Prezident İlham Əliyev: “Biz
sözümüzü tutan
ölkəyik”
Torpaqlarımızı
mütləq azad edəcəyik!
Məlum olduğu kimi, qlobal və regional münaqişələr hələ də
bəşəriyyəti təhdid edən əsas faktorlardan biridir. Təkcə
Yaxın Şərq deyil, həm də öz qaynar etno-siyasi intriqaları ilə həmişə
gündəmdə olan Qafqaz
regionu, xüsusilə, Cənubi Qafqaz bu gün
də ən böyük və müxtəlif
siyasi “dəyirmi masaların” əsas
müzakirə mövzusudur. Məsələ bundadır ki,
dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr,
beynəlxalq hüququn norma
və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq
münaqişələr, birtərəfli iqtisadi
sanksiyalar, dözümsüzlük
və humanitar böhran
vəziyyəti daha da
kəskinləşdirir. Faktiki olaraq, Ermənistanın Azərbaycanın
tarixi ərazilərinin ekspansiyasına, əhalimizə
qarşı etnik təmizləmə və
maddi-mədəniyyət nümunələrinə
qarşı vandalizm siyasətinə beynəlxalq
təşkilatlar tərəfindən adekvat
cavab verilmədikcə, regionda
sabitliyin kəskin pozulması ehtimalı
yüksəlir.
Bu gün Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib. Qısa müddətdə Ermənistanı darmadağın etmək üçün bütün imkanlara malik olan Azərbaycan beynəlxalq sülh çağırışlarına hələ də təmkinlə cavab verməkdədir. Lakin bunun qarşılığında qarşı tərəfdən real addımlar atılmır, işğal siyasəti davam etdirilir.
İyulun 6-da Prezident İlham
Əliyevin Azərbaycan televiziyalarına genişməzmunlu
müsahibəsində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, ATƏT-in
və bir sıra beynəlxalq təşkilatların
fəaliyyətinə dair önəmli məqamlara
toxundu.
Öncə onu
qeyd edək kİ, bu günlərdə Qoşulmama
Hərəkatının sədri statusunda
Prezident İlham
Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi
barədə təşəbbüsünün BMT-nin
üzvü olan 130-dan
çox dövlət tərəfindən
dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən
ölkəmizə, eləcə də dövlətimizin
başçısına olan böyük etimadın və hörmətin
növbəti təsdiqi kimi tarixiləşdi.
Lakin Azərbaycanın diplomatiya
sahəsində uğurlarını həzm edə bilməyən
Ermənistan, təbii ki, əsl sifətini
göstərərək, bu təşəbbüsə
qarşı çıxdı və bu,
gözlənilən idi.
Dövlət başçısı bu məsələyə xüsusi toxunaraq bildirdi ki, Ermənistanın təşəbbüsün əleyhinə olmasının əsas səbəbi təcavüzkar ölkədə hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır. Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürü olmaqla yanaşı, bu təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıqdır və qeyri-rasional düşüncənin məhsuludur. Dövlət başçısı qeyd etdi ki, əslində, Ermənistan özünü çox gülünc vəziyyətə qoydu. Bizim təşəbbüsümüzü 130-dan çox ölkə rəsmən dəstəklədi, özü də fərdi qaydada. Təkcə bu fakt onu sübut edir ki, Ermənistan nəinki işğalçılıq siyasəti aparır, həm də dünya siyasətində normal təşəbbüslərin belə üzərinə gedərək, onların reallaşmamasına çalışır.
