Əbədiyaşar rəhbər
Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlət quruculuğunda, iqtisadiyyatın idarə olunmasında, təsərrüfatçılıqda məqsədyönlü, zəngin, çoxcəhətli əməli iş təcrübəsini ümumiləşdirərək şərh edib. AZƏRTAC professor Vahid Novruzovun ümummilli liderin Azərbaycan tarixindəki əvəzsiz xidmətləri və dahi şəxsiyyətlə bağlı xatirələrini qələmə aldığı məqaləsini təqdim edir.
Bakıdan məktub
Uzaq 1969-cu ilin qızmar yay günlərində
Azərbaycan Dövlət Universiteti tərəfindən bir
qrup tələbə yoldaşımla Belarusun paytaxtı Minskə
bir aylıq təcrübə keçmək üçün
göndərilmişdik. Həmin dövrlərdə, nəinki
mobil telefonlar mövcud deyildi, hətta, stasionar telefon da məhdud
sayda idi, əsas əlaqə vasitəsi poçtla göndərilən
məktublar idi. Yaxşı yadımdadır ki, iyul
ayının 20-si ərəfələrində Azərbaycan
Dövlət Tibb İnstitutunda oxuyan bacımdan məktub
aldım. Məktubda qeyd olunurdu ki, Azərbaycana yeni rəhbər
seçilib – Heydər Əliyev! Təbii ki, mən bu xəbəri
öz tələbə dostlarımla bölüşdüm və
qayğısız tələbəlik günlərimizi
yaşamağa davam etdik. Heç birimiz düşünə
bilməzdik ki, bu adi bir rəhbər dəyişikliyi yox, Azərbaycan
xalqı üçün tarixi bir seçim, bəlkə də
Uca Tanrı tərəfindən uzun illər üçün
xilaskar bəxşi idi. Sonrakı onilliklər və
yaşadığımız indiki dövr də
düşündüklərimizin doğruluğunu sübut
edir.
Dinamik
inkişaf, milli qurtuluş və demokratiya yolunda
Faktlara müraciət edək.
Tale elə
gətirmişdi ki, ulu öndər Heydər Əliyev həm
ötən əsrin 60-cı illərinin sonlarında, həm də
dövlət müstəqilliyimizin ilk illərində Azərbaycanda
siyasi rəhbərliyə gələrkən respublikada cəmiyyət
həyatının bütün sahələri canvermə vəziyyətində
olub, dövlət idarəetməsindən tutmuş mənəviyyat
sahələrinə qədər hər yerdə dərin
böhran hökm sürüb. Ümummilli lider Heydər
Əliyev isə tarix üçün çox qısa olan
zaman kəsiyi ərzində özünün dərin zəkası,
heyrətamiz təşkilatçılıq və idarəçilik
bacarığı, rəhbər qətiyyəti və titanik
şəxsi zəhməti hesabına hər dəfə Azərbaycanı
dinamik inkişaf və tərəqqi yoluna çıxarıb,
millətimizin imzasını imzalara qatmağa nail olub.
Uzun illər
boyu keçmiş SSRİ-də əsasən “qara
qızıl” diyarı kimi tanınan, lakin 60-cı illərin
ortaları üçün neft hasilatında da artıq
İttifaq dövlətinin ikinci-üçüncü dərəcəli
regionuna çevrilən, ÜDM istehsalında nəsibi daha
çox əl əməyinə əsaslanan kənd təsərrüfatı
ölkəsi olan respublikamızın 1969-1982-ci illərdə
keçdiyi inkişaf yolu ulu öndər Heydər Əliyev zəkasının
genişliyinə, Azərbaycan oğlunun rəhbər məharətinin
potensialına əyani sübut kimi onun daha geniş miqyasda–
SSRİ adlı superdövlət miqyasında siyasi rəhbərliyə
layiq görülməsinə də özgün zəmanət
olmuşdu.
