Azərbaycan Ordusu düşmənə ağır zərbə vurdu

İyulun 13-nə keçən gecə işğalçı Ermənistan ordusu Azərbaycanla sərhəddə yenidən təxribat törətməyə cəhd etdi. İyulun 12-də bu ölkənin silahlı qüvvələri Azərbaycan- Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriyadan istifadə edərək hücuma keçməyə çalışıblar.

Bununla bağlı Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumatda bildi­rilir ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik da­vam edib. Artilleriya, minaatan və tank­ların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsinin ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir.

“Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir”, – bu barədə Azərbaycan Müdafiə Nazirliyi bildirir.

Dünən Müdafiə Nazirliyindən verilmiş başqa bir məlumatda isə qeyd edilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qum­baraatanlardan, snayper tüfənglərindən, 60, 82 və 120 millimetrlik minaatanlar­dan və digər artilleriya qurğularından da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 70 dəfə pozublar.

Məlumata görə, Ermənistanın Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun To­vuz rayonunun Ağdam kəndində yerləşən mövqeləri atəşə tutulub. Həmçinin Ağdam rayonunun işğal altında olan Novruzlu, Mərzili, Xocavənd rayonu­nun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, Goranboy, Tərtər və Xocavənd rayon­ları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Xatırlatmaq yerinə düşərdi ki, son zamanlar Ermənistan rəsmiləri tərəfindən hərbi ritorika kifayət qədər güclənmişdi. Ölkə rəhbərləri tez-tez Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regi­onuna səfərlər edir, ölkəmizə qarşı güc tətbiq etməyə çalışırdılar. İyulun 6-da Ermənistan prezidenti Armen Sarkis­yan Dağlıq Qarabağ bölgəsinə səfərə getmişdi. Bu barədə Ermənistan saytları xəbər vermişdi. Amma səfərin detalları açıqlanmırdı. Ondan qabaq – mayın əvvəllərində isə Ermənistanın baş naziri Nikol Paşinyan Şuşaya gələrək bu qədim Azərbaycan şəhərinin işğalı ilə bağlı tədbirlərə qoşulmuşdu.

Amma Azərbaycan Ordusu işğalçı erməni ordusuna həmişə olduğu kimi, bu dəfə də layiqli cavab verdi. Artıq qeyd etdiyimiz kimi, düşmənin dayaq məntəqəsi bütün hərbi texnikası və canlı qüvvəsi ilə birgə yerlə-yeksan edildi. Amma Ermənistan kütləvi informasi­ya vasitələrində Azərbaycana məxsus PUA-nın guya vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayı­lıb. Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, bu xəbər həqiqətə uyğun de­yil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur.

Ermənilər iyulun 13-də gecə törətdikləri təxribatla bağlı Rusiya mətbuatına da yalan məlumatlar sı­rımaqdadırlar. Dünən “İnterfaks.ru” Ermənistan MN-nin mətbuat katibi Şuşan Stepanyanın yaydığı yalan məlumatı dərc edib. Stepanyanın sözlərinə görə, guya, bazar günü gündüz Azərbaycan hərbçiləri UAZ avtomobilində sərhədi pozmağa, sonra isə artilleriya atəşi altında dayaq məntəqəsini tutmağa cəhd ediblər. Erməni tərəfi isə cavab atəşi açıb. Azərbaycan tərəfinin itkiləri guya çox olub, ermənilər isə itki verməyiblər. Ən gülməlisi isə budur ki, Stepanyan Ermənistan XİN başçısı Zöhrab Mnasa­kanyanın sərhəddə baş verənlərlə bağlı ATƏT-in Minsk qrununun həmsədrləri ilə daim əlaqədə olduğunu qeyd edib. Belə çıxır ki, Mnasakanyan Ermənistan ordu­sunun Azərbaycana məxsus yeni əraziləri işğal etmək arzusu barədə Minsk qrupunu məlumatlandırırmış.

Amma Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Facebook sosial şəbəkəsində Azərbaycanı müdafiə edən bəyanat yayıb. O, əslində, İrəvanı qıcıqlandıran bir statusla çıxış edərək yazıb: “Hazırda Sankt-Peterburq Fo­rumu və Bakıda “Jara” lazımdır. Siz yəqin nə demək istədiyimi anladınız”. Ermənistanın “Lragir.am” saytı Zaxaro­vanın bu statusunu dərc edərkən yazısına belə bir başlıq qoyub: “Mariya Zaxarova­nın qəribə yazısı”.

Lragir.am” saytı daha sonra məlumat yayıb ki, Azərbaycan Xarici İşlər Nazir­liyinin fikrincə, Azərbaycan-Ermənistan sərhədində təxribatların əsas məqsədi Ermənistan Prezident Administrasiya­sının və Xarici İşlər Nazirliyinin rəsmi İrəvana kömək üçün KTMT-yə davamlı müraciətidir:Amma Ermənistan heç kimdən kömək istəməyib”. Bu da növbəti erməni yalanı.

