Yeni dünyanın
güclü lideri
Prezident İlham
Əliyev Azərbaycanı müasir dövrün
çağırışlarına uyğun yenidən qurur
Taleyini öz xalqına xidmətlə bağlayan insanların ömrü də Vətənin bütün sonrakı mövcudluğuna qovuşur. Başqa sözlə desək, böyük şəxsiyyətlərin ömrü onların ideyalarının həmişəyaşarlığı ilə ölçülür. Həyatını xalqının xoşbəxtliyi, müstəqil dövlətinin yaradılması yolunda şam kimi əridən ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu azərbaycançılıq ideyası və dövlətçilik yolu böyük rəhbərə əbədiyyət haqqı qazandırıb. Ulu öndər müstəqil Azərbaycanın qurucusu, xalqımızın xilaskarı, bugünkü uğurların müəllifi olmaqla bərabər, banisi olduğu dövlətçilik irsinin əbədiyaşarlığını da təmin edən, ölkəmizi dünyada lider dövlətə çevirən, ölkəsinin müstəqilliyini qoruyub möhkəmləndirən qüdrətli siyasi varisi də yetişdirib. Bu gün ulu öndərimizin mənəvi-siyasi irsinin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır.
2003-cü il oktyabr ayının
1-də xalqına ünvanladığı müraciətdə
“Mənim hələ tamamlanmamış çox perspektivli
planlarım var” yazan ulu öndərimiz həyatının mənası
olan Azərbaycanın qarşısında son xidmətini də
göstərmiş, bu planları həyata keçirmək
qüdrətində olan siyasi varisi barədə
demişdi: “İlham Əliyev yüksək intellektli, praqmatik
düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra
çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri İlham Əliyev başa
çatdıra biləcək. Mən ona özüm qədər
inanıram və gələcəyinə böyük ümidlər
bəsləyirəm”.
Həmin il oktyabrın 15-də keçirilən
prezident seçkilərində Azərbaycan xalqı Heydər
Əliyev siyasətinin davamına səs verərək
İlham Əliyevi özünün rəhbəri seçdi.
Xalq özünün əbədi liderinin sözünə
güvənmişdi: “Mən ona özüm qədər
inanıram”.
Ulu öndərimizin əsasını
qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən
İlham Əliyevin prezidentliyinin ilk 5 ilində ölkəmizin
inkişafı daha da sürətləndi, yeni-yeni uğurlara
imza atıldı. Qısa müddətdə Azərbaycan
keçid dövrünü yaşayan ölkədən
inkişaf edən dövlətlər sırasına
çıxdı.
2008-ci ildə növbəti
prezident seçkiləri keçirildi. İlham Əliyev bu
seçkilərə böyük uğur və nailiyyətlərlə,
xalqın etimadını doğruldan lider kimi
qatılmışdı. Azərbaycan xalqı bu seçkilərdə
də ulu öndərin yolunu uğurla davam etdirən liderini
yenidən özünün rəhbəri kimi
görürdü. Növbəti mərhələdə
Prezident İlham Əliyev tarixdə analoqu olmayan inkişaf
proqramlarını, layihələri gerçəkləşdirdi.
Bu dövrdə də bütün ölkəni əhatə
edən geniş tikinti və quruculuq işləri
aparıldı. Yollar və körpülər salındı,
yüzlərlə istehsal müəssisəsi istifadəyə
verildi, sənaye və kənd təsərrüfatı sahələrində
yüz minlərlə iş yerləri açıldı.
Məktəblər, xəstəxanalar, idman kompleksləri
tikildi, qitələri birləşdirən dəmir
yolları, transmilli neft və qaz kəmərləri çəkildi.
Elektrik, su və qaz təminatı, insanların rifahı
yaxşılaşdırıldı.
2013-cü ildə keçirilən
seçkilərdə Azərbaycan xalqı buvaxtadək
göstərilən etimadı yüksək səviyyədə
doğruldan, verdiyi bütün vədləri yerinə yetirən,
sözü imzası qədər təsirli olan Yeni tarixi mərhələnin
Liderinə səs verdi.
