“Sizə olan etimadımız və güvənimiz sonsuzdur

Ölkə vətəndaşları Ali Baş Komandan İlham Əliyevə dəstəklərini bildirirlər

 

Ermənistan növbəti dəfə Azərbaycanın gücünü gördü. Belə ki, rəsmi İrəvanın daxilixarici siyasətində ya­şadığı problemləri arxa plana keçirmək məqsədilə həyata keçirdiyi hərbi təxribata Ordumuz layiqli cavabı­nı verdi. Xaincəsinə Azərbaycanın sərhədini pozmağa çalışan işğalçı ölkəyə qarşı Azərbaycan əsgəri adek­vat cəza tədbirləri həyata keçirdi. Xalqın və dövlətin birliyindən güc alan rəşadətli Ordumuzun çevikgüc­lü zərbəsi nəticəsində işğalçı Ermənistan Tovuz rayo­nu istiqamətində gedən döyüşlərdə silahlı qüvvələrinin bölmələri ölü və yaralı olaraq yüzə yaxın hərbi qul­luqçusunu itirdi. Prezident İlham Əliyevə ünvanlanan məktublarda vətəndaşlarımız ölkə başçısının – Ali Baş Komandanımızın döyüş əmri ilə torpaqlarımızın işğal­dan azad olunacağına əminliklərini ifadə edir, dövlət rəhbərinin siyasətinə hərtərəfli dəstəklərini bildirirlər.

İyulun 12-də baş nazir Nikol Paşinyan hökumətinin Ermənistan–Azərbaycan dövlət sərhəddində hərbi təxribatlarına qarşı Ordumuzun həyata keçir­diyi adekvat cəza tədbirləri ölkə ictimaiyyətində böyük məmnunluq doğurmuşdur. Prezident İlham Əliyevin qətiyyətli addımları nəticəsində erməni qəsbkarları üzərində növbəti hərbi və diplo­matik qələbənin qazanılmasını alqışlayan hər bir vətəndaş Qara­bağ uğrunda aparılan mübarizəyə qoşulmağa, Azərbaycan əsgərilə çiyin-çiyinə vuruşmağa hazır olduğunu bildirir. Məsələn, Lerik rayonu, Barzavu kənd sakini Hakim Qənbərov yazır: “Bu gün ölkəmizdə baş verənlər Lələtəpə, Bayraqtəpə, Günnüt zəfəri ərəfəsində Azərbaycanda yaşanılan döyüş əzminin, qələbə ruhunun davamıdır. Bu möhtəşəm hissləri Vətənə sev­gi, Sizin qətiyyətli siyasətiniz, dövlət-vətəndaş birliyi yaradıb”. Bu gün ölkəmizdə baş verənlər Lələtəpə, Bayraqtəpə, Günnüt zəfəri ərəfəsində Azərbaycanda yaşanılan döyüş əzminin, qələbə ruhunun davamı olduğunu vur­ğulayan H.Qənbərov əlavə edir ki, bu möhtəşəm hissləri Vətənə sevgi, ölkə başçısının qətiyyətli siyasəti, dövlət-vətəndaş birliyi yaratmışdır. “Bu hissləri bizə yaşatdığınıza görə leriklilər adın­dan Sizə minnətdaram”, – deyən Lerik rayon sakini dövlət və millət üçün həmişə döyüşməyə və şəhid olmağa hazır olduğunu da məktubunda bildirir.

