Azərbaycan Ordusu
Vətənimizi və müstəqil dövlətimizi ən
yüksək səviyyədə qorumağa
qadirdir
Babalarımızdan yadigar
qalmış milli mövcudluq
anlayışı Xalq
yazıçısı Anarın “Dədə Qorqud”
kinossenarisində ulu ozanın dili ilə belə ifadə olunub:
“Torpağı qorumadınsa–əkib-becərməyə dəyməz,
əkib-becərmədinsə – qorumağa
dəyməz”. Min illər boyu
xalqımız bu həqiqəti dərindən
anladığına və bu inanca sadiq
qaldığına görə cənnətmisal Azərbaycan
torpaqları çağdaş
soydaşlarımız üçün əzəli
Vətən kimi qorunub
saxlanmışdır.
Zaman-zaman bir çox
xalqların torpağını, dövlətini, milli əlamətlərini itirib
tarixdən silindiyini yada
salsaq, Azərbaycan xalqının bugünə
öz ərazisi, milli
dövləti, doğma dili,
çoxminillik tarixi və
zəngin mədəniyyəti ilə gəlib
çıxmasının əsasında yurd
sevgisinin, milli
yaddaşı qorumasının, döyüşkənliyinin
və zəhmətsevərliyinin dayandığına bir daha əmin olarıq.
Azərbaycanın quzeyində rus
işğalı nəticəsində itirilmiş
dövlətçiliyini ötən əsrdə iki dəfə bərpa etməsi də bu anlayışların həmişəyaşarlığı
ilə mümkün olmuşdur.
102 il əvvəl istiqlal məfkurəsinə çevrilmiş bu dəyərlərin üzərində Azərbaycan Xalq Cümhuriyyəti qurulanda da milli hökumətin ilk önəmli tədbirlərindən biri ərazilərimizi və milli varlığımızı qorumaq üçün müstəqil dövlətin xalq ordusunun yaradılması olmuşdu. Milli dövlətçiliyimizin dirçəldilməsinin ən önəmli tarixlərindən olan 1918- ci ilin 26 iyun günü 1991-ci ildə suverenliyimizin bərpasından sonrakı dövrdə hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd edilir. Hər il 26 iyun günündə milli ordumuzun yaranma tarixinə və rəşadətli fəaliyyətinə öyünclə nəzər salırıq. Bu müqəddəs duyğu-düşüncələr çağdaş nəsillərin babaların ən qiymətli əmanəti olan Azərbaycan torpaqlarını və müstəqil dövlətimizi göz bəbəyi kimi qorumaq ruhunda tərbiyəsində çox önəmli amildir.
26 İyun Azərbaycan
Silahlı Qüvvələri Günü
ilə bağlı söhbətdə müsahiblərimiz hərb
tariximizin tanınmış tədqiqatçıları,
ehtiyatda olan polkovnik-leytenant, yazıçı-publisist
Şəmistan Nəzirli və ehtiyatda olan polkovnik, tarix elmləri doktoru, professor Mehman Süleymanovdur.
Şəmistan Nəzirli: – Bizim günlərdə 26 İyun tarixinin yüksək
məna-mahiyyəti ondan ibarətdir ki, 1918-ci ildə çar
Rusiyası imperiyasının süqutundan
sonra Şərqdə ilk
demokratik respublika olan Azərbaycan Xalq
Cümhuriyyəti yaranmışdı. Cəmi 23 ay ömür sürməsinə
baxmayaraq, cümhuriyyət dövründə
müstəqil dövlətin ən zəruri
atributları, o cümlədən milli ordu
formalaşdırılmışdı.
