Milli mətbuatımızın banisinin
amalı öz xalqının milli oyanışına və tərəqqisinə
xidmət olmuşdur
Azərbaycan Milli mətbuatı 145
145
il əvvəl – 1875-ci il
iyulun 22-də görkəmli ziyalı və
maarifçi-publisist Həsən bəy Zərdabi
tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi”
qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi
həyatının mühüm hadisəsi kimi
tarixə düşmüşdür.
İlham ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Xalqının etnik-mədəni
oyanışında və dövlətçilik
yaddaşının dirçəldilməsində misilsiz rol oynamış anadilli mətbuatımızın ərsəyə
gəlməsinin növbəti yubileyi də
ölkəmizdə ümummilli ictimai-mədəni
hadisə kimi qeyd edilir. Azərbaycan Prezidenti
İlham Əliyev bu
yaxınlarda imzaladığı Azərbaycan milli
mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncamla
yubiley tədbirlərinə start vermişdir. Sərəncamda göstərildiyi kimi,
1875-ci il iyulun 22-də
görkəmli ziyalı və maarifçi-publisist
Həsən bəy Zərdabi tərəfindən Azərbaycan
dilində nəşr olunmağa
başlamış “Əkinçi” qəzeti milli
özünüdərk və istiqlal məfkurəsinin
formalaşmasında, qabaqcıl ideyaların təbliğində
böyük xidmətlər göstərmişdir.
Mötəbər yubiley sənədində milli oyanış və maarifçilik ideyalarının yayılması zəminində 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə milli mətbuatımızın yeni inkişaf mərhələsinə qədəm qoyması, jurnalistikamızın öz fəaliyyəti ilə müstəqil dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilməsi, istiqlal ideyalarının yayılmasında, habelə milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynaması, haqlı olaraq, anadilli mediamızın tarixinin önəmli fakt və hadisələri kimi qiymətləndirilir.
XX əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrini əhatə edən əsaslı islahatların gerçəkləşdirilməsi, bu əsasda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaradılması, senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələrin aradan qaldırılması, KİV-in fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, sahənin problemlərinin həlli, onun vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi kimi yeniliklərin jurnalistikamızın çağdaş nailiyyəti kimi sərəncamda bir daha vurğulanması media ictimaiyyətində peşə məmnunluğu yaradır, azad sözün məsuliyyəti barədə ciddi duyğu-düşüncələrə yeni məzmun və yön verir.
Doğrudan da, Azərbaycanda hazırda həyata keçirilən sistemli islahatlar, şəffaflıq və vətəndaş həmrəyliyi prinsiplərinə əsaslanan sosial innovasiyaların tətbiqi, idarəetmə sahəsində baş verən keyfiyyət yenilikləri, siyasi dialoq mühitinin genişləndirilməsi müasir dövlət quruculuğunun başlıca istiqamətlərini təşkil edir. Sərəncamda haqlı olaraq, qeyd edilir ki, bu gün kütləvi informasiya vasitələri bu köklü islahatlardan kənarda qalmamalıdır.
Milli mətbuatımızın 145 illik yubileyi ilə bağlı tədbirlərdə, müxtəlif səpkili çıxışlarda xalqımızın milli oyanış və ictimai fikir tarixində seçilən bir başlanğıc olmuş ilk anadilli milli qəzetin yaranması və inkişafında görkəmli xalq xadimi Həsən bəy Zərdabinin müstəsna rolu, haqlı olaraq, önə çəkilir, xüsusi qeyd edilir. Türk dünyasının işıqlı mütəfəkkirlərindən biri, XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan xalqının mənəvi atası səviyyəsinə yüksəlmiş təbiətşünas alim, pedaqoq, publisist Həsən bəy Zərdabi haqqında danışmaq həm də Azərbaycanda istiqlal məfkurəsini ərsəyə gətirmiş milli teatr, milli mətbuat və milli məktəb sacayağının etnik-mədəni oyanış və tərəqqi prosesinin möhkəm özülünü təşkil etməsindən söz açmaq deməkdir. Bu prosesdə ilk milli qəzetimiz “Əkinçi”nin nəşrə başlamasını və fədakar fəaliyyətini bir əsrdən artıqdır ki, xalqımızın taleyində önəmli roy oynamış görkəmli şəxsiyyətlər və mütəxəssislər də misilsiz etnik-mədəni amil kimi dəyərləndirirlər.
