Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır

Ermənistan–Azərbaycan münaqişəsinin həlli onillərdir ki, uzanır. Faktiki olaraq, bu işlə məşğul olan ATƏT-in Minsk qrupu heç bir real nəticə əldə edə bilməyib. Bu qrupa həmsədrliyi dünyanın üç qüdrətli dövləti edir. Təsəvvür edin, bu üç dövlət Cənubi Qafqazda bir münaqişəni “həll edə bilmir”! Absurddur! Çünki qətiyyətli və ədalətli davransalar, çox qısa müddətdə məsələni yoluna qoya bilərlər. Necə ki, dünyanın müxtəlif regionlarında daha genişmiqyaslı münaqişələrin həlli üçün dəridən-qabıqdan çıxırlar və nələrəsə nail olurlar. Forpost Ermənistan bu qədər uzun müddətə təcavüzkar siyasət yürüdə bilməz. Yəni, məsələ Ermənistanda deyil, ona havadarlıq edən qüvvələrdədir. Bu səbəbdən, Azərbaycan Preziden­ti İlham Əliyevin Minsk qrupunun fəaliyyəti ilə bağlı irad bildirməsi, kəskin tənqid etməsi və tələblər irəli sürməsi tam əsaslıdır. Dövlət başçısının Azərbaycan telekanallarına verdiyi son müsahibədə məsələ daha kəskinliyi və konkretliyi ilə qaldırılıb.

Passiv vasitəçilik: Minsk qrupu niyə susur?

İyulun 6-da Prezident İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində ATƏT-in Minsk qrupunu Ermənistan– Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqların heç bir nəticə verməməsi ilə bağlı kəskin tənqid etdi. Əslində, bu, yeni hadisə deyil, çünki dövlət başçısı bir neçə dəfə açıq bəyan edib ki, Minsk qrupunun həmsədrləri passivdirlər və bir sıra məqamlarda təcavüzkara yardım edir, ona bəraət qazandırırlar. Məsələn, 2016-cı ilin fevral ayında ölkə rəhbəri İran İslam Respublikasının Radio-Televizi­ya Şirkətinə müsahibəsində ifadə etmişdi ki, dünya birliyi münaqişəni beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll etmək üçün təcavüzkara qarşı heç bir real təsir mexanizmini işə salmayıb. İlk növbədə, problemin həlli məqsədi ilə yaradılmış Minsk qrupunun fəaliyyəti də hələlik nəticəsizdir.

Bu kontekstdə fikirlərinə davam edən İlham Əliyev vurğulamışdı ki, “beynəlxalq birlik dünyanın ayrı-ayrı nöqtələrində baş verən oxşar hadisələrə selektiv yanaşma nümayiş etdirir”. Bir sıra hallarda işğal faktı kəskin qınanır və dərhal da “problemin həlli üçün ciddi təsir mexanizmləri işlənib hazırlanır”. Bu mexanizmlər “qısa zamanda tətbiq edilir”. Ermənistan–Azərbaycan münaqişəsinə gəldikdə isə, “pas­siv yanaşma müşahidə olunur və münaqişə tərəfləri – işğalçı ilə işğala məruz qalana eyni münasibət göstərilir. Bu ədalətsizlik həm də müsəlman dövləti olduğu üçün Azərbaycana qarşı nümayiş etdirilən fərqli yanaşmadan – dini ayrı-seçkilikdən qaynaqlanır”.

Fikirlərini ümumiləşdirərək Prezident İlham Əliyev bu vəziyyəti lakonik olaraq belə qiymətləndirmişdi: “Biz beynəlxalq hüquqa bu qədər açıq hörmətsizliyi, işğalçılıq siyasətinə bu qədər aşkar bəraət qazandırmaq cəhdini anlaya bilmirik”.

O vaxtdan artıq dörd il keçib. Münaqişənin həlli istiqamətində hansı real dəyişiklik baş verib? Həmsədrlər fəallaşıblarmı? Prezident İlham Əliyevin Azərbaycan telekanallarına verdiyi müsahibədə bu kontekstdə konkret fikirlər yer alıb. Dövlət başçısı, bütövlükdə, Ermənistandakı ideologiyanı xarakterizə edərək deyib: “Bu gün Ermənistanda faşist ideologiyası üstünlük təşkil edir. Bu ideologiyanın hədəfi də bizik... Ancaq həmişə onlara himayədarlıq edənlər onları tənqiddən qoruyub...”.