Azərbaycan Prezidenti
xatırlatdı ki, doqquz
il bundan əvvəl,
yəni 2011-ci il oktyabrın 24-də
ölkəmiz 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi
üzvlüyünə keçirilən seçkilərdə
BMT-yə üzv olan
193 dövlətdən 155-nin dəstəyi ilə inamlı qələbə
qazanmışdır. Həqiqətən də,
BMT Təhlükəsizlik Şurasına qeyri-daimi
üzv qəbul olunması Azərbaycanın
diplomatiya tarixində əldə edilmiş ən böyük
nailiyyətlərdən biri olmaqla, ölkəmizin son
illər dünya miqyasında artan siyasi nüfuzunun
bariz nümunəsidir. Prezident İlham Əliyev bildirdi ki, o
zaman Azərbaycandan əvvəl Ermənistan
öz namizədliyini vermişdi:
“...Ancaq görəndə ki,
biz namizədliyimizi verdik,
bizim qarşımızda aciz
olduqlarını başa düşdülər
və namizədliklərini sakitcə geri
götürdülər – yəni, o diplomatik döyüş
arenasından qaçdılar. Ondan beş il sonra
döyüş meydanından
qaçdılar və beləliklə, Azərbaycan işğal edilmiş
torpaqların bir hissəsini
işğalçılardan azad etdi. Ona görə bu, 10 ildən sonra yenidən
bizə verilən böyük beynəlxalq
dəstəkdir. Mən öz ölkəmizi
heç kimlə müqayisə etmək
istəmirəm. Amma hesab
etmirəm ki, bir çox ölkələr BMT-də bu qədər dəstək qazana
bilər. Bu, yenə də bizim
dürüstlüyümüzün,
sözümüzə əməl etməyimizin nəticəsidir.
Mən dəfələrlə demişəm, bizim
sözümüz imzamız qədər təsirlidir
və bunun təsiri eynidir.
Biz sözümüzü
tutan ölkəyik.”
Hazırda Ermənistanda faşizm, milli ayrı-seçkilik ideologiyasının dövlət səviyyəsində qəbul olunduğunu vurğulayan Prezident İlham Əliyev xatırlatdı ki, düşmən ölkədə rejim dəyişə bilər, amma bu ölkənin faşist ideologiyası mahiyyəti dəyişməz olaraq qalır: “Faşist Njdeyə abidə ucaldan və bu abidəni müdafiə edən faşistdir. Bunu biz deyirik və artıq dünya miqyasında bu fakt haqqında kifayət qədər məlumat var. Mən bu məsələni qaldırmayana qədər heç kim bu haqda danışmırdı. Mən bu məsələni qaldırdım və buna geniş beynəlxalq dəstək təmin edildi. İndi artıq hər kəs bilir ki, Njde faşist olubdur. Bu faşist onların qəhrəmanlıq simvoludur. Onların işğalçılıq siyasəti ifşa edilib. Artıq son vaxtlar bütün aparıcı beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir və işğal haqqında kifayət qədər dolğun məlumat var.”
Ermənistan daxilində
demokratiyanın, insan haqlarının
pozulması hallarının geniş
vüsət alması və Avropa təşkilatlarının
bütün bunlara
görməzlikdən gəlməsinə münasibət bildirən
dövlət başçısı bildirdi
ki, bunun əsas səbəbi
erməni lobbisi və onun
maliyyə vəsaitidir. Erməni lobbisi
Ermənistanı bütün təşkilatlarda
müdafiə edir: “Mən bunu
şəxsən Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə
heyətinin başçısı kimi
görmüşəm. Yəni, Ermənistan tamamilə tənqiddən
kənarda idi. O vaxt
ermənipərəst deputatlar və əslən
Avropa ölkələrindən olan varlı ermənilər bütün
imkanlardan, öz maliyyə
imkanlarından istifadə edib Ermənistanı
bütün tənqidlərdən qoruyurdular”.
Bu gün Ermənistan hakimiyyəti
istənilən imkandan istifadə etməklə
Azərbaycan həqiqətlərini ört-basdır etməyə,
öz işğalçı, terrorçu və cani
imiclərini pərdələməyə
çalışsalar da, dünyanın
mütərəqqi qüvvələri bunları bilməkdədir.
Sözdə insan haqları
müdafiəçisi kimi görünməyə
çalışan Paşinyan iqtidarı
Ermənistanın keçmişdə etdiyi
cinayətlərə şərik olmamaqdan
ötrü nəinki heç
bir addım atmır, əksinə, bütün bu olanlarda öz
günahlarına müxtəlif don
geyindirmək, işğala haqq qazandırmaq siyasətini daha da təkmilləşdirməyə
çalışırlar. Məsələn, Paşinyan iqtidarının təmsilçiləri
demokratik imicə bürünməyə cəhd
göstərsələr də, onların tarixində qara ləkə kimi yerini bərkidən Xocalı
soyqırımını danmağa cəhd
etmələri, etnik təmizləmə və
işğala bəraət
qazandırmaları günün
reallığıdır.
