Lənkəran: sosial-iqtisadi layihələr həyatı daha da gözəlləşdirir

“Cənub mirvarisi” Lənkəran Xəzərin sahilində yurd-yuva qurmuş 230 mindən artıq soydaşımızın bəxtinə düşən gözəl bir şəhərdir. Ölkəmizin cənub bölgəsinin mərkəzi sayılan bu şəhərdə və ətraf kəndlərində yaşamaq da, işləmək də, istirahət etmək də hər kəsə xoşdur. Son illərdə nəzərə çarpan modern inkişaf meyilləri Lənkəranı, onun sakinlərinin həyatını xeyli  gözəlləşdirib.

Yağışlı bir fevral günü Lənkərana getmişdik. Təbiət “incə şıltaqlığı” ilə şəhərin üzünü yuyaraq onu şehli gülüstana döndərmişdi. Çoxdan tanıdığımız ziyalılarla görüşümüzdə elm, sənət söhbətləri ilə bərabər, Lənkəranın  yüksəliş meyillərindən də ətraflı danışıldı. Bu yerlərin brendi sayılan ətirli çay süfrəsi arxasında həmsöhbətlərimiz - şairlər Ağamir Cavad, Mübariz Süleymanlı, Ziyafət Əkbərov, Əhmədağa Haqsevər, Əməkdar məşqçi İdrak Dadaşov və başqaları günbəgün gözəlləşən doğma diyarla fəxr etdiklərini həvəslə dilə gətirdilər. Ertəsi gün görüşdüyümüz ziyalılar Əlisəfa Həsənovun, İlqar Ağayevineyni duyğularla  yaşadıqlarını  görüncə biz də fərəhləndik.

Lənkəran artıq dünya orbitinə çıxan şəhərdir. Ölkə rəhbərliyinin “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və müvafiq tapşırıqları ilə bağlı burada önəmli işlər görülür. Hazırda rayonun 18 istehsal müəssisəsi tərəfindən “Azexport.az” saytına bu rayonun məhsullarının adı yerləşdirilib və işlər uğurla davam etdirilir.

Artıq tarixə çevrilmiş 2019-cu il də Lənkəranın uğur salnaməsini parlaq səhifələrlə zənginləşdirib. İcra hakimiyyətinin başçısı Taleh Qaraşov söhbət zamanı sosial xarakterli layihələrin həyata keçirildiyini daha  şövqlə vurğuladı. Dedi ki, ilk növbədə möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə ayrılmış   vəsait hesabına rayonda 90 çoxmənzilli yaşayış binasının dam örtüyünün dəyişdirildiyini qeyd etmək lazımdır. Eyni zamanda, Lənkəran şəhərində 5 çoxmənzilli yaşayış binasının bərpası və əsaslı təmirinin  aparılması üçün də zəruri vəsait ayrılıb ki, hazırda bu yöndə işlər davam edir. Binaların liftləri də quraşdırılır. Bundan başqa, şəhərin Zərifə Əliyeva küçəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 45 mənzilli yaşayış binasının tikintisinə başlanıb və burada da işlər sürətlə aparılır. Bu dövrdə əhalinin şəxsi vəsaiti hesabına ümumi sahəsi 22 min 300 kvadratmetr olan yeni yaşayış evləri tikilib. Rayonda 6 şəhid ailəsi üçün yeni mənzillər inşa edilib. Əlillərin Regional Bərpa Mərkəzi əsaslı təmir edilib. Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə Türkəncil kəndində içməli su xətti istifadəyə verilib. Sütəmurdov, Digah, Şiləvar və Velədi kəndlərində isə analoji xətlərin çəkilişi sona yetmək üzrədir. Beləcə, rayonda insan amili daim əsas götürülür.   

İl ərzində Lənkəranda iqtisadiyyatın və sosial sahənin inkişafına 64,1 milyon manat investisiya yönəldilib. Özəl investisiyanın ümumi layihə dəyəri 114 milyon manat təşkil edib. Tikinti-quraşdırma işlərinə sərf olunan sərmayənin həcmi 61 milyon manatı keçib. Ümumilikdə 3501 yeri açılıb ki, bunun da 2026-sı daimi xarakterlidir. Dövlət başçısının müvafiq göstərişinə əsasən, rayonda 1120 nəfər kommunal sahələrdə haqqı ödənilən ictimai işlərə cəlb olunub, həmçinin, Lənkəran Regional Qaz İstismar İdarəsində 135, Lənkəran Regional Elektrik Şəbəkəsində 55, ümumilikdə 1310 nəfər işlə təmin edilib. Hazırda 129 nəfər özünüməşğulluq proqramı üzrə çalışıb ruzi qazanır. Bu il daha 75 nəfər onların sırasına qatılacaq.

