Dövlət
Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Nizamnaməsi
Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 30 iyun tarixli Fərmanı ilə
təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
(bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və
əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində
(bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən
publik hüquqi şəxsdir.
1.2. Agentlik Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik)
tabeliyində fəaliyyət göstərir.
1.3.
Agentlik öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələri, Azərbaycan
Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan
Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin
sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin
normativ-hüquqi aktlarını, Azərbaycan Respublikası
Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr
və sərəncamlarını rəhbər tutur.
1.4.
Agentlik öz vəzifələrini yerinə yetirərkən və
hüquqlarını həyata keçirərkən dövlət
və yerli özünüidarəetmə orqanları, həmkarlar
ittifaqları, beynəlxalq və qeyri-hökumət təşkilatları
ilə digər hüquqi və fiziki şəxslərlə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərir.
1.5.
Agentlik ümumdövlət və ictimai əhəmiyyət
daşıyan fəaliyyətlə məşğul olur. Azərbaycan
Respublikası Prezidentinin müəyyən etdiyi hallarda
Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə
nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə
məşğul ola bilər.
1.6.
Agentliyin müstəqil balansı, əmlakı, xəzinə,
bank hesabları, loqotipi (emblemi), üzərində Nazirliyin
adı və öz adı həkk olunmuş möhürü,
müvafiq ştampları və blankları vardır.
1.7. Qanuna
uyğun olaraq, Agentliyin əqdlər bağlamaq, öz
adından əmlak və qeyri-əmlak hüquqları əldə
etmək və həyata keçirmək hüququ, həmçinin
vəzifələri vardır. Agentlik məhkəmədə
iddiaçı və ya cavabdeh qismində
çıxış edə bilər.
1.8. Agentlik Bakı şəhərində yerləşir.
2.
Agentliyin fəaliyyət istiqamətləri
2.1.
Agentliyin fəaliyyət istiqamətləri
aşağıdakılardır:
2.1.1. müvafiq sahənin inkişafını təmin
etmək;
2.1.2. müvafiq sahədə dövlət siyasətinin
formalaşdırılması ilə bağlı Nazirliyə
təkliflər vermək, həmin siyasətin həyata
keçirilməsində iştirak etmək;
2.1.3. müvafiq sahədə aidiyyəti dövlət
orqanları (qurumları) ilə əməkdaşlıq etmək,
təkliflərin işlənib hazırlanmasında və həyata
keçirilməsində iştirak etmək;
2.1.4. strukturuna daxil olan tibbi-sosial ekspert
komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini
həyata keçirmək;
2.1.5. əlilliyi olan şəxslərin tibbi, peşə-əmək,
psixoloji-pedaqoji reabilitasiyası və sosial
bacarıqlarının inkişafı məqsədilə Fərdi
Reabilitasiya Proqramı tərtib etmək və onun icrasına nəzarət
etmək;
2.1.6. infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin
istifadəsi üçün
uyğunlaşdırılması məqsədilə tədbirlər
görmək;
2.1.7. müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi
və şəffaflığın artırılması,
göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi,
onların elektron qaydada həyata keçirilməsi məqsədilə
tədbirlər görmək, habelə innovativ ideya və təklifləri
dəstəkləmək;
2.1.8. bu Nizamnamədə müəyyən edilən
digər istiqamətlərdə fəaliyyət göstərmək.
3.
Agentliyin vəzifələri və hüquqları
3.1. Bu
Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət
istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri
aşağıdakılardır:
3.1.1. müvafiq sahədə normativ-hüquqi
aktların, inkişaf konsepsiyalarının və məqsədli
proqramların hazırlanmasında və həyata
keçirilməsində iştirak etmək;
3.1.2. müvafiq sahədə tibbi-sosial ekspertiza
keçirərək, şəxslərin əlilliyini və
reabilitasiya imkanlarını qiymətləndirmək;
3.1.3. əlilliyin və reabilitasiya imkanlarının
qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin
dərəcəsini, əlilliyin müddəti və səbəbi
barədə qərar qəbulunu təmin etmək;
3.1.4.
tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyi
müəyyən olunan şəxslərin Fərdi Reabilitasiya
Proqramını tərtib etmək və onun icrasına nəzarət
etmək;
3.1.5.
istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri
nəticəsində işçinin peşə əmək
qabiliyyətini, fiziki şəxsin sağlamlığına xəsarət
yetirilmə nəticəsində və ya başqa şəkildə
pozulmuş əmək qabiliyyətinin itirilmə faizini, habelə
istehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi
ilə əlaqədar işçinin (sağlamlığı
xəsarət yetirilmə nəticəsində və ya
başqa şəkildə pozulmuş fiziki şəxsin) əlavə
xərclərə (müalicəyə, əlavə qidalanmaya,
dərman alınmasına, protezləşdirməyə,
başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə,
xüsusi nəqliyyat vasitəsinin verilməsinə və
başqa peşə öyrədilməsinə) ehtiyacı
olub-olmadığını tibbi-sosial ekspert komissiyaları
vasitəsilə müəyyən etmək;
3.1.6. əlilliyi olan şəxsin müayinə və
müalicə məqsədilə səhiyyə və ya
reabilitasiya müəssisəsinə göndərilməsi barədə
qərar qəbul etmək;
3.1.7. istehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində əlilliyi
müəyyən edilmiş şəxslərin
ölümünün qeyd edilən hadisələrlə əlaqəsinin
tibbi-sosial ekspert komissiyaları tərəfindən müəyyənləşdirilməsini
təmin etmək;
3.1.8. əlilliyin yaranmasına, inkişafına və
nəticəsinə təsir göstərən səbəblər,
şərait və amillərlə, habelə əlilliyin
qarşısının alınması ilə bağlı təkliflərini
Nazirliyə təqdim etmək;
3.1.9. əlilliyi olan şəxslərə “Psixoloji
yardım haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq psixoloji yardım göstərmək;
3.1.10. əlilliyi olan şəxslərin
reabilitasiyasının həyata keçirilməsini təşkil
etmək;
3.1.11.
“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili
(xüsusi təhsil) haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq sağlamlıq
imkanları məhdud şəxslərin pedaqoji-psixoloji
reabilitasiyasının təşkili üçün tədbirlər
görmək;
3.1.12. işləyən əlilliyi olan şəxslərin
səhhətinin peşə vəzifələrini yerinə
yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin
səhhəti və əmək təhlükəsizliyi
üçün təhlükə törətdiyi hallar barədə
tibbi-sosial ekspert komissiyaları tərəfindən rəy
verilməsini təmin etmək;
3.1.13. əlilliyin qarşısının
alınması və əlilliyi olan şəxslərin
reabilitasiyasına dair Nazirliyə təkliflər vermək;
3.1.14. əlilliyi
müəyyən edilmiş
çağırışyaşlı şəxslər
haqqında Azərbaycan Respublikasının Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə
və bölmələrinə elektron qaydada məlumat verilməsini
təmin etmək;
3.1.15.
Agentliyin tabeliyindəki qurumlar vasitəsilə əlilliyi olan
şəxsləri reabilitasiya vasitələri ilə
onların yaşayış yeri üzrə təmin etmək;
3.1.16. reabilitasiya vasitələrinin texniki
normativ-hüquqi aktlara uyğunluğuna nəzarət etmək,
onların tibbi-texniki sınaqlarının keçirilməsini
təşkil etmək və yaxud bu məqsədlə mütəxəssisləri
cəlb etmək;
3.1.17. tabeliyindəki qurumlar tərəfindən
protez-ortopedik məmulatların ayrı-ayrı növlərinin,
protez ayaqqabılarının və digər reabilitasiya vasitələrinin
istehsal olunmasını, protez-ortopedik məhsulların
istehsalında müasir texnologiyaların tətbiqini təmin
etmək;
3.1.18. əlilliyi olan şəxslərin tibbi, peşə-əmək,
psixoloji-pedaqoji reabilitasiyasını və sosial
bacarıqlarının inkişafını həyata
keçirmək;
3.1.19. Azərbaycan
Respublikasının beynəlxalq müqavilələri ilə
tənzimlənən və Agentliyin səlahiyyətinə aid
olan məsələlər üzrə Azərbaycan
Respublikasının götürdüyü öhdəliklərin
yerinə yetirilməsində iştirak etmək;
3.1.20.
Agentliyin maddi-texniki bazasının möhkəmləndirilməsi,
î cümlədən
müasir informasiya texnologiyaları ilə təmin edilməsi
barədə təkliflər vermək;
3.1.21.
müvafiq sahədə elektron xidmətləri “Dövlət
informasiya ehtiyatları və sistemlərinin
formalaşdırılması, aparılması,
inteqrasiyası və arxivləşdirilməsi
Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə
bağlı bəzi tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli
Fərmanı nəzərə alınmaqla, Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş
elektron informasiya sistemi haqqında” Əsasnaməyə
uyğun olaraq təşkil etmək;
3.1.22.