2018-ci ildə isə Azərbaycan xalqı
bütün dünyada ciddi nüfuz sahibi olan, iri dövlətlərin
belə hesablaşdığı kiçik ölkənin
Böyük Liderini qürur və minnətdarlıq hissi ilə
yenidən özünün Prezidenti seçdi. Artıq bu
tarixi mərhələdə xalqımız tam əmin idi ki,
İlham Əliyevsiz onun xoşbəxt gələcəyi ola
bilməz.
Bu il bütün dünyada baş verən hadisələr göstərdi ki, müdrik xalqımız Prezident İlham Əliyevə dəfələrlə etimad göstərməklə vaxtında çox düzgün qərar verib. Koronavirus pandemiyası dövründə İlham Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası xalqımızı onu gözləyən böyük bəlalardan hifz etdi. İndi Azərbaycanın bu istiqamətdə gördüyü işlər bütün dünyada nümunə kimi göstərilir. Koronavirusla mübarizə sahəsində həyata keçirilən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, ölkəmizdə vəziyyət sabitdir. Dünyanın ən inkişaf etmiş ölkələrinin belə başının koronavirusa yoluxma hallarının qarşısının alınmasına, xəstələrin müalicəsinə qarışdığı, iqtisadiyyatın, insanların tələbatlarının, sosial ehtiyaclarının yaddan çıxdığı bir vaxtda Azərbaycan öz vətəndaşlarının sağlamlığını qorumaqla, onların tələbatlarını, sosial ehtiyaclarını ödəməklə yanaşı, ölkəmizin gələcəyi barədə də düşünür və mühüm addımlar atır.
Reallıq budur ki, koronavirus xəstəliyi
dünya iqtisadiyyatına böyük problem yaradıb. Bunu
artıq dünyanın aparıcı maliyyə
qurumlarının rəhbərləri də qeyd edirlər.
Beynəlxalq Valyuta Fondu məlumat yayıb ki, koronavirusun
yaradacağı böhran 2008-2009-cu illərin
böhranından daha ağır olacaqdır. Azərbaycana gəldikdə,
Prezident İlham Əliyevin rəhbərliyi ilə
görülən işlər dövlətimizi bütün
risklərdən sığortalayır.
İlham Əliyevin böyük rəhbərlərə
məxsus dərin zəkası, güclü enerjisi və
çevikliyi ondadır ki, o, gələcək çətinlikləri
əvvəlcədən görərək xalqımızı
və dövlətimizi buna hazırlayıb. Bu
gün Azərbaycan xalqı və dünya ictimaiyyəti
Prezident İlham Əliyevin müdrik, uzaqgörən və qətiyyətli
dövlət xadimi olduğunu bir daha görür. Ölkəmizdə
hələ bir neçə il bundan əvvəl
reallaşdırılan iqtisadi və sosial layihələr,
struktur və kadr islahatları Azərbaycanı müxtəlif
çətin situasiyalardan çıxarmağa
hesablanmış tədbirlər idi.
Dövlət aparatının və hökumətin intellektli, müasir düşüncəli, peşəkar kadrlar hesabına formalaşdırılması indiki çətin dövrdə vəziyyəti idarə etmək, ölkə rəhbərinin tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək baxımından çox mühüm əhəmiyyət daşıyır. Hüquq-mühafizə orqanlarında, iqtisadi və sosial sahələrdə aparılan struktur islahatlarının əhəmiyyəti indi özünü aydın göstərməkdədir. Bütün bunlar Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləridir və xalqımız var olduqca onun bu xidmətləri də daim minnətdarlıqla xatırlanacaqdır.