Şirvan torpağının Zərdab kəndində doğulmuş Həsən bəy Zərdabi yaradıcılığında Azərbaycan mətbuatı tarixində şərəfli səhifələr açmış “Əkinçi” qəzeti mühüm yer tutur. Mətbu orqanın yazılarında Zərdabinin cəsarətli obrazı görünür. Qəzet Azərbaycan ictimai fikir tarixində böyük rol oynamışdır. Həsən bəy xalqın maariflənməsində, tərəqqisində qəzetə yüksək qiymət verirdi. Odur ki, qəzet buraxmağı qarşısına məqsəd qoyur.
Milli mətbuatımızın banisi 30 il sonra “Həyat” qəzetində dərc etdirdiyi “Rusiyada əvvəlinci türk qəzeti” məqaləsində yazırdı: “Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən, heç bir qanan olmasın! Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra o su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus doğru söz mürur ilə qanmazın başını deşib onun beyninə əsər edər. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur”.
“Doğru sözə” düşmən olan ictimai quruluş belə bir qəzetin nəşrinə üç illik zəhmətdən sonra icazə verdi. Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, ictimai xadim Mirzə Fətəli Axundzadə ilə Həsən bəy Zərdabi arasında aparılan yazışmalarda “Əkinçi” barəsində qiymətli, dəyərli fikirlər söylənilmişdir. Mirzə Fətəli qəzetin nəşrindən əvvəl - 1875-ci il aprelin 21-də Zərdabiyə göndərdiyi məktubda “Əkinçi”nin qarşısında duran vəzifələri müəyyənləşdirərək yazırdı ki, qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyü olmalıdır. Çünki Azərbaycan yazısını düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır.
Böyük maarifçi-demokrat çox çətinliklə də olsa “Əkinçi”ni nəşr edə bildi. Qəzetin ilk sayı 1875-ci il iyulun 22-də işıq üzü gördü. “Hər vilayətin qəzeti” olan “Əkinçi” “dərviş kimi nağıl deyə bilməz”di, çünki savadsız, dünyadan bixəbər insanları oyatmalıydı, “onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin, ta xalq öz nik bədindən xəbərdar olub onun əlacının dalınca olsun”.
Qəzet birinci sayının proqram məqaləsində yazırdı ki, zəmanə dəyişilməyi tələb edir. “O kəslər ki, həmişə bizə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişildiyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər”. Zərdabi köhnə həyat tərzini pisləyib, insanları yeni mütərəqqi həyata çağırırdı. Yazıları oxuduqca biz onun şahidi oluruq.
“Əkinçi” ictimai həyatın aynası kimi cəmiyyətdəki nöqsan və bəlaları öz səhifəsində təsvir etməklə kifayətlənməyib, onları aradan qaldırmağın yollarını da göstərirdi. Köhnə həyat tərzini pisləyən qəzet xalqı yeniliyə səsləyir, onları elmə çağırırdı.
“Əkinçi” fəaliyyət göstərdiyi dövrdə dilimizin saflığına çalışmış, maarifçilik mədəniyyətinin tərkib hissəsi olan kitab çapına diqqət yetirmişdi. Başqa dillərdə olan kitabların ana dilimizə tərcüməsini vacib sayırdı: “Bir neçə ildir ki, Osmanlı dövləti məktəbxanalar açıb hər bir elmi öz dillərində xalqa öyrədir. Çünki onların kitablarını bizim adama oxumaq çətindir, ona binaən yaxşı olurdu ki, bizim millət qeyrəti çəkən qardaşlar bir icma bina edib, ol kitablardan gətirib, bir az dəyişdirib, çapxana açıb öz dilimizdə çap elədib, xalqa müftə, ya bir az qiymətə paylasın ki, bizim məktəbxanalarda şair kitablarının əvəzində ol kitablar oxunsun. Elm kitablarımız olsa, onları oxurlar və necə ki, su damcı-damcı düşmək ilə daşı deşər, habelə ol kitabları oxumaqdan elm və ədəb mürur ilə xalqın könlündə nəqş bağlayıb möhkəmlənər”.