Agentliyə daxil olan müraciətlərə “Vətəndaşların
müraciətləri haqqında”, “İnzibati icraat
haqqında” və “İnformasiya əldə etmək haqqında”
Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq
baxmaq, qanunla müəyyən edilmiş qaydada tədbirlər
görmək;
3.1.23. fəaliyyət istiqaməti üzrə statistik
hesabatları Nazirliyə və aidiyyəti üzrə
müvafiq dövlət orqanlarına təqdim etmək;
3.1.24. dövlət orqanlarının
(qurumlarının), yerli özünüidarəetmə
orqanlarının, hüquqi və fiziki şəxslərin
müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;
3.1.25. dövlət və kommersiya sirrinin, habelə məxfilik
rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.26.
Agentliyin informasiya təminatını təşkil etmək və
onun təhlükəsizliyini təmin etmək;
3.1.27.
öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını,
internet saytının yaradılmasını, malik olduğu və
siyahısı “İnformasiya əldə etmək haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin
saytda yerləşdirilməsini və bu informasiyanın daim
yenilənməsini təmin etmək;
3.1.28. fəaliyyət istiqamətlərinə aid sahələrdə
peşəkar kadrlar hazırlanması, mövcud kadrların
ixtisasının artırılması ilə bağlı təkliflər
vermək, onların həyata keçirilməsində
iştirak etmək;
3.1.29.
Agentliyə ayrılan büdcə vəsaitindən, kredit,
qrant və digər maliyyə vəsaitindən təyinatı
üzrə səmərəli istifadə olunmasını təmin
etmək;
3.1.30. qabaqcıl beynəlxalq təcrübəni nəzərə
almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini
təmin etmək;
3.1.31. müvafiq sahə ilə bağlı innovativ
layihələrdən (o cümlədən startaplardan) istifadə
imkanını araşdırmaq və Nazirliyə təkliflər
vermək;
3.1.32. müvafiq sahədə peşəkar mütəxəssislər
hazırlanması və tədris proqramlarının tərtibi
ilə bağlı təkliflər vermək və onların həyata
keçirilməsində iştirak etmək;
3.1.33.
Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi
üçün tədbirlər görmək;
3.1.34. fəaliyyəti ilə bağlı malların
(işlərin və xidmətlərin) satın
alınmasını “Dövlət satınalmaları
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq həyata keçirmək;
3.1.35. kargüzarlığı və vətəndaşların
qəbulunu müvafiq normativ-hüquqi aktların tələblərinə
uyğun təşkil etmək, Agentlik əməkdaşlarının
əlavə təhsili və peşəkarlığının
yüksəldilməsi üçün tədbirlər
görmək;
3.1.36. bu Nizamnamə ilə müəyyən
edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2. Bu
Nizamnamə ilə müəyyən edilmiş vəzifələri
yerinə yetirmək üçün Agentliyin
aşağıdakı hüquqları vardır:
3.2.1. müvafiq sahədə normativ-hüquqi
aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik
edilməsi, aktın şərh edilməsi, qüvvəsinin
dayandırılması və ya ləğv edilməsi barədə
Nazirliyə təkliflər vermək;
3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə
Azərbaycan Respublikasının tərəfdar
çıxması barədə təkliflər vermək;
3.2.3. icrası məcburi olan göstərişlər
vermək və bundan irəli gələn tədbirlər
görmək;
3.2.4.
tibbi-sosial ekspert komissiyalarının qərarlarından
narazı olan vətəndaşların müraciəti əsasında,
habelə əlilliyin qiymətləndirilməsi barədə
tibbi-sosial ekspert komissiyasının qərarının
düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olduqda, əlilliyi
müəyyən edilmiş şəxsləri əyani
müayinəyə cəlb etmək;
3.2.5.
tibbi-sosial ekspert komissiyasının qərarının
qüvvədə saxlanılması, dəyişdirilməsi və
ya ləğvi barədə qərar qəbul etmək;
3.2.6. fəaliyyət istiqamətləri üzrə rəy
və təkliflər vermək, təhlillər və
ümumiləşdirmələr aparmaq, analitik materiallar
hazırlamaq;
3.2.7. fəaliyyət istiqamətlərinə aid məsələlərlə
bağlı konfranslar, müşavirələr, seminarlar
keçirmək və digər tədbirlər təşkil
etmək;
3.2.8.
