Azərbaycan Prezidentinin
təşəbbüsü dünyada bəyənilir
Bu bəla Yer üzünə Allahdanmı gəldi, yaxud Şeytan vassallarının göstərişi ilə bioloji silah qismində hansısa laboratoriyalardamı hazırlandı? Doğrusunu bilən yoxdur. Amma, dünya çox təhlükəli bir düşmənlə – COVID-19-la üzbəüzdür. Yarım ildir ki, sonradan pandemiya elan olunmuş yeni növ koronavirus bəşəriyyətə divan tutur. Hələ ki, nə vaksini tapılıb, nə də təsirli bir dava-dərmanı.
Bu gözəgörünməz
bəlaya qarşı dünyanın, demək olar
ki, bütün
ölkələrində ayrı-ayrılıqda mübarizə
tədbirləri aparılır. Amma, nə
faydası, istənilən səmərə yoxdur.
Bəşər tarixində müxtəlif yoluxucu xəxtəliklərin epidemiya və pandemiyalara çevrilməsi faktları dəfələrlə olub, indiyədək iki dünya müharibəsi baş verib. Lakin COVID-19 pandemiyası bunların heç birinə bənzəmir. Çünki bu virus “yaxa ələ vermir”, zəif yeri harasıdır, məlum deyil. Amma, son dərəcə çevik bir düşməndir. Təsəvvür edin ki, infeksiya bir neçə ay ərzində dünyanın bütün ölkələrini çənginə ala bilmişdir. İndiyədək dünyada 10,9 milyon insan infeksiyaya yoluxmuş, 521 min nəfər isə koronavirusdan həlak olmuşdur. Son dövrün təcrübəsi göstərdi ki, belə məkrli düşmənə qarşı dünya dövlətlərinin heç biri təkbaşına mübarizəsi gözlənilən nəticəni vermir.
Bu yerdə türk
xalqlarının böyük öndəri
Mustafa Kamal Atatürkün məşhur kəlamı yada düşür: “Yurdda sülh, cahanda sülh”. Cənab
dövlət başçımızın siyasi
fəaliyyəti də sübut edir o, təkcə ölkəmizdə
deyil, bütün dünyada pandemiyasız həyatın bərqərar
edilməsinə çalışır. Prezident İlham
Əliyev tərəfindən koronavirus
pandemiyasına qarşı mübarizədə həm regional, həm də qlobal
səviyyədə beynəlxalq həmrəyliyin gücləndirilməsi
məqsədilə zəruri təşəbbüslər irəli
sürülür və konkret
əməli addımlar atılır.
Azərbaycan Prezidenti
COVID-19 pandemiyasına qarşı beynəlxalq mübarizənin
təşkili məqsədilə bu il aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının sədri statusunda Türk Şurasının, mayın 4-də isə
Qoşulmama Hərəkatının sədri
kimi, həmin təşkilatın
dövlət və hökumət
başçılarının onlayn formada zirvə görüşlərini təşkil
etdi. Prezident İlham Əliyev mayın 4-də
keçirilən görüşdəki
çıxışında qlobal həmrəyliyin
nümunəsi kimi pandemiya
ilə mübarizə məqsədilə BMT Baş
Assambleyasının dövlət və hökumət
başçıları səviyyəsində videokonfrans
vasitəsilə xüsusi
sessiyasının keçirilməsi təklifini irəli
sürdü.
BMT Nizamnaməsinə əsasən, Baş Assambleya ehtiyac duyulduğu təqdirdə
xüsusi sessiyalar
keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik
Şurasının və ya üzv ölkələrin çox
hissəsinin müraciəti əsasında Baş
katib tərəfindən
çağırılmalıdır. Təklif Nyu-Yorkda
Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə
razılaşdırılıb. BMT Baş katibi mayın 28-də
Baş Assambleyanın “Prosedur
Qaydaları” adlı sənədinin 9 (a) bəndinə
uyğun olaraq, bütün üzv ölkələrə
müraciət edərək 30 gün
müddətində təşəbbüsə münasibət
bildirilməsini xahiş edib.
Azərbaycan tərəfində olan rəsmi
məlumatlara görə, sözügedən müddətin
bitməsinə qədər 130 ölkə təşəbbüsə
dəstək verdikləri barədə Baş
katibin ofisini məlumatlandırıb.
Şübhəsiz, BMT-nin 130 üzv dövləti
tərəfindən Qoşulmama Hərəkatının
sədri statusunda Prezident
İlham Əliyevin Baş
Assambleyanın xüsusi sessiyasının
keçirilməsi barədə təşəbbüsünün
dəstəklənməsi beynəlxalq ictimaiyyətin ölkəmizə
olan böyük
etimadının növbəti göstəricisidir.
Bütün bunlar Azərbaycan xalqında haqlı qürur hissi yaradır. Dövlət başçısına göndərilən minnətdarlıq məktublarından da bunu görmək olar.
