XX əsrin
ilk anadilli qəzeti – “Şərqi-Rus”
Azərbaycan Milli mətbuatı – 145
Azərbyacan xalqının milli oyanışında və
ictimai fikir tarixində önəmli hadisə olan anadilli mətbuatımızın
yaradılmasının növbəti yubileyi də mürəkkəb
pandemiya şəraitinə baxmayaraq, ölkəmizdə təntənə
ilə qeyd edilir. Xalqımız özünün mətbu
söz tarixinə bir daha nəzər salır, maarifçilik
və istiqlal düşüncəsinin yayılmasında,
dövlət müstəqilliyinin bərpasında və
möhkəmlənməsində milli jurnalistikamızın
oynadığı misilsiz rolu göz önünə gətirdikcə,
haqlı olaraq, öyünc duyur.
Azərbaycan
milli mətbuatının 145 illik yubileyi barədə Prezident
İlham Əliyevin imzaladığı sərəncamda
deyilir: “145 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli
ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi
tərəfindən Azərbaycan dilində nəşr
olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın
ilk nümunəsi və həmin dövr Azərbaycanın
ictimai-siyasi həyatının mühüm hadisəsi kimi
tarixə düşmüşdür. Sonrakı
illərdə çoxsaylı nəşrlərlə zənginləşən
milli mətbuatımız Azərbaycan ədəbi dilinin və
maarifçilik hərəkatının inkişafına əhəmiyyətli
töhfələr vermiş, milli özünüdərk və
istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl
ideyaların təbliğində böyük xidmətlər
göstərmişdir”.
Milli mətbuatımızın qaranquşu olan
“Əkinçi” qapadıldıqdan sonra Həsən bəy Zərdabiyə
bir daha ana dilində jurnalistika ilə məşğul olmaq
imkanı verilmədi. “Ziya” və “Kəşkül” kimi nəşrlərin
fəaliyyəti də uzun sürmədi. Bundan sonra 12 il ana dilində heç bir nəşr
işıq üzü görmədi. XIX əsrin
sonu və XX əsrin əvvəllərində Azərbaycan
ziyalıları ana dilində qəzet və ya jurnallar
çıxarmaq üçün dəfələrlə
hökumət dairələrinə müraciət etdilər.
Lakin çar hökuməti Azərbaycanda maariflənmə
kimi, mətbuatın da inkişafına mane olur, buna imkan
vermirdi. Ona görə də Azərbaycan əhalisi
Yaxın Şərq ölkələrində çıxan mətbuat
orqanlarını mütailə edirdi.
Lakin
çar hökuməti müsəlman vətəndaşların
yad təsirlərin altında qalmasına da göz yuma bilməzdi, ona görə də bu sahədə
bəzi güzəştlərə getmək məcburiyyətində
qaldı. Belə bir dözülməz şəraitdə
çarizmin irəli sürdüyü maneələri
aşmaq cəhdi XX əsrin ilk illərində fədakar
maarifçi Məhəmməd ağa Şahtaxtlıya nəsib
oldu. O, Parisdən qayıdaraq 1902-ci il
aprelin 2-də Rusiyanın Mətbuat işləri üzrə
baş idarəsinə xahişnamə ilə müraciət
etdi. Böyük çətinliklərlə ana
dilində “Şərqi-Rus” adlı qəzetin Tiflisdə nəşrinə
icazə ala bildi. Böyük maarif fədaisi
burada “Məhəmməd ağa Şahtaxtinski mətbəəsi”
adlı bir mətbəə də təşkil etdi.
1903-cü
il martın 30-da xalqımızın mədəniyyəti
tarixində, mətbuatımızın tarixində əlamətdar
bir hadisə baş verdi: həmin gün
ziyalılarımızın çoxdan bəri həsrətlə
gözlədikləri əsrin ilk milli mətbuat nümunəsi
meydana çıxdı. “Şərqi- Rus” qəzetinin ilk
nömrəsinin işıq üzü görməsi xəbəri
böyük əks-səda verdi.
Beləcə, XX əsrin əvvəllərində
xalqın milli-mənəvi inkişafı uğrunda hərəkat
daha da genişlənmiş oldu. Bu gəlişmələrdən
ruhlanan böyük ədib yazırdı: “Güman edirəm
ki, bütün müsəlman ziyalıları, həmçinin,
ümumiyyətlə, zəhmətkeş, tərəqqiyə
can atan kiçik xalqımızın inkişafının
insanpərvər dostları məni müdafiə edəcək
və bu işin mədəni əhəmiyyətini layiqincə
anlaya biləcəklər”. Böyük satirik şairimiz
Sabirin “Dindirir əsr bizi dinməyiriz, atılan toplara diskinməyiriz”
– dediyi bir dövrdə – çarizmin istismarı, cəhalət
və xurafatın tüğyan etdiyi şəraitdə “Şərqi-Rus”
qəzeti dövrün mütərəqqi ziyalılarını
öz ətrafına toplayaraq zülm altında əzilən
xalqların xoşbəxt həyat arzularının tərcümanına
çevrildi. Bu orqan XX əsr anadilli mətbuatın,
milli mədəni birliyin ilk qaranquşu oldu.
