Azərbaycan Milli
mətbuatının dövlətçilik və türkçülük ənənələri
Azərbaycan Milli mətbuatı 145
Ümummilli lider Heydər Əliyevin mətbuata müstəsna diqqət və qayğısı, dövlətin uğurlu media siyasəti 1993-cü ildən bəri ölkəmizdə demokratik KİV-in inkişafında yeni bir mərhələ oldu. Ulu öndərin mətbuat üzərində əvvəlcə hərbi senzuranı, sonra bütövlükdə senzuranı ləğv edilməsi müharibə şəraitində yaşayan və quruculuq yollarında yenicə addımlayan gənc bir ölkənin siyasi durumu ilə ziddiyyət yaratsa da, dünyaya inteqrasiya və demokratik dəyərlərə qovuşmağın önəmli yolu idi. Dövlət başçısının qərarları ilə mərhələ-mərhələ KİV-in fəaliyyəti üçün əlverişli şərait yaradılması, qəzet-jurnalların borclarının silinməsi, medianın maddi-texniki bazasının yeniləşdirilməsi və digər önəmli tədbirlər KİV-in inkişafına təkan verdi. Bütün bunlar bazar iqtisadiyyatı dövründə mətbuatın inkişafına əlverişli şərait yaratmış oldu. Jurnalistlər bu gün də ulu öndər Heydər Əliyevin KİV-ə misilsiz himayədarlığını qədirbilənliklə yad etməkdədirlər.
Azərbaycanda dövlət
müstəqilliyinin əldə edilməsi ilə böyük maarifçi Həsən
bəy Zərdabinin 145 il əvvəl ilk anadilli qəzetimiz
“Əkinçi”ni nəşrə başladığı 22 iyul tarixini millətsevər
ziyalılar ölkəmizdə jurnalistika günü elan etmişlər.
2000-ci ildən isə milli
jurnalistikanın yubileyləri dövlət
başçısının sərəncamı ilə ümumxalq bayramı kimi qeyd olunur.
Azərbaycan Prezidenti
İlham Əliyevin iyunun
30-da imzaladığı “Azərbaycan milli
mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam
mətbuatın xalqımızın milli
oyanış tarixindəki mötəbər yerini
və mətbuat bayramının ölkənin ən önəmli
hadisələrindən biri olduğunu yenidən təsdiqlədi:
“145 il əvvəl – 1875-ci il
iyulun 22-də görkəmli ziyalı və
maarifçi-publisist Həsən bəy Zərdabi
tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi”
qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi
həyatının mühüm hadisəsi
kimi tarixə düşmüşdür.
Sonrakı illərdə çoxsaylı nəşrlərlə
zənginləşən milli mətbuatımız
Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının
inkişafına əhəmiyyətli töhfələr vermiş, milli
özünüdərk və istiqlal məfkurəsinin
formalaşmasında, qabaqcıl ideyaların təbliğində
böyük xidmətlər
göstərmişdir”.
Bu günlərdə
xalqımız tarixi ənənə və
dövlətçilik movqeyinin
qorunmasında önəmli xidmətlərə sahiblənmiş
Azərbaycan milli mətbuatının
145-ci ildönümünü təntənə
ilə qeyd etməyə
hazırlaşır. Prezident İlham Əliyevin KİV-in inkişafına göstərdiyi
ardıcıl diqqətin növbəti nümunəsi olan belə bir sərəncamın
imzalanması göstərdi ki, ölkəmizdə
milli mətbuatın tarixinə ehtiram dövlət siyasəti səviyyəsindədir.
Nəinki ölkəmizin, eləcə də dünyanın
ağır pandemiya dövrünü
yaşadığı günlərdə mediamızın həyatındakı
çox önəmli hadisə
unudulmadı, əksinə, Prezident sərəncamı
bu dəyəri bir daha artırmış oldu.