Məcburi köçkünlər Sizdən
razıdırlar
Möhtərəm cənab Prezident!
Yeni növ koronavirus – COVID-19 infeksiyasından zərər çəkmiş və bu xəstəliyə yoluxmuş insanlara Sizin rəhbərliyinizlə dövlət dəstəyi göstərilməkdədir. Belə bir zamanda sosial və infrastruktur layihələrinin uğurla icra edilməsi dövlətimizin gücünü və maliyyə dayaqlarının möhkəm olduğunu göstərir. Torpaqlarımızın işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər də Sizin diqqətinizdən kənarda qalmır. Onlar üçün yeni qəsəbə və yaşayış kompleksləri salınır, mənzil-məişət şəraitləri və sosial vəziyyətləri yaxşılaşdırılır.
Cənab Ali Baş
Komandan, biz məcburi
köçkünlər Sizə minnətdarlığımızı
və təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Raqub İdris
oğlu Cəfərov,Ağdam rayonundan məcburi köçkün,
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi
Gücümüz birliyimizdədir
Hörmətli Prezidentimiz!
Bu mürəkkəb şəraitdə atdığınız düzgün addımlar nəticəsində ölkəmiz qlobal pandemiya vəziyyətində minimum itkilərlə mübarizə aparır. Dünyanı çənginə alan koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə, bu çətin günlərdə də xalqın yanında olduğunuza və xalqa qayğı göstərdiyinizə görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm.
Koronavirus pandemiyası
dövründə bütün rayonlarda olduğu kimi, Suraxanı rayonunda yaşayan aztəminatlı ailələrə ərzaq
yardımları, işsiz vətəndaşlara
190 manat birdəfəlik müavinət
verilməsi sakinlərimizi sevindirdi.
Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!”
çağırışınız uzun
illər ölkəmizin zəfər simfoniyası olacaqdır.
Allah Sizi, ailənizi və
xalqımızı qorusun!
Hörmətlə,
Orxan İsmayıl oğlu Əlizadə, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi
Düşmən reallıqla
hesablaşmalıdır
Möhtərəm cənab Prezident!
Dünya birliyi
bizə qarşı hələ də ədalətsiz mövqe nümayiş
etdirərək Ermənistanın
işğalçılıq siyasətinə birmənalı olaraq göz yumur. Buna baxmayaraq,
Siz bu məsələdə
daim qətiyyətlə Azərbaycanın
barışmaz mövqeyini ifadə edirsiniz. Sizin iyunun 18-də "Şərq tərəfdaşlığı"
ölkələrinin dövlət və hökümət
başçılarının videokonfrans
formatlı sammitindəki çıxışınız bunu bir daha
sübut etdi. Siz Ermənistanın baş
nazirinə terrorçunu xalq
qəhrəmanına çevirdiklərini bildirdiniz.
Bu, düzgün və
yerində verilmiş cavab
idi. Ermənistanın dövlət
başçısı susdu, çünki həqiqəti demişdiniz.
Biz daim Sizin siyasətinizi dəstəkləyirik və
istər sülh yolu
ilə olsun, istərsə də hərbi yolla, Qarabağ məsələsini
həll edəcəyinizə inanırıq. Düşmən
reallıqla hesablaşmalıdır.
Hörmətlə,
Fatma Çərkəz qızı Quliyeva, şəhid bacısı, müəllim Ağcabədi rayonu, Taynaq kəndi
Yaşasın müstəqil Azərbaycanımız
Cənab Prezident!
Sizin ölkədə
apardığınız islahatlar hər bir Azərbaycan vətəndaşı kimi məni də fərəhləndirir. Sizin son dörd
ildə üçüncü dəfə
Azərbaycan Dövlət Aqrar universitetində
olmağınız aqrar sahəyə, eyni zamanda, Universitetimizə
göstərdiyiniz qayğının bariz
nümunəsidir.
İyunun 24-də Gəncə
şəhərinə səfəriniz çərçivəsində
Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tipli tədris korpusunun
açılış mərasimində Sizin
və Birinci vitse-prezident
Mehriban xanımın iştirakı aqrar sahəyə böyük
bir töhfədir. Müasir
avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, nəinki aqrar
sahənin inkişafına vəsilə olacaq,
kadrların yetişdirilməsinə kömək edəcək,
eyni zamanda, xeyli sayda insanın
işlə təmin olunmasına şərait yaradacaqdır.
Yaşasın müstəqil Azərbaycanımız, var olsun, əziz Prezidentimiz!
Hörmətlə,
Azad
Mustafa oğlu Bayramov, Azərbaycan Dövlət Aqrar Universiteti
ictimai elmlər və multikulturalizm kafedrasının
müdiri, professor, Gəncə şəhəri
Göstərdiyiniz yardımlar dadımıza
çatdı
Hörmətli cənab Prezident!
