Azərbaycan Ordusu
işğalçı ölkəyə növbəti dəfə
öz gücünü
göstərdi
Bizim ordumuzun son illər ərzində uğurlu
inkişafı göz
qabağındadır. Bunu Azərbaycan
xalqı bilir, görür.
Dünyada orduların reytinqlərini tərtib
edən sanballı qurumlar da
bunu qeyd edir. Bu gün
Azərbaycan Ordusu dünyada
50 ən güclü ordu
sırasındadır. Biz bunu
yorulmaz fəaliyyət nəticəsində
əldə etmişik. Çünki
mənim prezident kimi fəaliyyətimdə
ordu quruculuğu birinci yerdədir.
İlham ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş
Komandanı
Azərbaycanın dünya birliyində mövqeyinin getdikcə möhkəmlənməsi anti-Azərbaycan qüvvələrdə və işğalçı Ermənistanda ciddi təşviş yaradıb. Ölkəmizin beynəlxalq aləmdə artan nüfuzuna xələl gətirmək üçün min bir oyundan çıxan düşmən tərəfi və ona havadarlıq edən ikili standart mərəzindən xilas ola bilməyən qərəzli beynəlxalq təşkilatlar müxtəlif vasitələrə əl atırlar. Bu günlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribat törətmişlər. İşğalçı ölkənin ordusu Azərbaycan --Ermənistan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində mövqelərimizi ələ keçirməyə, artilleriya qurğusundan istifadə edərək hücuma keçməyə cəhd göstəriblər. Lakin bu dəfə də Azərbaycan Ordusunun güclü müqaviməti ilə qarşılaşıblar. Ermənistan ordusunun belə təxribata əl atmasının səbəbi hər kəsə, hətta beynəlxalq ictimaiyyətə də bəllidir.
İyulun 13- də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısı Ermənistan rəhbərliyinin məkrli niyyətini açıqladı və işğalçı ölkənin təxribat törətməsinin səbəbi bəlli oldu. Ölkə Prezidenti Ermənistanda daxili vəziyyətin artıq böhranlı həddə çatdığını vurğuladı və daxili çaxnaşmaların geniş vüsət aldığını bildirdi. Eyni zamanda, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurların düşmənlərimizi çox narahat etdiyini və onlarda paxıllıq hissini daha da gücləndirdiyini bildirdi. Xüsusilə, son illər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz Ermənistan rəhbərliyini ciddi təşvişə salıb. Son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan -- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, təbii ki, işğalçı ölkənin münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbələr vurub.
Eyni zamanda, dövlət
başçımızın mötəbər kürsülərdə,
nüfuzlu tədbirlərdə müntəzəm
olaraq həm münaqişənin , həm
bölgənin tarixi ilə bağlı səsləndirdiyi
konkret faktlar,
inandırıcı əsaslandırmalar ermənilərin təbliğatını
alt-üst edir.
Ölkə başçısının qeyd etdiyi kimi,
artıq bütün dünya
bilir ki, Dağlıq Qarabağ əzəli, tarixi
Azərbaycan torpağıdır və bunu
təsdiqləyən kifayət qədər sənədlər
var. Bu sənədləri
biz indi geniş beynəlxalq ictimaiyyətə təqdim
edirik. Eyni zamanda, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın
ayrılmaz hissəsi kimi tanıyır. Bunu da təsdiqləyən
kifayət qədər beynəlxalq sənədlər və
açıqlamalar var.
Dövlət
başçımız bu yaxınlarda Ermənistan
rəhbərliyinin təşkilatçılığı ilə
qondarma “Dağlıq Qarabağ
respublikası”nda keçirilmiş qondarma “seçkilər”i də
xatırlatdı və bu vaxta
qədər nəinki sonuncu qondarma seçkilərin, ümumiyyətlə,
indiyədək keçirilən bütün
seçkilərin nəticəsinin heç
bir ölkə və ya
beynəlxalq təşkilat tərəfindən
tanınmadığını bildirdi. Hətta
bütün aparıcı beynəlxalq təşkilatlar,
qonşu ölkələr və bu məsələ ilə məşğul olan qurumlar bu
seçkiləri pislədilər. Heç
Ermənistanın özü də qondarma seçkiləri tanımağa cürət
etmədi. Göründüyü kimi, dünya birliyində bir daha ölkəmizin ərazi
bütövlüyünə dəstək ifadə olunur.