Belə bir əlamətdar hadisə ərəfəsində xalqımızın dövlətcilik və türkçülük ənənələrinin qorunmasında və inkişaf etdirilməsində milli mətbuatımızın apardığı mübarizənin taleyüklü bir dönəmi ilə bağlı unudulmaz məqamları oxucularımızla bölüşmək istərdik.
1. Azərbaycan Xalq
Cümhuriyyətinin mətbu irsində türkçülük
Şərqdə, eləcə də
Türk–İslam
dünyasında ilk demokratik,
hüquqi və dünyəvi dövlət
olan Azərbaycan Xalq
Cümhuriyyəti Azərbaycan xalqının qədim dövlətçilik
ənənələrini bərpa etdi, insan hüquq və
azadlıqlarının təmin edilməsinə, irqi, milli, dini, sinfi və
digər sosial bərabərsizliklərin ləğvinə
əsaslı şərait yaratdı. Ulu
öndər Heydər Əliyev Azərbaycan Xalq
Cümhuriyyətinin qısa müddət ərzində milli dövlət quruculuğu
sahəsində fəaliyyətini yüksək qiymətləndirmiş,
AXC-nin yaradıcılarını
“xalqımızın qabaqcıl insanları, Azərbaycanın
gələcəyi haqqında düşünənlər”
adlandırmışdır.
Ulu öndərin siyasətini
uğurla davam etdirən
Prezident İlham
Əliyev də Azərbaycan Xalq
Cümhuriyyəti qurucularının bütün
sahələrdəki fəaliyyətlərini yüksək qiymətləndirmişdir.
Dövlət başçısı 2017-ci il
mayın 16-da imzaladığı “Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamda bu rəsmi dəyər çox
aydın ifadə edilmişdir: “Azərbaycan
Xalq Cümhuriyyəti öz
üzərinə götürdüyü
çətin tarixi vəzifəni
imkanlarının ən son həddində
çalışaraq şərəflə yerinə yetirdi”.
Təəssüflər olsun
ki, üzun illər bu şərəfli tarix xalqdan, millətdən gizlədilmiş, yaxud da
saxtalaşdırılmış bolşevik
təfəkkürünün iddaları ilə cəmiyyətə
təqdim edilmişdir. Azərbaycanın
dövlət müstəqilliyi bərpa edildikdən sonra bu tarix
xalqımıza təkcə azadlıq adlı əvəzsiz bir neməti yox, həm də
şərəf duyacağımız bir tarixi də qaytarmış oldu.
Tarixçi alimlərimizin, tədqiqatçıların
üzünə “tam məxfi” və “məxfi”
qrifləri ilə bağlı elan edilmiş arxivlərin, fondların
açılışı AXC tarixinə dair
önəmli və yeni münasibətləri
ortaya qoydu. O cümlədən, müstəqil Azərbaycan mətbuatının
bu barədə yazdıqları və bundan sonra da
yazacaqları həmin şərəfli tarixin
cəmiyyətə çatdırılmasında mühüm rol oynadı. Burada mətbuat tariximizin böyük tədqiqatçısı professor Şirməmməd Hüseynovun
“tarixi keçmişimizi, kökümüzü
dəqiq və dürüst öyrənməyin
ən mötəbər mənbələrindən biri zamanın kollektiv
yaddaşı hesab edilən mətbuatdır”
deyimi bir daha təsdiqini tapmış oldu.
