Azərbaycan – İtaliya
əməkdaşlığı yeni
müstəviyə qədəm qoyub
Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri iki ölkə arasında iqtisadi, siyasi, mədəni və digər müstəvilərdə əlaqələrin inkişafında yeni səhifə açdı. Səfər zamanı keçirilən çoxsaylı görüşlər və müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Dövlət başçımızın İtaliyaya səfəri bir daha təsdiqlədi ki, hazırda iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir. Ölkələr arasındakı siyasi əlaqələr möhkəmləndikcə iqtisadi, mədəni, ticari və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün hərtərəfli zəmin yaranır. Bu mənada, Azərbaycan və İtaliya arasında siyasi əlaqələrin getdikcə genişlənməsi hərtərəfli əməkdaşlığın inkişafına təkan verir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın daha böyük siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. Ölkələrimiz ikitərəfli müstəvidə strateji tərəfdaş olmaqla sıx əməkdaşlıq edirlər. Xüsusilə qeyd edilməlidir ki, İtaliya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının gücləndirilməsinə fəal dəstək verir.
Səfər çərçivəsində imzalanmış sənədlər sırasında “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” müstəsna əhəmiyyət kəsb edir. Bu tarixi əhəmiyyətli sənəd Azərbaycanla İtaliya arasında əməkdaşlığın yeni yüksək səviyyəyə qədəm qoymasını şərtləndirir. Bu sənədin adından da göründüyü kimi, tərəflər bir-birini strateji tərəfdaş kimi qəbul etməklə yanaşı, strateji tərəfdaşlığın bütün sahələrdə daha da gücləndirilməsi istəyini ortaya qoyurlar. Birgə bəyannamədə, həmçinin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birmənalı mövqe əks olunub. Onu da vurğulamaq lazımdır ki, İtaliya daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
Bir faktı da qeyd edək ki, İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 6 milyard dollar olub ki, bu da ölkəmizin xarici ticarət dövriyyəsinin 18,4 faizinə bərabərdir. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür. Enerji sahəsində əməkdaşlıq yüksək səviyyədədir. On beş ilə yaxındır ki, Azərbaycan İtaliyaya xam neft ixrac edir. Keçən il ölkəmiz İtaliyanın ən böyük xam neft təchizatçısı olub. Bu il Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsi üzrə işlərin tamamlanması nəzərdə tutulur. İtaliyada istehlak olunan neftin 17 faizi ölkəmizin payına düşür. TAP layihəsinin icrası nəticəsində Azərbaycan qazı İtaliya bazarına ixrac olunduqdan sonra bu rəqəm daha da artacaq.
Səfər çərçivəsində Prezident İlham Əliyevin ən aparıcı italyan şirkətlərinin rəhbərləri ilə görüşündə bu şirkətlərin Azərbaycanda qeyri-neft sektorunun inkişafında iştirakı məsələsi müzakirə olundu. Nəzərə almaq lazımdır ki, İtaliya dünyanın yeddinci iqtisadiyyatıdır və “Böyük Yeddilik” ölkəsidir.
Bu səfər ikitərəfli münasibətlərdə yeni səhifə açmaqla yanaşı, hər iki ölkənin maraqlarının təmin olunmasında mühüm rol oynayacaq.
Mehman İSMAYILOV,
politoloq, Yeni Azərbaycan
Partiyası Səbail rayon təşkilatı
sədrinin müavini
Xalq qəzeti 2020.- 29 fevral.- S.5.