Pandemiya dövründə dövlət
başçısı İlham Əliyevin həyata
keçirdiyi xilaskarlıq missiyası tarixdə yalnız ulu
öndərin 1993-cü ildə xalqımızı
düşdüyü ağır vəziyyətdən xilas etməsi
ilə müqayisə oluna bilər. Bu dövrdə
baş verən hadisələr göstərdi ki, Azərbaycan
dünyanın nüfuzlu dövlətlərindən biri, onun rəhbəri
isə nəinki öz ölkəsinin, eləcə də
bütün bəşəriyyətin təhlükəsizliyini
düşünən görkəmli dövlət xadimidir.
Ölkə rəhbərimizin təşəbbüsü
ilə keçirilən tədbirlər – Qoşulmama Hərəkatının
təmas qrupu formatında Türk Şurasının onlayn zirvə
görüşləri Azərbaycanın koronavirusla mübarizəyə
qlobal səviyyədə verdiyi mühüm töhfələrdir.
Prezident İlham Əliyevin
Qoşulmama Hərəkatının sədri statusunda üzv
dövlətlər adından BMT Baş Assambleyasının
COVID-19-a həsr olunmuş xüsusi sessiyasının
çağırılması barədə təşəbbüsünü
BMT-nin 130-dan çox üzv dövləti dəstəkləyib.
Dövlətimizin başçısının
BMT-nin Baş katibi ilə telefon söhbəti zamanı
xüsusi sessiyanın keçirilməsi ilə əlaqədar
texniki-logistik məsələlərin həllində Azərbaycanın
öz töhfəsini verməyə hazır olduğunu bildirməsi
həm ölkəmizin texniki imkanlarının genişliyindən,
həm də qlobal təhlükəsizliyə töhfə verməkdə
israrlı olduğumuzdan xəbər verir.
BMT beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmləndirmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək üçün dünya ölkələrinin bir yerə toplaşdığı ən mötəbər beynəlxalq təşkilatdır. Azərbaycan 1945-ci ildə yaradılan bu ali beynəlxalq təşkilatın 1992-ci ildən üzvüdür. Azərbaycanın beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılmasına, millətlər arasında dostluq əlaqələrinin inkişafına, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsinə verdiyi töhfələrin nəticəsidir ki, ölkəmiz 2011-ci ildə 155 dövlətin dəstəyini qazanaraq iki illiyə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdi. Nəzərə alsaq ki, BMT-nin üzvlərinin sayı 193-dür, o zaman Azərbaycanın dünya ölkələri arasında olan nüfuzu açıq-aydın görünür.
Prezident İlham Əliyevin BMT-nin xüsusi
iclasının keçirilməsi təşəbbüsünü
130 ölkənin dəstəkləməsi bir daha sübuta
yetirdi ki, Azərbaycanın çox yüksək beynəlxalq
imici var. Azərbaycan rəhbəri İlham
Əliyevin yeni dünya nizamını düzgün qiymətləndirməsi,
qlobal proseslərə nüfuz etmək bacarığı,
realist siyasəti, humanistliyi, yenilməz iradəsi,
müdrikliyi, xalqının və dövlətinin
maraqlarını hər şeydən üstün tutması
ona beynəlxalq ictimaiyyətin rəğbətini
qazandıran amillərdəndir. Prezident İlham Əliyevin
yeritdiyi uğurlu diplomatiya sayəsində dünya siyasətinə
təsir imkanları getdikcə artan Azərbaycan beynəlxalq təşkilatlara
üzv olmaq istəyən dövlətdən bu təşkilatları
yaradan və onlara rəhbərlik edən dövlətə
çevrilib. Bu, hər bir Azərbaycan vətəndaşı
üçün qürur doğuran haldır ki, bizim ölkəmizə
beynəlxalq səviyyədə böyük hörmətlə
yanaşılan, təşəbbüslərinin dəstəkləndiyi
bir lider rəhbərlik edir.