“Əkinçi” zəmanəsinin mühüm elmi, texniki, kənd təsərrüfatı, mədəni yenilikləri, nailiyyətləri haqqında müntəzəm məlumat verə bilmiş, öz səhifələrində Azərbaycan ictimai fikrinin inkişafı baxımından faydalı polemika açmış, yeni elmi dünyagörüşünün parlaq nümunələrini vermişdi. Həsən bəy Zərdabi öz yüksək arzularını həyata keçirmək yolunda mübarizədə o dövrün görkəmli ziyalıları Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əhsənül-Qəvaid, Əsgər ağa Gorani, Ələkbər Heydəri və başqalarına arxalanırdı.
Həsən bəy Zərdabi qəzetin məzmununun izahını verərkən bildirmişdi ki, orada elmi xəbərlərlə yanaşı, təzə xəbərlər də olacaqdır. O, axıra kimi nizamnaməsinə sadiq qalaraq elmi və təzə xəbərləri verməklə Azərbaycan xalqının ölkə və dünya hadisələrindən xəbər tutmasına, maariflənməsinə, bir sözlə, xalqımızın dünya xalqları ilə inteqrasiyasına böyük xidmət göstərmişdi. Qəzet dünyada baş verən problem xarakterli xəbərlərdən bolluca istifadə etmişdir. İstifadə olunan xəbərlər fakta söykənirdi. Xəbərlərin coğrafiyası da olduqca genişdir, dünyanın çox ölkələrini əhatə edir. Seyid Əzim Şirvani “Qəzet nədir?” şeirində bu barədə yazırdı:
Xassə ol kim, “Əkinçi”yi-dana,
Əhli-islamı eyləyib ehya
Gah Peterburqdan olur guya,
Gah olur
Hindi-Şərqdən peyda.
Gah Dünyadan qəzet verir xəbəri,
Gah Parisdən
gəlir onun əsəri.
Kəşf edir karxanədən
səməri,
Söyləyir hər kraldan xəbəri.
Dünyanın aparıcı ölkələrində
çıxan qəzetlər
haqqında müntəzəm
yazılar dərc edən “Əkinçi” onların çap mədəniyyəti, yayılması
barədə məlumatlar
verməklə “müəyyən
ziyalı dairələrində
təəssübkeşlik hissini
oyatmağa çalışırdı”. Qəzetin
“Daxiliyyə”sində dərc
olunmuş bir yazıya qısa ixtisarla diqqət yetirək: “Avropa tayfasının hər birinin bir neçə
qəzeti və jurnalı olur ... bizim həmçeşmimiz
gürcülərin bir
neçə qəzetləri
var, amma onilə indi Kutaisi şəhərində bir
icma bina olub 5 min manat cəm edib ki,
gələn ildən həftəlik qəzet çap etdirsin... Məgər bizim tavanalı şəxslərimiz
yoxdur ki, belə icma bina edək və nə ki bir, bəlkə
5-10 qəzet çap edək?.. Bəzi qəzet
oxumağı günah
hesab edir ki, guya, qəzet
oxumaq şəriətə
namüvafiqdir. Bunun qabağında
sizə nə deyim? Sizdə taxsır yoxdur.
Allah lənət eləsin ol kəslərə ki, bu böhtanı bizim şəriətə
deyib, şəriətimizi
bihörmət və sizi sərgərdan ediblər!”
