Azərbaycanın güclü, nizami ordusu düşmənə layiqli cavab verir

Ermənistan hərbi bölmələrinin iyulun 12-dən başlayaraq növbəti dəfə təxribata əl atması – Azərbaycan--Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirməyə cəhd göstərməsi özüilə xeyli suallar gətirdi. Bu sualların bir çoxu Ermənistanın böhran yaşayan daxili siyasətinin əsas iştirakçıları üçündür. Əslində, bizim ən böyük sualımız Ermənistanın niyə belə təxribat etməsi deyil, çünki biz təxribatları Ermənistanı idarəedənlərin xarakterik xüsusiyyəti kimi qəbul etmişik. Ermənistan tərəfindən yaradılmış hər hansı suala ən yaxşı cavabı Azərbaycan Silahlı Qüvvələri verib, verir və verəcək! Biz bu əzmi, çox da uzaq olmayan tarixdə -- 2016-cı il aprelinin əvvəllərində Lələtəpə istiqamətində, 2018-ci il ma­yın sonlarında Günnüt istiqamətində görmüşük və bugünlərdə Tovuzda gördük.

Bütün bu deyilənlərlə yanaşı, düşmənin Tovuz istiqamətindəki təxribatı hansısa sual yaratdısa, yubanmadan o sualın cavabları da meydana gəlmiş oldu. Əsas ca­vab: Artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd edən düşmən, Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlələrlə geri otuzduruldu, canlı qüvvə və hərbi texnika sarıdan ciddi zərər gördü. Müdafiə Nazirliyinin yaydığı “video-materialdan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin tex­nikası və canlı qüvvəsi məhv edilib.

Heç şübhəsiz, respublikamızın beynəlxalq mövqelərinin güclənməsi, diplomatik uğurlarımız, dövlət başçımızın irəli sürdüyü qlobal təşəbbüslərin məhz qlobal miqyasda da dəstəklənməsi, Ermənistanı ciddi narahat edir. Özü də bu narahatçılıq yalnız Ermənistanda qalmır, erməni lobbisini, bütün ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri də əhatə edir. Ölkəmizin sədrlik etdiyi Qoşulma Hərəkatının “Virtual Zirvə” toplan­tısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi ses­siyasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanın və onun havadarlarının narahatıçılığını daha da böyüdüb, güncəlləşdirib. Özü də, hadisələr zənciri, necə deyərlər, yalnız bir-iki halqa ilə şərtlənmir, o, özündə tam bir sistem, qanunauyğunluq ehtiva edir.

Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Dis­kussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında, bunlar­dan başqa, paytaxt Bakıda baş tutan beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasətini və faşist siması­nı faktlarla ifşa etməsi, Ermənistan hakimiyyətini ciddi problemlər, cavabı çətin suallar qarşısında qoyub. Üstəlik, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan– Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi Ermənistanın və xarici ermənipərəst dairələrin təşvişini artıran amillər olub. Ermənistan hərbi bölmələrinin Azərbaycan--Ermənistan dövlət sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındırmaq (fərqli istiqamətə yönəltmək), həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi – siyasi, iqtisadi və artıq tibbi (kornavirus) böhranı azaltmaq məqsədi güdür.

Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə bağlı dərin böhran yaşandığı da­nılmaz faktdır. Dediyimiz böhran səbəbləri ilə yanaşı, korrupsiya, qaçaqmalçılıq, insan hüquq və azadlıqlarının boğulması, azad sözə qarşı repressiyaların tətbiq edilməsi və s. “demokrat libaslı işğalçı” Paşinyanın hökumətini (haqq etdiyi və gözlənilən) mürəkkəb duruma salıb. Bəli, Azərbaycanın dövlət sərhəddə boyunca törədilən hərbi təxribat, Paşinyan hakimiyyətinə “xa­rici düşmən” mövzusunu qabartmağaöz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. “Mütaliəli” Paşinyan görünür son vaxtlar (az fərqlə adaşı sayıla bilən) Nikola Makivel­linin ziddiyyətli mühakimələrinin təsiri altındadır. Məncə, bunlar da Makivellidəndir: “Tabe olanlar bilməlidir ki, öz liderlərindən nə gözləyirlər və anlamalıdırlar ki, liderləri onlardan nə gözləyir?” Elə bilirəm, hazırda, nə Paşinyan, nə də onun ideya-siyasi, ideoloji xəttinin davamçıları bu Makivelli sualına ca­vab vermə durumunda deyil. Nə par­laq ideya, nə konsturktiv həll yolu, nə əsaslı ideoloji xətt var… O hansı elmi baxış, ideoloji-siyasi əsaslandırma, politolji tezisdir ki, orada demokratiya ilə terrorçuluq, işğala haqq qazan­dırma bir arada tutulsun?! Və ya o hansı iqtisadi əsasdır ki, Paşinyan onun əsasında həm Ermənistanı çiçəkləndirəcək, əhalinin rifahını təmin edəcək, həm də, Qarabağın işğalını davam etdirə biləcək? Belə bir iqtisadi əsas, yoxdur! Paşinyan hesab edirsə ki, “xarici təhlükə” qarşısında xəstə cəmiyyəti topar­lamaq, müxalifəti tərki-silah etmək, hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni dəf etmək mümkün olacaq, deməli, yanılır.

Hazırda Ermənistanda daxi­li durum, bütün parametrlər üzrə olduqca mürəkkəbdir – müxalifətin hakimiyyətə qarşı vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın belə təxribatlarla problemi ara­dan qaldırmaq cəhdlərinin necə olacağı sual altındadır. Beləliklə, növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydur­maları, itkilər haqqında məlumatları gizlətməsi ölkə ictimaiyyətində ciddi narazılıq doğurub. Artıq işğalçı ölkədə etiraz aksiyaları başlayıb, ictimai fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini sərt tənqid edir.

Mən parlamentdə Tovuzu təmsil edirəm və hadisə barədə məlumat aldıqdan bir qədər sonra Tovuza gəlmişəm. Bu sətirləri də Tovuz­da yazıram. İstər rayon rəhbərliyi, Müdafiə Nazirliyi rəsmiləri ilə daha öncə apardığım söhbətlər, istərsə, rayona gəldikdən sonra öz gözlərimlə gördüklərim, məndə bir daha əminlik yaratdı ki, düşmənin təxribatları nəinki istədiyi nəticəni verməyib, əksinə, hesablamadığı itkilər, rüsvayçılıq qazanıb. Yazının girişində də vurğuladığımız kimi, bəlkə han­sısa suallardan yayınmaq istəyən Paşinyan hökuməti, daha yeni suallar qarşında qalıb. Ermənistan tərəfinin bütün şayiələrinə baxmayaraq, biz heç bir mövqe itirməmişik, əksinə rəşadətli ordumuz, düşmənə sarsıdıcı zərbə vurub.

İndi güclü, nizami ordumuz var. Məhz bu döyüşdə sübut olundu ki, generallarla əsgərlərimiz bir cərgədə dururlar. Onların generalları kimi əsgər arxasında can qorumurlar. Xain düşmənin general Polad Həşimovu hədəf alması onun nə qədər alçaq və xəbis niyyətli olduğunu sübut edir. Ordumuz Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, torpaqları­mızı işğaldan azad etməyə qadirdir. Yazımın sonunda, bir daha, cəbhənin Tovuz istiqamətində şəhid olan hərbçilərimizə, o cümlədən general Polad Həşimova Tanrıdan rəhmət, yaralılarımıza acil şəfalar diləyirəm!

 

Qənirə PAŞAYEVA,

Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədri

Xalq qəzeti  2020.- 15 iyul.- S.9.