O zaman zəruri dövlət quruculuğu ilə yanaşı, xain ermənilərin və bolşeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparan AXC hökuməti 1918-ci il iyunun 19-da gərgin vəziyyəti nəzərə alaraq bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etmişdi. Həmin gün diviziya statusunda hərbi korpusun yaradılması barədə qərar qəbul olunmuş və Azərbaycanda milli ordunun təməli qoyulmuşdu. Avqustun 1-də isə AXC-nin Hərbi Nazirliyi təsis edilmişdi. Rus ordusunda yüksək rütbəyə və şöhrətə çatmış istedadlı generallarımız– Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, Əliağa Şıxlinski isə nazir müavini təyin edilmişdilər. 1918--1920-ci illərdə peşəkar, milli varlığa bağlı hərbçilərimizin rəhbərliyi ilə Azərbaycanda yüksək döyüş qabiliyyəti, hərbi hazırlığı və intizamlı milli ordu quruculuğunun əsasları yaradılmışdı.
1918-ci il
dekabrın 27-də Azərbaycan Xalq
Cümhuriyyətinin hərbi naziri Səməd
bəy Mehmandarovun 34 saylı əmri ilə
Azərbaycan türkcəsinin orduda
dövlət dili kimi
tətbiq edilməsinə başlanmışdı. 1919- cu il yanvarın 11-dən orduda hərbi qulluqçular
üçün yeni
hərbi geyim forması
tətbiq edilmişdi. 1919-cu ildə Azərbaycan
Xalq Cümhuriyyəti nizami
milli ordunun
sayını 25 minə çatdırmaq məqsədilə
dövlət büdcəsindən 400 milyon
manat vəsait ayırmışdı.
Əvvəlcə Gürcüstandakı hərbi məktəblərdə
təhsil almaq üçün
yüzlərlə azərbaycanlı zabit və əsgər qonşu ölkəyə göndərilmiş,
sonra isə türk
qoşunlarının Gəncədə olduğu
vaxt fəaliyyət göstərən
praporşiklər məktəbinin işi
yenidən qurulmuş, onun
əsasında hərbi məktəb təşkil edilmişdi. Ordunu
milli-hərbi kadrlarla təmin edəcək
hərbi dəmiryolçular, istehkamçılar və hərbi
feldşerlər məktəbləri də
açılmışdı.
Azərbaycan parlamentinin
1919-cu il avqustun 18-də
keçirilmiş iclasında
“Gömrüyə münasibətdə Azərbaycan
Respublikasının Sərhəd Mühafizəsinin təsis
edilməsi haqqında” Qanun qəbul edilmişdi. 8 maddədən ibarət olan bu qanunun
1-ci maddəsində göstərilirdi: “Azərbaycan
Respublikasının sərhədlərini qeyri-leqal
ticarətdən qorumaq və
qaçaqmalçılıqla mübarizə aparmaq
məqsədilə Azərbaycanın sərhədləri boyu, əlavə edilən dislokasiya
məntəqələrinə uyğun olaraq, sayı 99-a çatan,
992 mühafizəçidən ibarət tərkibdə sərhəd
postları təsis edilsin”.
Qısa müddət ərzində Milli Ordu hissələri Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etmişdi. Milli Ordunun hərbi birləşmələri Muğanda və Qarabağda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda qətiyyət və hünər göstərmişdi. Milli Ordumuz Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini darmadağın etmişdi. 1920-ci ilin aprelində Azərbaycan ordusunun tərkibində 3 piyada diviziyalarında birləşmiş I Cavanşir, II Zaqatala, III Gəncə, IV Quba, V Bakı, VI Göyçay, VII Şirvan, VIII Ağdaş piyada alayları, süvari diviziyasında isə birləşmiş I Tatar, II Qarabağ, III Şəki süvari alayları və 2 topçu briqadası var idi. O zaman Azərbaycan ordusunun Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov və s. kimi istedadlı və yüksək rütbəli zabitləri var idi.
Azərbaycan Xalq
Cümhuriyyəti qonşu dövlətlərlə
sülhyaratma cəhdlərinə baxmayaraq daim Ermənistanla
rəsmən elan edilməmiş
müharibə vəziyyətində olmuşdu.