Sovet
hakimiyyəti illərində ümummilli lider Heydər
Əliyev, təxminən, 14 ilə yaxın bir müddət ərzində
respublikaya rəhbərlik edib, həmin dövrdə onun fəaliyyətinin
mühüm istiqamətlərindən birini iqtisadiyyatın səmərəli
şəkildə təşkili və idarə edilməsi əsasında
respublika əhalisinin maddi və mədəni həyat səviyyəsinin
getdikcə yüksəldilməsi vəzifəsi təşkil
edib. Məlum olduğu kimi, XX əsrin 70-ci illərinin əvvəllərinədək
Azərbaycanın iqtisadi və sosial inkişafında
lazımi dönüş yaradılmayıb, respublikanın
malik olduğu iqtisadi, elmi-texniki və humanitar potensialdan tam
dolğun və səmərəli şəkildə istifadə
edilməyib, bu isə istər-istəməz sosial-iqtisadi
inkişafın ümumi səviyyəsinin o vaxtkı orta
ittifaq göstəricilərindən aşağı olması
ilə nəticələnib. Ağır iqtisadi və sosial
şəraitdə 1969-cu il iyulun 14-də respublikada rəhbərliyə
gələn Heydər Əliyev həmin vaxt üçün
mövcud olan vəziyyəti siyasi uzaqgörənliklə
düzgün qiymətləndirib, iqtisadiyyatda, sosial-mədəni
və mənəvi sahələrdə əsaslı dəyişikliklərin
həyata keçirilməsini, iqtisadiyyatın təşkili və
inkişafı sahəsində dönüş
yaradılmasını başlıca vəzifə kimi müəyyənləşdirərək
çox qısa zaman kəsiyində bütün əsas
göstəricilər üzrə Azərbaycanın
keçmiş SSRİ-də öncül mövqelərə
çıxmasını təmin edib. O cümlədən,
respublika iqtisadiyyatında ənənəvi geriliyin qısa
müddətdə aradan qaldırılması, iqtisadiyyatın
maddi-texniki bazasının və maliyyə təminatının
möhkəmləndirilməsi, bunun da əsasında iqtisadi
proseslərin dinamik inkişafının təmin edilməsi
son dərəcə gərgin və ardıcıl işin,
düzgün və səmərəli idarəetmənin nəticəsi
kimi meydana çıxıb.
Maddi istehsalın bütün sahələrində,
xüsusən sənayedə, kənd təsərrüfatında,
tikintidə və digər sahələrdə aparılan dərin
struktur-keyfiyyət dəyişiklikləri təkcə
iqtisadiyyatda deyil, sosial sferada da nəzərə çarpacaq
yüksəlişin əldə olunmasına zəmin
yaradıb. Nəticədə
1970-ci illə müqayisədə 1982-ci ildə məcmu
ictimai məhsul 2,32 dəfə, milli gəlir istehsalı 2,3 dəfə,
bütün sənaye məhsulları 2,2 dəfə, ümumi
kənd təsərrüfatı məhsulları 2,25 dəfə,
o cümlədən, bitkiçilik məhsulları 2,66 dəfə
və heyvandarlıq məhsulları 1,62 dəfə, əsaslı
vəsait qoyuluşu 1,86 dəfə, xalq təsərrüfatı
üzrə mənfəət, müqayisəli qiymətlərlə,
2,74 dəfə, adambaşına real gəlir 1,51 dəfə,
fəhlə və qulluqçuların orta aylıq əməkhaqqı
1,41 dəfə artıb. 1970- 1982-ci illər ərzində
adambaşına milli gəlirin artım sürəti
1961-1970-ci illərdəkinə nisbətən 2,7 dəfə,
sosial sığorta və sosial təminat 2 dəfədən də
çox, pərakəndə ticarət dövriyyəsi 79 faiz,
mənzil tikintisinin həcmi şəhər yerlərində
13,4 milyon kvadratmetr artıb, kənd yerlərində ümumi
sahəsi 4,8 milyon kvadratmetr olan yaşayış evləri,
çoxlu məktəb, məktəbəqədər uşaq
tərbiyəsi müəssisəsi, bütün respublikada
ümumi ticarət sahəsi 2 dəfə genişlənib, əhaliyə
göstərilən xidmətlərin həcmi 1975-ci ildəki
72,2 milyon manatlıqdan 1982-ci ildə 13,3 milyon manatlığa
çatıb.
Bütövlükdə, 1970-1982-ci illər Azərbaycan
Respublikası üçün böyük quruculuq illəri,
iqtisadi inkişafla yanaşı, sosial sferanın da
inkişafına böyük qayğı illəri olub.