İndiki dövrün reallığı odur ki, dünya yeni mərhələyə qədəm qoymaqdadır. Bu gün dünyanın, demək olar ki, bütün beyin mərkəzləri, futuroloqlar yeni dövrün yeni çağırışlarının nədən ibarət olacağını müəyyənləşdirməyə çalışırlar. Əlbəttə ki, yalnız yeni çağırışlara cavab verə bilən, dəyişikliklərə daha çevik uyğunlaşan dövlətlər postpandemiya dövründə öz inkişaflarını davam etdirəcək, dünya siyasətinin müəyyən olunmasının iştirakçısına çevriləcəklər.
Nə pandemiya, nə də xaricdəki və
daxildəki anti-milli ünsürlərin təhdid və təzyiqləri
ölkə rəhbərini öz yolundan– Azərbaycanı daha
qüdrətli dövlətə çevirmək istəyindən
geri döndərə bilməz. Dövlət
başçısı ölkəmizi müasir
dünyanın çağırışlarına uyğun
yenidən qurur. Son bir neçə ay ərzində
Prezident İlham Əliyevin “Microsoft” şirkətinin
vitse-prezidenti, “Signify” (əvvəlki adı “Philips Lighting”),
CISCO şirkətlərinin rəhbərləri ilə
keçirilən görüşlərində müzakirə
olunan məsələlər, dövlət
başçısının səsləndirdiyi fikirlər,
qarşıya qoyduğu vəzifələr Azərbaycanın
yeni dünyanın çağırışlarına cavab verən
formada sürətlə dəyişdirildiyindən xəbər
verir:
--Gələcək planlarımıza gəlincə,
hazırda biz rəqəmsal transformasiya üzrə hökumət
strategiyası üzərində işləyirik;
--Süni intellekt üzrə strategiyanın ətraflı
işlənib hazırlanması ilə bağlı məsələlər
də bizim gündəliyimizdədir;
--Hazırda biz innovativ yanaşmalar əsasında
iqtisadi inkişafa nail olmaq üçün Azərbaycanın
innovasiya strategiyası üzərində işləyirik;
--Azərbaycan artıq sənaye inqilabı
üzrə regional mərkəzə çevrilir. Bizim əsas
strategiyamız karbohidrogen ehtiyatlarından
asılılığı azaltmaq və innovasiyalar, yeni texnologiyalar
və müasir idarəçilik əsasında
dayanıqlı inkişafa nail olmaqdır;
--Ümumilikdə,
Azərbaycan yeni texnologiyalara, innovasiyalara hazırdır. Biz artıq bunun üçün əhəmiyyətli
insan kapitalı yaratmışıq və bizim dövlət
xidmətləri, sosial xidmətlərlə bağlı
texnologiyalarımız bu gün bəzi başqa ölkələr
tərəfindən istifadə olunur. Ona görə də
biz yeni texnologiyalara tam açığıq, çünki
onlar yeni miqyasa, dinamizmə, tərəqqiyə, iş yerlərinə
və rifaha gətirib çıxarır;
– “Ağıllı şəhər” layihəsi sahəsində
işlər yaxşı gedir. İndi isə siz yeni
“Smart ölkə” ideyası ilə çıxış
edirsiniz. Nəinki şəhər infrastrukturu, nəqliyyat,
dayanacaq yerləri və bəzi digər şəhər
infrastrukturu, o cümlədən qlobal “Smart ölkə”
konsepsiyası ortaya çıxır və biz onu tam dəstəkləyirik;
– Bizim
münbit torpaq ehtiyatımız məhduddur. Kənd
təsərrüfatı məhsulları ilə
özümüzü təmin etmək və ixrac qabiliyyətimizi
gücləndirmək üçün biz məhsuldarlığı
artırmalıyıq. Bu isə yalnız
müasir texnologiyaların tətbiqi nəticəsində
mümkündür.