Həmin vaxt millətçi-terrorçu
daşnakların rəhbərlik etdiyi, tarixi Azərbaycan torpaqlarında
yaradılmış Ermənistan Cənubi Qafqazın çox hissəsini “erməni torpaqları” elan edərək ələ keçirməyə,
ərazilərini genişləndirməyə
çalışırdı. Təsadüfi deyildi
ki, 1920-ci ilin aprelində
XI Ordu Azərbaycanı işğal edərkən AXC ordusunun
əsas qüvvələri Dağlıq Qarabağda
erməni qiyamçılarına qarşı mübarizəyə
cəlb edilməklə paytaxt müdafiəsiz
qalmışdı.
Azərbaycan hökuməti az
vaxtda milli ordu quruculuğu
yönündə çox işlər görmüşdü. Lakin
bolşevik işğalından sonra Milli Ordunun
döyüşçülərinin taleyi
son dərəcə kədərli olmuşdu. AXC ordusunun əsgərləri
bolşevik işğalçıların
gəlişi ilə qətiyyən barışmaq istəməmişdilər.
Ona görə də ayrı-ayrı
bölgələrdə bolşevizmə qarşı güclü müqavimət göstərilmişdi.
1920-ci il mayın 25– 26-da Gəncədə
sovet hakimiyyətinə qarşı 10-12
minə qədər şəxsin iştirak
etdiyi güclü
silahlı çıxış olmuşdu.
Qiyamda əsas
qüvvəni yeni hökumətə itaət
göstərmək istəməyən Azərbaycan Milli Ordusunun bölmələri
təşkil etmişdi. Üsyana
general Cavad bəy
Şıxlinski, general Məmməd Mirzə
Qacar, polkovnik Cavanşir bəy Kazımbəyov və
başqalarından ibarət hərbi şura
rəhbərlik etmişdi. Bolşevik
Rusiysı və yerli dönüklər
üsyanı amansızlıqla yatırtmışdılar.
1920-ci il aprelin 28-dən 1921-ci ilin
avqustunadək olan müddətdə Azərbaycanda
48 min adam
qırmızı terrorda məhv edilmişdi. 1921-ci ilə qədər Azərbaycan-türk
hərbçilərindən 12 general, 27 polkovnik və podpolkovnik,
46 kapitan, 266 nəfər hərbi işçi güllələnmişdi. Matvey Sulkeviç, İbrahim ağa Usubov, Əliyar bəy
Haşımbəyov, İmamulla Mirzə Qacar, Kazım Mirzə Qacar,
Həmid Qaytabaşı, Həmid bəy Səlimov, Rza bəy Şıxlinski, İsgəndər bəy
Seyfulin, İsmayıl xan
Ziyadxanov və digər
tanınmış hərbçilər güllələnənlər
sırasında idilər. Lakin Azərbaycan Xalq Cümhuriyyəti
dövründə müstəqilliyin necə şirin
olduğunu anlayan,
ölkəni gözləyən təhlükələri
aydınca görən hərbçilərimizin əksəriyyəti
sonrakı illərdə də tutduqları yoldan
çəkilməmişdilər və axıradək məhv
edilmişdilər.
Azərbaycanın bolşevik
rus ordusu tərəfindən
işğalından sonra müstəqilliyimizin
ən mühüm atributu
olan milli ordu hissələri tədricən ləğv edilmişdi. Azərbaycan keçmiş SSRİ-nin
tərkibində olduğu illərdə milli zabit korpusunun
formalaşmasına, azərbaycanlıların yüksək hərbi
vəzifələrə irəli çəkilməsinə sovet rəhbərliyi tərəfindən daim süni maneə
yaradılmışdı ki, bu da məqsədli xarakter daşıyırdı. Lakin bütün bu maneələr
Azərbaycan xalqının hərbi ənənələrini, döyüş ruhunu
sarsıtmamışdı. 1939--1945-ci illərdə İkinci Dünya müharibəsinin
gedişi, nəticələri bu həqiqəti bir daha təsdiqləmişdi.