tibbi-sosial ekspert komissiyalarının qərar qəbul etməkdə
çətinlik çəkdiyi mürəkkəb ekspertiza
hallarında tibbi-sosial ekspert komissiyalarına məsləhət
vermək;
3.2.9. dövlət orqanlarına (qurumlarına), yerli
özünüidarəetmə orqanlarına, hüquqi və
fiziki şəxslərə zəruri məlumatlar (sənədlər)
barədə sorğu vermək və onlardan belə məlumatları
(sənədləri) almaq;
3.2.10. xüsusi bülletenlər və digər nəşrlər
buraxmaq;
3.2.11. müvafiq sahədə beynəlxalq təcrübənin
tətbiqi imkanlarının araşdırılması məqsədilə
beynəlxalq təşkilatlarla, xarici dövlətlərin
aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq
etmək, xarici dövlətlərin müvafiq təcrübəsini
öyrənmək;
3.2.12. müstəqil ekspertləri və mütəxəssisləri
öz fəaliyyətinə cəlb etmək;
3.2.13. əməkdaşlarını dövlət təltiflərinə
və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi
üçün tədbirlər görmək;
3.2.14. fəaliyyət istiqamətlərinə aid məsələlərlə
bağlı araşdırmalar aparmaq, işçi qruplar və
komissiyalar yaratmaq;
3.2.15. bu Nizamnamə ilə müəyyən
edilmiş digər hüquqları həyata keçirmək.
4.
Agentliyin idarə olunması
4.1.
Agentlik öz fəaliyyətində və idarəetmədə
mütərəqqi korporativ idarəetmə
standartlarını tətbiq edir.
4.2.
Agentliyin idarəetmə orqanı İdarə Heyətidir.
4.3.
İdarə Heyəti Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi
və nəzarəti həyata keçirir.
4.4.
İdarə Heyətinin tərkibi 4 (dörd) nəfərdən
– Azərbaycan Respublikasının Əmək və əhalinin
sosial müdafiəsi naziri tərəfindən vəzifəyə
təyin və vəzifədən azad edilən İdarə
Heyətinin sədrindən və onun 3 (üç)
müavinindən ibarətdir.
4.5.
İdarə Heyətinin vəzifələri
aşağıdakılardır:
4.5.1. təsisçinin səlahiyyətlərinin həyata
keçirilməsi üçün Nazirliyə təkliflər
vermək və sənədlər (o cümlədən
Agentliyin illik maliyyə hesabatını və fəaliyyətinə
dair illik hesabatı) təqdim etmək;
4.5.2.
Agentliyin strateji məqsəd və planlarını müəyyən
etmək, inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi
üçün Nazirliyə təkliflər vermək;
4.5.3.
Agentliyin fəaliyyətini təşkil etmək və ona nəzarət
etmək;
4.5.4.
Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini
Nazirliklə razılaşdırmaqla təsdiq etmək;
4.5.5.
Agentliyin strukturunun, habelə işçilərinin
sayının yuxarı həddinin və əməkhaqlarının
(o cümlədən dövlət büdcəsi vəsaiti
hesabına əməkhaqqına əlavələr,
mükafatlar və digər ödənişlər) təsdiq
edilməsi üçün Nazirliyə təkliflər vermək;
4.5.6.
Nazirliyin razılığı ilə Agentliyin təsərrüfat
cəmiyyətlərinin yaradılması və ya onlarda
iştirak barədə, həmçinin Agentliyin idarə,
filial və nümayəndəliklərinin yaradılması
barədə qərar qəbul etmək;
4.5.7.
Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən
maraqlar münaqişəsinin istisna olunması
qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin
əsasnamələrini, habelə digər təsərrüfat
cəmiyyətlərinin nizamnamələrini Nazirliklə
razılaşdırmaqla təsdiq etmək;
4.5.8.
Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;
4.5.9.
Nazirliyin razılığı ilə Agentliyin kənar
auditorunu təyin etmək və audit hesabatını qəbul
etmək;
4.5.10. kənar auditorun yoxlamalarının, habelə
digər yoxlamaların nəticələrinə dair tədbirlər
görmək;
4.5.11.
Agentlikdə daxili audit bölməsi yaradıldığı
halda, daxili audit bölməsinin fəaliyyətinə nəzarət
etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə
bu Nizamnamənin 4.11.11-ci yarımbəndi nəzərə
alınmaqla, onun üzvlərini vəzifəyə təyin və
vəzifədən azad etmək;
4.5.12.
