"100 il şərəfli ömür” beynəlxalq
film festivalında
“100 il şərəfli ömür”
sənədli filmi
Los-Ancelesdə “FLICKFAIR” film festivalında ilkin mərhələləri keçərək
finala vəsiqə qazanıb.
Filmin ssenari müəllifi, quruluşçu
rejissoru və baş prodüseri Cəlaləddin Qasımov
bildirib ki, ekran əsərinin posteri festivalın əsas səhifəsində
yerləşdirilib. Onun sözlərinə
görə, filmin çəkilməsində əsas
məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında
ölkəmiz haqqında
insanlara geniş məlumat verməkdir.
"Hacı Zeynalabdin Tağıyev harada yaşamasından asılı
olmayaraq, soydaşlarımızdan
köməyini əsirgəməyib,
Azərbaycan xalqının
maariflənməsi, istedadlı
insanların yüksək
təhsil alması, kütləvi savadsızlığın
aradan qaldırılması,
ölkədə iqtisadiyyatın
hərtərəfli inkişafının
təmin olunması, habelə milli kadrların hazırlanması
üçün zəruri
tarixi missiyanı həyata keçirib. Hələ Bakı Dövlət
Universitetində oxuduğum
illərdən başlayaraq,
bu görkəmli sahibkar və xeyriyyəçi haqqında
çoxlu məlumat əldə etmişdim, bir sözlə, onunla bağlı çap olunan bütün materialları
yığmışdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa
bu sənədlər,
kitablar və fotoşəkillərdən mənim sənədli filmimdə istifadə olunacaq”,--deyə Cəlaləddin Qasımov
bildirib.
O, XX əsrin əvvəllərində
baş vermiş tarixi, siyasi proseslərə, eləcə
də böyük xeyriyyəçinin həyatının
müxtəlif məqamlarına
güzgü tutan kadrların Almaniya arxivlərindən əldə
edilməsinə böyük
zaman sərf etdiyini söyləyib.
C.Qasımov deyib ki, ekran
əsərinin gələcəkdə
müxtəlif beynəlxalq
festivallarda nümayişi
haqqında da düşünür.
Ssenarisi
üzərində üç
ildən çox işlədiyini
deyən C.Qasımov,
həm tələbəlik
illərində, həm
də sonradan əldə etdiyi məlumatların onda əminlik yaratdığını
vurğulayıb: "Elə
bu məqsədlə
36 dəqiqəlik bədii-sənədli
filmdə əsas kadrların 30 faizini o dövrdəki köhnə
kadrlar təşkil edir. Bu kadrlar
Almaniyadan əldə olunub və Rusiyanın Sankt-Peterburq şəhərində yenidən
canlandırılıb. Bütün bunlar əsasən beynəlxalq festivallar üçün nəzərdə
tutulub”.
Filmin redaktoru
Əkbər Qoşalıdır.
Mətni Xalq artisti Eldost Bayram səsləndirir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti 2020.- 3 iyul.- S.7.