Azərbaycan
Respublikasının xarici ölkələrlə
əməkdaşlığı üzrə birgə
komissiyaların Azərbaycan tərəfinin fəaliyyəti
haqqında ƏSASNAMƏ
Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 1 iyul tarixli Fərmanı ilə təsdiq
edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan
Respublikasının xarici ölkələrlə
əməkdaşlığı üzrə birgə komissiyalar (bundan sonra – Komissiya) Azərbaycan
Respublikası ilə xarici ölkələr
arasında iqtisadiyyatın müxtəlif sahələrində,
eləcə də qarşılıqlı maraq
doğuran digər sahələrdə əməkdaşlığın
qurulması, inkişaf etdirilməsi və gələcək əməkdaşlıq
perspektivlərinin müəyyən edilməsi, ölkəyə
xarici investisiyaların cəlb
olunması, həmçinin ticarət dövriyyəsinin
artırılması və idxal-ixracın diversifikasiyası məqsədilə
beynəlxalq müqavilə əsasında təsis olunurlar.
1.2. Bu Əsasnamə Komissiyanın Azərbaycan tərəfinin fəaliyyətini tənzimləyir.
1.3. Komissiyanın Azərbaycan tərəfindən
tərkibini Azərbaycan Respublikasının Prezidenti
təsdiq edir.
1.4. Komissiyanın Azərbaycan tərəfi
öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələri,
Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.5. Komissiyanın Azərbaycan tərəfi
bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini yerinə yetirərkən
və hüquqlarını həyata keçirərkən Azərbaycan
Respublikasının mərkəzi və yerli
icra hakimiyyəti orqanları ilə, beynəlxalq
təşkilatlarla, Azərbaycan Respublikasının yerli özünüidarəetmə
orqanları ilə, Azərbaycanın işgüzar
dairələri ilə, xarici ölkələrin
hökumət və qeyri-hökumət təşkilatları
ilə və digər qurumlarla
qarşılıqlı fəaliyyət göstərir.
1.6. Komissiyanın fəaliyyətinin təşkili, eyni zamanda, Komissiyanın Azərbaycan tərəfindən iştirakı zəruri hesab edilən şəxslərin iclaslarda iştirakının təmini məqsədilə tələb olunan maliyyə vəsaitinin Azərbaycan Respublikası tərəfinin üzərinə düşən hissəsi Azərbaycan Respublikası tərəfinin həmsədr qurumu (orqanı) və Komissiya üzvlərinin təmsil olunduqları qurumun (orqanın) hər birinin dövlət büdcəsində nəzərdə tutulmuş saxlanma xərcləri və ya bu məqsədlər üçün dövlət büdcəsindən ayrılmış vəsait, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
2. Komissiyanın Azərbaycan tərəfinin vəzifələri
2.1. Komissiyanın Azərbaycan tərəfinin vəzifələri
aşağıdakılardır:
2.1.1. xarici dövlətlərlə
ticarət-iqtisadi, elmi-texniki, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə
ikitərəfli əməkdaşlığın genişləndirilməsinə
dair təkliflər hazırlamaq və
aidiyyəti üzrə təqdim etmək;
2.1.2. ölkəyə xarici
investisiyaların və müasir
texnologiyaların cəlbi, habelə ixracın təşviqi məqsədilə
qarşılıqlı faydalı layihələrin həyata
keçirilməsi işlərini koordinasiya
etmək;
2.1.3. yerli sahibkarların xarici iqtisadi subyektlərlə
uzunmüddətli və sıx əməkdaşlığını
təşkil etmək, bu əsasda
onların xarici bazarlara
effektiv inteqrasiyasını təmin etmək;
2.1.4. Komissiyanın iclaslarında
qəbul edilmiş qərarların, əldə
olunmuş razılaşmaların və
iclasların nəticələrinə dair
imzalanmış sənədlərin Azərbaycan tərəfinə
aid müddəalarının icrası
üzərində effektiv nəzarət və
monitorinq işlərini həyata
keçirmək;
2.1.5. ölkələr arasında
qarşılıqlı maraq doğuran məsələləri müzakirə
etmək və qaldırılan məsələlərin həlli
üçün məsləhətləşmələr
aparmaq;
2.1.6. Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) xarici subyektlərlə ikitərəfli əməkdaşlığı sahəsində məlumat mübadiləsi ilə bağlı işləri əlaqələndirmək;
2.1.7. ölkənin sosial-iqtisadi inkişaf
prioritetləri nəzərə alınmaqla, qarşı tərəflə
növbəti ildə görüləcək işlər barədə
illik fəaliyyət planlarını (fəaliyyət
istiqamətləri və görüləcək işlərin
icra müddəti göstərilməklə)
hər il dekabr
ayının 15-dən gec olmayaraq,
təsdiq edilməsi üçün Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;
2.1.8. ötən ilki fəaliyyəti
barədə yekun hesabatı hər il yanvar ayı ərzində
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim
etmək;
2.1.9. Azərbaycan Respublikası Prezidentinin
aktları ilə müəyyən edilən digər vəzifələri
yerinə yetirmək.