Nazirliyin razılığı ilə Agentliyin xalis aktivlərinin
dəyərinin 25 faizindən artıq məbləğdə
olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və
aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin
5 faizini və daha çox hissəsini təşkil edən əqdin
bağlanması haqqında qərar qəbul etmək;
4.5.13. aidiyyəti şəxslə dəyəri
Agentliyin aktivlərinin 5 faizədək hissəsini təşkil
edən əqdin bağlanması haqqında qərar qəbul
etmək;
4.5.14. bu Nizamnamənin 3.1.27-ci yarımbəndində
nəzərdə tutulan vəsaitdən təyinatı üzrə
səmərəli istifadə olunmasını təmin etmək;
4.5.15.
Agentliyin strateji məqsəd və planlarının, habelə
büdcəsinin icrasına nəzarət etmək;
4.5.16.
İdarə Heyəti üzvlərinin müraciətlərinə
baxmaq və qərar qəbul etmək;
4.5.17. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində
nəzərdə tutulmuş məsələlərin həlli
üçün tədbirlər görmək;
4.5.18. təsisçinin və İdarə Heyəti sədrinin
səlahiyyətlərinə aid edilməyən bütün
digər məsələlər barədə qərar vermək.
4.6.
İdarə Heyətinin sədri müvəqqəti
olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti
üzvləri arasından sədrin müəyyən etdiyi
şəxs icra edir.
4.7.
İdarə Heyətinin iclası ayda azı 1 (bir) dəfə
çağırılır. İdarə Heyətinin
iclaslarının keçirilməsi təşəbbüsü
ilə İdarə Heyətinin üzvü
çıxış edir. İdarə Heyətinin
iclasları üzvlərinin yarıdan çoxu iştirak
etdikdə səlahiyyətlidir. İdarə
Heyətinin iclasında hər üzvün bir səsi olmaqla, qərarlar
sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf
qalmasına icazə verilmir. Səslərin
sayı bərabər olduqda, İdarə Heyəti sədrinin
(və ya onu əvəz edən digər üzvün) səsi
həlledicidir.
4.8.
İdarə Heyətinin üzvlərinə iclasın
keçiriləcəyi yer və vaxt, habelə gündəliyə
daxil edilmiş məsələlər barədə iclasa
azı 3 (üç) iş günü qalmış, zəruri
sənədlər əlavə edilməklə yazılı məlumat
verilir.
4.9.
İclasın gündəliyinə İdarə Heyətinin hər
hansı üzvünün maraqlarına toxunan məsələ
çıxarıldıqda, həmin üzv bununla bağlı
maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin
müzakirəsində və həmin məsələyə
dair səsvermədə iştirak etməməlidir.
4.10.
Gündəliyə daxil edilməmiş və ya tələb
olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş
məsələlər barədə, bütün
iştirakçı üzvlərin razılıq verdiyi hallar
istisna olmaqla qərar qəbul edilə bilməz.
4.11.
İdarə Heyətinin sədri:
4.11.1.
Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və
onu təmsil edir; İdarə Heyətinin fəaliyyətini təşkil
edir, iclaslarının gündəliyini müəyyənləşdirir
və iclaslarına sədrlik edir;
4.11.2. öz təşəbbüsü ilə və
İdarə Heyətinin digər üzvünün təşəbbüsü
ilə İdarə Heyətinin iclaslarını
çağırır;
4.11.3. öz təşəbbüsü ilə, habelə
İdarə Heyətinin hər hansı bir üzvünün
xahişi əsasında digər şəxsləri İdarə
Heyətinin iclasında iştirak etməyə dəvət
edir;
4.11.4.
Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar
icrası məcburi olan daxili sərəncam və əmrlər
verir;
4.11.5.
Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul
olunmuş aktların icrasını təşkil edir,
yoxlayır və buna nəzarəti həyata keçirir;
4.11.6.
Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə
zidd olan qərarlarını ləğv edir;
4.11.7. müəyyən edilmiş struktur, əməkhaqqı
fondu və işçilərin say həddi daxilində
Agentliyin Aparatının, digər struktur bölmələrinin
strukturunu, ştat cədvəlini və xərclər
smetasını Nazirliklə razılaşdırmaqla təsdiq
edir;
4.11.8.
