə, həmçinin Ermənistan -- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamə və qərarların əsasında həllinə dəstək ifadə olunub.
Dövlət başçısının da qeyd etdiyi kimi, bu prinsiplər BMT Təhlükəsizlik Şurasının Ermənistan -- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi və təcavüzkar Ermənistanın qoşunlarının Azərbaycanın işğal olunmuş bütün torpaqlarından çıxarılmasını tələb edən qətnamələri ilə uzlaşır. Möhtərəm Prezidentimiz bütün xarici səfərlərində olduğu kimi, İtaliyada da Ermənistanın işğalçılıq siyasətindən hələ də əl çəkmədiyini bir daha bəyan etdi və münaqişənin həlli yolunu diqqətə çatdırdı: “Uzun illərdir ki, Ermənistan Azərbaycanın ərazilərini işğal etmiş, etnik təmizləmə aparmış, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.
İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmiz, onun başçısı haqqında səsləndirdiyi fikirlər Azərbaycanın reytinqinin getdikcə yüksəldiyini bir daha təsdiqlədi. O, Azərbaycana iki il əvvəlki səfərini xatırladaraq, yüksək qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirdi. Eləcə də, Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentin İtaliyada olmasından məmnunluğunu ifadə etdi. Bu səfərlərin ölkələri birləşdirən yüksək səviyyəli əlaqələrin əhəmiyyətli göstəricisi olduğunu vurğulayan İtaliya Prezidenti sürətlə möhkəmlənən və şaxələnən münasibətlərin mütəmadi və məhsuldar əlaqələrə təkan verərək, yalnız qurumlar, hökumətlər və müəssisələr arasında deyil, həmçinin mədəni və akademik reallıqlar arasında da inkişafa səbəb olduğunu diqqətə çatdırdı.
İki ölkə arasında münasibətlərin getdikcə yaxşılaşdığını diqqətə çatdıran İtaliya Prezidentinin dövlətimizin başçısına xitabən “Cənab Prezident, 25 ildən çoxdur ki, mövcud olan diplomatik əlaqələr çərçivəsində İtaliya və Azərbaycan arasındakı münasibətlər müstəsna inkişafa nail olmuşdur. Bu, həmçinin öz baxışlarını Avro-Aralıq dənizi məkanına yönəldən və balanslaşdırılmış geosiyasi mövqeyinə görə güclü olan Bakının seçimi sayəsində mümkün olmuşdur” – deməsi, həm də dövlətimizin həyata keçirdiyi siyasi kursa verilən dəyərin göstəricisidir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rolu, o cümlədən ölkəmizin Xəzər dənizi və Aralıq dənizi arasında körpü rolu oynaması, digər tərəfdən də bu gün Cənub Qaz Dəhlizinin tamamlanmasına güclü təsir etməsi də İtaliya Prezidentinin çıxışında öz əksini tapdı. Qeyd etdi ki, TAP layihəsinin yekunlaşması ilə Azərbaycan qazı İtaliyaya nəql ediləcək. Bu da Avropa İttifaqının enerji siyasətinin əsası olan marşrutların və mənbələrin şaxələndirilməsi üçün önəmli göstəricidir: “Bu siyasəti xarakterizə edən seçimləri hər zaman dəstəkləyən İtaliya Brüssel ilə yeni tərəfdaşlıq sazişinin imzalanması vasitəsilə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin daha da möhkəmlənməsinə müsbət baxır. Eyni istiqamətdə Bakı və Atlantik Tərəfdaşlıq Şurası arasındakı Aralıq dənizi sahəsində bütün maraqlı ölkələr üçün həyati əhəmiyyətə malik olan və sabitləşməyə töhfə verən sərfəli əməkdaşlıq davam edir. Azərbaycan və Avropa arasında əlaqələrin möhkəmlənməsi fərqli mədəniyyətlər və dinlərin daha ahəngdar birgəyaşayışı üçün əlverişli şəraitin yaranmasına imkan verə bilər”.
İtaliya Azərbaycan üçün dünya miqyasında ən yaxın tərəfdaşlardandır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 6 milyard dollara çatıb. İki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, kənd təsərrüfatı, hərbi, nəqliyyat, təhsil, idman, kosmos, investisiya və ixracın təşviqi və digər sahələri əhatə edən sənədlərin imzalanması əməkdaşlığın daha da genişləndirilməsinə mühüm töhfə verəcək.
Prezident İlham Əliyevin İtaliyanın ən böyük maliyyə-bank qurumu olan “Cassa Depositi Prestiti SpA”nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə görüşü Azərbaycanın xarici iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, ölkəmizə yeni investisiya axınının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Səfər çərçivəsində yaddaqalan hadisələrdən biri də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsi – IX Piy Ordeninin Böyük Xaçı ilə təltif edilməsi oldu. Birinci vitse-prezident Mehriban Əliyeva bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.
Əliqismət
BƏDƏLOV,
Xalq qəzeti 2020.- 29 fevral.- S.5.