Azərbaycan xalqı öz zəngin hərbi-tarixi ənənələrinə sadiq qalaraq bu müharibədə də əsl şücaət, əzmkarlıq göstərmişdi. Həmin dövrdə Azərbaycan milli diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmişdi. İkinci Dünya müharibəsi cəbhələrində general Həzi Aslanov, Mehdi Hüseynzadə, Ziya Bünyadov, İsrafil Məmmədov, Gəray Əsədov, Məlik Məhərrəmov kimi bir çox qəhrəmanları əsl mərdik və şücaət nümunəsi göstərmişdilər. Onların qəhrəmanlığı sayəsində Azərbaycanın şanlı hərb tarixi ənənələri XX əsrdə də uğurla davam etdirilmişdi.
Mehman Süleymanov:
--Müharibədən sonrakı dövrdən 1969-cu ilədək
Azərbaycanda hərbi kadr
hazırlığına keçmiş
SSRİ rəhbərliyi yenə də qısqanc münasibət
bəsləmişdi. Yalnız ümummilli
lider Heydər Əliyev respublikamıza rəhbərlik
etməyə başladığı dövdən ordu quruculuğu, milli zabit
kadrlarının hazırlığı məsələləri
daim önə çəkilmişdi. Heydər
Əliyev 1971- ci ildə böyük
səylər nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin– görkəmli
sərkərdə Cəmşid Naxçıvanskinin
adını daşıyan hərbi liseyin
yaradılmasına nail olmuşdu.
O dövrdə Azərbaycan hər il, təxminən,
60 min gənci ordu
sıralarına göndərirdi. Lakin onların böyük əksəriyyəti inşaat batalyonlarına düşürdü.
Hərbi hissələrdə azərbaycanlı zabitləri barmaqla saymaq olardı. Odur ki, Bakıda belə bir hərbi məktəbin
açılmasının böyük əhəmiyyət
var idi.
Heydər Əliyev azərbaycanlı
gənclərin Bakı Ali Birləşmiş
Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik
məktəblərinə, eləcə də SSRİ-nin
digər hərbi məktəblərinə güzəştli
şərtlərlə qəbul olunmasına da
nail olmuşdu.
Beləliklə, ümummilli lider Heydər Əliyev Azərbaycanın
müstəqillik əldə etməsindən 20 il öncə milli hərbi
kadr hazırlığı üçün zəruri bazanın ən
yüksək səviyyədə təşkilini həyata keçirmişdi. Bu hərbi
məktəb müstəqilliyimizi əldə etdikdən sonra milli ordu
quruculuğunun əsas dayağına çevrilmişdi.
1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdığı dövrdə artıq erməni silahlı qüvvələri Dağlıq Qarabağ ətrafındakı torpaqlarımızı tədricən işğal edirdilər. AXC—Müsavat hakimiyyəti dövründə baş verən fikir ayrılıqları, çəkişmələr, silahlı qarşıdurmalar Milli Ordumuzdan yan keçməmiş, zabit və əsgərlər müxtəlif siyasi qruplaşmaların təsiri altına düşdüklərindən bir çox problemlər yaranmışdı.
Təcrübəli siyasətçi
və dövlət xadimi Heydər
Əliyev hakimiyyətə gəldikdən sonra,
əsgərlər arasında ciddi nizam-intizam yaradılması,
xalqımızın böyük oğlunun cəbhə bölgələrində,
səngərlərdə əsgərlərlə
görüşməsi, zabitlərimizlə sıx təmasda
olması ordumuzu xeyli
ruhlandırdı. Ümummilli liderin qətiyyəti sayəsində vahid komandanlığa tabe
olan nizami ordu yaradıldı. Qeyri-qanuni
silahlı dəstələr ləğv edildi.
Orduda peşəkarlığı
artırmaq, ixtisaslı hərbçilər yetişdirmək
siyasəti həyata keçirildi.
