Sumqayıt hadisələri
SSRİ DTK-nın hazırladığı planın tərkib
hissəsi idi
XX əsrin sonlarında
Dağlıq Qarabağın Azərbaycandan
ayrılmasını, tarixən Qərbi Azərbaycan ərazisində
yaşayan azərbaycanlıların doğma torpaqlarından
zorakılıqla və kütləvi qovulmasını, Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzünü və
işğalçılıq siyasətini həyata keçirmək məqsədilə atacaqları
digər zorakı addımlarını “əsaslandırmaq”
üçün anti-Azərbaycan kampaniyasını həyata
keçirən Ermənistan rəhbərliyi, erməni millətçiləri,
siyasi ideoloqları və terror təşkilatları 80-ci illərin
ikinci yarısında hərəkətə keçdilər.
Məhz Sumqayıt hadisələri də erməni millətçilərinin
Dağlıq Qarabağı işğal etmək
üçün məqsədyönlü şəkildə
işləyib hazırladıqları məkrli planın tərkib
hissəsi idi. Bu hadisələr ermənilərin Azərbaycan
torpaqlarını zəbt etmək üçün hələ
xeyli əvvəl başladıqları planın ideoloji əsaslarını
qoymaqla, sonradan siyasi-hərbi mərhələyə
keçidin başlanğıcı oldu.
Məlum olduğu kimi, bütün dövrlərdə Dağlıq Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılmışdır. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kampaniyası aparılmış və nəticədə, mənfi ictimai fikir formalaşdırılmışdır. Z.Balayanın Azərbaycan xalqının əleyhinə və erməni millətçiliyi ruhunda yazıldığı, Yerevanda 100 min tirajla çap olunan “Oçaq” kitabı Ermənistanda Dağlıq Qarabağı ələ keçirmək üçün aparılan təbliğat işini daha da gücləndirmişdi.
1986-cı ilin fevral ayında ermənilər SSRİ-də irəli sürülən “aşkarlıq” və “demokratiya” ideyalarından istifadə edərək, Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) mərkəzində – Xankəndidə tarix və mədəniyyət abidələrini qorumaq bəhanəsi ilə “Krunk” adlı təşkilat yaratdılar. Ancaq sonradan məlum oldu ki, “Krunk” sözü rus dilində “Êîìèòåò Ðåâîëþöèîííîãî Óïðàâëåíèÿ Íàãîðíîãî Êàðàáàõà” sözlərinin baş hərflərindən yaranmışdı . Təşkilatın əsas məqsədi isə tarixi abidələri qorumaq yox, DQMV-ni Ermənistana birləşdirməyə nail olmaq idi.
Artıq 1987-ci ilin iyun-iyul aylarında ermənilər Xankəndinin küçələrində Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün təbliğat apararaq, bu istiqamətdə vərəqələr yayırdılar. Ayrı-ayrı adamların İttifaq rəhbərliyinə yazdıqları məktublar bu dövrdə müxtəlif kollektivlərdən imzalar toplanması kampaniyasına çevrildi və ərazi iddialarının yeni mərhələsinin təməli qoyuldu. Bu hərəkatın əsas aparıcı qüvvəsi olan “Krunk” təşkilatı da gizli, eyni zamanda, geniş fəaliyyət göstərirdi. İlin ikinci yarısında Yerevandan müntəzəm olaraq Xankəndiyə gələn emissarlar ermənilər arasında fəal iş apararaq, xüsusi imzalar toplamaqla Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək ideyasını təbliğ edirdilər.
1987-ci il oktyabrın 21-də Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin I müavini Heydər Əliyev vəzifəsindən istefa verdikdən bir neçə gün sonra Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə “İnterkontinental” hotelində müsahibə verərkən DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü. Onun verdiyi müsahibə noyabrın 18-də “L’Humanite” qəzetində dərc olundu. Bu müsahibə ermənilərin Dağlıq Qarabağa dair ərazi iddialarının başlanması üçün bir siqnal rolunu oynadı.
1988-ci il fevralın 8-də erməni millətçiləri Xankəndində DQMV-nin Azərbaycan SSR-dən ayrılıb Ermənistan SSR-in tərkibinə verilməsi tələbi ilə yeni imza toplanması kampaniyasına başladılar və ayın 12-də DQMV-də gizli fəaliyyət göstərən millətçi “Krunk”un təşkilatçılığı ilə ermənilər DQMV-nin Ermənistana birləşdirilməsi tələbi ilə Xankəndidə ilk mitinq keçirdilər. 1988-ci il fevralın 18-də M.Qorbaçovun SSRİ-də milli münasibətlər məsələsinə yenidən baxılmasının vacibliyini bildirməsi vəziyyəti daha da gərginləşdirdi. Bu çıxışdan istifadə edən ermənilər fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyasında “DQMV-nin Azərbaycan SSR tərkibindən çıxarılaraq, Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul etdilər. Qeyd etmək lazımdır ki, ermənilərin iddia etdiyi kimi yox, məhz azərbaycanlılar münaqişənin ilk qurbanları oldular.