“Şərqi-Rus”
1905-ci il yanvarın 15-dək nəşr
olunmuşdur. M.Şahtaxtlı Peterburqa getməsi
ilə əlaqədar 1904-cü ilin 23 noyabrından inanıb
etibar etdiyi Cəlil Məmmədquluzadəni öz yerinə
müvəqqəti redaktor təyin etmiş, görkəmli ədibimiz
qəzet bağlanana qədər bu vəzifəni icra
etmişdir. Bu qəzetin mədəniyyət
və ədəbiyyatımız tarixində çox
böyük xidmətləri olmuşdur. Belə ki, Məmməd
Əmin Rəsulzadənin xalqa müraciəti, Ömər Faiq
Nemanzadənin dərin məzmunlu, alovlu publisistik əsərləri,
Firudin bəy Köçərlinin ədəbi əsərləri,
Cəlil Məmmədquluzadənin ilk mətbu əsəri olan
“Poçt qutusu” hekayəsi bu qəzetdə nəşr
olunmuşdu. Məmməd Səid Ordubadinin, Mirzə Ələkbər
Sabirin, Abdulla Surun, Əliqulu Qəmküsarın ilk mətbu əsərləri
də bu qəzetdə işıq üzü
görmüşdü.
Cəlil Məmmədquluzadənin bir jurnalist kimi
yetişməsində “Şərqi-Rus” ilk
yaradıcılıq məktəbi rolunu oynamışdır. “Xatiratım”da o, bu hadisəyə
belə qiymət verir: “Möhtərəm ədibimiz
M.Şahtaxtlı öz qəzetinin idarəsinə cəlb etməklə
məni qəzet dünyasına daxil etdi”.
“Şərqi-Rus”
iki ildən az bir müddət çap
olunmasına baxmayaraq, Azərbaycan ictimai fikri tarixində,
milli mətbuatımızın tarixində böyük bir
hadisə olmuşdu. Böyük naşir “Şərqi-Rus”un fəaliyyəti ilə XX əsr Azərbaycan
milli mətbuatına yol açdı. Bu qəzet,
eyni zamanda, “Molla Nəsrəddin” jurnalının baş məşqinə
çevrilmişdi.
O zaman Azərbaycanda
mətbuat işində çalışan olmadığı
üçün Məhəmməd ağa Şahtaxtlı əvvəl
həftədə 3 gün, sonra həftədə 5 gün nəşr
olunan qəzet üçün ədəbi işçi,
mürəttib tapa bilmirdi. Bu iş üçün o, daha
çox varlığı ilə bağlı olduğu
doğma torpaqdakı, Naxçıvandakı həmyerlilərinin
gücündən istifadə etməyə
çalışırdı. Qəzet öz səhifələrində
Naxçıvan hadisələrinə geniş yer verdiyi kimi, ədəbi
mühitə də qayğı göstərir, nəzm və
nəsr yazanları həvəsləndirirdi. Təsadüfi deyildir ki, yuxarıda da qeyd etdiyimiz
kimi, böyük satira ustası Mirzə Cəlilin mətbuat
dünyasına gətirən yol “Şəri-Rus”dan
başlayırdı.
Məhəmməd ağa digər Naxçıvan
ziyalıları ilə də əlaqə saxlayır, məktublaşır,
onları qəzetin redaksiyasına cəlb etmək istəyirdi. Görkəmli
ədib xüsusilə o dövrün tanınmış
Naxçıvan ziyalılarından Məhəmməd
Tağı Sidqini, Qurbanəli Şərifzadəni qəzetdə
işləməyə, onunla əməkdaşlıq etməyə
dəvət edirdi.
M.T.Sidqi əziz dostunun Tiflisə qəzet redakiyasında
işləməyə dəvətini ailə vəziyyəti
ilə əlaqədar qəbul etməmiş, ancaq
Naxçıvanda yaşayıb qəzetin abunə işlərinə
kömək etmiş, qəzetdə sanballı məqalələrlə
iştirak etmişdir. Bunu Sidqinin M.Şahtaxtılıya
yazdığı məktublarda da müşahidə edirik.
Pedaqoji fəaliyyətlə yanaşı, publisistika,
jurnalistik fəaliyyətlə də məşğul olan
M.T.Sidqi dövrün bir sıra mətbuat orqanlarında
çıxış etmiş, əsl mənada qəzetçi
kimi tanınmışdı. Ona görə də
ana dilində “Şərqi-Rus” qəzetinin nəşri xəbəri
böyük maarif xadimini ürəkdən sevindirmişdi.