Maraqlıdır ki, həmin “Lragir.am” dünən səhər saat 10.17-də “Zöhrab Mnat­sakanyan KTMT baş katibi ilə telefonla danışdı” başlığı ilə yazı dərc edib. Xeyir ola, görəsən, Ermənistan XİN başçısı özlərinin təxribat törətdiyi bir vaxtda belaruslu generala nə məqsədlə zəng edir? Bu zəng KTMT-dən kömək istəyi deyilsə, nədir?!..

Ermənistan KTMT ölkələrini öz çirkin siyasətinin əsirinə çevirməyə və təşkilatın arxasında daldalanmağa çalışır. Lakin onların bu ümidləri də puç oldu. KTMT daxilində sağlam məntiq qalib gəldi və sözügedən məsələ ilə bağlı təşkilatın planlaşdırılan növbədənkənar daimi şura görüşü ləğv olundu. Bu barədə xəbər KTMT internet ünvanından silindi. KTMT ölkələri də Ermənistanın məkrli niyyətini yaxşı başa düşür.

Şübhəsiz ki, Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı həm də Paşinyan hökumətinin əhalinin diqqətini daxili problemlərdən yayındırmaq cəhdidir. Hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Ciddi sosial-iqtisadi çətinliklər, korrupsi­ya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağaöz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxarmağa hesablanıb. Paşin­yan hesab edir ki, xarici təhlükə qarşı­sında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı for­malaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşin­yanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyi az ehtimal olunur.

Eyni zamanda, Paşinyan hökuməti yaxşı bilir ki, 2016-cı ilin 4 günlük Aprel döyüşlərində Ermənistan Azərbaycan Ordusundan tarixi bir dərs aldı. Məhz 2016-cı ilin aprelində Ermənistanın dinc Azərbaycan əhalisinə qarşı hərbi təxribatlarına cavab olaraq ordumuzun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi, minlərlə hektar torpağımız işğalçılardan azad edi­libo torpaqlarda Azərbaycan bayrağı ucaldılıb. 2018-ci ildə keçirilmiş uğurlu Naxçıvan əməliyyatı nəticəsində isə 10 min hektardan çox ərazimiz işğalçılardan təmizlənib və bir neçə önəmli strateji yüksəklik azad edilib. Bu yüksəkliklər hazırda bizə imkan verir ki, Ermənistanın strateji kommunikasiyalarına tam nəzarət edə bilək. Bu, son illərdə Azərbaycanın Ermənistan üzərində ikinci hərbi qələbəsi idi.

Görünür, Ermənistan Azərbaycan Ordusunun erməni əsgəri üzərində üçün­cü – 13 iyul qələbəsinin əhəmiyyətini kiçiltməyə çalışır. Ancaq fakt budur ki, Azərbaycan ərazilərini işğal etməyə çalışmış erməni ordusu yeni böyük məğlubiyyətlə üzləşərək geri çəkilməli olub. Bunu “Lragir.am”-ın informasiya­larından da görmək olur: “Müdafiə naziri David Tonoyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşik ilə daim əlaqədədir”. Nədir, yox­sa Tonoyan ATƏT-i də köməyə çağırır?!

Amma Azərbaycana hər tərəfdən dəstək gəlir. Eyni zamanda, ATƏT-də də, Avropa İttifaqında da Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin haqlı və ədalətli möv­qeyi həmin təşkilatların müvafiq sənədlərində əks olunub. 2018-ci ildə Brüsseldə paraflanmış Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetləri adlı sənəddə də tərəflərin bir-birinin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və ölkələrin beynəlxalq sərhədlərinin toxunulmaz­lığının dəstəklənməsi öhdəliyi gələcək tərəfdaşlığın sütunlarından biri kimi təsbit edilmişdir

Beləliklə, Azərbaycan əsgəri Ermənistan ordusu üzərində üstünlüyünü bir daha təsdiq etdi. Ermənilərin, nəinki işğal iştahalarını gözlərində qoydu, həm də hərbi hissələri darmadağın edildi. Şübhəsiz ki, Ermənistanın canlı qüvvə itkiləri də tezliklə açıqlanacaq. Hər halda, bu ölkədəki “Əsgər anaları” təşkilatı oğullarının ölümü ilə bağlı məlumatların gizli qalmasına yol verməyəcəklər. Azərbaycan Ordusu isə hər şeyi açıq elan edir. Düşmən geri oturdulub, mövqeləri dağıdılıb. Və sair. Qoy Paşinyan da qu­laqlarını yaxşı-yaxşı açıb eşitsin: Bundan sonra belə olacaq, Azərbaycan Ordusu daim qələbə qazanacaq!

 

Uğurların bol olsun, Azərbaycan əsgəri!..

Paşa ƏMİRCANOV

Xalq qəzeti  2020.- 14 iyul.- S.4.