Müstəqil medianın inkişafı dövlətimiz üçün prioritetdir

Azərbaycan mətbuatı – 145

 

Milli mətbuatımızın yaranmasının 145-ci ildönümünə sayılı günlər qalır. Bu tarixi günün – milli mətbuatımızın yubileyinin təntənəli şəkildə qeyd olunması ilə bağlı möhtərəm Prezidentimiz İlham Əliyevin 30 iyul 2020-ci il tarixli sərəncamı hər birimiz tərəfindən sevinclə qarşılanır. Bu, onu göstərir ki, milli mətbuatımız, mediamızın in­kişafı, jurnalist əməyinin, zəhmətinin qiymətləndirilməsi dövlət rəhbərinin diqqəti və qayğısı altındadır. Hətta, ağır və çətin pandemiya şəraiti də dövləti bu məsələdən uzaq tuta bilmədi. Elə sərəncamda da qeyd olunur ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan Res­publikasının ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələri nəzərə alınmaqla, yubiley tədbirlərinin keçirilməsini təmin etsin.

Bəli, Azərbaycan dövləti dünyanı başına götürmüş koronavirus bəlasının davam etdiyi şəraitdə belə, milli mətbuatımıza, onun keç­diyi tarixi və şərəfli yola, müasir medianın inkişafına bu qədər önəm, dəyər verir. Bu, Azərbaycan dövlətinin maddi-mənəvi gücü, qüdrəti, özünə güvənməsi deməkdir. Eyni zamanda, Azərbaycan dövlətinin korona­virus bəlası ilə bağlı yaranan, yaşanan ağır sınaqdan, imtahandan da üzüağ, alnıaçıq çıxacağına inamımızı artırır, dövlətin əzmini, iradəsini bir daha ortaya qoyur.

Bəs necə oldu ki, Azərbaycanda milli mətbuat yarandı. XIX əsrin demokratik-maarifpərvər ziyalılarından olan-böyük şəxsiyyət və ustad Həsən bəy Zərdabinin açdığı cığırla Azərbaycan milli mətbuatının əsası qoyuldu. Böyük Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan jur­nalistikası tarixə, mədəniyyətimizə öz əbədi möhürünü vurdu. Böyük əzablar, məhrumiyyətlər, çətinliklər hesabına əsası qoyulan və Həsən bəydən başlanan bu yolda milli mətbuatımız müxtəlif dövrlərdə çox ağır sınaqlarla qarşılaşsa da, millətin maariflənməsi, ana dilimizin yaşaması naminə hər çətinliyə dözdü və tutduğu şərəfli yoldan dönmədi. “Heç olmaz ki, doğru söz yerdə qalsın” -- deyən Həsən bəy Zərdabi el-obanın zülmət içində boğulduğu bir vaxtda ona əl uzatmaq, yolunu elm, maarif çırağı ilə işıqlandırmaq, doğru yol göstərmək üçün “Əkinçi”ni yaratdı.

“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu. 1875-ci il iyu­lun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi çıxan “Əkinçi” millətin aynası oldu, Azərbaycan jurnalistikası­nın bayraqdarına çevrildi. Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi. Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşamaqdadır. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informa­siya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib.

Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərman da məhz Heydər Əliyev tərəfindən imzalandı. 2000-ci il martın 27-də imzalanan “Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi” haqqında fərmanla ölkəmizdə demokratik mətbuatın 125 illiyi təntənəli şəkildə qeyd olundu. Ümumilikdə, ulu öndər mətbuatın problemlərinin həlli ilə bağlı ondan çox sərəncam və fərman imzaladı. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edildi. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzu­ra ləğv olundu. 2001-ci il dekabrın 18-də ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşən ulu öndər mətbuatın problemlərini müzakirə etdi. Həmin görüşdən sonra bəzi problemlər operativ həllini tapdı, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edildi, onlara kreditlər ayrıldı. Ümummilli liderin mətbuata bu cür dost münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi. Heydər Əliyev 2002-ci il martın 22-də “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.

Bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezi­dent İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azad­lığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Prezi­dent İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafı­na dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdır­maq məqsədilə atılan mühüm addımlardandır.

Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və bu sahədə çalışanlara göstərilən qayğının tərkib hissəsidir.

Hər beş ildən bir milli mətbuatımızın yubileyinin təntənə ilə qeyd olunma­sı artıq ənənəyə çevirilib. Dövlətimizin başçısı milli mətbuatın yubileyi ilə bağlı ilk sərəncamı 2005-ci il iyunun 20-də imzaladı, mətbuatımızın 130 illik yubileyi bütün ölkə miqyasında qeyd olundu, çoxlu sayda KİV əməkdaşı orden və medallarla təltif edil­di, fəxri adlara, Prezident təqaüdünə layiq görüldü. Milli mətbuatımızın 135 illiyi də böyük təntənə ilə qeyd olundu. Bu dəfə də mətbuat nümayəndələri fəxri adlara və mü­kafatlara layiq görüldü, kütləvi informasiya vasitələrinə maddi yardım məqsədilə vəsait ayrıldı. Mətbuat Şurası üçün yeni binanın tikilməsi, onun müasir avadanlıqla təmin edilməsi, Prezident İlham Əliyevin binanın açılışında iştirakı, jurnalistlər qarşısında çıxışı bir daha bu həqiqəti təsdiq etdi ki, azad mətbuatın inkişafı dövlət siyasətində prioritetdir.

Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” sərəncamı isə jurnalistlərə yeni əhval-ruhiyyə gətirdi, böyük rəğbətlə qarşılandı. Eyni zamanda, 2010-cu ildə növbəti bir ilkə imza atıldı. Heç bir ölkədə analoqu olmayan hadisə yaşandı. Belə ki, ölkə Prezidenti­nin 2010-cu il tarixi sərəncamına əsasən, mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Bu hadisə hər kəs tərəfindən mətbuat tariximizdə mü­hüm hadisə kimi dəyərləndirildi. Təsadüfi deyil ki, 2010-cu il dekabrın 1-dən 20-dək “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə “Jurnalistlərin dostu” mükafatı qalibinin müəyyənləşdirilməsi ilə bağlı KİV və jurnalist təşkilatları arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.

2013-cü il iyulun 22-də dövlətimizin başçısı jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin pay­lanılması mərasimində iştirak etdi, tarixi nitq söylədi. Həmin binanın istifadəyə verilməsi ilə müxtəlif media qurumlarında çalışan 156 jurnalist və onların ailəsi ev sahibi oldu, onların sevincinə sevinc qatıldı. Həmin gün Prezident İlham Əliyev jurnalistlər üçün inşa edilən ikinci binanın təməlqoyma mərasimində də iştirak etdi. Bütün bunların nəticəsidir ki, dövlətimizin başçısı həmin il noyabrın 24-də ikinci dəfə “Jurnalistlərin dostu” seçildi.

Bundan başqa, 2015-ci il iyunun 2-də Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın 140 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı. Sərəncama əsasən, Bakıda və respublikamızın bölgələrində milli mətbuatın yaranmasının 140 illiyi ilə əlaqədar çoxsaylı tədbirlər keçi­rildi. 2016-cı il iyulun 21-də isə dövlətimizin başçısı “Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında “ sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondun­dan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat vəsait ayrıldı. Prezident İlham Əliyevin həmin gün imzaladığı digər sərəncama əsasən isə Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisi­nin davam etdirilməsi məqsədilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezi­dentin ehtiyat fondundan Kütləvi İnforma­siya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna üç milyon manat ayrıldı.

2017-ci il iyulun 20-də Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanılması mərasimində iştirak etdi, daha 255 jurnalist və jurnalist ailəsi sevindirildi. Həmin gün dövlətimizin başçısı. həmçinin üçüncü binanın təməlini qoydu və Prezidentin sərəncamı ilə üçüncü binanın tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrıldı. Dövlət başçısının daha bir sərəncamı ilə Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı edildi. Yenə də bütün bunların nəticəsidir ki, Prezident İlham Əliyev 2017-ci ildə də “Jurnalistlərin dostu” mükafatına layiq görüldü. Artıq jurnalistlər üçün nəzərdə tutulan 3-cü bina da istifadəyə hazırdır. Yaxın zamanlarda bu binanın da təntənəli açılışı gözlənilir və daha 255 jurnalist və jurnalist ailəsi sevindiriləcək. Həmçinin, ölkə Prezidentinin milli mətbuatın 145 illik yubileyi ilə bağlı sərəncamına əsasən, jurnalistikada zəhməti, əməyi olan növbəti bir qrup media mənsubu fəxri adlar, orden və medallarla təltif oluna­caqdır.

Bəli, bir daha qürur hissi ilə qeyd etmək lazımdır ki, bu addımlar Həsən bəy Zərdabi yoluna, onun irsinə, yolunun davamçıları­na, “dördüncü hakimiyyət” sayılan media mənsublarına Azərbaycan dövlətinin və dövlət başçısının münasibətinin, dəyərinin göstəricidir. Azərbaycan Prezidenti 2017-ci ildə jurnalistlər üçün tikilən ikinci bina­nın açılışında media mənsublarını özünün köməkçiləri adlandıraraq, bir daha onlara yüksək dəyər verdiyini və güvəndiyini nümayiş etdirdi. Bu, əsl lider, əsl rəhbər yanaşması idi və bu yanaşma hər an öz təsdiqini tapmaqdadır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda dövlət-media münasibətləri bundan sonra da yüksək səviyyədə olacaq, media mənsubları bundan sonra da uğurlarını davam etdirəcəkdir. Onlar Həsən bəy Zərdabi yolunu daim işıq­landıraraq, qələmləri, sözləri ilə Azərbaycan dövlətini və dövlətçiliyini dünyaya tanı­dacaq, əsl peşəkarlıq göstərərək, sözün dəyərini artıracaqlar!

Mətbuatın 145 illik yubileyinə fövqəladə alışmadığımız bir şəraitdə -- koronavirus pandemiyası dönəmində hazırlaşırıq. Bunun özü də bir ilkdir. Bəlkə də başqa dövlətlərdə olsaydı, belə bir dönəmdə bu yubleyin keçirilməsi heç yada da düşməzdi. Amma fərqimiz və üstünlüyümüz də elə ondadır ki, biz, hətta, ən mümkünsüz olan vəziyyətin belə öhdəsindən gəlmək, irəliyə doğru addımlar atmaq əzmindəyik. Bu əzmkarlıq üçün, dövlət başçımıza minnətdarıq.

 

Jalə ƏLİYEVA,

Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini, professor

Xalq qəzeti  2020.- 5 iyul.- S.3.