Dövlət Məşğulluq
Agentliyinin Nizamnaməsi
Azərbaycan
Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Dövlət Məşğulluq Agentliyi (bundan sonra – Agentlik) aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.
1.2. Agentlik Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin (bundan
sonra – Nazirlik)
tabeliyində fəaliyyət göstərir.
1.3. Agentlik öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələri, Azərbaycan
Respublikasının qanunlarını, bu
Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin
digər fərmanlarını, həmçinin sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərar və sərəncamlarını, Nazirliyin normativ-hüquqi
aktlarını və Azərbaycan Respublikası Əmək və
əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını
rəhbər tutur.
1.4. Agentlik öz vəzifələrini
yerinə yetirərkən və hüquqlarını həyata
keçirərkən dövlət və yerli
özünüidarəetmə orqanları, həmkarlar
ittifaqları, beynəlxalq və qeyri-hökumət təşkilatları
ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı
əlaqədə fəaliyyət göstərir.
1.5. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
1.6. Agentliyin müstəqil
balansı, əmlakı, xəzinə, bank
hesabları, loqotipi (emblemi),
üzərində Nazirliyin adı və öz adı həkk olunmuş
möhürü, müvafiq
ştampları və blankları vardır.
1.7. Qanuna uyğun
olaraq, Agentliyin əqdlər
bağlamaq, öz
adından əmlak və qeyri-əmlak hüquqları əldə
etmək və həyata keçirmək hüququ,
həmçinin vəzifələri vardır. Agentlik
məhkəmədə iddiaçı və ya
cavabdeh qismində çıxış edə
bilər.
1.8. Agentlik Bakı şəhərində
yerləşir.
2. Agentliyin fəaliyyət
istiqamətləri
2.1. Agentliyin fəaliyyət
istiqamətləri aşağıdakılardır:
2.1.1. müvafiq sahənin
inkişafını təmin etmək;
2.1.2. müvafiq sahədə
dövlət siyasətinin formalaşdırılması ilə
bağlı Nazirliyə təkliflər vermək, həmin
siyasətin həyata keçirilməsini təmin etmək;
2.1.3. müvafiq sahədə
aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq
etmək, təkliflərin işlənib hazırlanmasında və
həyata keçirilməsində iştirak
etmək;
2.1.4. işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, onların peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsini təmin etmək;
2.1.5. işsizlikdən sığorta vəsaitini idarə etmək, həmin vəsaitdən təyinatı üzrə istifadəni, o cümlədən aktiv məşğulluq tədbirlərinin maliyyələşdirilməsini və sığorta ödənişlərinin verilməsini təmin etmək;
2.1.6.
işəgötürənlərin boş olan və
işçi tələb edilən iş yerləri, habelə
yeni yaradılan iş yerləri barədə məlumatları
əsasında vakansiya bankı yaratmaq və ondan istifadə
etmək;
2.1.7. qeyri-formal məşğulluğun
aşkar edilməsi və
qarşısının alınması, o
cümlədən qeyri-formal məşğulluğun
leqallaşdırılması sahəsində nəzarət tədbirlərinin
həyata keçirilməsində iştirak
etmək;
2.1.8. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş kvotaya uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunu təmin etmək;
2.1.9. müvafiq
sahədə fəaliyyətin təkmilləşdirilməsi və
şəffaflığın artırılması, habelə
göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi,
onların elektron qaydada
həyata keçirilməsi məqsədilə tədbirlər
görmək, innovativ ideya
və layihələri dəstəkləmək;
2.1.10. bu Nizamnamədə
müəyyən edilən digər istiqamətlərdə fəaliyyət
göstərmək.