Azərbaycan Prezidenti
bu məsələ ilə bağlı bildirdi ki, Ermənistanda insan haqlarının və demokratiyanın
pozulması bu günün
işi deyil və bu ölkədə heç
vaxt demokratiya
olmayıb, çünki Xocalı
soyqırımını törədən faşistlər demokrat ola bilməz.
Eləcə də, başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz
qoyan ölkə demokrat
ola bilməz. Dövlət
başçısı qeyd etdi ki, bir
milyon Azərbaycan vətəndaşının
və Ermənistanda yaşayan azərbaycanlıların
elementar insan
haqlarını pozmasına baxmayaraq, ermənilərə
himayədarlıq edənlər, ilk
növbədə, erməni lobbisi, onun pulları, ondan sonra Ermənistan hökumətinin Avropada çirkin lobbiçilik fəaliyyəti onları həmişə
bu tənqiddən qoruyurdu.
Prezident İlham
Əliyev vurğuladı ki, bu fəaliyyət Avropada geniş araşdırılmalıdır: “…
Bizdə kifayət qədər siqnallar var ki, bəzi siyasi xadimlər, deputatlar,
bəzi Avropa ölkələrinin
hökumət üzvləri Ermənistana xüsusi
münasibət bəsləyirlər. Elə adamlar
var ki, Dağlıq Qarabağa yüzlərlə səfər edib. Bunun arxasında nələr
dayanır, hamımız yaxşı başa
düşürük. Ona görə Avropanın
hüquq-mühafizə orqanları bu məsələni,
Ermənistan hökumətinin Avropada
korrupsiyanın yayılmasına verdiyi
dırnaqarası töhfəni, əlbəttə ki, Ermənistanın riyakar
siyasətini araşdırsınlar. Çünki
o, hər bir güc mərkəzinə o
güc mərkəzinin eşitmək
istədiyini deyir yalandan.
O, bir neçə stulda
oturmaq istəyir. Bu
günə qədər buna müvəffəq
olub. O, saxta tarixi, uydurulmuş, yüz il bundan
əvvəl dırnaqarası hadisələri –
soyqırımı istismar etmək istəyir.
Özündən qurban, yazıq bir xalq düzəltmək
istəyir. Halbuki hər kəs
yaxşı bilir ki,
ermənilər bizə qarşı soyqırımı törətmişlər.
Budur, əsas amillər”.
Son Münxen
Təhlükəsizlik Konfransındakı debatda
Azərbaycan Prezidentinə bütün intellektual kriteriyalarda
açıq-aşkar uduzan Nikol Paşinyan sələflərinin
düşüncə tərzindən heç
nə ilə fərqlənmir. N.Paşinyan
Sarkisyan və Köçəryandan mahiyyətcə
fərqlənməsə də, ən azı öz
intellektual bəsitliyini gizlədə bilməməkdə
də mahir olmadığını sübut etdi. Azərbaycan Prezidentinin
xatırlatdığı Kürəkçay müqaviləsi
faktının üzərindən keçmək istəyən,
lakin daha dərin bir tarixi
bataqlığıa düşən Paşinyan
“Böyük Tiqran”a baş vurmaqla
nəinki həmin debatın dinləyici auditoriyasının
gülüşünə səbəb oldu,
həm də Ermənistanın özündə belə qeyri-ciddi siyasətçi adlandırılaraq
sərt tənqid olundu.
Prezident İlham Əliyev müsahibəsində bir daha Münxen Təhlükəsizlik Konfransındakı Kürəkçay sülh müqaviləsi haqqında çıxışını yada salaraq diqqətə çatdırdı ki, sənəddə açıq-aydın göstərilir müqaviləni kim bağlayıb, nə vaxt bağlayıb və erməni xalqı haqqında orada, ümumiyyətlə, söhbət belə getmir: “...Mənim çıxışımdan sonra Ermənistanda Kürəkçay sülh müqaviləsini əzbərləyirlər. Bu müqaviləni bir tərəfdən İbrahim xan və digər tərəfdən Rusiya generalı imzalayıblar. İbrahim xan Qarabağlı və Şuşalı – onun vəzifəsi haqqında bax, bu epitetlər, bu sözlər deyilmişdir. Beləliklə, bu tarixi həqiqət, əlbəttə ki, Ermənistan rəhbərliyi üçün gözlənilməz idi, yəqin bu tarixi bilmirdilər”.
