Birinci vitse-prezidentin Müqəddəs
Taxt-Tacın yüksək ordeni ilə təltifindən
qürur duyuruq
Azərbaycan Prezidenti
İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva ilə
görüşən Roma Papasının
Heydər Əliyev Fondu tərəfindən
Vatikanda həyata keçirilən təmir-bərpa
işlərini qeyd etməsi, Azərbaycan
hökumətinə, xüsusilə də fondun
prezidenti Mehriban
Əliyevaya minnətdarlığını bildirməsi dövlət
başçımızın İtaliyaya
səfərinin xüsusi məqamlarından
idi. Papa
vurğuladı ki, Vatikan
Heydər Əliyev Fondunun gördüyü
işləri heç vaxt
yaddan çıxarmayacaq. Çünki
Heydər Əliyev Fondunun layihələri
sayəsində Vatikanda bir
çox tarixi abidələrin,
o cümlədən katakombaların bərpasına
nail olunub.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Vatikanda Sikstin Kapellası və Müqəddəs Pyotr Kilsəsi ilə tanış olan zaman Heydər Əliyev Fondunun gördüyü işlərlə bağlı verilən məlumatlar bizi qürurlandırdı. Öyrəndik ki, Heydər Əliyev Fondu tərəfindən hazırda Vatikanda böyük layihələr həyata keçirilir. Ötən ilin fevral ayında Heydər Əliyev Fondu ilə Müqəddəs Pyotr Kilsəsi arasında imzalanmış müqaviləyə əsasən, Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefi və Vatikan Bazilikasındakı katakombalarda yerləşən “Tullius Zethus” məqbərəsi Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bərpa edilir və artıq işlər başa çatmaq üzrədir. Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tacın Arxeologiya Şurası arasında imzalanmış müqaviləyə əsasən aparılan “Müqəddəs Komodiliya” katakombalarındakı mavzoleyin bərpası işləri və həmin layihənin də bu il başa çatması nəzərdə tutulur. Bundan başqa, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Müqəddəs Taxt-Tacın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazinin iştirakı ilə açılışı olan “Müqəddəs San Sebastian kilsə-muzey kompleksində katakombaların bərpası” layihəsi çərçivəsində son tamamlama işləri aparılır.
Biz fəxr edirik ki, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr Müqəddəs Taxt-Tacda çox yüksək qiymətləndirilir. Bu işlər fondun ümumbəşəri dəyərlərə verdiyi töhfələri bütün dünyaya nümayiş etdirir. Bununla yanaşı, bu layihələr həm də ölkəmizin müxtəlif dinlərin abidələrinə və müqəddəs yerlərinə verdiyi önəmi göstərir. Bütün bunlar isə multikultural dəyərlər təşviq edən ölkə kimi Azərbaycanın dünyadakı mövqeyini və yerini möhkəmləndirir.
Sikstin Kapellasının yerləşdiyi bina Vatikanda İntibah dövrü italyan incəsənətinin ən görkəmli abidələrindən biridir. Kapellanın divarlarına Musanın və İsanın həyatlarından səhnələr təsvir olunan freskalar çəkilib. XV əsrdə dünya şöhrətli italyan heykəltəraşı Mikelancelo kapellanın tavanının və mehrab divarının rəsmlərini yaradıb. Bura həm də muzey kimi fəaliyyət göstərir.
Vatikandakı Müqəddəs Pyotr Kilsəsi italyan intibah memarlığının ən məşhur nümunələrindən və dünyanın ən böyük kilsələrindən biridir. Kilsədə ilk Roma Papası hesab edilən Müqəddəs Pyotr və erkən xristianlıq dövründən etibarən əksər Roma papaları dəfn olunub. Müqəddəs Pyotr Bazilikası həm də məşhur ziyarətgah və mərasim yeridir. Roma Papası il ərzində bazilika və ya onun qarşısındakı Müqəddəs Pyotr meydanında bir neçə dini mərasim keçirir.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü də bu səfərin yaddaqalan məqamlarından oldu. Dövlətimizin başçısı görüşdə Roma Papasının 2016-cı ildə Azərbaycana səfərini qeyd etdi. Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində fəaliyyətini davam etdirdiyini, ötən il Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirildiyini bildirərək bu tədbirdə Vatikan nümayəndəsinin də iştirak etdiyini xatırlatdı.
Kardinal Pietro Parolin ölkələrimiz arasında xüsusi münasibətlərin olduğunu, Azərbaycanda mədəniyyətlərarası dialoqun, multikulturalizmin, həmçinin müsəlmanlar, xristianlar və yəhudilər arasında harmoniyanın möhkəmləndiyini vurğuladı. Eyni zamanda, Azərbaycanda Katolik Kilsəsinin fəaliyyəti üçün yaradılan şəraitin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.
Sonra kardinal Pietro Parolin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya Papa Cəngavər Ordeninin ən ali dərəcəsi olan, kilsə və cəmiyyət qarşısında xidmətlərinə görə dövlət başçılarına və yüksək vəzifəli dövlət xadimlərinə təqdim edilən IX Piy Ordeninin Böyük Xaçını təqdim etdi. Birinci vitse-prezident Mehriban Əliyeva bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görüldü. Kardinal Mehriban Əliyevaya bu mükafatı təqdim etməkdən şərəf duyduğunu dedi.
Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın yüksək ordeni ilə təltif olunduğuna görə minnətdarlığını bildirdi və ordeni Vatikan ilə Azərbaycanın ikitərəfli münasibətlərinin yüksək səviyyədə olmasının daha bir təsdiqi kimi qiymətləndirdiyini vurğuladı.
Azərbaycanın birinci xanımına fəaliyyətinə görə verilən bu dəyəri xalqımıza verilən qiymət hesab edir və qürur duyuruq. Fəxr edirik ki, ölkəmizin imicini yüksəldən belə Birinci vitse-prezidentimiz var və o, Azərbaycanın adını zirvələrə qaldırmağı bacarır.
Gülnaz DADAŞOVA,
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, tibb elmləri doktoru
Xalq qəzeti $g 2020.- 29 fevral.- S.6.