Lakin ulu öndər Heydər Əliyev SSRİ rəhbərliyinə
irəli çəkiləndən sonra Azərbaycanın
sosial-iqtisadi inkişafında əldə edilmiş yüksək
mövqelər nəinki möhkəmləndirilib, əksinə,
tədricən itirilib, 1989-cu ildən etibarən isə tədricən
tənəzzülə uğrayıb.
Yeni cəmiyyət quruculuğunun memarı və təşkilatçı
kimi ümummilli lider Heydər Əliyevin tarix və millət
qarşısında misilsiz xidmətlərindən bəhs edərkən
onun 1993-cü ildə xalqın təkidli tələbi ilə
Azərbaycanda siyasi rəhbərliyə
qayıdışından sonrakı dövrə təsadüf
edən, təxminən, 10 illik fəaliyyətini xüsusi dəyərləndirmək
tələb olunur. Bu zərurət, hər şeydən əvvəl, ondan
irəli gəlir ki, dövlət müstəqilliyimizin bərqərar
olması və dönməz xarakter alması, müstəqil
Azərbaycan Respublikasında demokratik dövlət
quruculuğunun möhkəm təməlinin qoyulması naminə
işlənib hazırlanıb və uğurla həyata
keçirilmiş daxili və xarici siyasət strategiyası məhz
həmin dövrdə real məzmun və məna kəsb edib.
Məhz ulu öndər Heydər Əliyevin həmin dövrdəki
titanik fəaliyyətinin nəticəsi olaraq, tarixən
qısa bir zaman kəsiyində məntiqi bir
ardıcıllıqla Azərbaycanda vətəndaş
müharibəsi alovları söndürülüb; baş
qaldırmaqda olan separatçılıq meyillərinin
kökü kəsilib və dövlətimiz dünyanın
siyasi xəritəsindən silinmək təhlükəsindən
xilas edilib; iflic vəziyyətində olan hakimiyyət
strukturlarının dolğun fəaliyyəti bərpa olunub;
nizami ordu quruculuğuna başlanıb, Ermənistanın Azərbaycana
qarşı hərbi ekspansiyası dayandırılıb və
1994-cü ildə atəşkəsin əldə edilməsinə
nail olunub; böhran və tənəzzül içərisində
olan milli iqtisadiyyatın maddi-maliyyə dayaqlarını əldə
etmək üçün Azərbaycanın yeni neft
strategiyası formalaşdırılıb və 1994-cü il
sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanması
ilə xarici investisiyaların ölkəmizə axını
üçün möhkəm zəmin yaradılıb;
iqtisadiyyatın bazar prinsipləri əsasında
inkişafını təmin etmək üçün dövlət
mülkiyyətinin özəlləşdirilməsi və MDB-də
bərabəri olmayan radikal aqrar islahatlar həyata
keçirilib; bazar infrastrukturlarının formalaşması
və azad sahibkarlığın hərtərəfli
inkişafı üçün müvafiq qanunvericilik
bazası yaradılıb; dövlət idarəetmə sistemində
geniş islahatlar aparılıb; Azərbaycanın beynəlxalq
birliyə intensiv inteqrasiyası təmin edilib.
Məhz
ümummilli lider Heydər Əliyev siyasəti – onun demokratik
hüquqi dövlət quruculuğu və sosial-iqtisadi
inkişaf konsepsiyası siyasi-hərbi qeyri-müəyyənlikdən
əmin-amanlıq və sabitliyə, sosial-iqtisadi tənəzzüldən
dinamik inkişafa, tərəqqi və yüksəlişə
qovuşdurub, nəticə etibarilə, Azərbaycan
Respublikasını Cənubi Qafqaz və Mərkəzi Asiya
regionunda dünya siyasətinin başlıca geostrateji maraq mərkəzinə,
iqtisadi cəhətdən dinamik surətdə inkişaf və
tərəqqi edən bir diyara çevirib.