Agentliyin işçilərinin vəzifə
maaşlarının, vəzifə maaşlarına əlavələrin,
mükafatların və digər ödənişlərin
verilməsini əməkhaqqı fondu çərçivəsində
təşkil edir;
4.11.9. bu
Nizamnamə ilə müəyyən edilmiş hallar istisna
olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və
nümayəndəliklərinin, habelə tabeliyindəki digər
qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində
isə yalnız rəhbərlərin) vəzifəyə təyin
və vəzifədən azad edilməsi, onlar barəsində
həvəsləndirmə və intizam tənbehi tədbirləri
görülməsi barədə Nazirliklə
razılaşdırmaqla qərarlar qəbul edir;
4.11.10.
Agentliyin əmlakından onun Nizamnaməsində nəzərdə
tutulmuş məqsədlərə uyğun istifadə
olunmasına nəzarət edir;
4.11.11. bu Nizamnamə ilə müəyyən
edilmiş səlahiyyətlər çərçivəsində
Agentliyin adından əməliyyatlar aparır, müqavilələr
bağlayır və onların yerinə yetirilməsini təmin
edir;
4.11.12.
Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı
məşvərətçi komitələr və
işçi qruplar yaradır;
4.11.13.
Agentlikdə fəaliyyət istiqamətləri üzrə
dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla
qorunan digər məlumatların mühafizəsi
üçün zəruri tədbirlər görür;
4.11.14.
Agentlikdə kargüzarlıq və arxiv işinin
aparılmasını təmin edir;
4.11.15. müavinləri və struktur bölmələrinin
rəhbərləri arasında vəzifə bölgüsü
aparır;
4.11.16.
Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların
qəbulunu təmin edir.
4.12.
İdarə Heyətinin üzvləri:
4.12.1.
İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin
həllində iştirak edirlər;
4.12.2.
İdarə Heyətinin iclasının gündəliyi ilə
və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən
tanış olurlar;
4.12.3.
İdarə Heyətinin qəbul ediləcək qərarlarına
dair fikir bildirirlər;
4.12.4.
İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə
onun iclaslarında baxmaq barədə təkliflər verirlər;
4.12.5.
İdarə Heyətinin qərarları, iclas protokolları ilə
və digər sənədlərlə tanış
olurlar.
4.13.
İdarə Heyətinin üzvləri onun iclaslarında
baxılan məsələlərə qərəzsiz
yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək
hərəkətlərə və çıxışlara
yol verməməlidirlər, həmçinin Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində
müəyyən edilmiş digər tələbləri yerinə
yetirməlidirlər.
5.
Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin
əsasları
5.1.
Agentliyin nizamnamə fondu 1 000 000 (bir milyon) manatdır.
5.2.
Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin
verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən
ayrılan vəsaitdən, fəaliyyətindən əldə
olunmuş gəlirdən, kreditlərdən, ianələrdən,
qrantlardan, cəlb edilən investisiyalardan və qanunla
qadağan edilməyən digər vəsaitdən
formalaşır.
5.3.
Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə
müəyyən olunmuş məqsədlərə uyğun
istifadə edir. Agentlik balansında olan dövlət əmlakına
münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının
qorunub saxlanılması və səmərəli istifadə
edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 6 iyun
tarixli 586 nömrəli Fərmanı ilə müəyyən
edilmiş qaydada həyata keçirir.
5.4.
Qanunla nəzərdə tutulmuş vergiləri və digər
məcburi ödənişləri ödədikdən sonra
Agentliyin idarə, filial və nümayəndəliklərinin
və təsərrüfat cəmiyyətlərinin, habelə
tabeliyindəki digər qurumların fəaliyyətindən əldə
edilmiş vəsait üzərində müstəqil sərəncam
vermək hüququ vardır.
5.5.
Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə
tutulmayan məqsədlər üçün yalnız Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarı ilə,
müvafiq olaraq, dövlət büdcəsinə və ya yerli
büdcəyə köçürülə bilər.
5.6.
Agentliyin məhsullarının (malların, işlərin, xidmətlərin)
qiymətləri tənzimlənən qiymətlərə aid
deyildir.
6.
Agentliyin fəaliyyətinə nəzarətin forması və
əhatə dairəsi
6.1.
Agentliyin fəaliyyətinə nəzarəti Nazirlik, bu Nizamnamə
ilə müəyyən edilmiş qaydada İdarə Heyəti
həyata keçirirlər.
6.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.
7. Agentlikdə uçot və hesabat
7.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2. Agentlik “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyə hesabatlarını tərtib və təqdim edir.
7.3. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
7.4. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
7.5. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.
8. Agentliyin ləğvi və yenidən təşkili
Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
Xalq qəzeti 2020.- 1 iyul.- S.6.