Azərbaycan Respublikasının vətəndaşı
olaraq, pandemiya
dövründə Sizin fəaliyyətinizə
görə həm öz adımdan,
Saatlı rayonunun Dəllər kəndinin
sakinləri adından sonsuz minnətdarlığımı
bildirməyi özümə borc bilirəm.
Cənab Ali Baş Komandan, Sizin müvafiq
tapşırığınızla aztəminatlı ailələrə
təyin edilən birdəfəlik yardım kəndimizdə də
bir çox ailənin
dadına çatdı. Bu məqamda həmin
insanların Sizə ünvanlanmış alqış və
duyğularını çatdırmaq istəyirəm:
"Allah Prezident İlham Əliyevin atasına rəhmət eləsin!
Özünə isə uzun ömür və cansağlığı bəxş
etsin!"
Tanrı Sizi, ailənizi və
bütün Azərbaycan xalqını
gözəgörünməz bəla və müsibətlərdən
hifz etsin! Amin!
Saatlı rayonu Dəllər
kəndinin sakinləri adından dərin hörmətlə,
Əlimuxtar Həsən oğlu Muxtarov, filologiya üzrə fəlsəfə doktoru Saatlı rayonu, Dəllər kəndi
Biləsuvarlılar həmişə Sizinlədir
Hörmətli cənab Prezident!
Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin hərbi
qulluqçularına ali hərbi rütbələrin
verilməsi haqqında sərəncamınıza əsasən
polkovnik Nizami Məmmədovu
“general-mayor” hərbi rütbəsini layiq görməyiniz bütün
Biləsuvar əhalisinə böyük
etimaddır. Müstəqil Azərbaycanın ilk günlərindən bu
günə kimi biləsuvarlılar
respublikanın inkişafında, ərazi bütövlüyünün
qorunmasında xüsusi xidmətlər
göstərmişlər. Belə ki, Qarabağ döyüşlərində
yüzlərlə biləsuvarlı könüllü
olaraq Vətənin müdafiəsinə qalxaraq 109 şəhid vermiş,
22 nəfər döyüşlərdə itkin
düşmüşdür. Aprel döyüşlərində biləsuvarlılar
mətinliklə döyüşərək Vətənə və
dövlətə olan sədaqətlərini
bir daha sübut etmişlər. Bu
döyüşlərdə 3 nəfər şəhid olmuş, 17 nəfər isə
yaralanmışdır.
Hörmətli cənab Prezident,
Vətənin müdafiəsində iştirak
edən oğullara verdiyiniz
qiymətə görə Sizə dərin minnətdarlığımı
bildirirəm. Sizi əmin edirəm ki, biz biləsuvarlılar
Vətənin, dövlətin, dövlətçiliyin və
şəxsən Sizin
yanınızdayıq. Vətən yolunda
canımızdan keçməyə hazırıq. Biz Prezidentimizlə, ordumuzla
fəxr edirik.
Yaşasın Azərbaycan Respublikasının
Prezidenti cənab İlham
Əliyev!
Yaşasın müstəqil Azərbaycan Ordusu!
Hörmətlə,
Hacı Məhərrəm Kazımlı,Biləsuvar
Rayon Müharibə Veteranları Təşkilatının
sədri
Ehtiyat igidin
yaraşığıdır
Möhtərəm Prezidentimiz!
Biz ailə üzvlərimizlə
birlikdə Sizə və birinci xanım Mehriban Əliyevaya təşəkkür edirik.
Siz Azərbaycanda COVID-19 xəstəliyinin
qarşısını almaq istiqamətində
böyük işlər görürsünüz.
İnsanlar bütün
bunları görür və talelərinin
etibarlı əllərdə olmasından məmnunluq duyur. Hazırda Azərbaycanda bir
çox ölkələrlə müqayisədə
böyük gərginlik və iqtisadi tənəzzül yaşanmaması
vaxtında atılan addımların, çətin günlər
üçün nəzərdə tutulan maliyyə ehtiyatlarının sayəsindədir.
Nahaq yerə deməyiblər: “Ehtiyat igidin
yaraşığıdır.”
Əziz Prezidentimiz,
inanırıq ki, dövlətimiz və
xalqımız bu bəlanı tezliklə tarixin yaddaşına köçürəcək,
Azərbaycanda həyat yenidən əvvəlki axarına
düşəcəkdir. Azərbaycan vətəndaşları
Sizinlə fəxr edirlər. Allah Sizə
və xalqımıza hər zaman kömək
olsun!
Hörmətlə,
Elvin Asif oğlu Nağıyev, Emin Arif oğlu İsmayılov,Bakı şəhəri, Xətai rayonu
Qüdrət
PİRİYEV
Xalq qəzeti 2020.- 4 iyul.- S.4.