Aydın görünür ki, nə Ermənistanda ideoloji-siyasi mühit müsbətə doğru dəyişib, nə onun havadarları himayəçilik xəttindən imtina ediblər. Belə bir vəziyyətdə münaqişənin dinc yolla həlli ilə bağlı hansı perspektivlər açıla bilər? Müxtəlif ölkələrdən olan ekspertlər bu suala cavab axtarır, müxtəlif proqnozlar verirlər. Ancaq burada Azərbaycan Prezidentinin ifadə etdiyi elə gerçəklər var ki, onları prinsipial səviyyədə nəzərə almadan analiz aparmaq mümkün deyil. İstənilən halda gerçəkliyə söykənməyən proqnozun reallaşmır. Bu baxımdan, öncə biz, dövlət başçısının fikirləri kontekstində əhəmiyyətli saydığımız bir sıra məqamların üzərində dayan­maq istərdik.

Birincisi, Azərbaycan Prezidenti münaqişənin həllindən danışan­da tam haqlı olaraq, bütövlükdə, həmsədrlərin fəaliyyətindən bəhs edir. Burada həmsədrlərdən hansınınsa yaxşı və ya hansınınsa pis olmasın­dan söhbət gedə bilməz. Çünki onlar qərarları kollegial olaraq qəbul edirlər və hər hansı birinin razılaşmadığı məqam əlavə müzakirə olunur. Əgər uzun illərdir ki, Minsk qrupu və onun həmsədrləri münaqişənin ədalətli və beynəlxalq hüquq normaları çərçivəsində həllində real nəticəyə nail ola bilməyiblərsə, bu, ümumən, Minsk qrupunun və ilk növbədə, həmsədr ölkələrin (ABŞ, Fransa, Ru­siya) fəaliyyətinin göstəricisidir.

Həmin səbəbdən, həmsədrlərin içindən hansısa ölkəni ayırıb, “münaqişənin həlli açarı onun əlindədir” demək özünü aldatmaq­dır. Konkret olaraq, Azərbaycanda da bir sıra KİV orqanlarında, hətta, “analitiklər”in yazılarında belə açıq və ya gizli hansısa ölkəyə ümid ifadə edilir. Ermənistan heç bir prinsipial geosiyasi, siyasi, ideoloji və hərbi məsələdə Kremlin qabağına söz çıxara bilməz. Ona nə gücü var, nə də iradəsi! Forpost və vassal bir ölkə nəhəng Rusiyanın iradəsindən kənara çıxa bilərmi?

Burada bir sıra fürsət yoxsulları üçün kiçik izahata ehtiyac görürük. Söhbət həmsədrlərdən hansınınsa baş­qalarından daha ədalətsiz olmasından getmir. Başlıca olanı həmsədrlərin qrup, kollektiv halında münaqişənin danışıqlar yolu ilə həlli üçün real və konkret heç bir iş görməməsi, bir çox hallarda isə, təcavüzkarı qorumağa xidmət edən hərəkətləridir. Bunun­la bağlı müxtəlif səviyyələrdə, o cümlədən, Prezident İlham Əliyevin müsahibə və çıxışlarında faktlar ifadə edilib.

İkincisi, məsələyə Minsk qru­punun və beynəlxalq təşkilatların münasibətinin tarixi xronologiyası nöqteyi-nəzərindən baxdıqda, dövlət başçısı İlham Əliyevin haqqında bəhs etdiyimiz müsahibəsində ifadə etdiyi fikirlərin tam ədalətli olduğu­na, Azərbaycan rəhbərliyinin dərin və obyektiv təhlil əsasında hərəkət etdiyinə əmin oluruq. Bizim üçün məsələnin bu aspekti çox önəmlidir. Çünki beynəlxalq dairələrdə də bir sıra hallarda Azərbaycana qarşı haqsız mövqe tutanlar, ona təsir etməyə ça­lışanlar və müxtəlif üsullarla imicinə xələl gətirməyə cəhd göstərənlər vardır.