Azərbaycan Xalq Cümhuriyyətinin bütün digər ictimai-siyasi qurumları kimi, onun dövri mətbuatı da birdən-birə yaranmamışdı. Hələ XIX əsrin I yarısında Azərbaycanda milli və ümumbəşəri idealların məfkurəçiləri və təbliğatçıları olmuş Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə kimi yazıçı, mütəfəkkir və ictimai xadimlər tərəqqinin başlıca yolunu, milli istiqlalın təntənəsini dövri mətbuat nəşr etməkdə, mənəvi və əxlaqi qurumları inkişaf etdirməkdə görürdülər. Bu yolun davamçısı olan Həsən bəy Zərdabi öz böyük sələflərinin arzularını yerinə yetirmiş, 1875-ci ildə “Əkinçi” qəzetinin timsalında ilk milli mətbu nəşri yaratmışdı. “Əkinçi” qəzetinin milli maarifçilik ənənələrinin davamı olaraq XIX əsrin sonlarında Tiflisdə Cəlaləddin və Səid Ünsizadə qardaşlarının ərsəyə gətirdikləri “Ziya” (1879-1880), “Ziyayi-Qafqaziyyə” (1880-1884) və “Kəşkül” (1883-1891), XX əsrin ilk illərində isə Məhəmməd ağa Şahtaxtlının buraxdığı “Şərqi-Rus” (1903- 1905) anadilli qəzetləri meydana çıxmışdır. Rusiyada 1905-ci il inqilabından sonra Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayevin nəşr etdikləri “Həyat” (1905-1906) qəzeti, Əli bəy Hüseynzadənin buraxdığı “Füyuzat” (1906-1907) jurnalı milli idealları yeni tarixi mərhələdə davam etdirmişdir.
1906-cı ilin 7 aprelində
Tiflisdə “Molla Nəsrəddin”
jurnalının ilk nömrəsinin çapdan çıxması ilə Azərbaycanda,
eləcə də Yaxın Şərqdə satirik
jurnalistikanın əsası qoyulmuşdur.
Mollanəsrəddinçilər Yaxın və Orta Şərqdə “Molla
Nəsrəddin məktəbi” adlı qüdrətli mətbuat
məktəbi yaratmışdılar. Jurnalın Rusiya ilə yanaşı, Asiya,
Avropa və Amerikanın bir
sıra ölkələrində abunəçiləri var idi. Cəlil Məmmədquluzadənin
“Molla Nəsrəddin” jurnalı Yaxın və
Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai
fikrin, inqilabi-demokratik
hərəkatın inkişafına təsir göstərmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti
mətbuatı, məhz, bu ənənələr
üzərində təşəkkül tapmış və bu irsin sələfləri
1911-ci ildən sonra meydana
gəlmişdilər. Xalq cümhuriyyətinin ictimai-siyasi
məramlarını ilk dəfə konsepsiya şəklində təbliğ edən
“İqbal” (1912- 1915) qəzetinin ardınca
1914 il oktyabrın 15-də “Dirilik” jurnalının, 1915 il
oktyabrın 2-də isə ilk dəfə milli proqramlı “Açıq söz”
qəzetinin nəşrinə başlanmışdır.
Xalqın xilas yolunu məfkurə
birliyində görən qəzetin adının altında
“Gündəlik türk qəzetidir”
sözlərinin yazılması, onun türk dünyası ilə
bağlılığının bariz
nümunəsi idi. Hətta qəzet mətbuat
tariximizdə ilk dəfə olaraq xalqımızın adının
“müsəlman”, “tatar”, “tüzem”
olmasına etirazını bildirmiş, “türk” olduğunu təkidlə
sübüt etmişdir.
Bu dövr,
eyni zamanda, türkçülük ideyalarının geniş yayıldığı bir mərhələ kimi də
xarakterizə edilir. O illərdən başlayaraq mətbutda türkçülük
ideyalarının təbliğinə ciddi
önəm verilmişdir. Tədqiqatçı
alim Qərənfil
Dünyaminqızının dediyi kimi: “1918-1920-ci illər Azərbaycan ictimai-siyasi həyatında çox
şərəfli və eyni zamanda da təlatümlü
bir dövrdür. Bu dövrdə Azərbaycan milli
mətbuatı öz səhifələrində
əsasən türkçülük
ideyalarını təbliğ etməklə oxucularının
qəlbinə yol tapdı”.