3. Agentliyin vəzifələri
və hüquqları
3.1. Bu Nizamnamə ilə
müəyyən edilmiş fəaliyyət
istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri
aşağıdakılardır:
3.1.1. müvafiq sahədə
normativ-hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli
proqramların hazırlanmasında və həyata keçirilməsində
iştirak etmək;
3.1.2. aidiyyəti dövlət orqanları, yerli özünüidarəetmə
orqanları, işəgötürənlərin nümayəndəli
orqanları (birlikləri) və həmkarlar ittifaqları ilə
birlikdə respublika və ərazi məşğulluq
proqramlarının hazırlanmasında iştirak
etmək;
3.1.3. əmək bazarında monitorinq
və proqnozlaşdırma işlərinin həyata
keçirilməsində iştirak etmək;
3.1.4. işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinə yönəlmiş tədbirlərin, habelə aktiv məşğulluq tədbirlərinin maliyyələşdirilməsinə dair proqnozlar hazırlamaq, habelə işsizlikdən sığorta fondunun büdcəsinin layihəsinin hazırlanmasında iştirak etmək;
3.1.5. “İşsizlikdən
sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş
işsizlikdən sığorta ödənişinin və “Məşğulluq
haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq peşə
hazırlığına cəlb edilən işsiz
şəxsə təqaüdün vaxtında ödənilməsini, habelə Agentliyin təklifi
ilə bir şəhər və (və ya) rayon (şəhər
rayonları istisna olmaqla)
inzibati ərazi vahidindən digərinə
işə (peşə kurslarına) göndərilməsi ilə
əlaqədar şəxsin çəkdiyi xərclərin (taksi xərcləri istisna olmaqla) kompensasiya edilməsini
təmin etmək;
3.1.6. sığortaolunanlara və sığortaedənlərə işsizlikdən sığorta ilə bağlı ödənişsiz məlumat vermək;
3.1.7. işəgötürənlərin
boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni
yaradılan iş yerləri barədə
məlumatları vakansiya bankına daxil etmələri üçün
tədbirlər görmək, o cümlədən
məlumatlandırma, təbliğat və təşviqat işini təşkil
etmək;
3.1.8. “Məşğulluq
haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq şəxslərin
işaxtaran və işsiz
kimi qeydiyyata
alınmasını, onlara münasib
iş seçimində kömək
göstərilməsini və onların məşğulluğunun
təmin edilməsini təşkil etmək;
3.1.9. işsiz kimi qeydiyyata alınmış şəxsin əmək bazarına yenidən qayıtması məqsədilə fərdi məşğulluq proqramını tərtib etmək, həmin proqramın icrasına nəzarət etmək və bu məqsədlə işsiz şəxsin onun icrası ilə bağlı elektron hesabatını qəbul etmək;
3.1.10. əmək bazarında tələb və
təklif, habelə daxil olan
sifarişlər əsasında əhalinin müvəqqəti
məşğulluğunun təmin olunmasını əmək
birjaları vasitəsilə həyata keçirmək;
3.1.11. işaxtaran və işsiz şəxslərin məşğulluğunun
təmin edilməsinə kömək göstərilməsi məqsədilə
əmək yarmarkaları təşkil etmək;
3.1.12. məşğulluq növünü, iş yerini və iş rejimini seçmək məqsədilə şəxsləri
əlavə təhsilə cəlb etmək, pulsuz
peşəyönümü məsləhətləri vermək,
işsiz kimi qeydiyyata alınmış şəxsləri
ödənişsiz əsaslarla peşə
hazırlığına cəlb etmək;
3.1.13. işsiz və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili ilə bağlı tədbirlər görmək;
3.1.14. işsiz
şəxslərin müvəqqəti məşğulluğunu
təmin etmək məqsədilə onların haqqı ödənilən
ictimai işlərə cəlb olunması
ilə bağlı tədbirlər görmək, bu sahədə aidiyyəti dövlət
orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək;
3.1.15. sosial müdafiəyə
xüsusi ehtiyacı olan
və işə düzəlməkdə çətinlik
çəkən şəxslərin kvota
üzrə müəyyən olunmuş iş yerlərinə işə qəbul edilməsi
üçün tədbirlər görmək;
3.1.16. sosial iş
yerləri üzrə işçilərin əməkhaqqının
bir hissəsinin “Məşğulluq
haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyənləşdirilmiş qaydada
və müddətdə maliyyələşdirilməsini təmin
etmək;
3.1.17. sığorta ödənişlərinin
verilməsini və “Məşğulluq haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq işaxtaran və işsiz
kimi qeydiyyata
alınmış şəxslər üçün
nəzərdə tutulan aktiv
məşğulluq tədbirlərinin maliyyələşdirilməsini
təmin etmək;
3.1.18. işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrini elektron formada aparmaq;
3.1.19. qeyri-formal
məşğulluğun leqallaşdırılması sahəsində
nəzarəti həyata keçirən dövlət
orqanları (qurumları), həmkarlar ittifaqları birlikləri,