“Əkinçi” yaxşı
ilə pisi, xeyirlə şəri ayırmağı məsləhət
görür, cəmiyyətdə
haqq və ədalətin, azadlığın
zəfər çalacağına
inanırdı. Bu şərtlə
ki, insanlar qul psixologiyasından azad olsunlar. Qəzet yazırdı ki, “Şərq zəmində azadlıq olmadığına
biz Avropa əhlindən
geri qalmışıq
və nə qədər belə olsa, biz tərəqqi etməyəcəyik və
edə də bilmərik”.
Həsən bəy dövrünün mənasız şeirlər
yazan şairlərini məzəmmət etməkdən
də çəkinmirdi. O, şairlərdən
xalq həyatını
əks etdirən şeirlər yazmağı
tələb edirdi. Zövqü oxşamayan, heç bir məna kəsb
etməyən şeirlərə
bəslənən mahnılar
Zərdabini çox narahat edirdi. “Əkinçi” millətin
oyanması işində
mahnı və nəğmələrin rolunu
xüsusi qeyd edərək yazırdı:
“Hər tayfanın vətəndaşlıq və
millətin keçmişində
olan yaman və yaxşı günlərini şərh
edən mahnılar olur ki, bu
mahnılar ağızdan-ağıza
düşüb milləti
birləşdirməyə bais
olur. Amma bizim mahnılara baxan gərək təəssüb eləsin
ki, xudavəndə, onları kim
və nə üçün düzəldib.
Onların çoxunu ki,
avam çağırır,
heç mənası
olmur”.
Həsən bəy Zərdabi təkbaşına bir neçə adamın işini görürdü. Bu fədakarlıq onun Vətəninə, xalqına
bəslədiyi məhəbbətdən
irəli gəlirdi.
O vaxtlar Bakıda olmuş fransız jurnalisti də Zərdabinin fədakarlığına
heyran qalmış “Siz əsl qəhrəmansınız”,
“Siz öz xalqınızı çox
istəyirsiniz” demişdi.
Böyük mütəfəkkir Əli bəy Hüseynzadə milli mətbuatımızın banisi Zərdabinin əsas amalının nədən ibarət olduğunu belə ifadə etmişdi: “Aləmi-islam bir qaranlıq içərisində qaldığı zaman Həsən bəy Zərdabi əlinə məşəl alıb qaranlığı işıqlandırmağa çalışırdı. Bu məşəl “milli oyanışa, tərəqqiyə, istiqlala yol açan maarif işığı idi”.
“Əkinçi” qəzetinin Azərbaycan xalqı qarşısında xidmətləri olduqca böyükdür. Qəzet mübariz ideyalar yayır, geri qalmış mülkədar-bəy ağalığına qarşı çıxır, ictimai şüuru formalaşdırırdı. 1877-ci ilin mart ayında çıxan 6-cı sayında Azərbaycan bəylərini, onların puldan başqa ayrı qayğıları olmadığını, günlərini eyş-işrətlə keçirdiklərini kəskin tənqid edirdi. Qəzet yazırdı ki, “yeyib, içib, geyinib, durub-oturmaqla özlərini xaricilərə oxşadıb, əslən elmdən bixəbər” olan bu ağalar “xalqın xoşbəxtlik fikrini çəkməzlər”.
Maarifçilik mövzusu qəzetin ən çox müraciət etdiyi sahə idi. Təsadüfi deyil ki, “Əkinçi” deyəndə biz ən çox onun maarifçilik missiyasını qabardırıq və qeyd edirik ki, qəzet daha çox maarifçilik işi üçün həyata atılmışdı. Bu da təbiidir. O dövrdə zərərli adət və ənənələrin girovuna çevrilmiş müsəlmanları oyatmaq lazım idi. M.Ə.Rəsulzadə Həsən bəyin dəfn mərasimindəki nitqində demişdi: “Cəmaəti ayıltmaq, onu dərrakəli etmək üçün nə lazımdır? - maarif, maarif, maarif! Ancaq elm və bilik ilə cəmaət özünün nə olduğunu və nə edə biləcəyini bilər”.
