Professor Dilarə Seyidzadənin
“Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə
aparan yollar” kitabı türk dilində nəşr edilib
Tarix elmləri doktoru, professor Dilarə Seyidzadənin ulu öndər Heydər Əliyevin parlaq xatirəsinə həsr etdiyi “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” kitabı bu günlərdə türk dilində (XX. Yüzyıl başında Azerbaycan: bağımsızlığa uzanan yol) çapdan çıxıb. Daha əvvəl Azərbaycan, rus və ingilis dillərində nəşr edilmiş bu kitabın türk dilində buraxılması Türkiyənin elmi dairələrinin, türk tarixçiləri və tədqiqatçılarının XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda baş verən proseslərə böyük marağından irəli gəlib. Kitabda XX əsrin əvvəllərində ölkədə cərəyan edən ictimai-siyasi proseslərin geniş mənzərəsi öz əksini tapıb, mükəmməl təhlil olunub.
Azərbaycan xalqı çoxəsrlik
mübarizəsinin məntiqi nəticəsi kimi
yalnız XX əsrin sonlarında dövlət müstəqilliyinə
nail oldu. Xalqımızın suverenlik yolu ilə inamla
addımladığı indiki zamanda XX əsrin əvvəllərində canlanmağa başlamış milli
azadlıq hərəkatının, müstəqilliyimizə aparan yolların tarixi təcrübəsinin
öyrənilməsi xüsusi əhəmiyyət
kəsb edir. Belə ki, ötən əsrin əvvəllərində
islahatlardan sonrakı çar
Rusiyasında baş verən əsaslı
ictimai-siyasi və iqtisadi
dəyişikliklər məcrasında Azərbaycanda
sahibkarların görkəmli nümayəndələri,
onların ideoloqları və ziyalılar bütün
imkanlardan istifadə edərək
xalqın milli mənlik şüurunun oyanması, maariflənməsi, siyasi mədəniyyət səviyyəsinin
yüksəlməsi, vətəndaşlıq
hüquqlarından tam həcmdə istifadə
etməsi üçün mübarizəyə
rəhbərlik ediblər.
Kitabda Azərbaycan tarixi elmində ilk dəfə olaraq Rusiya Dövlət Dumasına Azərbaycandan seçilmiş deputatların fəaliyyəti
nəzərdən keçirilir,
onların Duma tribunasından
çıxışları təhlil olunur,
Rusiya parlamentinin bütün müsəlman deputatları ilə
səyləri birləşdirmək cəhdləri və kadetlərə bağladıqları
ümidlər işıqlandırılır. Ön
sözdə qeyd olunur
ki, azadlıq hərəkatının böyük yüksəlişi dövrü Azərbaycan xalqına
istedadlı, yüksək peşəkar ictimai-siyasi
xadimlərin parlaq bir
dəstəsini bəxş etdi.
Onların həyat amalı millətin mənafeyini,
azadlığını və müstəqilliyini müdafiə
etmək idi. Amansız siyasi və iqtisadi hüquqsuzluq şəraitində Rusiyanın ali nümayəndəli orqanının
yüksək tribunasından ilk dəfə
olaraq çıxış edib öz sözünü
demək imkanı qazanmış Azərbaycan ideoloqları öz xalqının ehtiyac
və ümidlərini ardıcıl surətdə və məqsədyönlü
şəkildə imperiyanın hər bir
sakininə çatdırmağa
çalışırdılar. Heç bir maneə onları tutduqları yoldan çəkindirə bilmirdi.
Rusiyanın Dövlət
Dumasındakı fəaliyyət prosesində Azərbaycan
deputatlarının topladıqları təcrübə gələcəkdə
onlara cəmiyyətin bütün
mütərəqqi qüvvələrinin səylərini birləşdirərək
Azərbaycan Xalq Cümhuriyyətini yaratmağa, milli hökumətin
rəhbər orqanlarına başçılıq etməyə
və müstəqil dövlətçiliyin
yaradılmasına başlamağa imkan verdi. Ulu
öndər Heydər Əliyev Azərbaycanda ilk
demokratik respublikanın qurulmasında
Əlimərdan bəy Topçubaşovun,
Fətəli xan Xoyskinin
və onların silahdaşlarının böyük
xidmətlərini yüksək qiymətləndirərək demişdir: “Onların gördüyü
işlər Azərbaycan xalqının bu
günü üçün
çox böyük əhəmiyyət
kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə
əziz olacaqdır. Onların xatirəsi bizim
qəlbimizdə daim yaşayacaqdır”.
Kitabın müəllifi bu
qənaətə gəlir ki, Azərbaycan
Xalq Cümhuriyyətinin yaranması XX əsrin
əvvəllərində Azərbaycan xalqının
azadlıq və müstəqillik uğrunda
apardığı mübarizənin qanunauyğun
yekunu kimi qiymətləndirilməlidir.
Azərbaycan gerçək müstəqilliyini
isə ulu öndər Heydər
Əliyevin ölkəmizin siyasi rəhbərliyinə
qayıdışından sonra qazanıb.
Tarixçi alim
əsərin “Sözardı” hissəni Prezident
İlham Əliyevin 2018-ci ildə IV Qlobal Bakı Forumunda
söylədiyi nitqindəki bu fikirlə
yekunlaşdırıb: “Bugünkü Azərbaycanın
inkişafında Azərbaycan Xalq
Cümhuriyyətinin rolu olduqca
böyük olmuşdur.
Eyni zamanda, biz bu gün
onların 100 il bundan əvvəl
qəbul etdiyi qərarlarla da
fəxr edirik.
Təəssüf ki, Azərbaycan
Xalq Cümhuriyyətinin ömrü
iki ildən bir az qısa olub və
respublikanın faciəvi süqutu
hamımız üçün dərs olub.
Həqiqi müstəqilliyin qorunub
saxlanılması onu əldə etməkdən
çox çətindir. Bugünkü
Azərbaycan tam mənada müstəqil
dövlətdir. O dövlət ki, gələcəklə
bağlı aydın baxışa malikdir.
Hesab edirəm ki, Azərbaycan
Xalq Cümhuriyyətinin qurucuları müasir Azərbaycanın
inkişafının şahidi ola bilsəydilər, bizimlə fəxr edərdilər.
İnsanlar yalnız
müstəqillik dövründə, öz
taleyinin sahibi olanda uğura nail olurlar. Bu
gün Azərbaycan bunun
bariz nümunəsidir”.
Xalq qəzeti 2020.- 14 iyul.- S.7.