Bu prosesin bir ucu, nə qədər qəribə də olsa, həmişə Ermənistan– Azərbaycan münaqişəsinin həlli məsələsinə gəlib çıxır. Konkret desək, erməni lobbisinin ciddi-cəhdi ilə Av­ropadakı müəyyən dairələr müxtəlif yollarla ermənilərin Azərbaycan dövlətinin vətəndaşı olaraq Dağlıq Qarabağda yaşamasının “sivilliyə”, “demokratiyaya” və “mədəniyyətə” uyğun olmadığı təəssüratı yaratma­ğa çalışırlar. Ümumiləşdirsək, belə alınır ki, indi Avropanı bürümüş islamofobiyadan münaqişənin ədalətli həllinə maneə kimi istifadə etməyə cəhd edirlər. Halbuki BMT-nin Nizamnaməsində də dəqiq ifadə edilib ki, təcavüzə məruz qalmış istənilən ölkənin özünümüdafiə hüqu­qu var və ona bundan istifadə etməyi qadağan etmək yolverilməzdir.

Ermənistan danışıqları pozur, həmsədrlər niyə reaksiya vermir?

Məhz, həmin çərçivədə Azərbaycan Prezidentinin həmsədrlərin Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” açıqlamasına reaksiya verməməsini ciddi qüsur kimi vurğu­laması tamamilə əsaslıdır. Prezident haqlı olaraq bu məqamı belə ifadə edib: “Halbuki, bu açıqlama bölgədə gərginliyin artmasına xidmət etdi... Bu ifadə, əslində, Minsk qrupu­nun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir”.

Həmin məqamla bağlı iki faktı da ölkə rəhbəri diqqətə çat­dırıb. Onlardan biri N.Paşinyanın “Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparsın” açıqlaması ilə da­nışıqlar formatını dəyişmək cəhdidir. İkincisi isə Ermənistanın baş nazi­rinin Şuşaya təxribatçı səfər edərək qondarma andiçmə mərasimində iştirakına həmsədrlərin səssiz qal­masıdır. Əlbəttə, həmsədrlər sözdə N.Paşinyanın danışıqlar formatını dəyişmək fikri ilə razılaşa bilməzdilər. Çünki o halda açıqca tərəf tutmuş olurdular və ümumiyyətlə, bu növ danışıqlar üçün belə təkliflərin öz qəbul mexanizmi var. Bu mexanizm illər öncə müzakirə olunub və artıq neçə illərdir ki, işləkdir. Ona görə də N.Paşinyanın bu sərsəmləmələrinə açıq “hə” deyə bilməzdilər. Lakin real olaraq həmsədrlərin münaqişənin tənzimlənməsinə münasibəti müsbətə doğru dəyişməyib. Onlar yenə də söz çərçivəsində qalırlar.

Bunu ikinci fakt da sübut edir. Normal halda başqa bir dövlətin başçısının Azərbaycana rəsmi Bakının icazəsi olmadan daxil olması beynəlxalq hüquqa ziddir. N.Paşinyan Ermənistan hökumətinin başçısı qismində separatçı rejimin “seçki” şousunun iştirakçısı kimi Şuşaya gəlir. Buna da həmsədrlər heç bir reaksiya vermirlər. Həmin səbəbdən, Azərbaycan Prezidentinin aşağıdakı sualı tamamilə yerindədir. İlham Əliyev müsahibəsində birba­şa soruşur: “Nə üçün deyilmir ki, bu, təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq?”. Lakin həmsədrlər məsələni sülh yolu ilə həll etmək istəyirlərsə, bunu deməlidirlər.

Amma demirlər... Üstəlik, bu kimi hallara konkret reaksiya vermək əvəzinə ATƏT-in Minsk qrupu­nun həmsədrləri ümumi xarakterli bəyanatlar verirlər. Prezident bu kontekstdə sual edir: “Nədir bunların bəyanatındakı əsas tezis?”. Və bu sualın dəqiq cavabını da verir: “...hərb variantı mümkün deyil. Kim deyir? Gedin açın BMT-nin Nizamnaməsini, baxın görün özünümüdafiə hüququ var ölkələrdə, yoxsa yox? Yoxsa siz özünüzü nə hesab edirsiniz?! Siz BMT-dən də üstünsünüz?! BMT-nin Nizamnaməsindən də üstünsünüz?! Belədirsə, gedin deyin, biz Minsk qrupunun həmsədrləri hesab edirik ki, BMT-nin Nizamnaməsində əks olunan bu tezis yanlışdır”.