Btün bunlar dövlət başçısının
son vaxtlar keçirdiyi görüşlərdə müzakirə
olunan məsələlərin yalnız bir hissəsidir. Çoxları
nə baş verdiyini, bəşəriyyətin hansı
yönə yol aldığını dərk etmir. Pandemiya ilə əlaqədar xüsusi karantin
rejiminin elan olunduğu indiki dövrdə kimisi hava almaq, kimisi
dənizdə çimmək, kimisi rayonda dincəlmək
üçün haray-həşir salır. Daxildən və xaricdən
qızışdırılan “ictimai fəallar” isə ölkədə
vəziyyəti gərginləşdirməyə cəhd edirlər.
Özünü müxalifət adlandıran
“Youtube qəhrəmanları” isə şəxsi
ambisiyalarını milli maraqlardan üstün tutur, primitiv
çıxışları, məsuliyyətsiz
çağırışları ilə cəmiyyətimizi
yanlış istiqamətdə yönləndirməyə,
ölkədə həyata keçirilən islahatlara mane
olmağa çalışırlar.
Azərbaycanın məsuliyyətini öz çiyinlərində
daşıyan Prezident İlham Əliyevi isə yalnız
ölkəmizin insanlarının sağlamlığı,
müstəqilliyimizin, bir millət kimi
varlığımızın qorunub saxlanılması, dövlətimizin
post-pandemiya dövrünün yeni
çağırışlarına hazırlanması
düşündürür. Görəsən,
indiki çətin dövrdə, mürəkkəb situasiyada
ağıllı və çevik taktikalı ölkə rəhbəri
İlham Əliyev olmasaydı, nə baş verərdi? Bunu fikirləşəndə insanı dəhşət
bürüyür. Bu millət “5-ci kalon”nun nümayəndələrinin,
“Youtube qəhrəmanları”nın
ümidinə qalsaydı, indi nə müstəqil Azərbaycan
var idi, nə də dünya xalqları içərisində
öz imzası, möhürü olan Azərbaycan xalqı.
Xalqımız xoşbəxtdir ki, ulu Tanrı ona Heydər
Əliyev və İlham Əliyev kimi xilsakarlar göndərib. Ümummilli
liderin xilaskarlıq yolunu uğurla davam etdirən görkəmli
dövlət xadimi İlham Əliyevin gecəli-gündüzli
yorulmaz fəaliyyətinin nəticəsidir ki, indiki çətin
dövrü xalqımız ağrı-acısız, minimum
itkilərlə keçir. Dünya
iqtisadiyyatının sürətlə tənəzzülə
uğradığı, neft gəlirlərinin kəskin
aşağı düşdüyü bir vaxtda ölkəmizdə
heç bir sosial layihə ixtisar olunmayıb, əhalinin
rifahının yaxşılaşdırılması istiqamətində
görülən işlər davam etdirilib.
Dünya bazarlarında neftin qiymətinin kəskin
düşməsinə baxmayaraq, altı ay ərzində bizim
valyuta ehtiyatlarımız cəmi 98 milyon dollar azalıb. Pandemiyadan zərər
çəkmiş sahələrdə çalışan
insanlara maddi yardım göstərmək və digər məqsədlər
üçün təqribən 3 milyard manat vəsait nəzərdə
tutulub və o vəsaitin bir hissəsi artıq xərclənib.
Pandemiyanın ölkə iqtisadiyyatına ciddi təsir
etməsinə baxamayaraq, büdcə xətti ilə
reallaşan sosial layihələr keçən ilə nisbətdə
daha təsirlidir.
Ən həssas
təbəqəyə aid olan layihələr bu il
daha böyük həcmdə icra edilir. Dövlət
başçısı bəyan edib ki, bu il
məcburi köçkünlər üçün rekord sayda
binalar tikiləcək, 7 mindən çox köçkün
ailəsi yeni mənzillərlə təmin ediləcəkdir.
Şəhid ailələri üçün bu il
rekord sayda - 1500 mənzil istifadəyə veriləcək.