1988-ci il fevralın 26-da Sov. İKP MK-nın Baş
katibi M.S.Qorbaçovun Azərbaycan və Ermənistan zəhmətkeşlərinə
(sonuncu ifadə olduğu kimi verilmişdir – müəllif
) müraciəti münaqişənin tezliklə həll
olunacağına olan ümidləri bir qədər də
azaltdı. Müraciətdə deyilirdi: “Bu muxtar vilayətin Azərbaycan
SSR-in tərkibindən Ermənistan SSR-in tərkibinə
keçməsi məsələsi
qaldırılmışdır...Biz müxtəlif
ideyaların və təkliflərin açıq müzakirəsindən
boyun qaçırmağın tərəfdarı deyilik”. Müraciətdə ermənilərlə
yanaşı, azərbaycanlılar da şüurlu və məsuliyyətli
olmağa çağırılırdı.
Elə həmin
gün Qarabağ hərəkatının ideoloqlarından olan
qatı millətçi və Azərbaycan xalqının əleyhinə
çıxışları və əməlləri ilə
“seçilən” Z.Balayanı və S.Kaputikyanı Moskvada əvvəlcə
A.Yakovlev, sonra isə Baş katib M.Qorbaçov qəbul etdi. Qəbulda M.Qorbaçovun müşavirlərindən
biri Georgi Şahnazarov da iştirak edirdi. Tomas de Vall “Qara
bağ” kitabında yazır: “Moskvadan qayıdan Silva Kaputikyan
televiziya ilə, Zori Balayan isə mitinqdə
çıxış edərək, kütləvi mitinqləri
bir ay müddətində təxirə salmağın
vacibliyini bildirdilər. Silva Kaputikyan isə ermənilərə
vəd verərək demişdir: “Biz bu məğlubiyyəti qələbəyə
çevirməliyik”.
F.Bobkov bu görüşlə bağlı “DTK və
hakimiyyət” adlı kitabında yazır ki, bu
görüşlərin nə üçün lazım
olduğunu demək çətindir. Nə
üçün Moskvada ancaq erməniləri qəbul
etmişdilər? Bu, açıq-aşkar,
nümayişkəranə tərəfkeşlik nəyə
lazım idi? Azərbaycanlılarda hakimiyyətin
bu hərəkətləri nəinki təəccüb
doğurdu, hətta onlarda belə hiss yaratdı ki, onları
satıblar. Ermənilər isə sevinirdilər,
həm də Moskvadan qayıdan S.Kaputikyan və Z.Balayan birmənalı
olaraq birdirmişdilər ki, Qarabağ münaqişəsində
Qorbaçov ermənilərin tərəfindədir”.
F.Bobkovun bu görüşlə bağlı
adıçəkilən kitabında Sumqayıt hadisələri
haqqında da maraqlı faktlar vardır. Heç şübhəsiz
ki, 1988-ci il fevralın 27–29-da Sumqayıtda əvvəlcədən
hazırlanmış plan üzrə törədilən
iğtişaş həmin dövrdə həyata keçirilən
məqsədyönlü təxribatların kuliminasiyası
idi. Baş katib M.Qorbaçovun S.Kaputikyanla
Z.Balayanı qəbul etməsi və Əsgəranda
öldürülənlərin məhz azərbaycanlı
olmaları haqda rəsmi məlumat hər iki tərəfə
qızışdırıcı təsir göstərdi.
İğtişaşlardan bir neçə gün əvvəl
100-dən çox saqqallı və qara gödəkçəli
erməni millətindən olan təxribat qrupu Sumqayıta
göndərilmişdi. Onlar şəhərin “Dalğa” və
“Sumqayıt” mehmanxanalarında yerləşdirilmişdi.
Şərti olaraq “Nalyotçik” adlandırılan qrupun
üzvləri fevralın 27-də küçələrə
çıxaraq, əhali arasında milli zəmində
iğtişaşların həyata keçirilməsi
üçün iş aparmağa başladılar. Hallbuki,
hadisələr ərəfəsində və hadisələr
baş verən gün Sumqayıt şəhərində və
ətrafında SSRİ Daxili İşlər Nazirliyinin Daxili
Qoşunları və ordu birləşmələrinin kifayət
qədər canlı qüvvəsi və texnikası olsa da,
onlar tərəfindən vəziyyətin nəzarət
altına alınması üçün vaxtında
qabaqlayıcı tədbirlər görülmədi. Niyə? Bu sual indi hamıya
gün kimi aydındır. Etnik təmizləmə
və soyqırımı siyasətini həyata keçirməkdə
məqsəd Dağlıq Qarabağın Azərbaycandan
ayrılaraq, Ermənistana birləşdirilməsi
ideyasını hərbi vasitələrlə
reallaşdırmaq, eləcə də Ermənistandan azərbaycanlıları
zorakılıqla deportasiya etmək idi.