AXC dönəmində hər sahədə olduğu kimi ordu quruculuğunda da Türkiyə– o
zamankı Osmanlı dövləti Azərbaycandan
yardımını əsirgəmədi. Müstəqil
Azərbaycan hökumətinin ordu quruculuğu siyasətində milli
hiss, milli birlik, milli iftixar,
vətənə, torpağa,
bağlılıq duyumu əsas prinsiplərdən
biri idi ki, dövrü mətbuat da bunu geniş
şəkildə təbliğ edirdi.
Əslində, uzun illər İran və Türkiyəyə qarşı
müharibə aparan çar
Rusiyası müsəlman gənclərə etibar
etməyərək, onların orduya
çağrışını dayandırmışdı.
Milli ordunun yaradılması Azərbaycanın müstəqilliyi yolunda böyük əhəmiyyət daşıyırdı. AXC rəhbərlərinin “müsəlman korpusu”nun yaradılması haqqında qərarını, azərbaycanlıların əsgərliyə çağırılması ilə əlaqədar çağırış və onun qaydaları haqqında qanunu “Açıq söz” qəzeti dərc etmişdir. Mirzəbala Məmmədzadənin “Azərbaycan çağırıyor” məqaləsində deyildiyi kimi: “Hürriyyət və vətən yolunda can verməyən bir millət, muxtariyyəti və istiqlalı yolunda varından keçməyən bir millət yaşamaq istəməm deməkdədir”.
Müstəqilliyin qorunması kimi
çağrışlar 1918-ci ilin əvvəllərində
tez-tez rast gəlinən
və demək olar ki,
tutduğu mövqe və
dayandığı platformadan
asılı olmayaraq bütün
mətbuatın müraciət etdiyi mövzulardan idi. “Birlik tələb olunur”, “Birləşəlim”, “İttifaq
edəlim”, “İttihad gərək” kimi çağırışların əks olunduğu qəzetlər, o
cümlədən, “Açıq söz”ün 1918-ci il 18 mart qanlı bazar
günündən 3 gün əvvəl təqdim
etdiyi “Dəhşətli saat
gəlir, birlik gərək” kimi yazılar o dövrdə
mətbuatın nə qədər fəal bir
mövqedə dayandığını ortaya
qoyur.
O zaman bolşevik-daşnak
S.Şaumyanın tabeliyində olan Bakı
Sovetinin qoşunları “vətəndaş
müharibəsi” adı ilə tarixin ən
vəhşi qırğınını törətdilər. Bir il sonra
Üzeyir Hacıbəyov bu
qırğını “vətəndaş müharibəsi”, “sinfi mübarizə” adlandıranların
yalanını ifşa edərək
yazırdı: “Bunun yalan
olduğunu isbat edən
minlərcə müsəlman füqareyi-kasibəsinin meyitləridir
ki, bolşevik qoşunu tərəfindən “müsəlman olduğuna görə” çox
rəhmsiz bir surətdə
öldürülmüşdülər”.
Təbii ki, Üzeyir bəyin yazdıqlarına bircə əlavə mümkündür: bir az da dəqiq deyilsə, bu qırğınlar bolşevik adı ilə erməni daşnaqlarının törətdiyi faciə idi. O dövrün qəzetlərində yazılanlar da bunları sübut edir: “Bir müsəlman həyətində 30-dan 40-a qədər çocuq, arvad və erkəyin quru yerdə buraxılmış cənazələrini gördüm. Müsəlmanların tələfatı: yalnız qətl edilənlər 5-6 minə qədərdir”. Obyektiv mövqeyi, milli ruhu və yüksək ideya fəallığı ilə seçilən “Açıq söz” 725-ci nömrəsindən sonra könüllü olaraq fəaliyyətini dayandırdı.
Bundan sonra
“Açıq söz”ün
yerini dövrün ən
mütərəqqi mətbu orqanlarından biri
sayılan “İstiqlal” qəzeti tutdu. İlk sayı 1919-cu
ilin fevralında çıxan bu qəzet 8 səhifəlik idi.