İyirmi il orduda qüsursuz xidmət
etmiş hərbçilərə bu il 400-dən çox mənzilin
verilməsi nəzərdə tutulur. Ünvanlı
sosial yardım alanların sayı artırılıb. Bu
rəqəm təqribən 85 minə yaxınlaşır - 85
min ailə, yəni, 300 mindən çox insan ünvanlı
sosial yardımdan bəhrələnib, öz rifah halını
yaxşılaşdırıb.
Neft qiymətlərinin kəskin aşağı
düşməsinə, ölkənin problemlərlə
üzləşəcəyinə sevinən anti-milli
adamların arzusu gözündə qalacaq. Yeni tarixi mərhələnin
lideri İlham Əliyev bir neçə gün bundan öncə
Azərbaycanın aparıcı telekanallarına verdiyi
müsahibədə xalqımızı bir daha əmin etdi ki,
onun qüdrətli dövləti var və heç bir
narahatlığa əsas yoxdur. Ölkə rəhbərinin
səsləndirdiyi bu fikirlər hər birimizdə haqlı
iftixar və qürur hissi yaratdı: “ Mən
demişəm, neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda
duracağıq. Çünki biz son illər ərzində
o qədər böyük iqtisadi-maliyyə potensialı
yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik”.
Prezident İlham Əliyev şəxsiyyəti Azərbaycanı
qısa zaman ərzində yardım olunan ölkədən
yardım göstərən dövlətə çevirib. Pandemiya
dövründə Azərbaycan 30-dan çox ölkəyə
humanitar və maliyyə yardımı göstərib. Məhz buna görə ölkəmizin beynəlxalq
mövqeləri daha da möhkəmlənib. Bu humanitar və maliyyə yardımları bir daha onu
göstərir ki, Azərbaycan iqtisadi cəhətdən
güclü ölkədir, çətin dövrdə
özünə qapanmır, ehtiyacı olanlara yardım əlini
uzadır. Köməyə ehtiyacı olan
dövlətlərə təmənnasız yardım göstərilməsi
isə Azərbaycanın daha bir üstünlüyüdür.
Azərbaycan lideri İlham Əliyev göstərdiyi
yardımlara görə heç kimə minnət qoymur, əvəzində
nəsə istəmir. Hətta bir neçə həmkarı ona
minnətdarlıq məktubu ünvanlayana qədər bu barədə
heç kimə məlumat verilməmişdi. Dövlətimizin
başçısı bunu piar üçün yox, sadəcə,
ölkələrə həmrəylik borcu kimi etdiyimizi
bildirir: “Əlbəttə, məhz çətin günlərdə
ölkələr bir-birinə dəstək verməlidirlər.
Yaxşı günlərdə hər kəs
yaxşı sözlər deyə bilər, yaxşı bəyanatlar
verə bilər. Ancaq biz bu həmrəyliyi
sözdə yox, əməldə göstərməliyik və
bunu göstərmişik. Biz heç vaxt
hansısa bir ölkənin çətin vəziyyətindən
istifadə edib özümüz üçün nəyisə
qoparmağa çalışmamışıq. Həmişə kömək etməyə
çalışmışıq. İndi kim
bunun qədrini bilir, sağ olsun, kim bunu unudur, özü bilər.
Hər halda bizim vicdanımız təmizdir”.
Azərbaycan Prezidenti bu müdrik addımları ilə
dövlətimizin və xalqımızın imicini
bütün dünyada göylərə qaldırıb. İndi
bütün dünya ölkələri, beynəlxalq ictimaiyyət
görür ki, Azərbaycan xalqı necə humanist və
yardımsevər bir xalqdır. Biz kimsəyə
pislik etməyi qətiyyən bacarmırıq. Dara düşənə təmənnasız kömək
etmək bizim milli mentalitetimizdən qaynaqlanır.
İndi dünyanın ağıllı ölkələri,
vicdanlı adamları, yəqin ki, özlərinə belə
bir sual verəcəklər: “Biz illərdir, torpaqları
işğal olunan, haqları, hüquqları tapdalanan bu
xeyirxah xalqın, humanist ölkənin hüquqlarını
niyə müdafiə etməmişik?”