2003-cü ildə ümummilli
lider Heydər Əliyev siyasətinin ən
layiqli davamçısı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyətə gəlməsi
ilə milli ordu quruculuğu sahəsində yeni
keyfiyyət dəyişiklikləri mərhələsi
başlandı, xalqımızın qüdrətli ordu yaradılması ilə bağlı istək və arzuları reallaşdı. Ali Baş Komandan,
möhtərəm Prezidentimiz İlham Əliyevin orduya
göstərdiyi hərtərəfli qayğı-- zabitlərin
evlə təmin olunması, əmək haqlarının
artırılması, yeni silahların
alınması kimi irimiqyaslı işlər
silahlı qüvvələrin problemlərinin həllində
önəmli rol oynadı.
Möhtərəm Prezidentimizin
Milli Ordunun
formalaşmasına, güclənməsinə göstərdiyi
diqqət və qayğı sayəsində bu
gün Azərbaycan ordusu
regionun qüdrətli silahlı qüvvəsidir.
Müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin
yaranmasının 100 illik yubileyi
zamanı xalqımız və dünya bir daha bunun
şahidi oldu. Həmin
gün bütün
dünyanın, xüsusilə də mənfur
qonşularımız olan Ermənistanın
nəzər-diqqəti Azərbaycanda keçirilən hərbi
parada yönəlmişdi. Bəli, indi Azərbaycan yenilməz, peşəkar,
qüdrətli bir orduya
malikdir. Milli Orduda peşəkarlıq getdikcə artır, maddi-texniki baza güclənir,
bundan sonra daha da möhkəmlənəcək.
Çünki Azərbaycan sürətlə
inkişaf edən ölkədir.
Ulu öndər Heydər
Əliyev deyirdi: “İqtisadi
cəhətdən qüdrətli olan
dövlət hər şeyə qadirdir”. Məhz
belə inkişafın nəticəsi olaraq
Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi
yaradıldı. Bundan sonra
Ermənistan daha çox
qorxuya düşüb.
Dövlət büdcəsindən ordu quruculuğuna ayrılan vəsaitin Ermənistanın
bir illik dövlət
büdcəsindən artıq olması da
təsdiqləyir ki, Azərbaycanda ordu quruculuğu daim dövlətin diqqət mərkəzindədir.
Azərbaycan Ordusu NATO standartlarına
tam cavab verir. Bunu NATO rəsmiləri
də ölkəmizdə
səfərdə olarkən
təsdiqləyiblər. NATO-nun “Sülh naminə
tərəfdaşlıq proqramı”
çərçivəsində beynəlxalq terrorizmə qarşı apardığı
mübarizədə Azərbaycan
Milli Ordusu üzvlərinin fəaliyyəti
yüksək qiymətləndirilir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ordumuzun inkişafına daim qayğı göstərməsi, onun daha da qüdrətli
olması üçün
bütün tədbirlərin
həyata keçirilməsi
sayəsində güclü
Milli Ordumuz daha da təkmilləşir. Bu gün ordumuzun qarşısında çox
mühüm vəzifələr
durur. Əsas vəzifə isə
torpaqlarımızın düşmən
əsarətindən azad
edilməsidir. Bu vəzifəni layiqincə
yerinə yetirmək üçün Silahlı
Qüvvələrimizin gücü
və imkanları kifayət qədər yetərlidir. Lakin möhtərəm
Prezidentimiz sülh tərəfdarı olduğundan
münaqişənin danışıqlar
yolu ilə həllinə üstünlük
verir. Əgər bu bir nəticə verməzsə,
qüdrətli ordumuz bu işin öhdəsindən
məharətlə gələcək.
Milli Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir. Biz belə
bir qüdrətli ordu ilə yadelli
nişğalçılarla çoxsaylı mübarizələrdən
qalib çıxmış
qədim, zəngin və mədəni Azərbaycan məmləkətini
yağılardan qorumağa,
işğal altında
olan torpaqlarımızı
azad etməyə hər an hazırıq.
Söhbəti qələmə
aldı: Tahir AYDINOĞLU
Xalq qəzeti 2020.- 5 iyul.- S.4.