Ulu
öndər Heydər Əliyevin iqtisadi inkişaf
konsepsiyasının onurğa sütunu olan Azərbaycanın
yeni neft strategiyasının zirvə sənədi – 1994-cü
il sentyabrın 20-də imzalanmış və beynəlxalq aləmdə
dərhal “Əsrin müqaviləsi” kimi dəyərləndirilmiş
ilk neft sazişinin necə, hansı mərhələlərdən
keçməklə hazırlandığını indi
çoxları unudub. Halbuki dəfələrlə
xatırlatmağa lüzum var ki, ümummilli lider Heydər
Əliyevin Azərbaycanda siyasi rəhbərliyə
qayıdışına qədər bu saziş layihəsi
üzərində, təxminən, bir il
“iş aparılmış” və 1993-cü ilin iyununda
imzalanmasına AXC-Müsavat hakimiyyəti tərəfindən
sanksiya verilmişdi. Ölkənin vətəndaş
müharibəsi həddinə çatdığı, Azərbaycan
dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə
üz-üzə qaldığı həmin ağır
günlərdə siyasi hakimiyyət məsuliyyətini öz
öhdəsinə götürən ulu öndər Heydər
Əliyevin qəbul etdiyi çox məsul və
taleyüklü qərarlardan biri milli maraqlarımıza əsla
uyğun gəlməyən, mahiyyəti etibarilə nadir təbii
sərvətlərimizin hərraca qoyulmasına rəvac verən
həmin saziş layihəsinin imzalanmasını
dayandırmaq və işləməyə qaytarmaq barədə
oldu. Bundan sonra yenə, təxminən, bir il ərzində
müxtəlif tərkibli nümayəndə heyətləri və
ekspertlər səviyyəsində saziş layihəsi üzərində
iş getsə də, yalnız 1994-cü ilin mayından – o
vaxt ölkə Prezidentinin sərəncamı ilə Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr
üzrə vitse-prezidenti (1997-ci ildən– Birinci vitse-prezident) vəzifəsinə
təyin olunan İlham Əliyevin layihə üzərində
işə cəlb edilməsindən sonra sazişin hər cəhətdən
əsaslandırılmış, milli və dövlətçilik
maraqlarımıza tamamilə
uyğunlaşdırılmış variantı real konturlar kəsb
etməyə başladı. Həmin dövrdə İlham
Əliyevin birbaşa rəhbərliyi və ya iştirakı
ilə aparılmış çoxsaylı danışıqlar,
məsləhətləşmələr, İstanbul və
Hyuston (ABŞ) şəhərlərində keçirilmiş
intensiv görüşlər Azərbaycan dövlətinin
maraqlarını mövcud geosiyasi reallıqlarla
uzlaşdırmaqla gələcək konsorsiumun tərkibini,
hasilatın pay bölgüsündən onların fərdi
payını qəti şəkildə müəyyənləşdirməyə,
beləliklə də sazişin sonradan ölkə parlamenti tərəfindən
qanun statusu verilən layihəsini 1994-cü il sentyabrın 20-də
imzalanmaq üçün hazır etməyə imkan
yaratdı.
Həmin
tarixi hadisədən çox-çox sonra İlham Əliyev
“Əsrin müqaviləsi”nin imzalanmağa
hazırlanması prosesində rəhbər tutduğu prinsiplərin
mahiyyəti barədə belə demişdi: “Azərbaycan yeni
müstəqil dövlətdir, müstəqil həyatda ilk
addımlarını atır... Təbii ki, biz
neft kimi bir sərvətə malik olduğumuzdan həm beynəlxalq
neft şirkətlərinin (bu, çox müsbət
haldır), həm də mənafeləri Azərbaycanda kəsişən
bir çox dövlətlərin güclü maraq obyektinə
çevrildik. Bizə belə güclü
diqqət və karbohidrogen ehtiyatlarının istər
hasilatı, istərsə də nəql olunması
baxımından hansısa rəqabət, əlbəttə,
müəyyən qədər problemlər yarada bilərdi.
Ona görə də mən həmişə demişəm:
biz istəyirik ki, Azərbaycan rəqabət meydanı deyil,
müxtəlif mənafelər arasında əməkdaşlıq
zonası olsun”.
Ulu
öndər barədə bir xatirə
Ümummilli lider Heydər Əliyev barədə
dünyanın görkəmli siyasətçilərinin və
dövlət başçılarının söylədikləri
və hər bir azərbaycanlının ürəyini
qürurla dolduran dəyərli fikirlər barədə
çox yazılıb, sənədli filmlər çəkilib
və geniş yayılıb.
Mən isə bu səpkidən olan xatirələrimdən
birini əziz oxucularla bölüşmək istərdim.