Göründüyü kimi, qüdrətli Azərbaycanın
güclü lideri bu gün dünyada həmrəyliyin gücləndirilməsinə
öz dəyərli töhfələrini verir. Hər bir
sözünə dünya liderləri tərəfindən ciddi
əhəmiyyət verilən Prezident İlham Əliyevin
televiziyalara sonuncu müsahibəsində səsləndirdiyi
fikirlər, ümumbəşəri təhlükəyə
qarşı qlobal çağırışı indi
bütün dünyada müzakirə olunan əsas məsələlərdən
biridir.
Dövlətimizin
başçısının BMT Baş Assambleyasının
xüsusi sessiyasının keçirilməsi təşəbbüsü
barədə söylədikləri bəşəriyyətin gələcəyi
barədə düşünən cəsarətli dövlət
xadiminin müdrik yanaşması, bütün dünyaya,
xüsusilə imkanlı ölkələrə
ötürülən mesaj idi: “Hələ bilinmir ki, peyvənd
icad olunandan sonra nələr baş verəcək? Kasıb ölkələrin ona əli çatacaq,
yoxsa yox? O, pullamı satılacaq, yaxud da ki,
Ümumdünya Səhiyyə Təşkilatı onu paylayacaq? Yoxsa ki, zəngin ölkələr bundan istifadə
edib öz əhalisinin canını qurtaracaq, amma kasıb
ölkələrdəki insanlar öləcək? Bu, dözülməzdir. Bütün
bu məsələlər vahid bir yanaşma tələb edir.
Hətta ölkələr BMT Baş
Assambleyasında vahid bir fikrə gəlməsələr belə,
biz bu məsələni qaldırmalıyıq. Biz dünya birliyinin məsuliyyətli ölkəsi kimi
bu məsələni qaldırırıq”.
Ölkə
rəhbərimizin bu çıxışını izləyən
bir xarici jurnalist dostum telefon söhbətimiz zamanı dedi ki, əli
hər yerə çatmayan, sözünü deyə bilməyən
ölkələrin rəhbərləri sizin Prezidentinizə nə
qədər minnətdar olsa, yenə də azdır. Öz
ölkəsində tanınmış ictimai xadim olan həmin
jurnalistin bəzi fikirlərini olduğu kimi oxucuların diqqətinə
çatdırıram: “İncimə, ancaq sizin əksəriyyətiniz
ölkənizə necə qüdrətli bir liderin rəhbərlik
etdiyinin fərqində deyil. İlham Əliyev zəngin,
əksər beynəlxalq təşkilatlara, böyük
dövlətlərə siyasi təsir imkanları olan bir
ölkəyə rəhbərlik edir. Heç
şübhə yoxdur ki, koronavirusun peyvəndi icad olunandan
sonra onu əldə edən ilk ölkələrdən biri də
məhz Azərbaycan olacaqdır. O zaman İlham
Əliyevin nəyinə lazımdır ki, kasıb ölkələr,
yoxsul vəziyyətdə yaşayan insanlar koronavirusun peyvəndini
necə əldə edəcək? Bu, humanistliyin,
insanpərvərliyin, mərhəmət duyğusunun, bəşəriyyətin
gələcəyinə cavabdehlik hissinin pik nöqtəsidir.
Yalnız böyük ürək sahibi olan insanlar, dahi
şəxsiyyətlər belə düşünə bilər. O, bu addımları ilə
mənsub olduğu xalqın və ölkənin imicini yüksəldir.
İlham Əliyev yeni dünya düzəninin
formalaşdırılmasında fəal iştirak etməyə
iddialıdır. O, bu niyyətini reallaşdıraraq
kiçik ölkə olan Azərbaycanı dünyanın
böyük siyasi mərkəzinə çevirmək istəyir.
Yaxın gələcəkdə Azərbaycan
dünyada müəyyən siyasi qərarların qəbul
edilməsində həlledici rol oynayacaqdır”.