3. Komissiyanın Azərbaycan tərəfinin
hüquqları
3.1. Öz vəzifələrini
yerinə yetirmək üçün
Komissiyanın Azərbaycan tərəfinin
aşağıdakı hüquqları vardır:
3.1.1. Azərbaycan Respublikası ilə xarici ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı proqram və layihələr hazırlayıb həyata keçirmək, bu məqsədlə yerli və xarici ekspertləri, mütəxəssisləri, habelə beynəlxalq təşkilatların və elmi müəssisələrin, Azərbaycan Respublikasının müxtəlif dövlət orqanlarının (qurumlarının), eləcə də Azərbaycanın işgüzar dairələrinin və maraqlı tərəflərin nümayəndələrini cəlb edərək, bu istiqamətdə onlarla əməkdaşlıq etmək;
3.1.2. Azərbaycan Respublikasının dövlət
orqanlarına (qurumlarına), yerli
özünüidarəetmə orqanlarına, hüquqi
və fiziki şəxslərə zəruri
məlumatlar (sənədlər) barədə sorğu
vermək və onlardan belə məlumatları
(sənədləri) almaq;
3.1.3. Azərbaycan Respublikasının
qarşı tərəflə əməkdaşlıq istiqamətinə
aid məsələlərlə
bağlı işçi qruplar
və komissiyalar yaratmaq,
konfranslar, müşavirələr, seminarlar və digər tədbirlər
keçirmək;
3.1.4. Komissiyanın Azərbaycan tərəfinin
fəaliyyətinin səmərəliliyinin
artırılması ilə bağlı təkliflər vermək;
3.1.5. bu Əsasnamə ilə
müəyyən edilən vəzifələrin icrası ilə
bağlı qərarlar qəbul etmək;
3.1.6. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilən digər hüquqları həyata keçirmək.
4. Komissiyanın Azərbaycan tərəfinin fəaliyyətinin
təşkili
4.1. Komissiyanın Azərbaycan tərəfinin fəaliyyətinə
Azərbaycan Respublikasının Prezidenti
tərəfindən təyin olunmuş həmsədr
(bundan sonra – həmsədr)
rəhbərlik edir.
4.2. Komissiyanın Azərbaycan tərəfinin həmsədri
aşağıdakı vəzifələri yerinə yetirir:
4.2.1. Komissiyanın Azərbaycan tərəfinin
fəaliyyətini təşkil etmək və ona
ümumi nəzarəti həyata
keçirmək;
4.2.2. Komissiyanın Azərbaycan tərəfinin
illik fəaliyyət planlarının həyata
keçirilməsini təmin etmək;
4.2.3. Komissiyanın iclaslarının gündəliyinə
Azərbaycan tərəfindən çıxarılan məsələləri
müəyyənləşdirmək;
4.2.4. Komissiyanın iclaslarında müzakirə edilən məsələlərə dair qəbul edilmiş qərarları, məktubları və digər sənədləri imzalamaq;
4.2.5. Komissiyanın Azərbaycan tərəfinin
Katibliyinin və işçi
qruplarının fəaliyyətinin tənzimlənməsi
qaydalarını təsdiq etmək;
4.2.6. Komissiyanın Azərbaycan tərəfinin
fəaliyyətinin təşkili ilə bağlı digər vəzifələri
yerinə yetirmək.
4.3. Komissiyanın Azərbaycan tərəfinin həmsədrinin
hüquqları aşağıdakılardır:
4.3.1. Komissiyanın Azərbaycan tərəfinin
üzvlərinin iclaslarını çağırmaq, Azərbaycan
Respublikasının digər aidiyyəti orqanlarının
(qurumlarının) nümayəndələrinin bu iclaslarda iştirakı
üçün sorğu
etmək;
4.3.2. Komissiyanın iclaslarının nəticələrinə
dair imzalanmış sənədlərin
müddəalarına uyğun olaraq Azərbaycan tərəfinə aid vəzifələrin icrası üçün tədbirlər görmək;
4.3.3. Komissiyanın Azərbaycan tərəfinin fəaliyyəti ilə bağlı digər hüquqları həyata keçirmək.
4.4. Komissiyanın Azərbaycan tərəfinin
üzvlərinin vəzifələri
aşağıdakılardır:
4.4.1. Komissiyanın fəaliyyəti ilə
bağlı məlumatları Azərbaycan tərəfinin həmsədrinin
sorğularına əsasən tam və
vaxtında təqdim etmək;
4.4.2. Komissiyanın iclaslarında
qəbul edilmiş qərarların,
razılaşmaların, iclasların nəticələrinə
dair imzalanmış sənədlərin
müddəalarına uyğun olaraq Azərbaycan tərəfinə aid vəzifələrin icrası ilə
bağlı müvafiq tədbirlər həyata
keçirmək;
4.4.3. Komissiyanın Azərbaycan tərəfinin
fəaliyyəti ilə bağlı digər vəzifələri
yerinə yetirmək.