1998-ci
ilin noyabr ayında Uruqvayın paytaxtı Montevideo şəhərində
ali audit qurumlarının beynəlxalq təşkilatı
olan INTOSAI-ın XXI Konqresində ölkəmizi Azərbaycan
Respublikası Auditorlar Palatasının nümayəndələri
təmsil edirdilər. Konqresin proqramına
Uruqvayın o vaxtkı Prezidenti Xulio Mariya Sanqinetti tərəfindən
rəsmi qəbul və ziyafət də daxil edilmişdi.
Protokol qaydasına uyğun olaraq tədbirin əvvəlində
ölkələrin nümayəndə heyətləri prezidentə
təqdim olunur, o isə öz növbəsində qısaca
“Xoş gəlmisiniz” deyirdi. Növbə bizə çatanda o,
gülümsəyərək dedi: “Mən sizin Prezidenti
tanıyıram”. Sonra isə əlavə etdi
ki, Moskvada rəsmi səfərdə olarkən o vaxtkı
SSRİ rəhbərliyinin iştirakı ilə mənim şərəfimə
rəsmi ziyafət verilirdi. Masada digər
təamlarla bərabər balıq kürüsü də
qoyulmuşdu. Ziyafət zamanı mən
SSRİ-də nə qədər kürü istehsal olunması
ilə maraqlandım. Hamı bir-birinin
üzünə baxa-baxa qaldı. Gördüm
ki, dəqiq cavab verməyə çətinlik çəkirlər.
Bu zaman sizin Prezident hansı ki, həmin dövrdə
Kremldə çox yüksək vəzifə tuturdu, mənim
sualımı müfəssəl cavablandırdı. O, nəinki
nə qədər kürü istehsal edildiyini, həm də
hövzələr üzrə istehsal olunan qara və
qırmızı kürü barədə dəqiq bilgi verdi və oradakıları çətin vəziyyətdən
çıxardı. Sizin çox müdrik
Prezidentiniz, dövlət başçınız vardır.
Xahiş edirəm, mənim salamlarımı
çatdırın.
Uruqvay Prezidentinin bizim görüşə bu qədər
vaxt ayırmasının səbəbi digər nümayəndə
heyətləri üçün böyük maraq, bizdə isə
sonsuz qürur doğurdu.
Xüsusi vurğulamaq lazımdır ki, ulu öndər
Heydər Əliyev şəxsiyyətinin miqyası bizlərdə
və dostlarımızda nə qədər fəxr hissi
yaradırdısa, bir o qədər də bədxahlarımızda
heyrət və qısqanclıq doğururdu.
Bədxahların
etirafları
Yaxşı yadımdadır, uzun illər ərzində
Ermənistanda məsul işlərdə
çalışmış atam mərhum Tapdıq Novruzov həmişə
bizə yüksək vəzifəli bir erməni
tanışının etirafını nəql edərdi. Belə ki,
sovet dövrünün qəbul olunmuş adətlərindən
biri də qonşu ölkə və rayon
başçılarının qarşılıqlı səfər
və görüşlərinin təşkili idi. Bir dəfə də Zaqafqaziya respublikaları rəhbərlərinin
iştirakı ilə Yerevanda böyük toplantı
keçirilərkən çıxış edənlərdən
biri erməni xalqının milli qəhrəmanı
timsalında qaniçən Andranikin adını çəkir
və bütün zalda oturanlar və rəyasət heyəti
ayağa qalxıb əl çalırlar. Əlbəttə
ki, yalnız ümummilli lider Heydər Əliyevdən
başqa. Onun bu hərəkəti,
doğrudan da, ermənilərdə heyrət doğurmaya bilməzdi.
Bu hadisəni nəql edən erməninin
özü də ulu öndər Heydər Əliyevin
böyüklüyünü və igidliyini istər-istəməz
etiraf edirdi.
Buna bənzər xatirələr mərhum
ziyalımız Zakir Sərdarovun “Heydər Əliyev və
milli mübarizə tariximiz” kitabında da yer alıb. Onlardan bir
neçəsini oxuculara çatdırmaq məncə yerinə
düşərdi və Zakir müəllimin də ruhu şad
olardı.
“Ermənistanın sovetləşməsinin 50-ci
ildönümünün bayram şənliklərinə
bütün respublikalardan nümayəndələr gəlmişdi. Rəhbərlər təbrik
nitqi ilə çıxış edirdilər, Rusiya nümayəndəsindən
bir az sonra Heydər Əliyev tribunaya
qalxdı. O, həm tribunaya qalxarkən, həm də nitqini
başa çatdırarkən zalda oturanlar ayağa
qalxdılar, alqış sədaları kəsilmək bilmirdi.
