“Biz öz məqsədimizə
çatıb bu ili də uğurla başa vuracağıq”
Hesab edirəm ki,
bütövlükdə, ilin altı ayında
görülmüş işlərə müsbət qiymət
vermək olar. Bu il çox çətin ildir, təkcə
bizim üçün yox, bütün dünya
üçün. Təsadüfi deyil ki, aparıcı beynəlxalq
maliyyə qurumlarının verdiyi açıqlamaya görə,
dünyanın 150 ölkəsindən çoxu maliyyə
yardımı üçün beynəlxalq maliyyə
qurumlarına müraciət edib. Azərbaycanın adı bu
siyahıda yoxdur. Azərbaycan öz inkişafını öz
hesabına təmin edir.
İlham
ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Azərbaycan Prezidenti İlham
Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin
birinci yarısının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında dövlətimizin
başçısı hesabat dövrünün
yekunlarının müzakirə edilməsinin müsbət hal
olduğunu diqqətə çatdıraraq, bu ənənənin
öz bəhrəsini verdiyini xatırladıb. Bildirib ki, belə
toplantılarda həm görülən işlər,
buraxılan nöqsanlar təhlil olunur, eyni zamanda, gələcək
fəaliyyət üçün praktiki addımların
atılması müəyyənləşdirilir. Təbii ki, hər
ilin əvvəlində qarşıdakı aylarda görüləcək
işlər haqqında qərar verilir, tədbirlər
planı təsdiqlənir. Ancaq həyat yerində durmur, dəyişir
və yeni çağırışlar üzə
çıxır. Belə olan halda, əlbəttə, planlarda
da düzəlişlər edilir. Bundan əsas məqsəd isə
ölkəmizin uğurlu inkişafını sürətləndirməkdir.
Dövlətimizin
başçısı çıxışının əvvəlində
son günlər ərzində Ermənistan-Azərbaycan
dövlət sərhədinin Tovuz istiqamətində baş
verən hadisələr barədə məlumat verərək,
əməliyyat zamanı düşmənə
sarsıdıcı zərbələr vurulduğunu, onlarla erməni
hərbçisinin məhv edildiyini, onların sərhədboyu
yerləşən dayaq məntəqələrinin
böyük hissəsinin dəqiqliklə
dağıdıldığını və bununla da Azərbaycan
Ordusunun bir daha öz üstünlüyünü göstərdiyini
vurğulayıb. Eyni zamanda, bu əməliyyatın Ordumuzun
şanlı tarixində öz yeri olacağını da diqqətə
çatdırıb.
İclasda Azərbaycan ictimaiyyətinin diqqətini çəkən bir sıra digər siyasi məsələlərlə bərabər, ölkəmizdə COVID-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirləri barədə də ətraflı bəhs edilib.
Xatırladaq ki, bu dəhşətli
bəla özünü büruzə verdiyi ilk günlərdən
Azərbaycan Prezidentinin rəhbərliyi ilə koronavirus
infeksiyası ilə mübarizədə bütün zəruri
tədbirlər həyata keçirilib, pandemiya ilə əlaqədar
məsələlər ciddi nəzarətdə
saxlanılıb, müvafiq strukturlar tərəfindən
COVİD- 19-un geniş yayılmasının
qarşısını almaq və insanların həyatını
maksimum şəkildə qorumaq kimi vəzifələrə
ciddi şəkildə yanaşılıb. Etiraf edək ki,
bunun müsbət nəticəsi olub. Başqa
sözlə, xüsusi karantin rejimi dövründə, sərt
qadağalar şəraitində yoluxma hallarının sayı
minimuma endirilib, ölkəmizdə ölüm halları
çox aşağı səviyyədə olub, xüsusi
rejimli xəstəxanalarda müalicə olunaraq
sağalanların sayı yeni yoluxma hallarının
sayını kəskin üstələyib.
İclasda hazırda koronavirus xəstələrinin
ölkəmizin 35 şəhər və rayonunda yerləşən
50 xəstəxanasında müalicə aldıqları, həmin
xəstəxanaların 36-sının dövlət
başçısının sərəncamı ilə son
dövrdə inşa edildiyi, qısa müddətdə modul
tipli xəstəxanaların istifadəyə verildiyi
vurğulanıb. Eyni zamanda, əlavə olaraq, son günlər
koronavirusla mübarizəyə ambulator tipli müəssisələrin
də cəlb olunduğu, onların 40-nın Bakıda
simptomsuz yoluxmuş şəxslərə evdə xidmət
göstərmək üçün ayrıldığı
diqqətə çatdırılıb.
