Çoxölçülü strateji tərəfdaşlıq:

 İlham Əliyevin Avropada növbəti böyük uğuru

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya ilk dövlət səfərinə ekspertlər yüksək qiymət verirlər. Ölkə rəhbərinin apardığı danışıqların məzmunu və imzalanan ikitərəfli sənədlər göstərir ki, faktiki olaraq, Azərbaycan dövlətçiliyi üçün çox əhəmiyyətli hadisə baş verib. Cənubi Qafqazın lider dövləti Avropanın yüksək inkişaf etmiş nüfuzlu ölkələrinin biri ilə müxtəlif sahələri əhatə edən strateji xarakterli sənəd imzalayıb. Bu məqam Azərbaycanın xarici siyasətdə dərin düşünülmüş addımlar atdığına əlavə bir sübutdur. İki ölkə bir sıra beynəlxalq layihələrin ortaq iştirakçılarıdırlar. Buraya enerji sferasında həyata keçirilən böyük layihələr, “Bir kəmər, bir yol” layihəsi kimi əhəmiyyətli proqramlar daxildir. İndi qarşılıqlı fayda gətirən yeni layihələrin həyata keçirilməsi mərhələsi başlayır.

İkitərəfli əməkdaşlıq formatı: Roma–Bakı əlaqələrində yeni dönəm

Azərbaycanın xarici siyasətinin çoxvektorlu məzmuna malik olduğu məlumdur. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş xarici siyasətin prioritet istiqamətlərinə uyğun olaraq, bütün istiqamətlərdə sistemli və ardıcıl düşünülmüş addımlar atılır. Prezident İlham Əliyev böyük ustalıq və məharətlə ölkənin siyasətini sürətlə dəyişən XXI əsrin geosiyasi reallıqlarının tələblərinə uyğunlaşdırır. Bu baxımdan Azərbaycanın Avropa istiqamətində siyasəti də maraqlı özəlliklərlə fərqlənir.

Hər şeydən öncə, Azərbaycan Avropa İttifaqına üzv dövlətlərlə qarşılıqlı maraq doğuran, tərəflərin hər biri üçün aktual olanfayda verən parametrlər üzrə əlaqələrini müstəqil surətdə milli maraqları gözləməklə inkişaf etdirir. Bu tezisi rəsmi Bakının illərdir atdığı addımlar tam təsdiq edir.

İkinci özəllik ondan ibarətdir ki, Azərbaycan konkret təşəbbüslər və layihələr üzrə Avropa İttifaqı ölkələri ilə əməkdaşlığı inkişaf etdirir. Buraya energetika, iqtisadiyyat, logistika, nəqliyyat, təhlükəsizlik məsələləri, ortaq beynəlxalq layihələrin işlənib hazırlanması və digər sahələr üzrə layihələr daxildir.

Üçüncü özəllik isə Azərbaycanın “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq formulu ilə ikitərəfli əməkdaşlıq formulunu uğurlu surətdə əlaqələndirə bilməsi ilə bağlıdır. Cənubi Qafqazda bu modeldən istifadə edə bilən ikinci dövlət yoxdur. Rəsmi Bakı “Şərq tərəfdaşlığı”nda ikitərəfli əlaqələri sürətlə inkişaf etdirir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, assosiativ üzvlüyün səmərəsi azdır, çünki ikitərəfli əməkdaşlıq əlaqələri strateji xarakterlidir. Azərbaycan “Şərq tərəfdaşlığı” proqramında qalmaqla ikitərəfli əməkdaşlıq modelinə üstünlük verir. Prezidentin bu mövqeyi olduqca obyektiv, səmərəli və müstəqil dövlət quruculuğu kursuna tam uyğundur. Bunu artıq Brüsseldə də etiraf edirlər.

Yuxarıda vurğulanan fikirlərin fonunda Prezident İlham Əliyevin İtaliyaya fevral ayının son ongünlüyündə etdiyi səfər tarixi əhəmiyyət kəsb edir. Səfərin dövlət səfəri kateqoriyasında olması, qarşılanma mərasiminin yüksək səviyyəsi, aparılan danışıqların məzmunu, imzalanan sənədlərin əhatəsi və strateji məzmunu ölkələr arasında əməkdaşlıq perspekivlərinin böyük olduğunu nümayiş etdirir. Bu kontekstdə onu vurğulayaq ki, səfər çərçivəsində Azərbaycanla İtaliya arasında, ümumilikdə, 28 sənəd imzalanıb. Onlar siyasi, müdafiə, iqtisadi-ticarət, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəniyyət, elm, turizm, idman sahələrini əhatə edir. Ekspertlər bununla yanaşı, “Azərbaycan Respublikası ilə ­İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin imzalanmasını yüksək qiymətləndirirlər. Məsələnin çoxölçülü strateji tərəfdaşlıq kontekstində qoyulması onu göstərir ki, Azərbaycan Avropanın böyükinkişaf etmiş dövlətləri ilə geniş sahəli səmərəli əməkdaşlıq etmək qüdrətində olan dövlətdir. Buradan o da aydın görünür ki, belə bir dövlət “Şərq tərəfdaşlığı” kimi proqramlarla məhdudlaşa bilməz. Azərbaycan başlıca olaraq müstəqil dövlət olaraq ikitərəfli əlaqələr quranuğurla inkişaf edən ölkə kimi qəbul edilməlidir.