Bakının 25 kilometrliyində yerləşən,
çoxmillətli Sumqayıt şəhərinin əhalisi
1988-ci ildə 258 min 200 nəfər idi. 1949-cu ildə
şəhər statusu almış Sumqayıtın iri sənaye,
mədəniyyət, elm mərkəzinə çevrilməsində
keçmiş SSRİ-nin müxtəlif regionlarından gəlmiş
xalqların nümayəndələrinin xidmətləri
vardır. Bu, şəhər əhalisinin
milli tərkibində də özünü göstərmişdir.
Belə ki, 1959-cu ildə burada 10-dan artıq millətin
nümayəndəsi yaşayırdısa, 1970-ci ildə
onların sayı 15-ə, 1979-cu ildə 77-yə, 1989-cu ildə
isə 81-ə çatmışdı. Buna
baxmayaraq, şəhər əhalisinin mütləq əksəriyyətini
azərbaycanlılar təşkil edirdi. 1979-cu ilin əhalinin
siyahıyaalınmasının nəticələrinə
görə, azərbaycanlılar ümumi şəhər əhalisinin
68,8 faizini, ruslar 18 faizini, ermənilər
6,7 faizini təşkil edirdilər.
Onu da qeyd etmək lazımdır ki, bu dövrdə Ermənistandan
qovulan azərbaycanlıların bir qismi Sumqayıta üz
tutmuş, burada məskunlaşmışdı. O zamanadək Ermənistanın
20 rayonundan təkcə Sumqayıta 18 min 330 nəfər
qaçqın və ya 3030 ailə gəlmişdi. Sıralarında 4 rus ailəsinin olduğu
qaçqınların çoxu küçələrdə
evsiz-eşiksiz qalmışdı.
Yaranmış gərgin şəraitdə, ermənilər
tərəfindən qabaqcadan hazırlanmış plan əsasında
və onların bilavasitə iştirakı ilə fevralın
28–29-da Sumqayıtda baş verən kütləvi
iğtişaşlar nəticəsində 26 erməni, 6 azərbaycanlı
qətlə yetirildi. Bədən xəsarəti alan 198 nəfərin
87 nəfəri xəstəxanaya yerləşdirildi. 60 mənzil
qarət edildi,14 avtomaşın
yandırıldı, 8 avtomaşın zədələndi, 16 ticarət
obyektinin şüşələri qırıldı. Azərbaycan SSR Daxili İşlər Nazirliyinin 17
avtomaşını əzildi.
O zaman
SSRİ Prokurorluğunun ilkin istintaq-əməliyyat qrupunun
üzvü olmuş Vladimir Kaliniçenko və digərləri
çıxış edərək, Sumqayıt hadisələrinin
erməni lobbisinə xidmət edən SSRİ rəhbərliyinin
sifarişi ilə SSRİ Dövlət Təhlükəsizlik
Komitəsi tərəfindən təşkil olunduğunu, bu səbəbdən
də iğtişaşların təşkilatçılarından
heç kimin məsuliyyətə cəlb
olunmadığını bildirmişdir.
Ermənistan
və erməni lobbisi dairələri tərəfindən
Sumqayıt hadisələri qəsdən Azərbaycana
qarşı təbliğat və dezinformasiya məqsədilə
istifadə edilsə də, Azərbaycan dövlətinin həyata
keçirdiyi tədbirlər, aparılmış obyektiv və
faktlara söykənən istintaq materialları ilə həmin
iğtişaşların məhz erməni millətçilərinin
və onların havadarlarının öz məkrli niyyətlərinə
nail olmaq məqsədilə təşkil edilərək
törədilməsi kifayət qədər və təkzibedilməz
faktlarla sübuta yetirilmisdir.
Belə
ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və
Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarından
ibarət istintaq-əməliyyat qrupu tərəfindən
Sumqayıt hadisələri ilə əlaqədar istintaq
zamanı müəyyən edilmişdir ki, 1988-ci il fevralın
28–29-da Sumqayıtda baş verən hadisələrin
kökündə “Krunk” və “Qarabağ” təşkilatlarının
erməni millətçi hərəkatı üçün
vəsait topladığı, ümumi büdcəyə pul
ödəməyənləri isə cəzalandırmaq qərarına
gəldikləri, elə buna görə də Sumqayıtda evlərinə
hücum edilənlərin məhz “Krunk” təşkilatına
pul ödəməyən ermənilər olduqları barədə
fikirlər təsdiqini tapmışdır.
