Azərbaycanın iqtisadi qüdrəti ərazi bütövlüyümüzün
bərpa edilməsinə təminat yaradıb
Biz hər sahədə, beynəlxalq müstəvidə güclənirik, güclənməliyik - ölkə daxilində sabitlik, iqtisadi sahədə islahatlar, sosial problemlərin həlli, regionların inkişafı və nəhayət, ordu quruculuğu. Ona görə bu yolla biz gedəcəyik, ordumuzu bundan sonra da gücləndirəcəyik, nə qədər lazımdırsa, orduya o qədər vəsait ayıracağıq.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan yenidən müstəqillik əldə
etdiyi ötən əsrin 90-cı illərinin
əvvəllərində ölkəmizin siyasi,
sosial-iqtisadi sahələrində
ağır vəziyyət hökm sürürdü. İqtisadi
tənəzzül getdikcə dərinləşirdi. Bu, özünü elektrik enerjisi
istehsalında da qabarıq büruzə verirdi. Sahənin infrastruktur
sistemi dağılmaq həddinə
çatmışdı. Lakin ulu öndər Heydər Əliyevin hakimiyyətə
gəlişindən sonra vəziyyət
yaxşılığa doğru dəyişməyə
başladı. Elektrik enerjisi
istehsalını yüksəltmək üçün
sistemli və ardıcıl layihələr
gerçəkləşdirildi, sıradan çıxmaqda olan infrastrukturun
müasirləşdirilməsi istiqamətində ciddi addımlar atıldı. Prezident
İlham Əliyevin ölkəyə rəhbərlik
etdiyi 16 il ərzində
isə elektrik enerjisi
istehsalını gücləndirmək məqsədilə ciddi islahatlar həyata keçirilib, bu sahə ilə
bağlı yeni obyektlər istifadəyə
verilib. İnfrastrukturun
müasir tələblər əsasında
yenidən qurulması diqqət mərkəzində
saxlanılıb.
Tikintisinə 1974-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanan “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci enerji bloku 1981-ci il oktyabrın 20-də, sonuncu – 8-ci blok isə 1990-cı ildə istismara verilib. O dövr üçün nəhəng infrastruktur layihəsi olan və respublikamızın energetika sistemində xüsusi əhəmiyyəti ilə seçilən adı çəkilən İES elə həmin vaxtdan Azərbaycanın elektrik enerjisinə tələbatın qarşılanmasında hər zaman birinciliyini qoruyub saxlayıb. Lakin 2018-ci il iyulun 3-də stansiyada baş verən qəza nəticəsində ölkənin yarıdan çox hissəsi qaranlıqda qaldı. İES-in 330 kilovoltluq yarımstansiyasındakı cərəyan transformatorunda yaranan qəza nəticəsində təxminən min kiloqrama qədər yağ yaxınlıqdakı elektrotexniki avadanlıqların, eləcə də kabellərin, əsasən də informasiya və avtomatika kabellərinin üzərinə dağılaraq güclü yanğına səbəb oldu. Nəticədə, bir-birinin ardınca baş verən qəzalar ölkənin enerji sisteminə ciddi ziyan vurdu. Stansiyada baş verən qəza ilə bağlı aparılan araşdırmalar göstərdi ki, generatorlarda təsirlənmə sistemləri, soyuducular köhnəlib və istismara tamamilə yararsız hala düşüb. Qazanlarda küləkdən mühafizə lövhələri dağılıb, qazan avadanlıqları aşınıb və sıradan çıxıb. Regenerativ hava qızdırıcıları, qaz yolları, kompensatorlar və digər qurğular uzun müddət istismar olunduğundan fiziki cəhətdən ömrünü başa vurub. Stansiyanın tüstü boruları və konstruksiyaları da aşınmaya məruz qalıb. Fasiləsiz qida mənbələri demək olar ki, sıradan çıxıb. Maşın zalının konstruksiyası, dam örtüyü və döşəməsi dağılıb. Kimyəvi sutəmizləmə qurğusu olduqca köhnəlib, azot və oksigen qurğuları, reagent və yağ təsərrüfatları istismar müddətini iki dəfədən çox başa vurub. Hidrogen qurğusu uzunmüddətli istismar edildiyindən daim təhlükə yaradıb. Hətta Yuxarı Qarabağ kanalının stansiya ərazisindən keçən çıxış su kanalı hissəsinin yamacları dağılıb. İES-in 330 və 500 kilovoltluq yarımstansiyalarının avadanlığı və mühafizə sistemləri də öz ömrünü başa vurub. Bu isə sistem qəzasının olması ehtimalını ən yüksək səviyyəyə çatdırıb.
“Azərbaycan” İES-də böhran vəziyyətini aradan qaldırmaq məqsədilə qəzadan dərhal sonra reabilitasiya üzrə tədbirlər planına uyğun olaraq infrastrukturun yenidən qurulması işlərinə başlanıldı. Ötən müddətdə İES-in 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı şəkildə yenidən quruldu və bu il iyunun 25-də istifadəyə verildi.