Yuxarıda vurğulanan kontekstdə əhəmiyyət kəsb edən digər mühüm hadisə Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə – IX Piy Ordeninin Böyük Xaçına layiq görülməsi ilə bağlıdır. Bu mükafata ­ancaq xüsusi xidmətləri ilə seçilən dövlət başçıları və yüksək vəzifəli dövlət xadimləri layiq görülürlər. Mehriban xanım Əliyeva öz humanist, xeyirxah, xeyriyyəçi fəaliyyəti ilə bu adı qazanıb. Bu, bütün Azərbaycan xalqı üçün böyük şərəfdir.

Aydındır ki, dövlət başçısının İtaliyaya səfəri olduqca məzmunlu və zəngin olub. İfadə edilən məqamlar onu təsdiq edir ki, İlham Əliyev həm çox yüksək səviyyədə qarşılanıb, həm də konkret nəticələr əldə edilib. Prezident bu bağlılıqda çox maraqlı fikirlər ifadə edib. İlham Əliyev Azərbaycan–İtaliya biznes forumunda çıxış edərkən vurğulayıb: “Dünən və bu gün 25-dən çox sənədin imzalanması bunun əyani sübutudur. Çünki yalnız bir-birinə çox yaxın olan ölkələr arasında bu qədər sənədlərin imzalanması mümkündür. Bu sənədlər bir çox sahələri əhatə edir. Siyasi, iqtisadi, mədəni, humanitar, təhsil, energetika, kosmik sənaye, hərbi sənaye və digər sahələri əhatə edən bu sənədlər gələcək əməkdaşlığımız üçün gözəl baza yaradır”.

Münasibətlərin yeni modeli: Azərbaycan rəhbərliyinin tarixi nailiyyəti

Dövlətimizin başçısı bildirib ki, “bu sənədlərin arasında çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməni xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir və əslində, bizim gələcək ikitərəfli əməkdaşlığımızın əsas prioritetlərini müəyyən edən bir sənəddir. Bu sənəddə çox önəmli müddəalar var. Bu müddəalar onu göstərir ki, bizim əlaqələrimiz hətta müttəfiqlik əlaqələrinə yaxındır. Çünki oradakı maddələrdən birində göstərilir ki, biz beynəlxalq təşkilatlarda maraqlarımızı nəzərə alaraq bir-birimizi dəstəkləyəcəyik”.

Deməli, Azərbaycan rəhbərliyi dünyanın 7-ci iqtisadiyyatına malik, “Böyük Yeddiliyin, Avropa İttifaqı və NATO kimi təşkilatların üzvü, eləcə də, beynəlxalq münasibətlərdə öz çəkisi və rolu olan İtaliya Respublikası ilə elə bir sənəd imzalamağa nail olub ki, birincisi, o, çox müxtəlif sferaları əhatə edir, ikincisi, həmin sənəd, faktiki olaraq, əməkdaşlığın prioritet sahələrini əhatə edir, ­üçüncüsü, münasibətlər müttəfiqlik əlaqələri səviyyəsinə yüksəlmiş olur. Və bütün bu məqamların təməlində Azərbaycanla İtaliyanın birgə iştirak etdiyi konkret proqramlar dayanır. Məsələn, energetika sahəsində hər iki ölkə TANAP və TAP layihələrinin aktiv iştirakçılarıdırlar. Azərbaycan Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, ­“Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq TAP təbii qaz boru kəməri layihəsində olduqca fəaldır. İtaliya da Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan beynəlxalq əməkdaşlıq qrupuna qoşulubenerji layihəsində (ümumilikdə Cənub Qaz Dəhlizi layihəsi) aktiv iştirak edir.

Bunlardan başqa, iqtisadiyyat, hərbi, mədəniyyət və başqa sferalar üzrə imzalanan çoxlu sayda müqavilələr var ki, strateji tərəfdaşlığa konkret məzmun verir. Yəni bu əlaqələr uzunmüddətlidir, perspektivlidir, qarşılıqlı faydalıdır. Bütün bunlarla İtaliya Prezidentinintam razılaşdığı onun ifadə etdiyi fikirlərdən aydın görünür. Sercio Mattarella mətbuata verdiyi açıqlamada vurğulayıb: “İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır. Azərbaycan dialoqa çox açıq və bütün dünya tərəfindən görünən müasir bir ölkədir. Burada mən, həmçinin Qoşulmama Hərəkatına Azərbaycanın üçillik sədrliyini qeyd etmək istəyirəm. Azərbaycan bu öhdəliyi öz üzərinə götürmüşdürbu, onun beynəlxalq sahədəki işini daha da gücləndirəcək. Mən bu işdə cənab Prezidentə uğurlar arzulayıram”.

İtaliya Prezidenti sözlərinə davam edərək, ifadə edib: “Bundan əlavə, Cənub Qaz Dəhlizi layihəsini qeyd etmək istərdim. Artıq TAP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir. Bu, İtaliya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişafına, həmçinin Xəzər dənizi və Aralıq dənizi regionlarında sabitliyin qorunmasına yardımçı olacaq”.

Nəhayət, hər iki dövlət başçısı beynəlxalq səviyyədə bir-birinə dəstək vermək haqqında razılığa gəliblər. Hazırkı geosiyasi dinamika kontekstində olduqca əhəmiyyətli bir nəticədir. Azərbaycan Prezidentinin bu uğurunun faydasını ölkəmiz yaxın zamanlarda daha konkret nümunələrdə görə biləcək.

Beləliklə, Prezident İlham Əliyevin İtaliya səfəri həm zəngin olub, həm də əməkdaşlığı yeni səviyyəyə yüksəltmək üçün böyük imkanlar yaradıb. Şübhə yoxdur ki, bundan Azərbaycan dövlətçiliyi böyük fayda görəcəkdir.

 

Newtimes.az

Xalq qəzeti 2020.- 29 fevral.- S.6.