4.5. Komissiyanın Azərbaycan tərəfinin
üzvlərinin hüquqları
aşağıdakılardır:
4.5.1. Komissiyanın iclaslarında və fəaliyyətində
iştirak etmək;
4.5.2. Komissiyanın iclaslarının gündəliyi, eləcə də gündəliyə daxil edilmiş məsələlər barədə təkliflər vermək;
4.5.3. Komissiyanın sənədlərinin layihələri
ilə tanış olmaq, onlara
dair rəy və təkliflər bildirmək;
4.5.4. Komissiyanın iclaslarında məruzə
və çıxışlar etmək, müzakirələrdə
iştirak etmək;
4.5.5. Komissiyanın Azərbaycan tərəfinin
fəaliyyəti ilə bağlı digər hüquqları həyata
keçirmək.
4.6. Komissiyanın Azərbaycan tərəfinin tərkibində
məsul katib olmadığı təqdirdə,
həmsədr rəhbərlik etdiyi
Komissiyanın məsul katibini təyin edərək,
diplomatik kanallar vasitəsilə
qarşı tərəfi bu barədə
məlumatlandırır.
4.7. Komissiyanın Azərbaycan tərəfinin məsul
katibinin vəzifələri
aşağıdakılardır:
4.7.1. Komissiyanın Azərbaycan tərəfinin
fəaliyyəti ilə bağlı Azərbaycan tərəfinin
həmsədrinin tapşırıqlarını icra etmək və zəruri təşkilati-texniki
işləri həyata keçirmək;
4.7.2. Komissiyanın
iclaslarının nəticələrinə dair
imzalanacaq sənədlərin və iclas gündəliyinin layihələrini
hazırlamaq, Azərbaycan tərəfinin həmsədrinə
təqdim etmək və qarşı tərəflə
razılaşdırmaq, o cümlədən
lazımi məlumat mübadiləsi aparmaq;
4.7.3. Komissiyanın Azərbaycan tərəfinə
aid kargüzarlıq işlərini
görmək;
4.7.4. imzalanmış sənədlərin
müddəalarının icrası ilə bağlı
monitorinqlər aparmaq, görülmüş
işlər barədə zəruri məlumatları əldə
edərək onların icmallaşdırılmasını həyata
keçirmək;
4.7.5. Komissiyanın fəaliyyəti
çərçivəsində, həmçinin
Komissiyanın iclaslarının nəticələrinə dair imzalanmış beynəlxalq müqavilə
hesab edilməyən sənədlərin uçotunu aparmaq və
onların əsl nüsxələrini saxlanılmaq üçün Azərbaycan
Respublikasının Xarici İşlər
Nazirliyinə təqdim etmək;
4.7.6. Komissiyanın fəaliyyəti barədə
məlumatların ictimaiyyətə açıqlanması üçün həmin məlumatları həmsədr
qurumun rəsmi internet
saytında ayrıca bölmədə yerləşdirmək və
daim yenilənməsini təmin etmək;
4.7.7. Komissiyanın fəaliyyəti ilə
bağlı digər işləri həyata keçirmək.
4.8. Komissiyanın
iclaslarının tarixi və formatı, işçi dili, iclaslarda iştirak edəcək
işgüzar dairələrin nümayəndələri,
biznes assosiasiyalarının nümayəndələri
barədə məsələləri qarşı tərəflə
razılaşdırmaqla həmsədr müəyyən edir.
4.9. Komissiyanın Azərbaycan tərəfinin işinin koordinasiyasını Azərbaycan
Respublikasının Nazirlər Kabineti həyata
keçirir.
4.10. Azərbaycan Respublikasının Nazirlər
Kabineti hər ilin birinci rübü ərzində
Komissiyanın Azərbaycan tərəfinin təqdim etdiyi hesabatlar əsasında
onların ötən ilki fəaliyyəti
barədə yekun hesabatı Azərbaycan
Respublikasının Prezidentinə təqdim edir.
Xalq qəzeti 2020.- 2 iyul.- S.5.