işəgötürənlərin nümayəndəli
orqanları (birlikləri), habelə digər ictimai
birliklər ilə birgə bu sahədə
nəzarət tədbirlərini təşkil etmək;
3.1.20. dövlət orqanlarının
(qurumlarının), yerli
özünüidarəetmə orqanlarının, həmkarlar
ittifaqlarının, hüquqi və fiziki şəxslərin müvafiq
sahədə fəaliyyətini əlaqələndirmək;
3.1.21. müvafiq
sahədə elektron xidmətləri
“Dövlət informasiya ehtiyatları və
sistemlərinin formalaşdırılması, aparılması,
inteqrasiyası və arxivləşdirilməsi
Qaydaları”nın təsdiq edilməsi və elektron
hökumətlə bağlı bəzi tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı
nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin
Mərkəzləşdirilmiş elektron informasiya sistemi
haqqında” Əsasnaməyə uyğun olaraq təşkil etmək;
3.1.22. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.23. öz
fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını,
internet saytının
yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya
əldə etmək haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən
edilmiş açıqlanmalı olan ictimai informasiyanın
həmin saytda yerləşdirilməsini və
bu informasiyanın daim
yenilənməsini təmin etmək;
3.1.24. dövlət və kommersiya
sirrinin, habelə məxfilik rejiminin qorunması üçün
tədbirlər görmək;
3.1.25. Agentliyin informasiya təminatını təşkil etmək
və onun təhlükəsizliyini təmin
etmək;
3.1.26. kargüzarlığı və
vətəndaşların qəbulunu müvafiq
normativ-hüquqi aktların tələblərinə
uyğun təşkil etmək, Agentliyin əməkdaşlarının əlavə
təhsili və peşəkarlığının yüksəldilməsi
üçün tədbirlər görmək;
3.1.27. qabaqcıl beynəlxalq təcrübəni
nəzərə almaqla, müvafiq
sahədə elmi-texniki nailiyyətlərin
tətbiqini təmin etmək;
3.1.28. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;
3.1.29. Agentliyə ayrılan işsizlikdən
sığorta fondunun vəsaitindən, kredit, qrant və digər
maliyyə vəsaitindən təyinatı üzrə səmərəli
istifadə olunmasını təmin etmək;
3.1.30. müvafiq sahə ilə
bağlı innovativ layihələrdən
(o cümlədən startaplardan)
istifadə imkanını araşdırmaq və Nazirliyə təkliflər
vermək;
3.1.31. fəaliyyəti ilə bağlı malların (işlərin və xidmətlərin) satın alınmasını “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirmək;
3.1.32. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrlə tənzimlənən və
Agentliyin səlahiyyətinə aid olan məsələlər
üzrə Azərbaycan Respublikasının götürdüyü
öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
3.1.33. strukturunun və fəaliyyətinin
təkmilləşdirilməsi üçün
tədbirlər görmək;
3.1.34. bu Nizamnamə ilə
müəyyən edilmiş digər vəzifələri
yerinə yetirmək.
3.2. Öz vəzifələrini
yerinə yetirmək üçün Agentliyin aşağıdakı
hüquqları vardır:
3.2.1. müvafiq sahədə
normativ-hüquqi aktın layihəsinin qəbul
olunması, aktda dəyişiklik edilməsi,
aktın şərh edilməsi, qüvvəsinin
dayandırılması və ya ləğv
edilməsi haqqında Nazirliyə təkliflər vermək;
3.2.2. müvafiq sahədə
beynəlxalq müqavilələrə Azərbaycan
Respublikasının tərəfdar çıxması barədə
Nazirliyə təkliflər vermək;
3.2.3. sosial
müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə
çətinlik çəkən şəxslərin məşğulluğunun
təmin olunması üçün “Məşğulluq
haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq kvotadan əlavə iş
yerlərinin və sosial müəssisələrin
yaradılmasını və məqsədli proqramların
həyata keçirilməsini təmin etmək;
3.2.4. işəgötürənlərin vakansiya bankına daxil etdiyi yeni iş yerləri, boş olan iş yerləri barədə məlumatların monitorinqini aparmaq;
3.2.5. müvafiq
sahədə beynəlxalq təcrübənin tətbiqi
imkanlarının araşdırılması məqsədilə
beynəlxalq təşkilatlarla, xarici
dövlətlərin aidiyyəti dövlət orqanları
(qurumları) ilə əməkdaşlıq etmək,
onların müvafiq təcrübəsini
öyrənmək;
3.2.6. müstəqil ekspertləri və mütəxəssisləri
öz fəaliyyətinə cəlb etmək;
“Məşğulluq haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq işaxtaran şəxsləri ödənişli
əsaslarla peşə hazırlığına cəlb etmək;
3.2.7. dövlət orqanlarına (qurumlarına)
və yerli özünüidarəetmə
orqanlarına, fiziki və hüquqi
şəxslərə zəruri məlumatlar (sənədlər)
barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri)
almaq;
3.2.8. fəaliyyət istiqamətləri üzrə
rəy və təkliflər vermək, təhlillər və
ümumiləşdirmələr aparmaq, analitik materiallar
hazırlamaq;
3.2.9. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı
araşdırmalar aparmaq, işçi
qruplar və komissiyalar
yaratmaq;
3.2.10. icrası məcburi olan
göstərişlər vermək və bundan
irəli gələn tədbirlər görmək;
3.2.11. vəzifələrinin icrası ilə bağlı əqdlər bağlamaq və bu cür əqdlərin icrasını təmin etmək;
3.2.12. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, seminarlar,
müşavirələr keçirmək və digər tədbirlər
təşkil etmək;
3.2.13. əməkdaşlarını dövlət
təltiflərinə və digər mükafatlara
təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.14. xüsusi bülletenlər
və digər nəşrlər buraxmaq,
“Məşğulluq haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq sosial reklamlar sifariş etmək;
3.2.15. bu Nizamnamə ilə
müəyyən edilmiş digər
hüquqları həyata keçirmək.
4. Agentliyin idarə olunması
4.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
4.2. Agentliyin idarəetmə
orqanı İdarə Heyətidir.
4.3. İdarə Heyəti Agentliyin
fəaliyyətinə ümumi rəhbərliyi
və nəzarəti həyata keçirir.
4.4. İdarə Heyəti 5 (beş) nəfərdən – Azərbaycan
Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri
tərəfindən vəzifəyə təyin və vəzifədən
azad edilən İdarə Heyətinin sədrindən
və onun 4 (dörd)
müavinindən ibarətdir.
4.5. İdarə Heyətinin vəzifələri
aşağıdakılardır:
4.5.1. təsisçinin səlahiyyətlərinin
həyata keçirilməsi üçün
Nazirliyə təkliflər vermək və sənədlər
(o cümlədən Agentliyin
illik maliyyə hesabatını və fəaliyyətinə
dair illik hesabatı) təqdim
etmək;
4.5.2. Agentliyin strateji məqsəd və planlarını müəyyən etmək, inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün Nazirliyə təkliflər vermək;
4.5.3. Agentliyin maliyyə
planlaşdırmasını Nazirliklə
razılaşdırmaqla təsdiq etmək;
4.5.4. Agentliyin strukturunun, işçilərinin
say həddinin və əməkhaqlarının
(o cümlədən “İşsizlikdən
sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Agentliyin
saxlanması üçün ayrılan
işsizlikdən sığorta vəsaiti hesabına əməkhaqqına
əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq edilməsi üçün
Nazirliyə təkliflər vermək;
4.5.5. Agentliyin fəaliyyətini
təşkil etmək və ona nəzarət
etmək;
4.5.6. Nazirliyin
razılığı ilə Agentliyin təsərrüfat
cəmiyyətlərinin yaradılması və ya onlarda iştirakı, həmçinin
Agentliyin idarə, filial
və nümayəndəliklərinin yaradılması barədə
qərar qəbul etmək;
4.5.7. Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;
4.5.8. Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o
cümlədən maraqlar münaqişəsinin
istisna olunması qaydasını), habelə
idarə, filial və nümayəndəliklərinin
əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin
nizamnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq
etmək;
4.5.9. Nazirliyin
razılığı ilə Agentliyin kənar
auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;
4.5.10. kənar auditorun
yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə
dair tədbirlər görmək;
4.5.11. Agentlikdə daxili audit bölməsi
yaradıldığı halda, daxili audit bölməsinin
fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə
dair hesabatlar almaq, bu Nizamnamənin
4.11.10-cu yarımbəndi nəzərə alınmaqla, onun üzvlərini vəzifəyə təyin
və vəzifədən azad etmək;
4.5.12. Nazirliyin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.5.13. aidiyyəti şəxslə dəyəri
Agentliyin aktivlərinin 5 faizədək
hissəsini təşkil edən əqdin bağlanması
haqqında qərar qəbul etmək;
4.5.14. Agentliyin strateji məqsəd və planlarının,
habelə büdcəsinin icrasına nəzarət etmək;
4.5.15. İdarə Heyəti üzvlərinin
müraciətlərinə baxmaq və qərar
qəbul etmək;
4.5.16. bu Nizamnamənin
3.1.29-cu yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə
səmərəli istifadə olunmasını təmin etmək;
4.5.17. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;
4.5.18. təsisçinin və İdarə Heyəti
sədrinin səlahiyyətlərinə aid
edilməyən bütün digər məsələlər
barədə qərar vermək.