Həftədə bir dəfə
buraxılan qəzetin 42 nüsxəsi çap
edilərək oxuculara
çatdırılmışdır. Qəzetin başlığında
verilmiş türk şairi Tofiq Fikrətin
“Millət yoludur, haqq yoludur tutduğumuz yol. Ey haqq!
Yaşa, ey sevgili millət, yaşa, var ol!” misraları həm
də AXC-nin məramını əks
etdirən epiqraf idi.
Amalı millət yolu, haqq yolu olan
AXC yarandığı ilk gündən
“türkləşmək, islamlaşmaq,
müasirləşmək” şüarını rəhbər tutaraq süqutunun son gününə kimi
apardığı islahatları davam etdirmişdir. Mətbuat tədqiqatçısı
Asif Rüstəmli “İstiqlal”ın fəaliyyətini
dəyərləndirərək yazır: “Qəzet, həqiqətən,
millətlərin və insanların azadlığını
müdafiə etmiş, təmsilçisi olduğu firqənin demokratik
ənənələrinə, yürütdüyü
açıq və ardıcıl xəttə sadiq
qalmışdır”.
AXC mətbuat və nəşriyyat işinin yenidən qurulması üçün
də tarixi qərarlar qəbul etmişdir. Bu dövrün mətbuatı həm keyfiyyət,
həm də kəmiyyət baxımından, milli
mədəniyyətin mühüm tərkib
hissəsi kimi, Azərbaycan həyatının
canlı salnaməsinə çevrildi. Mətbuat
tədqiqatçısı Z. Mirzəyevanın qeyd etdiyi kimi:
“Bu oyanışdan Azərbaycan
ziyalıları da bəhrələnmək
üçün xalqın
azadlığı uğrunda mübarizəyə
qalxdılar. Bu mübarizə daha çox mətbuatda, ideoloji sahədə özünü
büruzə verdi. Azərbaycan
ziyalıları jurnalistikanın köməyi ilə romantik maarifçilikdən realist
maarifçilik səviyyəsinə
yüksəldi. Cəmiyyətdə siyasi
maariflənmə prosesinin başlanması,
demokratik ideyaların yayılması ən
çox bu dövr mətbuatının fəaliyyəti
ilə bağlıdır”.
Milli hökumətin 1918-ci il 9 noyabr tarixli sərəncamı ilə kütləvi informasiya vasitələri üzərində dövlət nəzarəti ləğv edilmişdi. Parlamentin 1919-cu il 30 oktyabr tarixli qərarı ilə qəbul etdiyi “Mətbuat haqqında nizamnamə”də göstərilirdi ki, mətbuat, litoqrafiya və buna bənzər müəssisələrin açılması üçün, habelə çap məhsulunun nəşri və satılması üçün hökumət idarələrinin heç bir icazəsi tələb olunmur. Bunun nəticəsi idi ki, iki il içərisində ölkədə 100-ə yaxın adda qəzet və jurnal çıxmışdır.
Bu dövr
həm də “Azərbaycan” qəzetinin, milli
mətbuatımızın tarixində təkcə ərazi olaraq ölkənin deyil, milli dövlətin adını ifadə edən
mətbuat orqanının nəşrə başlaması ilə
də əlamətdardır. Akademik İsa Həbibbəylinin dediyi
kimi: “Azərbaycan” qəzetinin rəsmi
dövlət qəzeti kimi meydana
çıxması Azərbaycan tarixinin mühüm hadisəsidir”. Qəzet 1918-ci il 15 sentyabrında Gəncə şəhərində
nəşrə başlamış, altıncı sayından
etibarən nəşri Bakıda davam etdirilmişdir. Qəzet ilk
nömrəsindən Azərbaycan adının və azərbaycançılıq
ideologiyasının geniş təbliği
ilə məşğul olub və rəsmi
dövlət qəzeti statusunu
qazanmışdır.