Ancaq bunu edə bilməzlər, çünki hər kəsə aydındır ki, təcavüzə məruz qalmış istənilən dövlətin özünümüdafiə haqqı təbiidir. O cümlədən, ABŞ, Fransa və Rusiya özlərinə qarşı olan təcavüzə əsla dözmürlər. Bütün bunlara görə də, hansı haqla Azərbaycanın hərbi əməliyyatlarla öz torpaqlarını işğal­çılardan təmizləməsinin qarşısını kəsməyə çalışırlar? Bu suala Minsk qrupunun həmsədrləri dəqiq və konkret cavab tapmasa, münaqişənin həllini gözləmək əbəsdir.

Dövlət başçısı Minsk qrupunun həmsədrlərinin fəaliyyətsizliyini sübut edən başqa bir vacib faktı da xatırla­dıb. Söhbət Ermənistanın işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşma siyasətindən gedir. ATƏT-in fakta­raşdırıcı missiyasının 10 il bundan əvvəl işğal olunmuş torpaqlarda olduğunu xatırladan İlham Əliyev fikrinə davam edib: “On il keçib. Son bir neçə il ərzində biz onlara təkidlə deyirik ki, yeni missiya getməlidir. Bu on il ərzində Ermənistan Suriya­dan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır. Dəfələrlə demi­şik onlara. Reaksiya var? Yoxdur!”.

Belə çıxır ki, artıq on ildir ki, təcavüzkarlar Azərbaycanın işğal olunmuş ərazilərində həm xaricdən gətirdikləri erməniləri məskunlaşdırırlar, həm də kilsələr tikirlər. Yəni, demoqrafik və mədəni ekspansiya siyasəti həyata keçiri­lir. Buna isə həmsədrlər reaksiya vermirlər. Hətta, Azərbaycanın təkidlərinə baxmayaraq, addım atmırlar. Bu faktın fonunda hansı üzlə həmsədrlərin vasitəçiliyindən, ədalətindən, guya münaqişəni dinc yolla, beynəlxalq hüquq normaları çərçivəsində həll etmək niyyətlərindən danışmaq olar?

Tarixi ədalət və beynəlxalq hüquq: Azərbaycanın mövqeyi dəyişməzdir!

Əlbəttə, bütün bunların fonunda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin videokonfrans formatında görüşlərinin heç bir əhəmiyyətinin olmadığı aşkar görünür və bu barədə dövlət başçısı açıq fikir bildirib. Danışıqları imitasiya etməyin zama­nının çoxdan keçdiyini deyən İlham Əliyev, belə davam etməycəyini də bəyan edib. Bu, kifayət qədər güclü və cəsarətli bəyanatdır. Azərbaycan Prezidenti qəti şəkildə danışıqla­rın mahiyyəti üzrə və real nəticəyə istiqamətlənmiş olaraq aparılması şərtini qoyur. Bununla ölkə rəhbəri Azərbaycanın həmsədrlərin sadəcə öz varlıqlarını göstərmək üçün təşkil etdikləri mənasız və nəticəsiz danı­şıqlardan imtina edə biləcəyinə işarə edib. İlham Əliyev fikirlərini belə yekunlaşdırıb: “...öz mövqeyimizdə möhkəm dayanmışıq, haqq-ədalət bizim tərəfimizdədir. Biz haqlı ol­mağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meyda­nında və heç kimin Aprel döyüşləri yadından çıxmasın”.

Prezident ayrıca vurğula­yıb ki, Azərbaycanın dəyişilməz mövqeyi beynəlxalq hüquqa tam uyğundur. Bakının tələbi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində danışıqlar yolu ilə həll edilməsidir ki, bu da BMT-nin Nizamnaməsinə, Madrid prinsiplərinə, Helsinki Yekun Aktının müddəalarına tam uyğundur. Bu səbəbdən əgər ATƏT-in Minsk qrupu imitasiyalarla məşğul olmağa davam edəcəksə, Azərbaycan başqa yollar seçmək məcburiyyəti qarşısında qalacaq. Bütün hallarda isə: “Bizim mövqeyimiz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır… Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçı­lardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqla­rına qayıtmalıdırlar. Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqe­yi dəstəkləyir”.

Azərbaycanın dövlət başçısının yüksək dərəcədə ədalətli, beynəlxalq hüquqa uyğun və obyektiv mövqeyi fonunda həmsədrlərin böyük yan­lışlıq etdiyini əslində rəsmi İrəvan atdığı addımlarla da təsdiq edir. Belə ki, indi erməni siyasi və ekspert dairələri, KİV orqanları leksikonla­rında özlərinin uydurduqları “Mün­hen prinsipləri” adı altında absurd müddəaları “çeynəyirlər”. Həmin müddəalar əslində N.Paşinyanın danışıqların formatını dəyişmək iddiası ilə ortaya atdığı və Prezident İlham Əliyevin kəskin tənqid etdiyi tezislərdir. Onları ATƏT-in Minsk qrupu da qəbul etməyib (heç olmazsa, sözdə).