Bu alqışlar Rusiya nümayəndəsinə
göstərilən ehtiramdan qat-qat yüksək və səmimi
idi. Rəyasət heyətində oturanların çoxu
fasilə zamanı deyirdi: “Rusiyanı kölgədə qoyduq,
ziyanını çəkməsək yaxşıdır”.
Ermənistanda
ulu öndər Heydər Əliyev şəxsiyyətinə
göstərilən bu cür yüksək qiymətin və
ehtiramın səbəbi onun 1969-cu il avqust
plenumundakı məruzəsi olmuşdu. Ermənistan
KP MK-nın birinci katibi A.Koçinyan Heydər Əliyevlə
oktyabrın 30-31-dəki görüşdən
qayıtdıqdan sonra büro iclasında aldığı təəssüratlar
haqqında xeyli danışdı. Ümummilli
lider Heydər Əliyevin həm Azərbaycanın, həm də
bütün SSRİ-nin vəziyyətini dərindən təhlil
etdiyini, nöqsanları aradan qaldırmaq yollarını
göstərdiyini, eyni zamanda, rus dilini çox yaxşı
bildiyini qeyd etdi. “Heydər Əliyev mənə
dərin zəkası, ağlı, biliyi olan, kəskin məntiqli,
fikrinə müsahibini inandırmağı bacaran şəxs,
rəhbər təsiri bağışladı. Sual
verildi ki, bəs torpaqlar məsələsini həll etdinizmi,
o, dedi ki, Heydər Əliyevlə razılaşıb. Bir daha torpaq məsələsini
qaldırmamalıyıq. Moskvada Heydər
Əliyevin çox böyük nüfuzu var. Bununla
hesablaşmamaq olmaz. Görünür, istəməsə
də Əliyev qətiyyəti, Əliyev məntiqi
Koçinyanı bunları deməyə məcbur etmişdi.
Beləliklə, 1969-cu ilin mayın 7-də qəbul
edilmiş qərar kağız üzərində qaldı və
1984-cü ilə qədər Ermənistanda bu məsələ
qaldırılmadı. Heydər Əliyevin
nə qədər böyük və güclü şəxsiyyət
olduğunu ermənilər də yaxşı dərk edirdilər.
Qorbaçovun yenidənqurma siyasəti
başlanan kimi erməni siyasətbazları, daşnak
ideoloqları Heydər Əliyevə qarşı təxribat fəaliyyətini
genişləndirdilər”.
Bu
baxımdan, Prezident İlham Əliyevin aşağıdakı
sözlərini xatırlatmaq istərdim:
“Heydər Əliyev amili qoymurdu ki, ermənilər baş
qaldırsınlar”.
Demokratiya
ustadı
Ulu öndər nəinki özü əsl
demokratiyanın tərəfdarı idi, o həm də bunu
başqalarına düzgün anlamağın yolunu da çox
ustalıqla göstərirdi. Yəqin
oxucularımız xatırlayarlar ki, ikinci dəfə hakimiyyətə
qayıtdıqdan sonra, xüsusən də ölkə
prezidenti kimi keçirdiyi görüşlərdən
canlı reportajlar verilir, danışıqlar səsləndirilirdi.
1997-ci ilin avqust axşamlarından biri mənim hafizəmə
ömürlük həkk olunub. Mənə telefonla xəbər
verdilər ki, dünyanın böyük ölkələrindən
birinin nümayəndə heyətinin üzvləri qəbul
zamanı səndən ölkə prezidentinə şikayət
etdilər. Təbii ki, mən bərk həyəcanlandım.
Səbirsizliklə “Günün ekranı”nın
gecə təkrarını gözlədim və doğrudan da,
çox ciddi bir səhnənin şahidi oldum. Dünyaya
demokratiya dərsi vermək iddiasında olan ölkənin
sayılan bir təmsilçisi ulu öndərə müraciət
edərək deyir: “Cənab Prezident, Azərbaycan Auditorlar
Palatasının sədri ölkələrimiz arasında
iqtisadi əlaqələrin inkişafına ciddi mane olur”. Ani
sakitlikdən sonra Azərbaycan Prezidenti qarşı tərəfi
susmağa, demokratiyanı sözdə yox, reallıqda dərk
etməyə vadar edən və özünün yüksək
şəxsiyyətinə böyük demokrat imici gətirən
belə cavab verdi:
“Bilirsiniz, onlar müstəqil qurumdurlar, mən
onların işinə qarışmıram!” Görüşdə
şahmat oyunundakı “şah” və “mat” sonluğu müstəbeh
qonaqları bir-birinin üzünə baxmağa vadar etdi.