Baxın Ermənistan rəhbərliyinin tarixi saxtalaşdırmaq səyi hansı məcrada
irəliləyirsə, münaqişəni uzatmaq,
status-kvonu saxlamaq, Azərbaycana
qarşı ekspansiya siyasətini davam etdirmək cəhdləri də həmin
çərçivədə reallaşdırılır.
Bu baxımdan, bir sıra beynəlxalq
təşkilatların təmsilçilərinin terrorizmi, separatizmi dəstəkləyən,
etnik təmizləmə və işğal həyata keçirən bir dövlətin siyasətinə qarşı
konkret sərt mövqe,
gərəkirsə, real təzyiq göstərmək
təklifləri ilə çıxış etmələri
əvəzinə Azərbaycandakı demokratiyadan
danışmaları ədalətsiz yanaşmanın göstəricisidir.
Ermənistanla bağlı əməli iş, təzyiq metodlarının zamanı gələndə
nədənsə susmağa üstünlük verən beynəlxalq təşkilatların
bəzi təmsilçiləri ermənilərin faktiki olaraq lobbiçiliyini edir və
bu böyük korrupsiya ssenarilərinin tərkib hissəsinə
çevrilirlər.
Beynəlxalq təşkilatların bu istiqamətdə fəaliyyətsizliyini ciddi tənqid edən və Ermənistanda baş verən hadisələrə heç bir reaksiya vermədiyini bildirən Prezident
İlham Əliyev haqlı olaraq
sual edir ki, haradadır ATƏT-in media
üzrə nümayəndəsi? Hansı ki,
gecə-gündüz Azərbaycan haqqında iftiralar
uydurur və indi dəridən-qabıqdan
çıxır ki, öz
vəzifəsində qala bilsin.”...Niyə
səsini çıxarmır? Niyə həbsxanada jurnalist öləndə səsini
çıxarmayıb? Niyə pozuntular olanda səsini çıxarmayıb?
Haradadır Avropa Şurası? Niyə Ermənistan
tənqid olunmur? Niyə Ermənistan
üzrə, siyasi məhbus üzrə məruzəçi
təyin edilmir? Mən bütün
bu sualları verirəm və bu suallar cavabsız
qalır, bu suallara cavab verilmir. Çünki sərf etmir.
Nə cavab verəcəklər? Cavab verəcəklər ki,
biz saxtakarıq? Deməyəcəklər.
Sadəcə olaraq, susmağa
üstünlük verirlər”.
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun bəyanatlarına
münasibət bildirərək qeyd etdi ki, Azərbaycan
dövləti 1992-ci ildən münaqişənin nizama salınması üçün
yaradılmış və tərəfsiz vasitəçilik
missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupundan başqa bəyanatlar, konkret
bəyanatlar gözləyir və onu
eşitmək istəyir: “Ermənistanın baş
naziri deyir “Qarabağ Ermənistandır”. Buna
mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk qrupu niyə buna cavab vermir?
Niyə cavab vermir ki, bu ifadə, əslində,
Minsk qrupunun
formalaşdırdığı danışıqların
mahiyyətini alt-üst edir,
danışıqları faktiki olaraq əhəmiyyətsiz edir.
Minsk qrupunun həmsədrləri
buna adekvat reaksiya veriblər? Verməyiblər!”
Eyni zamanda, dövlət
başçısı qeyd etdi ki, Ermənistan tərəfi
iki ildir
danışıqların formatını dəyişmək
istəyir və bəyan edir ki, Azərbaycan qondarma
Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə
danışıqlar aparmalıdır. Buna
adekvat cavab verilmir: “...Bəli, bəzi mücərrəd
sözlərlə, nala-mıxa vurmaqla cavab verilir. Axı, o dövr keçibdir.
Biz aydınlıq tələb edirik. Bu addımlar kim tərəfindən atılır? Ermənistan
tərəfindən. Biz
danışıqlar formatına da sadiqik, danışıqların mahiyyətini
də əsas götürürük.