Konkret olaraq, N.Paşinyan Münxen Təhlükəsizlik Konfransın­dakı çıxışı zamanı bəzi “tezislər” formalaşdırmağa çalışmışdı. Onlar aşağıdakılardır:

1) Azərbaycan kimi, Dağlıq Qara­bağ da müstəqillik əldə edib;

2) Dağlıq Qarabağ münaqişə və danışıqlarda müstəqil tərəfdir;

3) Ərazi yoxdur, təhlükəsizlik var;

4) Bir-iki hərəkətlə münaqişəni həll etmək olmaz: danışıqlar prosesində “mikroinqilablar”, sonra “miniinqilablar”, daha sonra isə sıçra­yış lazımdır;

5) Münaqişənin istənilən həlli Azərbaycan, Ermənistan və “Dağlıq Qarabağ” xalqı üçün qəbuledilən olmalıdır;

6) Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Əgər kimsə desə ki, məsələnin hərbi həlli var, “Dağlıq Qarabağ xalqı” deyəcək ki, o, çoxdan həll olunub.

Az-çox siyasət və diplomatiyadan anlayışı olan adam üçün bu cümlələr məntiqsiz sözlərin yığnağıdır. Ermənistanın baş naziri bu səviyyədə düşünürsə, erməni xalqı dünyanın ən bədbəxtidir. “Obıvatel” səviyyəsində orta bilikli adam belə bu cür əlaqəsiz və mənasız cümlələr qurmaz.

Əvvəla, Azərbaycan öz müstəqilliyini SSRİ-nin bir respub­likası kimi əldə edib. Müstəqillik N.Paşinyanın ət mağazasında pay kimi bölünmürdü ki, “erməni uşaq, al, biri də sənin” deyiləydi.

İkincisi, Dağlıq Qarabağ ancaq Azərbaycanın icazəsi ilə, onun bir bölgəsi statusunda nədəsə iştirak edə bilər!

Üçüncüsü, bu necə siyasətçidir ki, ərazi anlayışı ilə təhlükəsizlik anlayı­şını bir-birindən ayırmağın mümkün olmadığını anlamır. Siz ərazini işğal etmisiniz. Ərazini qanunsuz olaraq si­zin tapdağınıza havadarlarınız salıblar ki, indi biz “münaqişə var” deyirik. Ərazi yoxdur? Onda nə sürünürsünüz o torpaqlarda, nəyiniz varsa, yığın, gedin xarabanıza.

Dördüncüsü, “inqilab” nağılını Avropada, Amerikada və Rusiyada danışarsınız, bu kimi cəfəngiyatların auditoriyası oralarda var. Azərbaycan cəmiyyəti üçün bir həqiqət var: işğal etdiyiniz torpaqlardan çıxmalısınız!

Beşincisi, tarixi zəif bilən üçün fakt odur ki, Dağlıq Qarabağın abo­rigen xalqı türklərdir. Ermənilər ora köçürülüblər.

Altıncısı, cənab Paşinyan, Dağlıq Qarabağdan öz xoşunla quldur dəstələrini çıxarmasan, Azərbaycan əsgəri əzə-əzə keçəcək.

İndi təsəvvür edin – erməni siyasətçi və ekspertlərin “Münxen prinsipləri” dedikləri və Madrid prinsipləri ilə müqayisə etməyə çalışdıqları cəfəng fikirləri ATƏT-in Minsk qrupu niyə darmadağın etmir. Azərbaycan Prezidentinin həmsədrləri tənqid etməkdə nə dərəcədə haqlı olduğunu təkcə bu məqam aydınca ortaya qoyur.

Bütün bunlara rəğmən, Azərbaycanın daha qətiyyətli və konkret mövqe ortaya qoyduğu aydındır. Bakı qəti şəkildə tələb edir: həmsədrlər imitasiyadan imtina etməli və Ermənistan işğalçı qüvvələrini Azərbaycan torpaqlarından çıxarma­lıdır!

 

Kamal ADIGÖZƏLOV

Xalq qəzeti 2020.- 18 iyul.- S.3.