Bununla yanaşı, istintaqla 1988-ci ilin yanvar – fevral
aylarında ermənilər tərəfindən Sumqayıt
şəhərindəki əmanət kassalarından əmanətlərin
kütləvi şəkildə çıxarılması
müəyyən olunmuşdur. 1988-ci ilin yanvar–fevral aylarında, yəni,
Sumqayıtda kütləvi iğtişaş baş verməzdən
əvvəl şəhərdə fəaliyyət göstərən
14 əmanət kassasından milliyyətcə erməni olan 84 əmanətçi
tərəfindən 143 min 64 rubl məbləğində əmanətlər
götürülmüş və həmin aylarda şəhərdə
fəaliyyət göstərən poçt bölmələrindən
Ermənistanla çoxsaylı telefon danışıqları
aparılmış, pul köçürmələri
edilmişdir. Faktlar sübut edir ki, törədilmiş
talanlar təsadüfi olmamışdır.
Qeyd etmək lazımdır ki, talanlar başlamazdan əvvəl
şəhərdə yaşayan imkanlı ermənilərin əksəriyyəti
Sumqayıtı tərk etmiş, şəhərdə qalan
imkansız ermənilərin bəziləri zərər çəkmişlər. Erməni millətçilərinin
tarixində onların bu üsuldan istifadə etdikləri
haqqında kifayət qədər tutarlı faktlar mövcuddur.
Yəni Sumqayıtda da baş verəcək hadisələr
əvvəlcədən planlı şəkildə
hazırlanmış və yerli ermənilərin əksəriyyəti
xəbərdar edilmişdi.
Bununla yanaşı, baş vermiş talan və qətllərdə
erməni millətindən olanlar xüsusi tapşırıqla
“fəallıq” göstərmiş, öz millətindən
olanlara amansızlıq etmişlər. Sonradan
istintaqla müəyyən edilmişdir ki, iğtişaşların
təşkilatçılarından biri milliyyətcə erməni
Eduard Qriqoryan olmuşdur. Belə ki, istintaq
materiallarının araşdırılması zamanı bir
sıra mühüm məqamlar ortaya çıxdı. Sənədlər təsdiq edir ki, Eduard Qriqoryan və
onun rəhbərlik etdiyi qrup iğtişaşlar zamanı daha
çox qəddarlıq edərək 6 ermənini qətlə
yetirmişdir.
Erməni
millətindən olan Sumqayıt şəhər sakinlərinin
öldürülməsinə görə məhkum olunmuş
Eduard Qriqoryan 1989-cu il dekabrın 22-də hökm oxunduqdan sonra
– SSRİ mövcud olduğu zaman – 1991-ci il avqustun 26-da Yerevan
şəhər 1 saylı istintaq təcridxanasına
köçürülmüş, sonradan azadlığa
buraxılmış və hazırda Ermənistanın
xüsusi xidmət orqanlarının himayəsi altında
üçüncü ölkənin ərazisində
yaşamaqda davam edir.
Qeyd etmək vacibdir ki, istintaq qrupu tərəfindən toplanmış materialların qiymətləndirilməsi və təhlili təsdiq edir ki, Sumqayıtdakı iğtişaş Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş xüsusi plan olmuşdur. SSRİ dövründə foto-video çəkilişinə xüsusi nəzarət və senzura tətbiq olunmasına baxmayaraq, Sumqayıt hadisələrinin əvvəlindən axırınacan foto-video çəkilişi aparılmış və mərkəzi televiziya vasitəsilə erməni mənşəli Henrix Borovikin aparıcısı olduğu “Vzqlyad” proqramında iki dəfə göstərilmiş, sonra isə SSRİ ərazisindən çıxarılaraq erməni lobbi təşkilatları vasitəsilə anti-Azərbaycan kampaniyasının tərkib hissəsi kimi dünyada yayılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt hadisələrini təhlil edərək demişdir: “Heç kim üçün sirr deyil ki, Sumqayıt hadisələrini erməni millətçiləri törətmişdilər. Bu, onların təxribatı idi və orada ən çox qəddarlıq göstərən erməni millətindən olanlar idi. Məqsəd də aydındır ki, bu hadisədən istifadə edib Azərbaycana qarşı əsassız iddialar irəli sürülsün və ondan sonra azərbaycanlılara qarşı soyqırımı əsaslandırılsın”.
Elçin
ƏHMƏDOV,
Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının professoru, siyasi elmlər doktoru
Xalq qəzeti 2020.- 29 fevral.- S.8.