Azərbaycan Xalq
Cümhuriyyəti Parlamenti 1918-ci il dekabrın 7-də işə başladıqdan
sonra “Azərbaycan” qəzeti onun fəaliyyətini geniş
işıqlandırıb və parlamentin mühüm iclaslarından stenoqrafik
hesabatları dərc edib. Cümhuriyyət
tarixinin öyrənilməsində qəzetdə
dərc olunmuş materialların əhəmiyyəti
böyükdür. Tədqiqatçıların
da qeyd etdiyi
kimi, 1918-1920-ci illər ərzində “Azərbaycan”
qəzetində ölkəmizin ictimai-siyasi,
iqtisadi, elmi və mədəni
həyatına dair yüzlərlə məqalə
dərc olunub.
Qəzetdə, həmçinin
erməni-daşnak qulduru Andranikin
Zəngəzur, Naxçıvan, Qarabağ
və digər regionlarda xalqımıza
qarşı törətdiyi vəhşiliklər, Ermənistan
ərazisində yaşayan azərbaycanlıların
acı taleyi, onların kütləvi məhv
edilməsi və ata-baba torpaqlarından
qovulması haqqında dərc edilmiş
materiallar AXC tarixinin
öyrənilməsində dəyərli nümunələrdir.”
Qısa müddətdə böyük nüfuz
qazanmış “Azərbaycan” qəzeti Üzeyir
bəy Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə,
Mirzəbala Məmmədzadə, Xəlil İbrahim,
Məhəmməd Hadi, Zülfüqar
Hacıbəyov, Əhməd Cavad, Ömər
Faiq Nemanzadə, Salman
Mümtaz, Fərhad Ağazadə,
Şəfiqə Əfəndizadə, Məhəmməd ağa Şaxtaxtlı, Firudin
bəy Köçərli, Seyid Hüseyn, İbrahim Xəlilov,
Cəfər Cabbarlı, Abdulla Şaiq, Qafur Rəşad
Mirzəzadə, Şəfi bəy Rüstəmbəyov, Yusif Vəzir Çəmənzəminli kimi nüfuzlu
ziyalıların milli problemləri səsləndirildiyi
tribunaya çevrilmişdi.
AXC-nin mətbuat və informasiya sahəsində atdığı daha bir uğurlu
addım Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) yaradılması ilə
bağlıdır. Milli hökumət informasiya blokadasını yarmağa,
respublikanı dünyada tanıtmağa, fəaliyyəti
haqqında xalqı məlumatlandırmağa ehtiyac
duyduğu vaxtda bu agentlik
yaradılmışdır.
Sovet hakimiyyəti dövründə 8 dəfə ad dəyişikliyinə məruz qalan, hazırda dünyanın ən
aparıcı informasiya agentlikləri ilə
bir sırada duran, yerli və xarici kütləvi
informasiya vasitələri üçün
yeganə rəsmi dövlət informasiya mənbəyi
olan, gün ərzində
Azərbaycan, rus, ingilis,
fransız, alman və ərəb dillərində
fasiləsiz surətdə dəqiq və operativ
informasiyalar hazırlayan Azərbaycan
Dövlət Teleqraf Agentliyi
bu günümüzə Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır.
Mətbuat tədqiqatçılarından professor Həmid Vəliyevin təbirincə desək:
“Müstəqil Azərbaycanımızın 1
nömrəli informasiya agentliyinin
Avropada, Asiyada, Afrikada, Amerikada
tanınması, şöhrət qazanması, onun
informasiyalarından müxtəlif ölkələrdə
istifadə edilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması bu media qurumunun
uğurlu perspektivlərə malik olduğunu göstərir”.
Bütün bunlar Azərbaycan milli mətbuatının 145 illik yubileyi haqqında Prezident sərəncamında da öz yüksək qiymətini almışdır: “1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoymuş, öz fəaliyyəti ilə müstəqil dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, istiqlal ideyalarının yayılmasında, habelə milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynamışdır”.
Namiq ƏHMƏDOV
Xalq qəzeti 2020.- 10 iyul.- S.4.