Azərbaycan Ordusunun işğalçılara qarşı cəza tədbirlərinin həyata keçirilməsi ölkədə bö­yük çoşqunluğa səbəb oldu, Bakının ayrı-ayrı yerlərində, küçə və prospektlərində Silahlı Qüvvələrimizə dəstək aksiyası keçirildi. Əllərində Azərbaycan bayraqlarını tutmuş minlərlə insan küçələrə axışaraq “Qarabağ”, “Qarabağa azadlıq” şüarlarını səsləndirdilər. Əsasən gənclərin iştirak etdiyi aksiyada, habelə, hərbçilərə dəstək nümayiş etdirildi, şəhidlərin xatirəsi ehtiramla yad olundu. Ölkə başçısına göndərilən məktublarda vətəndaşlar Azərbaycanın haqq işində qələbə qazanacağına inandıqlarını bildirirlər. Məsələn, Saatlı rayo­nu, Mollavəzili kənd sakinləri Mirzəka Ağayev və Rövşən Bədəlov yazırlar: Sizin qətiyyətli çıxışlarınızda Böyük Qələbənin işartılarını, işığını görürük. Əminik ki, bu günlər yaşananlar Şuşada, Xankəndidə dalğalanacaq bayra­ğımızın şanlı yolunun başlanğıcı olacaq. İgid əsgərlərimiz, unu­dulmaz şəhidlərimiz artıq bu yola cığır salıblar”. Məktub müəllifləri yaşadıqları kəndin bütün sakinlərinin Prezidentin qətiyyətli siyasətini dəstəklədiklərini, hər an ölkə başçısının yanında olduqla­rını və döyüş əmrini gözlədiklərini bildirirlər.

Əlbəttə, dövlət-xalq-ordu birliyi milli həmrəyliyin bəhrəsidir. Hər bir əsgər dövlətin və xalqın dəstəyini hiss edir. Bu gün də Azərbaycan xalqı əsgərinin yanındadır, ona dayaq durur. Prezident İlham Əliyevə ünvanlanan məktublarda vətəndaşlarımız yazırlar ki, Azərbaycan xalqı öz ordusuna inanır, ona güvənir. Füzuli rayon sakini Fuad Şükürov bildirir ki, Azərbaycan Ordusu düşmənə hər an layiqli cavab verməyi bacarır. “Xalq-iqtidar birliyi torpaqlarımızın tezliklə işğaldan azad olunacağına əminlik ya­radır”, – yazan F.Şükürov əlavə edir ki, Azərbaycan xalqı Prezi­dentin ətrafında sıx birləşmişdir. Binəqədi rayon sakini Səlcuq Müzəffərli də məktubunda son günlərdə cəbhə xəttində yaşa­nan gərginlik fonunda hər bir Azərbaycan vətəndaşında yüksək vətənpərvərlik hissinin müşahidə olunduğunu yazır.Biz Ordumu­zun gücünə inanırıq və ona da inanırıq ki, Sizin rəhbərliyinizlə bütün işğal altında olan torpaqla­rımız düşmən tapdağından azad olunacaq. Bu gün Sizin əmrinizi gözləyən minlərlə gənclər var ki, bunlardan Yeni Azərbaycan Parti­yasının gəncləri də hər an cəbhə bölgəsində əlində silah, dilində “Yaşasın Azərbaycan!” şüarı ilə vuruşmağa cani-könüldən hazır­dır”, – yazan S.Müzəffərli vurğu­layır ki, gənclər ölkə başçısının gücünə inanır və bu çətin zaman­da Prezidentin yanında yumruq kimi birləşmək hər bir Azərbaycan gəncinin ümdə borcudur.

Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasın­dan sonra ilk diqqət yetirdiyi sahələrdən biri ordu quruculuğu olmuşdu. Məhz, ümummilli lide­rimizin həyata keçirdiyi islahatlar nəticəsində Ordumuz inkişafında yeni mərhələyə qədəm qoymuş­du. Ulu öndərin ordu quruculuğu­na yönəlik siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer almışdır. Aprel, Günnüt və 12 İyul hadisələrində işğalçı Ermənistana verilmiş hərbi dərslər bu reallığı bir daha təsdiqləyir. Zəngilan rayon 35 saylı məktəbin müəllimi Həyat Abdullayeva bununla bağlı yazır: “Sizin həyata keçirdiyiniz siyasətin nəticəsidir ki, bu gün Azərbaycan güclü orduya malikdir. Ordu quruculuğu istiqamətində gördüyünüz işlərin nəticəsidir ki, Azərbaycan bu gün düşmənə layiqli cavab verə bilir. Həm Aprel döyüşlərində, həm də son günlərdə Tovuzda baş verən erməni təxribatına layiqli cavab verilmişdir. Qüdrətli ordumuz istənilən vaxt işğalda olan torpaq­larımızı azad etmək iqtidarında­dır”. H.Abdullayeva məktubunda xüsusilə vurğulayır ki, Zəngilan gəncləri daim dövlətimizə xidmət edir: “Sizə olan etimadımız və güvənimiz sonsuzdur. Biz Sizin ətrafınızda sıx birləşmişik və daim əmrinizə hazırıq”. Bakı şəhər sa­kini Elvin Hüseynov da düşmənə layiqli cavab verildiyini vurğulayır: “Bu müraciəti Sizə ünvanlamağı özümə borc bildim. Son günlərdə mənfur düşmənlərimizin ölkəmizə qarşı təcavüzünü Azərbaycan gəncləri qəti şəkildə qınayır və Sizin əmrinizi gözləyirik ki, düşmənə şanlı aprel döyüşlərində olduğu kimi, layiqli cavab verək. Bu gün biz gənclər tərəfindən döyüş həm ön cəbhədə, həm də arxa cəbhədə sosial şəbəkələrlə davam edir və düşmənə hər iki tərəfdə layiqli cavab verilir”. Məktub müəllifi sonda qeyd edir: “Cənab Prezident, ön cəbhədə əlimizdə silah qanımızın son dam­lasına kimi Vətənin müdafiəsinə hazırıq”.

Bakı şəhər sakini Yeganə Məmmədova yazır: “Bu gün Azərbaycanda gənclər siyasəti uğurla davam et­dirilir. Sizin məqsədyönlü siyasətinizin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncliyi xoşbəxtdir ki, Azərbaycanın lideri gənclərimizə daha güclü, daha zəngin bir Azərbaycan bəxş edib. Bu gücün mənbəyi Heydər Əliyev yoludur, bu gücün mənbəyi xalqla iqtidarın birliyidir, bu gücün mənbəyi Azərbaycan xalqının Sizə inamıdır”. Azərbaycan gənclərinin Prezidentin ətrafında sıx birləşdiyini vurğulayan Y.Məmmədova əlavə edir ki, ölkə başçısının ordumuzun inkişafına daim qayğı göstərməsi, onun daha da qüdrətli olması üçün bütün tədbirləri həyata keçirməsi sayəsində güclü ordumuz daha da təkmilləşir. Bu gün ordumuzun qarşısında çox mühüm vəzifələr durur. Əsas vəzifə torpaqlarımı­zın düşmən əsarətindən azad edilməsidir”, – yazan məktub müəllifi əlavə edir ki, bu vəzifəni layiqincə yerinə yetirmək üçün hər cür imkan var. Paytaxtın digər sakini Ümudə Rəhimova da gənclərin Prezident İlham Əliyevi hər zaman dəstəklədiklərini yazır. “Yeni Azərbaycan Partiyasının gənc üzvü olaraq Sizin verdiyi­niz tapşırıqları hər zaman uğurla yerinə yetirəcəyimə tam əmin ola bilərsiniz”, – yazan Ü.Rəhimova vurğulayır ki, gənclər ölkə başçısı­nın iradəsinə güvənir.

Bir sözlə, 12 İyul erməni təxribatına layiqli cavab verilməsi, işğalçı rejimin həm hərbi, həm də diplomatik cəhbədə ağır məğlubiyyətə uğradılması ölkə vətəndaşlarında dövlətimizə, onun rəhbərinə olan inamını daha da artırır, Prezident İlham Əliyevin Azərbaycanın Dağlıq Qarabağ mübarizəsində yürütdüyü siyasətə verdiyi dəstəyi daha da gücləndirir. Bütün bu məktublar həm də onu göstərir ki, dövlət-xalq-ordu birliyi güclüdür və bu birlik Vətənimizin qarşısında dayanan strateji vəzifələri yerinə yetirməyə imkan verir.

 

Hazırladı: Səbuhi MƏMMƏDOV

Xalq qəzeti  2020.- 18 iyul.- S.2.