Həsən bəy gənclərə müraciət edərək çətinliklərdən qorxmamağa çağırırdı. O, bütün ümidini gənclərə bağlayırdı. Bilirdi ki, Azərbaycanın gələcəyini məhz gec-tez bu elmli gənclər təmsil edəcək və millətin maraqlarını müdafiə edəcəklər: “Ey elm təhsil edən cavanlarımız! Doğrudur, bizim Vətən qardaşlarımız ilə üns tutmaq çətindir, siz danışdığınızı onlar başa düşməyib əfalınızı şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər... qoy şüəralar sizi həcv etsin, mollalar lənət oxusun, əvamünnas daşa bassın, siz millət üçün zəhmət çəkirsiniz və bişəkk gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq”.
Təəssüflər olsun ki, bəzi jurnalistlər “Əkinçi”nin Azərbaycan jurnalistikası tarixindəki rolunu düzgün qiymətləndirmir, onu təkcə kənd təsərrüfatından yazan qəzet kimi qələmə verirlər. Belə düşünənlər qəzetin adının “Əkinçi” olmasını əsas gətirirlər. Bu yanlış fikirdir. Unutmaq olmaz ki, o vaxt qəzet buraxmaq xüsusilə də müsəlmanlar üçün çətin idi. Elə buna görə də Həsən bəyə məsləhət görürlər ki, qəzeti “Əkinçi” adlandırsın ki, onun çapına icazə ala bilsin. O, bu barədə yazırdı: “Mən ona ( Bakı qubernatoru Staroselski nəzərdə tutulur-red.) dərdimi deyəndən sonra ... məsləhət gördü ki, qəzetin adını “Əkinçi” qoyam ki, guya məhz əkin və ziraətdən danışacaq”. Əslində isə Həsən bəy kənd təsərrüfatı ilə yanaşı, xalqın mədəni səviyyəsini yüksəltməyi və onu maarifləndirməyi qarşısına məqsəd qoymuşdu.
“Əkinçi” az yaşadı, cəmi 56 sayı işıq üzü gördü. Lakin buna baxmayaraq təkcə Azərbaycanda deyil, Rusiya müsəlmanlarının həyatında da böyük rol oynadı, “onun milli mətbuat tarixində açdığı yol, yaratdığı ənənələr çox uğurlu, uzunömürlü oldu” (Əziz Mirəhmədov). Azərbaycanın tanınmış ədəbiyyat və mətbuat xadimləri sonralar da “Əkinçi”nin ideyalarını inkişaf etdirdilər.
“Əkinçi” haqqında çox deyilib, çox yazılıb. Görkəmli alimlər Abbas Zamanov, Əziz Mirəhmədov, Ziyəddin Göyüşov, İzzət Rüstəmov, Nazim Axundov, Vəli Məmmədov və başqaları Zərdabi və onun “Əkinçi” qəzetini müxtəlif aspektlərdən tədqiq etmişlər. Lakin buna baxmayaraq, milli mətbuatımızın qaranquşu “Əkinçi”dən öyrəniləsi hələ çox şey var. Qocaman mətbuat professoru Şirməmməd Hüseynov məqalələrinin birində yazırdı ki, “Əkinçi” qəzetinin ənənələrindən təkcə qələm ustaları deyil, hamımız yenidən öyrənməliyik. O əsl xalq demokratik mətbuatının nümunəsi kimi bu gün də, heç şübhəsiz sabah da yeni biliklər və yeni təcrübə mənbəyi olaraq qalacaqdır.
Bəli, əminliklə deyə bilərik ki, alim, böyük maarifçi, jurnalist Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş milli mətbuatımız “Əkinçi”nin ideyaları bu gün də yaşayır və heç zaman unudulmayacaq.
Akif RÜSTƏMOV,
Bakı Dövlət Universiteti
jurnalistika fakültəsinin
dosenti
Xalq qəzeti 2020.- 11 iyul.- S.3.