Stansiyada yaradılan şərait barədə tədbirdə
iştirak edən Prezident
İlham Əliyevə məlumat verən
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev enerji
bloklarının texniki su
təchizatının Yuxarı Qarabağ
kanalı vasitəsilə həyata keçirildiyini
bildirdi. Baba Rzayev daha sonra
dedi: “Kanalın yamacları və dib hissəsi beton
örtüklərlə bərpa olunub, dövran su xətlərinin
altındakı dayaqlar əsaslı təmir
edilib. Ərazidə yeni
mazut çənləri, dövran
və mazut nasosları
quraşdırılıb. Stansiyanın qaz
qəbulu məntəqələri də əsaslı təmir
olunub”.
İki il ərzində həyata keçirilən proqram çərçivəsində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasında bütün parametrlər üzrə tikinti və bərpa işləri sürətlə aparılıb. Əsas diqqət, həm də “Azərbaycan” İES-in hər biri ayrıca elektrik stansiyası statusuna malik 8 blokunun yenidən qurulmasına yönəldilib. Blokların təbii təsirlərdən qorunması və ən əsası da itkilərin azaldılması üçün izolyasiya işləri görülüb. Yenidəqurma proqramı çərçivəsində yararsız metal konstruksiyalar yenilənib, yük məhdudiyyətinə təsir edən regenerativ hava qızdırıcılarının daxili elementləri dəyişdirilib, turbin qurğularında zədələnmiş işçi kürəklər, hidrogen və yağ istilik mübadilə aparatları da təzələnib.
Diqqətə
çatdırılıb ki, enerji bloklarında sıradan çıxan elektrik mühərriki və nasos
avadanlıqları, istismar və təmir üçün tələb olunan
liftlər, ağırtonnajlı yükqaldırıcı kran və mexanizmlərin elementləri, yüksək
gərginlikli cərəyan şinləri, güc
və nəzarət kabelləri tam yenisi ilə əvəz olunub.
Blok və xüsusi sərfiyyat
transformatorları da təmir edilib.
“Azərbaycan” İES-in fəaliyyəti
hazırda yeni tikilən inzibati
binadan həyata keçirilir.
Burada müxtəlif tədbirlərin
keçirilməsi üçün geniş akt zalı
yaradılıb. Bütün proseslər yeni quraşdırılan nəhəng monitordan idarə olunur.
Stansiyada yaradılan şəraitlə tanış olduqdan sonra dövlətimizin başçısı çıxış edərək deyib: “Mingəçevirdə İstilik Elektrik Stansiyası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etməyə başlayanda vəziyyəti təhlil edərkən gördü ki, Azərbaycanın energetika sisteminə çox böyük investisiyalar qoyulmalıdır. Bütün məsələlər təhlil olunandan sonra sovet rəhbərliyi qarşısında məsələ qaldırıldı. Onun davamlı və çox məqsədyönlü fəaliyyəti nəticəsində Sovet İttifaqının rəhbərliyi Azərbaycana böyük sərmayənin qoyuluşuna icazə verdi”.
Prezident İlham Əliyev
çıxışında ulu öndərin
Azərbaycana rəhbərliyi illərində mərkəzləşdirilmiş
fondlardan respublikaya vəsait
cəlbinin çox böyük
çətinliklə başa gəldiyini,
belə bir şəraitdə
stansiyanın tikintisi haqqında qərar qəbul
edildiyini və İES-in
qurulmasına başlanıldığını, dahi şəxsiyyətin qayğısı
ilə obyektin uğurla
tamamlandığını xatırladıb. Ölkə rəhbəri
daha sonra bildirib: “Heydər Əliyev bu stansiyanın tikintisinə xüsusi
əhəmiyyət verirdi və onun fəaliyyəti nəticəsində qalan 7 blok da
inşa edilmişdi. İndi təsəvvür etmək mümkün deyil ki, əgər bu stansiya o vaxt
tikilməsəydi, biz müstəqillik
dövründə hansı problemlərlə üzləşə
bilərdik. Çünki yenidən qurulandan sonra bu stansiyanın generasiya gücü 2400 meqavatdır”.
Dövlətimizin başçısı çıxışında ümummilli liderin səyi ilə Azərbaycanın energetika sisteminin yaradıldığını, dahi öndərin təşəbbüsü ilə bu istiqamətdə möhtəşəm layihələrin gerçəkləşdirildiyini, son 16 il ərzində isə ölkəmizdə 30 elektrik stansiyasının tikildiyini də diqqətə çatdırıb. Qeyd edək ki, stansiyada yenidənqurma işləri aparılarkən ölkəyə elektrik verilişi bir dəqiqə də olsun belə dayanmayıb. Bütün işlər paralel olaraq yerinə yetirilib. Yanğın təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət göstərilib. Yenidənqurmadan sonra stansiyanın qoyuluş gücü 2400 MVt-a çatdırılıb və 600 MVt itirilmiş güc bərpa olunub. Bununla da “Azərbaycan” İES-in etibarlılığı artıb, dayanıqlılığı, təhlükəsizliyi və səmərəliliyi təmin olunub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev səfər çərçivəsində
Müdafiə Nazirliyinin “N” saylı hərbi
hissəsinin açılışında da
iştirak edib.