M.T.Sidqi qəzetin nə vaxt işıq üzü görəcəyini,
bunun milli tərəqqi yolunda mühüm bir hadisə
olacağını “Şərqi-Rus”un
redaktoruna yazdığı məktubda önəmlə
vurğulayırdı: “Az müddətdən sonra “Şərqi-Rus”
qəzeti millətin gənclərinin qaranlıq ürəklərində
nur saçacaq və bilik və mərifət
çırağı cəhalət çölündən səadət-xoşbəxtlik
sarayına aparacaqdır. Sizin adınız da
tarixdə əbədi olaraq həkk olunacaqdır”.
Görkəmli publisist milli dildə, ana dilində qəzetin
nəşri xəbərini böyük sevinclə
qarşıladığını bəyan edərək
göstərirdi ki, həqiqətən bu xoş xəbər
bütün elm və mədəniyyət xadimlərinə,
xüsusilə, bu vilayətin bütün elm sahiblərinə
yeni bir ruh və sevinc bəxş etmişdir. İnsana elə
gəlirdi ki, guya Şərqdə yeni günəş
doğdu və ulduzlar parladı.
O,
redaktoru bu münasibətlə ürəkdən təbrik
etmiş, bundan sonra Azərbaycan dilində milli qəzetin nəşrinin
millətin alim və ədibləri ilə “avam və cahilləri
arasında vasitə olub nəşri-maarifə” davam edəcəyinə
ümidvar olduğunu bildirmişdi. Maarifçi ədibin qəzetdə
nəşr etdirdiyi bir neçə məqalə, xüsusilə,
“Qazetə, yaxud qəzet nədir” məqaləsi diqqəti cəlb
edir: “Xülasə, uzun bir mərəkə...və illa yerdə
qalan əhalinin hamısı qəzetədən rugərdan
olub və bəlkə qazet kəlməsindən tənəffür
edirlər. Bu günə müsəlmanlar arasında ərəbi
olsun, farsi olsun, türki olsun, adına ki,
qazet dedin iş tamamdır. Ondan sonra hər nə
desən məhəlli-etina və layiqi-təvəccöh
deyildir”.
Böyük
təəssüf hissilə qeyd etməliyik ki, görkəmli
pedaqoq və publisist Məhəmməd Tağı Sidqi cəmi
49 il ömür sürmüşdür.
Sidqinin qəflətən vəfat etməsi bütün
ziyalıları yasa boğduğu kimi, “Şərqi- Rus”un əməkdaşlarını da dərindən
kədərləndirmişdi. Təsadüfi
deyildir ki, burada Sidqinin ölümü ilə əlaqədar
bir sıra yazılar, vida məqalələri çap
olunmuşdu.
“Şərqi-Rus”un ədəbiyyat aləminə təqdim etdiyi
istedadlı gənclərdən biri də yuxarıda
adını çəkdiyimiz görkəmli tarixi roman
ustası M.S.Ordubadi olmuşdur. Şair Hacağa
Fəqir Ordubadinin ailəsində yetişmiş Məmməd
Səid uşaqlıqdan poeziya həvəskarı idi. M.Sidqinin yetirməsi olan Məmməd Səidin təbrik
mövzusunda ilk mətbu şeiri də “Şərqi- Rus”da
işıq üzü görmüşdü. Şairin “Şərqi-Rus” qəzeti ilə əməkdaşlığı
onun yaradıcılığına müsbət təsir
göstərmişdi. Səid bu illərdə
mütaliəyə böyük həvəs göstərir,
özünün yazdığı kimi, şeirə və
yazıçılığa marağı gündən-günə
artırdı, 1904-cü ildə “Qəflət” əsərini
yazıb bitirmişdi.
Naxçıvanın tanınmış
ziyalılarından Əyyub ağa Kəngərlinski də
“Şərqi-Rus” qəzeti ilə əməkdaşlıq
edirdi. Səbur
təxəllüsü ilə şeirlər yazan Ə. Kəngərlinski
qəzetə şeiri ilə yanaşı göndərdiyi təbriknaməsində
bildirirdi: “Müddətlərcə intizarını çəkdiyimiz
“Şərqi-Rus” qəzetəsi şükr olsun ki, mətbuat
aləminə qədəm qoydu və bu səadətli gündə
bizim ana dilimizdə və milli lisanımızda nəşr
olunan ruznaməyə həsrət olan gözlərimiz onun
mütaliəsi ilə işıqlandı. Şad
ol gözüm, həmişə ki, şad eylədin məni!”