Rayonda illik ümumi məhsul buraxılışı 407,6 milyon manat təşkil edib. Sənaye sahəsində 52 milyon manatlıq, yəni əvvəlki ildəkindən 3,1 faiz çox məhsul buraxılıb. Sənayenin qeyri-dövlət sektorunda istehsal həcmi 42,1 milyon manat olub, ümumi həcmdə onun xüsusi çəkisi 6,8 faiz, sənayedə çalışanların orta aylıq əməkhaqqı isə 31,8 faiz artaraq 402 manat təşkil edib.

Lənkəranda sahibkarlığın inkişafı, yeni istehsal obyektlərinin yaradılması sahəsində ardıcıl işlər görülür. Hazırda şəhərdə 120 nəfərin işə qəbul ediləcəyi qənnadı məhsulları fabrikinin tikintisi yekunlaşmaq üzrədir. Bu müəssisədə Braziliya, Türkiyə Rusiya istehsalı olan müasir avadanlıqların quraşdırılması hesabına yüksək keyfiyyətli məhsullar istehsal edilərək ağız dadı olacaq.  

Ötən il Prezident İlham Əliyevin sərəncamı ilə ayrılmış vəsait hesabına 7 kilometr uzunluqda Hirkan-Mamusta-Siyavər kəndlərarası avtomobil yolu tikilib. Bu yol 11 minlik əhalisi olan 5 yaşayış məntəqəsini birləşdirir. 55 kilometrlik Lənkəran-Lerik magistral avtomobil yolunda isə yenidənqurma işləri yekunlaşıb. Beləliklə, hər iki rayonun dağ kəndlərinin sosial infrastrukturunun daha da yaxşılaşmasına, xüsusilə, turizmin inkişafına əhəmiyyətli  şərait yaradılıb. Lənkərana səfərimizin ertəsi günü elə həmin magistralla Lerikə gedərkən yol işlərinin necə yüksək keyfiyyətlə görüldüyünün şahidi olduq.  

Lənkəranda aqrar sahə də uğurla genişləndirilir. Əhalinin böyük əksəriyyəti bu sahədə çalışaraq özünün gün-güzəranını yaxşılaşdıra bilir. Camaatda sahibkarlıq hissi güclənir. Statistikaya görə, son bir ildə rayonda 116 milyon 435 min manatlıq kənd təsərrüfatı məhsulu əldə edilib. Bu, əvvəlki dövrlə müqayisədə 6 faiz çoxdur. Rayonda 80486 ton tərəvəz, 3786 ton kartof, 1402 ton taxıl, 19342 ton meyvə, 281,6 ton yaşıl çay yarpağı istehsal olunub. Heyvandarlıq məhsullarının istehsalı da artıb.

Sahibkarlığa “yaşıl işıq” yandırılması sayəsində rayonda istehsal həcminin sənayedə 81,4 faizi, aqrar sahədə 99 faizi, ödənişli xidmətlər üzrə isə 80,4 faizi özəl bölmənin payına düşür. Təkcə ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən rayonun adamlarına 1 milyon 600 min manatlıq güzəştli kredit verilib. Yaxşı haldır ki, onlar dövlətin köməyindən maksimum səmərəli şəkildə faydalana bilirlər.

Dövlət proqramına uyğun olaraq Lənkəranda qabaqcıl texnologiyaları tətbiq etməklə çay, çəltik və sitrus meyvələri istehsalının artırılmasına nail olunub. Çay plantasiyaları genişləndirilərək 640,5 hektara çatdırılıb. Bunun 468 hektarı son illərdə salınmış plantasiyalardır. Son iki ildə təkcə “Beta” şirkəti tərəfindən Osaküçə kəndindəki çay sahələri genişləndirilərək 50 hektara çatdırılıb.

Bütün bunlar haqqında  illik hesabat yığıncağında həvəslə danışan Taleh müəllim onu da bildirdi ki, illərcə istifadəsiz qalmış, amma kənd təsərrüfatına yararlı olan torpaqları əkin dövriyyəsinə cəlb etməklə rayon üzrə ötən il 852 hektar sahədə çəltik əkini aparılıb, bunun hesabına 3418 ton yüksək keyfiyyətli məhsul yığılıb. Təkcə “Green East” MMC tərəfindən Viravul və Girdəni kəndlərində müasir texnologiya ilə 100 hektar sahədə çəltik əkilib və yüksək məhsuldarlıq əldə edilib. İndi ölkənin hər yerində ticarət şəbəkələrində müxtəlif adda xoş ətirli, artımlı Lənkəran düyüsünə rast gəlmək olar. 