Əlbəttə ki, o
mahiyyətdə bizi heç
də hər şey qane
etmir. Ancaq biz demişik, bizi nə qane etmir və nə qane edir. Ermənistan nə edir?
“Qarabağ Ermənistandır” deməklə,
tamamilə danışıqların mahiyyətini yerə vurur. “Formatı dəyişmək
lazımdır” fikri
danışıqları əhəmiyyətsiz edir.
Yəni, buna adekvat reaksiya verilməlidir, yoxsa
yox?! Qondarma
Dağlıq Qarabağ
respublikasının saxta seçkiləri
nəticəsində seçilməmiş saxta
prezident Şuşada
andiçmə mərasimi keçirir. Buna adekvat cavab
verilir, yoxsa yox?!”
Dövlət başçısı
vurğuladı ki, Azərbaycan dövləti
təcavüzkarla təcavüzə məruz qalanın
adını çəkməyi, o cümlədən
ATƏT-in Minsk qrupundan
daha ciddi, konkret və məqsədə
ünvanlanmış bəyanatlar gözləyir: “...Ermənistan
işğal edilmiş
torpaqlarda qanunsuz məskunlaşma
aparır. Mən bu məsələni dəfələrlə
qaldırmışam. Bizim bütün
beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin
üzvlərinə göstəriş verilib
ki, bu məsələ
onların gündəliyində bir
nömrəli məsələ olmalıdır. Bu məsələ ilə bağlı Minsk qrupunun həmsədrləri
açıqlama verir, yoxsa
yox?! ATƏT-in axırıncı
faktaraşdırıcı missiyası işğal
olunmuş torpaqlarda 10
il bundan əvvəl olub. On il
keçib. Son bir neçə il ərzində
biz onlara təkidlə
deyirik ki, yeni missiya getməlidir. Bu 10 il ərzində Ermənistan
Suriyadan və başqa
yerlərdən erməniləri oraya gətirib,
onları zorla saxlayır. Bizim
şəhərlərimizin tarixi
adlarını dəyişdirir, işğal
edilmiş torpaqlarda
kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır. Dəfələrlə
demişik onlara. Reaksiya var? Yoxdur!
Yəni,10 il ərzində faktaraşdırıcı
missiyanı göndərmək olmaz?
İstəmirlər. Gedib nə görəcəklər?!
Görəcəklər ki, orada məskunlaşma gedir.
Amma bunu 10 il bundan əvvəl öz məruzələrində əks etdiriblər.
Yəqin ki, indi əks
etdirmək istəmirlər. Bu haqda bəyanat verib Minsk qrupu? Verməyib!”.
Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, bu gün
faktiki olaraq
danışıqlar prosesi getmir.
Ermənistan və Azərbaycan xarici
işlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti
yoxdur və bu, sadəcə
olaraq, Minsk qrupunun sanki fəaliyyətdə
olduğunu göstərir. Azərbaycan
danışıqları imitasiya üçün aparası deyil
və biz danışıqları mahiyyət
üzrə aparmaq istəyirik... Əks halda, mənasız danışıqların
aparılmasına heç bir
ehtiyac qalmayacaq: “Bax, biz Minsk
qrupundan bunu gözləyirik
və öz mövqeyimizdə möhkəm
dayanmışıq, haqq-ədalət bizim
tərəfimizdədir. Biz haqlı
olmağımızı həm beynəlxalq arenalarda
göstərmişik, həm də döyüş
meydanında və heç kimin Aprel döyüşləri
yadından çıxmasın”.
Beləliklə, dövlət başçısı İlham Əliyevin son müsahibəsindəki qətiyyətli fikirlər bunu deməyə əsas verir ki, Azərbaycan Prezidenti ölkə ictimaiyyəti ilə bu məsələdə tam olaraq eyni düşünür. Dövlət başçısının fikirlərindən aydın şəkildə sezildi ki, biz sülhə yönəlik siyasət apardığımız kimi, hərbi eskalasiyalara da tam hazırıq və pik həddə bu hüququmuzu tam əlimizdə saxlayırıq.
Anar TURAN
Xalq qəzeti 2020.- 14 iyul.- S.6.