Dövlətimizin başçısı daha
sonra Müdafiə Nazirliyinin
rəhbər işçiləri ilə operativ
müşavirə keçirib. Prezident İlham Əliyev görüşdə nitq söyləyib. Ölkə rəhbəri
çıxışında son illər
ölkəmizdə ordu quruculuğunda
yüksək inkişaf müşahidə
edildiyi, hərbi hissələrin tikintisində
Azərbaycan standartlarına üstünlük
verildiyi, xidmətin yüksək səviyyədə
aparılması üçün bütün sosial imkanların yaradıldığı barədə
ətraflı danışıb: “Şəxsi heyətin xidmət
şəraitinin yaxşılaşdırılması ilə bərabər,
zabitlərin məişət problemləri də həll olunur. Orduda 20 il qüsursuz xidmət edən
zabitlərə mənim göstərişimlə dövlət
tərəfindən mənzillər verilir
və bu proqram icra edilir. Bu,
əlbəttə ki, böyük
vəsait tələb edir və biz bu vəsaiti
ayırırıq. Bu günə qədər
1700 zabit bu proqramla əhatə olunub
və onlara yaxşı mənzillər verilibdir. Mən bu
yaxınlarda göstəriş verdim ki, bu ilin
sonuna qədər əlavə 419 zabitə
dövlət tərəfindən mənzillər verilsin. Beləliklə, bu
günə qədər olan vəziyyətə
görə, bu proqramla
əhatə olunan zabitlərin maksimum sayı təmin edilib.
Mənə verilən son məlumata
görə, təqribən 200-dən bir qədər
çox zabit hələ
növbədədir. Onların da mənzil
problemləri həllini tapacaq. Hesab edirəm ki, bu da dünya
praktikasında çox nadir
hallarda müşahidə olunan
mənzərədir. Burada da
Azərbaycan ön sıralardadır, yeniliklər
göstərir. Çünki Vətənə
sədaqətlə və qüsursuz xidmət
edən hərbçilər dövlət tərəfindən
gərək yüksək təminatla əhatə olunsunlar. Hər bir
insanın həyatında mənzil problemi
çox önəmli məsələdir,
biz onu da
həll edirik. Ordumuza
göstərilən qayğı bu məsələlərlə
bitmir. Hərbçilərin əməkhaqları
müntəzəm olaraq
qaldırılır. Xüsusilə deyə bilərəm ki, fərqlənmiş hərbçilər
mükafatlandırılır. Bu da təbiidir”.
Silahlı Qüvvələrin Ali Baş Komandanı nitqində diqqətçəkən bir məqama da toxunub. Bildirib ki, beynəlxalq hüququn normalarının pozulması hər bir ölkəni öz hərbi potensialının gücləndirilməsinə vadar etməlidir və Azərbaycan buna artıq çoxdan başlayıb. Məhz bunun nəticəsində hazırda Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir: ”Eyni zamanda, mənim göstərişimlə son illərdə ordumuzun silah-sursat, texnika ilə təchizatı da təşkil edilir. Bu məqsədlər üçün milyardlarla dollar vəsait xərclənib. Bu gün texniki təchizat baxımından Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bizim zirehli texnikamız ən yüksək standartlara cavab verir. Bizim hava hücumuna qarşı müdafiə sistemimiz müasirləşib və bu hərbi hissənin vəzifəsi məhz bundan ibarətdir. Biz bir neçə ölkədən hava hücumuna qarşı ən müasir qurğular əldə etmişik. Onların Azərbaycanda – bizim coğrafiyada bir-birinə inteqrasiya edilməsi də asan məsələ deyil. Çünki bizim hava hücumuna qarşı müdafiə sistemlərimiz, – bu, sirr deyil, bu məlumat artıq açıqlanıb, – həm Rusiya istehsalıdır, Belarus istehsalıdır, İsrail istehsalıdır, eyni zamanda, sovet vaxtından qalan qurğulardır və onlar da modernləşdirilib. Onları bir-birinə elə inteqrasiya etmək, elə yerləşdirmək lazımdır ki, bizim bütün strateji obyektlərimiz havadan qorunsun. Əlbəttə ki, böyük peşəkarlıq və vəsait tələb edir. Bizim vəsaitimiz olmasaydı, bunları haradan alacaqdıq...”
Silahlı Qüvvələrin Ali Baş Komandanı çıxışında respublikamızda hərbi təyinatlı məhsulların yerli istehsalının yüksək səviyyədə qurulması, hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyət verilməsinin zəruriliyi, ölkəmizin həm qədim, həm də müasir tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmasının vacibliyi, Azərbaycan Xalq Cəbhəsinin xəyanətkar və satqın hərəkətlərinin nəticəsində torpaqlarımızın itirilməsi, beynəlxalq ictimaiyyətin diqqətinin Ermənistanın işğal altında saxladığı ərazilərimizdə qanunsuz məskunlaşma aparmasına yönəldilməsi barədə də ətraflı danışıb.
Vaqif BAYRAMOV
Xalq qəzeti 2020.- 1
iyul.- S.4.