Naxçıvan ədəbi mühitinin görkəmli
nümayəndələrindən biri kimi şair-dramaturq
Hüseyn Cavid də XX əsrin ilk anadilli qəzetinin nəşrini
alqışlayanlardan biri olmuşdur. Qəzetin nəşr
olunduğu illərdə Cənubi Azərbaycanda- Urmiyədə
müvəqqəti yaşayan görkəmli sənətkar
Tiflisdən uzaqlarda olmasına baxmayaraq, qəzetin ən fəal
oxucularından biri idi və bu mətbuat orqanında
üç publisistik məqalə ilə
çıxış etmişdir.
Cavid əfəndinin “Naxçıvandan təbsirə”
başlığı altında başqa bir publisistik məqaləsi
qəzetin 27 avqust 1904-cü il tarixli nömrəsində dərc
olunmuşdur. Müəllif əvvəlki məqaləsindəki
fikirləri burada davam etdirir, islam tarixinə nəzər
salır. Son dövrlərdə elmi və texniki inkişaf sahəsində
Avropanın Şərqdən xeyli irəli getdiyini göstərir.
Bu inkişaf oxumaq və maarif sayəsində həyata
keçirilmişdir deyə yazır. Bu sahədə gənclərə
dil öyrənməyin vacibliyini tövsiyyə edir.
Görkəmli satirik şair və jurnalist
Əliqulu Qəmküsar məşhur Molla Nəsrəddinçilərdən
biri kimi tanınır. Amma onun ilk mətbu əsərləri
hələ 1903-cü ildə XX əsrin ilk Azərbaycan dilli mətbuat
orqanında-”Şərqi-Rus”da işıq üzü
görmüşdü. Naxçıvanda
yaşadığı dövrdə o, “Şərqi-Rus” qəzeti
ilə sıx əlaqə saxlayırdı.
Yaşadığı bölgədə rast gəldiyi hadisələri,
təsadüf etdiyi problemləri qəzetdə
işıqlandırırdı. Onun “Culfadan” sərlövhəli
pubsisit yazılarında qəflət yuxusu, cəhalət,
mövhumat, fanatizm qətiyyətlə tənqid olunurdu.
“Şərqi-Rus”un təsirilə artıq qəflət əleyhinə
mübarizə kütləvi və kəskin xarakter
almış, qələm əhlinin mənəvi borcuna
çevrilmişdi. Ə.Qəmküsarın
“Culfadan” adlı silsilə publisistik məqalələrinin
birində epiqraf kimi verilmiş “Dinəndə yandı dilim,
dinməyəndə dil yandı; nə dərdi gizlədə
bildim, nə aşikar elədim” beyti təkcə bir müəllifin
deyil, bütövlükdə qəzetin, ziyalıların ədəbi
mövqeyini ifadə edirdi.
“Şərqi-Rus” və onun naşiri
böyük maarif fədaisi M.Şahtaxtlının ədəbi-elmi
yaradıcılığı, publisistik irsi sovet dövrü ədəbiyyatşünaslığında,
demək olar ki, öz layiqli qiymətini almamışdır. Nə
yaxşı ki, Naxçıvan Ali Məclisinin Sədrinin 27
fevral 2006-cı il sərəncamı ilə böyük maarif
fədaisinin anadan olmasının 160 illiyi qeyd olunmuşdur. Həmin sənəddə göstərildiyi kimi, Məhəmməd
ağa Şahtaxtlı mədəniyyətlərin yaxınlaşmasına,
Qərb maarifçiliyinin ən yaxşı ənənələrinin
Azərbaycana gətirilməsinə
çalışmış, xalqımızın maariflənməsi
və mətbuatın tərəqqisi yolunda səyini əsirgəməmişdir.
Görkəmli ədibin seçilmiş əsərləri
ilk dəfə nəşr olunmuş, elmi irsi milli müstəqilliyimizin
verdiyi imkanlar səviyyəsində tədqiq edilmişdir.
Naxçıvan şəhərindəki kitab evinə onun
adı verilmişdir. Doğma diyardakı küçələrdən
biri maarifçi ədibin adını daşıyır. Eyni
zamanda, anadan olduğu Şahtaxtı kəndində
Şahtaxtinskilərin ev muzeyi təşkil olunmuşdur.
Bu günlərdə yaradılmasının 145 illiyi tamam olan milli mətbuatımızın tarixinə adı XX əsrin ilk anadilli mətbuat orqanı, ilk dəfə həftədə 3 və 5 dəfə çıxan gündəlik qəzet kimi daxil olan “Şərqi-Rus” öz ictimai amalı və təcrübəsi ilə sonrakı dövrdə mətbu fəaliyyətin artıb-çoxalmasına ciddi təkan vermiş, jurnalistika salnaməmizi zənginləşdirmiş və şərəfləndirmişdir.
Əbülfəz
QULİYEV,
AMEA-nın
müxbir üzvü, professor
Xalq qəzeti 2020.- 14 iyul.- S.9.