4.6. İdarə Heyətinin sədri müvəqqəti
olmadıqda, onun səlahiyyətlərini
İdarə Heyəti üzvləri arasından sədrin
müəyyən etdiyi şəxs icra edir.
4.7. İdarə Heyətinin
iclası ayda azı 1 (bir)
dəfə çağırılır. İdarə Heyətinin
iclaslarının keçirilməsi təşəbbüsü
ilə İdarə Heyətinin üzvü
çıxış edir. İdarə Heyətinin
iclasları üzvlərinin yarıdan çoxu
iştirak etdikdə səlahiyyətlidir.
İdarə Heyətinin iclasında hər üzvün
bir səsi olmaqla,
qərarlar sadə səs çoxluğu
ilə qəbul edilir. Səsvermə
zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və
ya onu əvəz edən
digər üzvün) səsi həlledicidir.
4.8. İdarə Heyətinin üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə, yazılı məlumat verilir.
4.9. İclasın gündəliyinə
İdarə Heyətinin hər hansı üzvünün
maraqlarına toxunan məsələ
çıxarıldıqda, həmin üzv
bununla bağlı maraqları haqqında
ətraflı məlumat verməli, bu məsələnin
müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak
etməməlidir.
4.10. Gündəliyə daxil edilməmiş və ya
tələb olunan aidiyyəti sənədləri
iclasdan qabaq təqdim
edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin
razılıq verdiyi hallar
istisna olmaqla, qərar
qəbul edilə bilməz.
4.11. İdarə Heyətinin sədri:
4.11.1. Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;
4.11.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;
4.11.3. öz təşəbbüsü
ilə və ya İdarə Heyətinin
digər üzvünün təşəbbüsü
ilə İdarə Heyətinin iclaslarını
çağırır;
4.11.4. öz təşəbbüsü
ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri
İdarə Heyətinin iclasında iştirak
etməyə dəvət edir;
4.11.5. Agentliyin fəaliyyətinin
təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və
əmrlər verir;
4.11.6. Agentliyin fəaliyyət
istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil
edir, yoxlayır və buna
nəzarəti həyata keçirir;
4.11.7. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.11.8. müəyyən edilmiş
struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin
Aparatının və digər struktur
bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər
smetasını Nazirliklə razılaşdırmaqla təsdiq edir;
4.11.9. Agentliyin
işçilərinin əməkhaqlarının, əməkhaqlarına
əlavələrin, mükafatların və digər ödənişlərin
verilməsini əməkhaqqı fondu
çərçivəsində təşkil edir;
4.11.10. bu
Nizamnamə ilə müəyyən edilmiş
hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun
idarə, filial və nümayəndəliklərinin,
habelə tabeliyindəki digər qurumların işçilərinin
(təsərrüfat cəmiyyətlərində isə
yalnız rəhbərlərin) vəzifəyə təyin və
vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə
və intizam tənbehi tədbirləri
görülməsi barədə Nazirliklə
razılaşdırmaqla qərarlar qəbul edir;
4.11.11. Agentliyin əmlakından
bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;
4.11.12. bu Nizamnamə ilə
müəyyən edilmiş səlahiyyətlər
çərçivəsində Agentliyin
adından əməliyyatlar aparır, müqavilələr
bağlayır və onların yerinə yetirilməsini təmin
edir;
4.11.13. Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;
4.11.14. Agentliyin fəaliyyət
istiqamətləri üzrə dövlət sirrinin
və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların
mühafizəsi üçün zəruri
tədbirlər görür;
4.11.15. Agentlikdə kargüzarlıq və arxiv işinin
aparılmasını təmin edir;
4.11.16. müavinləri və struktur
bölmələrinin rəhbərləri arasında vəzifə
bölgüsü aparır;
4.11.17. Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.
