Notlar üzərində yaşanmış həyat
Onu yaxşı tanıyırdım.
Rəhbərlik etdiyi Bakı Şəhər
Mədəniyyət və Turizm İdarəsinin
İçərişəhərdə yerləşən
ofisində tez-tez görüşərdik.
Hər dəfə ofisə gələndə onu
pianonun arxasında hansısa
mahnını ifa etdiyini
görərdim. Piano arxasında olanda hər şeyi unudardı.
“Sarı gəlin”i ifa etməkdən həzz
alardı.
Görüşlərimizin birində xahiş etdim ki, “Sarı gəlin”i ifa etsin. Barmaqlarını necə yanğı ilə pianonun dilləri üzərində gəzdirdi. Sonra əllərini pianodan çəkib mənə tərəf çevrildi: “Bizim çox qədim xalq mahnımızdır”, – dedi.
Həsənağa müəllim danışdıqca gözlərimi ondan çəkmirdim. Və istər-istəməz, özlüyümdə fikirləşirdim: Onun ürəyi ilə barmaqları arasında məsafə nə qədər də yaxındır. Yoxsa həmin barmaqlar o ürəyin yanğısını pianonun dillərinə necə köçürərdi?
O vaxtdan gör neçə illər ötüb. Neçə illərdir ki, əcəl onu aramızdan vaxtsız aparıb. Müdriklərdən birinin sözüdür: “İztirab və kədər baş versə, rahatlığı musiqidə axtarın.” Biz də onun yoxluğunu unutmaq üçün bu virtuoz sənətçinin həzin musiqisini dinləməkdən özgə əlac tapa bilmirik.
Bu günlər Həsənağanı tanıyanlar onun 65 yaşını qeyd etməyə hazırlaşır. Biz də istərdik ki, bu yazıda onun şərəfli həyat yoluna qısa bir nəzər salaq. Naxçıvanda doğulmuşdu. Bu əsrarəngiz diyarın dağ çiçəkləri kimi təmiz sularından içmişdi, el-obanın adət-ənənələri ilə böyümüşdü. Əmək fəaliyyətinə 1978-ci ildən Naxçıvan şəhər mədəniyyət evində müəllim, C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında pianoçu kimi başlamışdı. Sonralar Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aparıcı dirijor, Naxçıvan Musiqi Texnikumunun direktoru, Azərbaycan Televiziyasının “Dan ulduzu” instrumental ansamblının bədii rəhbəri vəzifələrində işləmişdi. 1998-ci il mayın 25-də Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə “Əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif edilmişdi.
Ömrünün son illərini Bakıda yaşasa da, Naxçıvanı heç vaxt unutmurdu. Deyirdi ki, nəbzim daim Naxçıvanla vurur. Həmişə də demişəm ki, Naxçıvan mənim əbədi və əzəli baba yurdumdur. Həsənağa müəllim musiqiyə həvəsinin də burada yarandığını deyirdi. Burada musiqi qəlbini ovsunlayıb və bu sənəti seçib. Seçib deyəndə ki, əslində, bu, tale qisməti, Tanrı bəxşişi idi. Hərdən mənə elə gəlir ki, musiqi olmasaydı, Həsənağa müəllim heç dünyaya gəlməzdi.
Həsənağa Qurbanov xoşbəxt insan idi. Ona görə
ki, qəlblərə
yol tapa bilmişdi. Millətini, xalqını sevən
insan idi. Bütün varlığı ilə, sənəti ilə bu xalqa bağlı
idi. Deyirdi ki, Azərbaycan
xalqı xoşbəxtdir
ki, onun Heydər Əliyev kimi lideri olub.
Ulu öndərlə görüşlərindən
qürur hissi ilə danışardı.
Bir də deyirdi ki, yalnız ulu öndərin ölməz ideyaları bu xalqı xoşbəxt
gələcəyə qovuşduracaq.
Çox
əfsus ki, Həsənağa müəllim
özü bu xoşbəxt günlərimizi
görə bilmədi.
Onunla görüşlərimiz çox səmimi keçərdi. Bir gün dedi ki,
Gülarə xanım
Əliyeva haqqında bir kitab üzərində
işləyirəm. Xeyli material toplamışam.
İstəyirəm bunları oxuyub
nəşrə hazırlayasan.
Bir qovluq çıxarıb verdi mənə. Oxuyandan sonra məlum oldu ki, burada
Gülarə xanım
haqqında ayrı-ayrı
sənət adamlarının
xatirələri toplanıb.
Biz o kitabı çapa hazırladıq.
Lakin o kitabı Həsənağa
müəllimin vaxtsız
ölümündən sonra
çap etdirdik.
Kitabın adını isə
“Bizim Gülarə xanım” qoyduq. Bu, Həsənağa müəllimin son arzusu idi.
“Dan ulduzu” ansamblında
çalışdığı illəri həmişə
hörmət və məhəbbətlə xatırlayırdı. Deyirdi ki,
Gülarə xanımla
işləmək çox
maraqlı ıdi.
O, Azərbaycan musiqisi
ilə Avropa musiqisinin sintezini yaratmışdı. O vaxtlar
bunu biganə qarşılayanlar olsa da, Gülarə xanım ansamblın repertuarını zəginləşdirirdi.
Gülarə xanımın faciəli ölümündən sonra
bu ansambla Həsənağa Qurbanov rəhbərlik etməyə
başlamışdı. Ansambla əvvəlki
münasibət də
yox idi. Amma, nə qədər çətin olsa da, bu ansablı
yaşatmaq istəyirdi.
Konsertlər təşkil edirdi,
müğənnilər cəlb
etmişdi.
Ona vəzifə
də vermişdilər. 2001-ci ildə Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin rəisi vəzifəsinə irəli
çəkilmişdi. Azərbaycan milli musiqisinin Azərbaycanda və respublikanın hüdudlarından
kənarda tanınmasında
və təbliğində
Həsənağa müəllimin
böyük xidmətləri
olmuşdur.
Əməkdar incəsənət xadimi
Həsənağa Qurbanov
2007-ci il noyabrın 6-da 52 yaşında
dünyasını dəyişdi.
Onun əziz xatirəsi heç zaman unudulmayacaq.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti 2020.- 9 iyul.- S.7.