Əcnəbi həmkarım əlavə etdi ki, Prezidentin
televiziyalara sonuncu müsahibəsində Azərbaycan dövlətinin
və İlham Əliyevin gücü açıq-aydın
görünürdü.
Ölkə rəhbəri cinayətkarlar ölkəsi
olan Ermənistan barədə səsini çıxarmayanlara,
Azərbaycana qarşı qərəzli münasibət sərgiləyənlərə,
ikili standartlarla yanaşanlara açıq suallar
ünvanlayır: “Haradadır ATƏT-in media üzrə
nümayəndəsi? Hansı ki, gecə-gündüz Azərbaycan
haqqında iftiralar uydurur və indi dəridən-qabıqdan
çıxır ki, öz vəzifəsində qala bilsin. Niyə
səsini çıxarmır? Niyə həbsxanada jurnalist
öləndə səsini çıxarmayıb? Niyə
pozuntular olanda səsini çıxarmayıb? Haradadır
Avropa Şurası? Niyə Ermənistan tənqid olunmur? Niyə
Ermənistan üzrə, siyasi məhbus üzrə məruzəçi
təyin edilmir? Mən bütün bu sualları verirəm və
bu suallar cavabsız qalır, bu suallara cavab verilmir.
Çünki sərf etmir. Nə cavab verəcəklər?
Cavab verəcəklər ki, biz saxtakarıq? Deməyəcəklər.
Sadəcə olaraq, susmağa üstünlük verirlər”. Gərək
Azərbaycan kimi qüdrətli bir dövlətin rəhbəri,
dünyada böyük nüfuz sahibi olasan ki, beynəlxalq təşkilatlara
belə suallar ünvanlayasan.
Prezident İlham Əliyevin ATƏT-in Minsk
qrupuna ünvanladığı suallar da haqlı
mövqeyimizin ifadəsidir. Ancaq iqtisadi və hərbi güc
yoxdursa, o zaman belə cəsarətli danışmaq
mümkün deyildir: “Nədir bunların bəyanatında əsas
tezis-- hərb variantı mümkün deyil. Kim deyir? Gedin
açın BMT-nin Nizamnaməsini, baxın görün
özünümüdafiə hüququ var ölkələrdə,
yoxsa yox? Yoxsa siz özünüzü nə hesab edirsiniz?! Siz
BMT-dən də üstünsünüz?! BMT-nin Nizamnaməsindən
də üstünsünüz?! Belədirsə, gedin deyin, biz
Minsk qrupunun həmsədrləri hesab edirik ki, BMT-nin Nizamnaməsində
əks olunan bu tezis yanlışdır. Axı gərək hər
şeyin həddi olsun... Biz haqlı olmağımızı həm
beynəlxalq arenalarda göstərmişik, həm də
döyüş meydanında və heç kimin Aprel
döyüşləri yadından çıxmasın”.
Bu kəskin sualların dünyanın hansı
güc mərkəzlərinə yönləndirildiyini anlamaq o
qədər də çətin deyil. Fakt odur ki, bu güc mərkəzləri
yeni dünyanın güclü lideri ilə hesablaşmağa
məcburdurlar. Azərbaycan xalqı əmindir ki, qüdrətli
Prezidentimiz İlham Əliyev qısa zaman ərzində ölkəmizin
ən ağrılı problemi olan Dağlıq Qarabağ
problemini də respublikamızın ərazi
bütövlüyü çərçivəsində həll
edəcəkdir.
Ölkə rəhbəri dəfələrlə vurğulayıb ki, əldə olunan uğurların təməlində Heydər Əliyev siyasəti dayanır. O, yeni dövrlə səsləşən çoxşaxəli islahatları məhz ulu öndərimizin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirir, yeni çalarlarla zənginləşdirir. Bu siyasi kursun davamlılığı Azərbaycanın hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır.
Tural
SƏFƏROV,
“Azərxalça”
Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi
Xalq qəzeti 2020.- 15 iyul.- S.4.