4.12. İdarə Heyətinin üzvləri:
4.12.1. İdarə Heyətinin səlahiyyətlərinə
aid məsələlərin həllində
iştirak edirlər;
4.12.2. İdarə Heyətinin iclasının
gündəliyi ilə və baxılması nəzərdə
tutulmuş materiallarla
əvvəlcədən tanış olurlar;
4.12.3. İdarə Heyətinin qəbul ediləcək
qərarlarına dair fikir
bildirirlər;
4.12.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;
4.12.5. İdarə Heyətinin qərarları
ilə, iclas protokolları ilə və
digər sənədlərlə tanış olurlar.
4.13. İdarə Heyətinin
üzvləri onun iclaslarında
baxılan məsələlərə qərəzsiz
yanaşmalı, İdarə Heyəti üzvünün
adına xələl gətirə biləcək hərəkətlərə
və çıxışlara yol verməməlidirlər,
həmçinin Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 49-cu maddəsində müəyyən
edilmiş digər tələbləri
yerinə yetirməlidirlər.
5. Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin
əsasları
5.1. Agentlik və onun əmlakı dövlət mülkiyyətidir.
5.2. Agentliyin nizamnamə fondu 5 000 000 (beş milyon)
manatdır.
5.3. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin
“İşsizlikdən sığorta
haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğun olaraq daxil olan işsizlikdən
sığorta vəsaitindən,
cərimələrdən, Agentliyin
fəaliyyətindən əldə
olunmuş gəlirdən,
kreditlərdən, ianələrdən,
qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
5.4. Agentlik öz əmlakından yalnız
Nizamnaməsində müəyyən
olunmuş məqsədlərə
uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına
münasibətdə səlahiyyətlərini
“Dövlət əmlakının
qorunub saxlanılması
və səmərəli
istifadə edilməsinin
təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı
ilə müəyyən
edilmiş qaydada həyata keçirir.
5.5. Qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri
ödədikdən sonra
Agentliyin onun idarə, filial, nümayəndəlik
və təsərrüfat
cəmiyyətlərinin, habelə
tabeliyindəki digər
qurumların fəaliyyətindən
əldə edilmiş
vəsait üzərində
müstəqil sərəncam
vermək hüququ vardır.
5.6. Agentliyin mənfəəti
bu Nizamnamədə nəzərdə tutulmayan
məqsədlər üçün
yalnız Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin qərarı
ilə müvafiq olaraq, dövlət büdcəsinə və ya yerli büdcəyə
köçürülə bilər.
5.7. Agentliyin gəlir və xərcləri üzrə əməliyyatlar
(saxlama xərcləri
istisna olmaqla) xəzinə hesabı vasitəsilə həyata keçirilir.
5.8. Agentliyin məhsullarının
(malların, işlərin,
xidmətlərin) qiymətləri
tənzimlənən qiymətlərə
(tariflərə) aid deyildir.
6. Agentliyin fəaliyyətinə
nəzarətin forması
və əhatə dairəsi
6.1. Agentliyin fəaliyyətinə
nəzarəti Nazirlik,
həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş
qaydada İdarə Heyəti həyata keçirirlər.
6.2. Agentliyin fəaliyyətinə
dair illik hesabat Nazirliyə təqdim edilir.
7. Agentlikdə uçot və hesabat
7.1. Agentlik “Mühasibat
uçotu haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə publik hüquqi şəxslər
üçün müəyyən edilmiş qaydada mühasibat uçotu
aparır, maliyyə hesabatlarını tərtib, təqdim və
dərc edir.
7.2. Agentlik “Büdcə sistemi haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq maliyyə
hesabatlarını tərtib və təqdim edir.
7.3. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
7.4. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat
cəmiyyətlərinin, habelə tabeliyindəki digər
qurumların maliyyə-təsərrüfat fəaliyyətinin
yoxlanılmasını təmin edir.
7.5. Agentlik öz
fəaliyyətinin müstəqil surətdə
yoxlanılması üçün kənar
auditor cəlb edir.
8. Agentliyin ləğvi və
yenidən təşkili
Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
Xalq qəzeti 2020.- 2 iyul.- S.7.