Ermənistanı və onun havadarlarını ciddi narahat edən amillərdən biri, elə Tovuz rayonu ərazisində növbəti təxribatın törədiləməsinin səbəbi son vaxtlar Azərbaycanın beynəlxalq aləmdə çox böyük uğurlara imza atmasıdır. Gəlin, bir neçə fakta diqqət yetirək. Bəşəriyyətin başı üzərini koronavirus pandemiyası aldığı vaxtdan dövlət başçımızın düşünülmüş qabaqlayıcı tədbirləri, vaxtında qəbul etdiyi qərarlar ölkəmizi bu ağır bəladan qoruyur. Dünyanın inkişaf etmiş qüdrətli dövlətləri pandemiyadan ciddi ziyan çəkdiyi və çoxlu sayda insan tələfatla üzləşdiyi bir vaxtda ölkəmiz daha az itki ilə diqqət mərkəzində oldu. Üstəlik, bəşəriyyətin bu bəladan xilas edilməsində iştirak üçün də humanist addımlar atdı. Bu məqsədlə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları ianə etdi və 30- dan artıq ölkəyə humanitar yardım göndərdi.
Dünyada COVID-19 pandemiyası başlayandan
bəri Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkəmiz tərəfindən
koronavirusa qarşı regional
və qlobal səviyyədə mübarizədə
beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə
zəruri təşəbbüslər irəli sürülür
və əməli addımlar atılır. Dövlətimizin
başçısının təşəbbüsü ilə
Türk Şurasının və Qoşulmama Hərəkatının videokonfrans formatında keçirilən zirvə
görüşləri bütünlüklə COVID-19- la mübarizəyə həsr olunmuşdu.
Bu tədbirlərdə BMT-nin
Baş katibi, BMT Baş Assambleyasının prezidenti,
Ümumdünya Səhiyyə Təşkilatının
baş direktoru, Afrika İttifaqı və Avropa
İttifaqı kimi beynəlxalq təşkilatların
yüksək çinli nümayəndələri
də iştirak etdilər. Daha bir qürurverici fakt isə Prezident İlham Əliyevin Qoşulmama
Hərəkatının onlayn Zirvə
görüşündə çıxışı
zamanı qlobal həmrəyliyin nümunəsi
kimi pandemiya ilə
mübarizə məqsədilə BMT Baş
Assambleyasının dövlət və hökumət
başçıları səviyyəsində videokonfrans
vasitəsilə xüsusi
sessiyasının keçirilməsi təklifini irəli
sürməsi oldu. Bu
təklifə dərhal dünyanın 130-dan çox
ölkəsindən dəstək gəldi. Hazırda xüsusi sessiya öz işinə başlayıb. Bütün bu uğurlar Ermənistanın sərhədboyu ərazilərdə
təxribatlar törətməyə vadar etdi. Dövlətimizin başçısı bunu Təhlükəsizlik Şurasının
iclasında da səsləndirdi: “Hesab edirəm ki, bu təxribatın digər səbəbi odur ki, son
vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb. Bizim təşəbbüsümüzlə
beynəlxalq təşkilatların Zirvə görüşləri
keçirilib. Bizim təşəbbüsümüzlə
BMT Baş Assambleyasının xüsusi sessiyası baş
tutub. Bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib və
Ermənistan bu təşəbbüsün
əleyhinə çıxıb və bir
daha özünü rüsvay edib, bir daha özünü
dünyadan təcrid edib.
Bu gün dünya gündəliyində birinci
yerdə duran COVID ilə bağlı
mübarizə məsələsində öz
anlaşılmaz mövqeyi ilə bir daha bütün
dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Necə ola bilər ki, Azərbaycan bütün
dünyanın bu mübarizədə birləşməsini
tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə
çıxıb”.
Ermənistanın sərhədboyu ərazilərdə təxribat törətmək cəhdləri öz başlarında çatlasa da, yenə də faşizm ideologiyasına hüsn-rəğbətlərini günahsız insanları qətlə yetirməklə nümayiş etdirdilər. Bir sıra hərbçilərlə yanaşı, Tovuz rayonunun Ağdam kənd sakini 1944- cü il təvəllüdlü Əziz Əzizov da qətlə yetirilib. 76 yaşlı Əziz kişinin günahı nə idi? Belə günahsız insanları yalnız qəddar faşistlər qətlə yetirə bilərlər. Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni faşizminin və barbarlığının əyani təzahürüdür. Bundan əvvəlki dövrdə də ermənilər dəfələrlə yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutublar. Bunun nəticəsində də mülki vətəndaşlar -- günahsız uşaqlar, ağsaqqallar, yaşlı qadınlar , həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurulub.