Sitrusçuluğun Lənkəranda ənənəvi sahə olduğunu sübut etməyə gərək yoxdur. Subtropik zonada bu sahə xeyli genişləndirilib. Fermerlər ötən il sitrus bağlarını 50 hektar artırıblar. İndi onların ixtiyarında 1434 hektar sitrussubtropik meyvə bağının olduğunu söyləyən rayon rəhbəri sahələrdən 14341 ton məhsul yığıldığını bildirdi. “Fruit Garden” MMC tərəfindən Türkiyədən 92 min ədəd sitrus  ağacı gətirilərək Separadi kəndi ərazisində əkilib və 150 hektar sahədə böyük, müasir bağ salınıb. Damcı üsulu ilə yeni suvarma şəbəkəsi və respublikada ilk dəfə olaraq şaxtanın təsirini azaldan “Donqoruyucu pərvanə” mexanizmi quraşdırılıb. İlk baxışda iqtisadi terminologiyadır, amma burada poetik çalar da tapmaq çətin deyil.

Lənkəranlılar öz nailiyyətlərinə sevinməyi yaxşı bacarırlar. Burada yüksək səviyyədə çay, çəltik sitrus festivallarını məmnuniyyətlə müşahidə etmiş qələmə almışıq. Həm məhsullar sərgilənir, reklam olunur, yeni alıcılar tapılır, həm zəhmət adamları üçün böyük bayram konsertləri təşkil edilir, zövq oxşayan atəşfəşanlıq olur. Satış-yarmarkalar da o cümlədən. Bu, artıq gözəl bir ənənəyə çevrilib.

İndi artıq Lənkəran dünyanın diqqət mərkəzindədir. Xarici ölkələrin Bakıda akkreditasiya olunmuş səfirləri vaxtaşırı tez-tez buraya işgüzar səfərlər edirlər. Lənkərandan nümayəndə heyətləri isə ABŞ-dan belə neçə-neçə ölkəyə gedərək əməkdaşlıq əlaqələrini genişləndirirlər. Amerikada Monterey-Lənkəran Dostluq Assosiasiyası fəaliyyət göstərir. Ötən il buraya müxtəlif ünvanlardan 34 mindən artıq turist gəlib. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yeni yaradılmış Ələt-Astara-İran sərhədi  avtomobil yolu ilə hərəkət etmək ayrıca zövqdür. Lənkəran-Moskva təyyarə reysləri işləyir. 

Haftoni qəsəbəsində dünya səviyyəli İstisu müalicə istirahət mərkəzinin fəaliyyətə başlaması qürurvericidir. Xidmət standartları zirvə həddindədir. Bu mərkəzdə 200 nəfərə yaxın yerli sakin daimi işlə təmin edilib. Şirin cənub ləhcəsində ingiliscə danışan xidmət personalının səsi hər kəsə xoş gəlir.  

Perspektivdə görüləsi işlər çoxdur. 2019-2023-cü illər üçün regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramına əsasən, Lənkəranda sosialyönümlü layihələrin icrası davam etdiriləcək.    Rayonda əhalinin rahatlığı, müxtəlif qurumlara get-gəldən qurtarması məqsədilə dünya miqyasında gözəl nümunələrdən sayılan “ASAN xidmət” mərkəzi yaradılacaq. O cümlədən Sütəmurdov kəndində, keçmiş “Gül bağı” adlanan ərazidə yeni turizm istirahət kompleksinin tikintisi nəzərdə tutulur.

Nəhayət onu da qeyd edək ki, hazırda Prezident İlham Əliyevin tapşırığına əsasən, Lənkəranın dəniz kənarında yerləşən dəmiryol xəttinin köçürülməsi ilə bağlı layihələndirmə işləri başlanıb. Həyata keçiriləcək tədbirlər sayəsində dənizsahili ərazi daha da mənzərəli şəkil alacaq, gözəl diyarda turizmin üfüqləri bir qədər genişlənəcək.

 

Əli NƏCƏFXANLI,

Xalq qəzeti  2020.-29 fevral.- S.14.