Ədalət naminə qeyd edim ki, həmin nümayəndə
heyətinin rəhbəri iki gündən sonra məktubla
yanlış olduqlarını etiraf etdi və bizdən üzr
istədi.
Güclü
təfəkkürdən süzülən bir damla
Son olaraq bir fikrimi də bölüşməyi borc bilirəm
ki, ulu öndər Heydər Əliyev dünya miqyaslı siyasətçi
və dövlət başçısı olduğu qədər
də güclü təfəkkürə malik
iqtisadçı və hüquqşünas idi və müstəqil
Azərbaycanın qanunvericilik bazasının banisi kimi tarixdə
qalacaq.
Sözlərimə çox konkret bir sübut kimi audit
qanunvericiliyini göstərmək istərdim.
Prezident
İlham Əliyev Auditorlar Palatasının 20 illiyi münasibətilə
palatanın kollektivinə və üzvlərinə
ünvanladığı məktubda qeyd edib:
“Ümummilli lider Heydər Əliyevin adı ilə
bilavasitə bağlı olan müstəqil auditin ölkəmizdə
formalaşdırılması və onun normativ-hüquqi
bazasının yaradılması qısa zaman kəsiyində
maliyyə nəzarətinin bu müstəqil növünün
uğurlu inkişafına imkan yaradıb. Ölkəmizdə
auditor fəaliyyətinin dövlət tənzimlənməsi
Auditorlar Palatası tərəfindən həyata
keçirilir. Auditorlar Palatasının fəaliyyəti
dövründə ölkədə beynəlxalq audit
standartlarının tətbiqi reallaşdırılıb,
daxili auditor xidmətinin korporativ idarəetmə sisteminin
ayrılmaz elementinə çevrilməsi, auditorların fəaliyyətinə
effektiv nəzarətin qurulması sahəsində xeyli iş
görülüb. Palata beynəlxalq və
regional peşə qurumlarında, o cümlədən, Beynəlxalq
Mühasiblər Federasiyası kimi çox nüfuzlu bir təşkilatda
ölkəmizi layiqincə təmsil edir”.
Həqiqətən də, 1994-cü ildə ulu öndər
tərəfindən imzalanmış “Auditor xidməti
haqqında” Qanun müəyyən əlavə və dəyişikliklər
edilsə də, hələ də ölkəmizdə auditor fəaliyyətinin
əsas hüquqi bazasını təşkil edir.
Əlamətdar
olan isə odur ki, banisi ümummilli lider olan Azərbaycanın
audit modeli, nəinki Dünya Bankı, Beynəlxalq Valyuta Fondu
və digər mötəbər beynəlxalq maliyyə
qurumları tərəfindən yüksək dəyərləndirilir,
hətta, ilk öncə auditin tənzimlənməsinin qərb
modelini şablon şəkildə tətbiq edən bir sıra
ölkələr, o cümlədən, Rusiya, Belarus kimi
ölkələr Azərbaycan modelini artıq öz ölkələrində
tətbiq etdiklərini etiraf edirlər.
Son söz əvəzi
Əlbəttə, bir məqalə
çərçivəsində ulu öndər Heydər
Əliyevin Azərbaycanın dövlət quruculuğunda,
iqtisadiyyatın idarə olunmasında, təsərrüfatçılıqda
məqsədyönlü, zəngin, çoxcəhətli əməli
iş təcrübəsini ümumiləşdirərək
şərh etmək mümkünsüzdür. Bu baxımdan, ulu öndər haqqında ən
obyektiv və dərin mənalı fikirlərdən biri kimi dəyərləndirilən
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın
sözləri yerinə düşər: “Böyük
siyasət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu
Heydər Əliyev hər bir azərbaycanlının qəlbində
qoyub getdiyi azərbaycançılıq fəlsəfəsi,
dövlətçilik irsi və gördüyü nəhəng
işlərlə yaşayacaqdır!”
Xalq qəzeti 2020.- 4 iyul.- S.3.