Beynəlxalq ictimaiyyət,
ATƏT-in Minsk qrupunun
həmsədrləri Ermənistan hərbi bölmələrinin
dinc azərbaycanlı əhalini hədəfə
götürməsinə reaksiya verməməsi
və ciddi qərar qəbul etməməsi
işğalçı ölkəni daha da həyasızlaşdırıb. Əvəzində,
Azərbaycan Ordusundan layiqli
cavab alıblar. 2016- cı ilin
Aprel döyüşləri Ermənistan rəhbərliyinə
yaxşı dərs oldu. Uzun müddət işğal altında qalan
ərazilərimiz dörd gün
ərzində düşməndən azad edildi . Füzuli, Cəbrayıl
və Ağdərə rayonlarının ərazilərində
işğal altında olan
2 min hektardan çox torpaq, strateji əhəmiyyətli yüksəkliklər
uğurlu əks-hücum əməliyyatı
nəticəsində işğalçılardan təmizləndi.
Minlərlə hektar torpağa
bu gün Azərbaycan
Ordusu tam nəzarət
edir. Həmin
döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri
böyük qəhrəmanlıq göstərərək
erməni ordusunu darmadağın etdi və əhəmiyyətli yüksəklikləri,
təpələri işğalçılardan azad
etdi . Azərbaycan Ordusu
bu döyüşlərdə peşəkarlıq,
qəhrəmanlıq, məharət göstərdi və nəyə
qadir olduğunu həm
düşmənə, həm də dünya
birliyinə nümayiş etdirdi.
Ondan sonra
1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən
işğal edilən Şərur rayonunun Günnüt kəndi
26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Naxçıvanda 11 min
hektardan artıq ərazi və Şərurun
Günnüt kəndi düşməndən
azad edildi.
Bütün bunlar rəşadətli ordumuzun
gücü, qüdrəti sayəsində
əldə edilib. Son
illər silahlı qüvvələrimiz daha
da mətinləşib və işğal altında olan
ərazilərimizi azad etməyə qadirdir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik
etdiyi 17 il ərzində
ordu quruculuğu prioritet vəzifə kimi
qarşıya qoyulub və hərbi xərcləri
24 dəfə artıb. Bu illər ərzində
Silahlı Qüvvələrimizin formalaşmasında, daha mətin olmasında, maddi
–texniki bazasının möhkəmləndirilməsi
istiqamətində mühüm addımlar
atılıb. Bunun nəticəsidir ki, bu gün
regionda ən güclü
ordu məhz Azərbaycan Ordusudur.
Ordumuzun xidməti yüksək
səviyyədə aparmaq üçün
bütün imkanlar
yaradılıb. Prezidentin göstərişi
ilə bütün hərbi hissələr,
şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur. Hərbi hissələrin 90 faizində
tikinti-bərpa, yenidənqurma işləri tamamlanıb. Bu gün Azərbaycan dünya miqyasında öz
gücünə arxalanan və heç kimdən asılı olmayan
ölkədir.
Hər dəfə Ermənistan tərəfi cəbhəboyu
ərazilərdə təxribatlar törədib və
cavabı da onlara baha başa gəlib. Bu dəfə də düşmən tərəfi
iddia qaldırır və haray-həşir
salır ki, guya, Azərbaycan
və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki
təxribat Azərbaycan ordusu tərəfindən
törədilib. Bu da ermənilərin və
onların havadarlarının növbəti
uydurmalarıdır. Çünki son gərginliyin hərbi təhlili onu göstərir ki, təxribat
Ermənistan tərəfindən başlanmışdır.
İşğalçılar məqsədyönlü şəkildə
bu təxribata hazırlaşmışdır.
Ermənistan tərəfi qəflətən artilleriya
qurğularından istifadə edib və nəticədə
Azərbaycan hərbçiləri şəhid olublar.
Ermənistan tərəfinin itkiləri Azərbaycan Ordusunun cavab atəşi nəticəsində
baş verib. Ermənistan
tərəfinin irəli sürdüyü
iddialar gülünc və
ağlasığmazdır.
Bu dəfə də düşmən layiqli cavabını aldı. Dövlət başçısı Təhlükəsizlik Şurasının iclasında da bunu bir daha diqqətə çatdırdı: “Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər”.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti 2020.- 15 iyul.- S.8.