Nazirlər Kabinetinin iclasında
ölkə rəhbərinə pandemiyaya qarşı
aparılan mübarizə tədbirləri barədə verilən
məlumatda, həmçinin bildirilib ki, bu gün xəstəliyin
müalicəsi üçün ayrılan
çarpayıların ümumi sayı 10 mindən
artıqdır və hazırda bu istiqamətdə işlər
davam etdirilir. Qısa müddətdə 300-dən
artıq süni tənəffüs aparatları ölkəyə
gətirilərək, xəstəxanalara verilib. Ən
müasir ECMO cihazlarının sayı artırılıb, təcili
tibbi yardım xidmətləri göstərən avtomobillərə
olan tələbatın ödənilməsi məqsədilə dövlət
başçısının tapşırığı ilə
xaricdən sifariş olunan 84 avtomobil ölkəyə gətirilərək
tibb müəssisələrinə paylanılıb.
İyul-avqust aylarında əlavə olaraq 100 təcili
yardım avtomobilinin gətirilməsi də
planlaşdırılıb. Koronavirus infeksiyasının
müəyyənləşdirilməsi üçün
xüsusiləşdirilmiş laboratoriyaların sayı 30-a,
bununla da, gündəlik testlərin sayı 10 minə
çatdırılıb. Yaxın zamanlarda əlavə olaraq
laboratoriyaların sayının artırılması və
testlərin sayının 12-13 min həddində olması nəzərdə
tutulub. Bütün bunlarla bərabər,
qısa müddət ərzində 50 milyondan artıq maska Azərbaycana
idxal olunub, eyni zamanda, operativ görülmüş işlər
nəticəsində yerli istehsal təşkil olunub və nəticədə
10 milyona qədər maska istehsal edilib. Bu gün Azərbaycanda 14
milyondan artıq maska var və yerli istehsal davam edir.
İclasda
bu il martın 24-dən etibarən
“Sanitar-epidemioloji salamatlıq haqqında” Qanuna əsasən
xüsusi karantin rejimi çərçivəsində tətbiq
edilən məhdudiyyətlər ölkə iqtisadiyyatına təbii
olaraq mənfi təsirini göstərib. Buna görə də
Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamı
ilə pandemiyadan əziyyət çəkən işsiz
şəxslərə, aztəminatlı təbəqələrə,
fəaliyyəti məhdudlaşdırılmış
sahibkarlıq subyektlərinə kömək, ictimai iş yerlərinin
yaradılması, özünüməşğulluq
proqramının genişləndirilməsi, səhiyyə sisteminin
gücləndirilməsi məqsədilə 1,5
milyard manatlıq tədbirlər planı hazırlanıb.
Ümumiyyətlə, bütün mənbələr
hesabına iqtisadiyyata bu dövr ərzində
bütövlükdə 3,5 milyard manat həcmində
sosial-iqtisadi yardım paketi müəyyənləşdirilib.
Xüsusi
karantin rejimi dövründə məhdudlaşdırıcı
tədbirlər müsbət nəticə verib və bununla əlaqədar
may ayının ortalarından Operativ Qərargah tərəfindən
yumşalma prosesinin həyata keçirilməsinə
başlanılıb. Lakin əfsuslar olsun ki,
bundan bir müddət sonra sanitar-epidemioloji qaydalara riayət
olunmaması səbəbindən xəstəliyin sayı
artıb. Bu cür halların
qarşısını almaq məqsədilə operativ qərargah
təkrar olaraq məhdudlaşdırıcı tədbirlər
reallaşdırıb və respublikanın 16 şəhər
və rayonda xüsusi karantin rejimi tətbiq edilib. Pandemiya ilə mübarizədə həyata
keçirilən tədbirlərin düzgün istiqamətdə
aparılmasının nəticəsidir ki, son günlərdə
xəstəliklə əlaqədar rəqəmlərdə
müsbət tendensiya müşahidə olunub.
İclasda
dövlətimizin başçısının və Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi
ilə Türkiyə, Rusiya və Kubadan olan böyük təcrübəyə
malik tibb mütəxəssislərindən ibarət heyətin
Azərbaycana gətirilməsi və xəstəxanalarda həkimlərimizlə
birgə işləməsinin təşkil olunması, eyni
zamanda, Çindən ixtisaslaşmış həkim və ekspertlərindən
ibarət tibbi heyətin ölkəmizdə pandemiya ilə
mübarizəyə və Azərbaycan həkimləri ilə
təcrübə mübadiləsinə cəlb edilməsi də
diqqətə çatdırılıb.
Dövlətimizin başçısının həkimlərin
əməyinə və fədakarlığına daim yüksək
qiymət verməsi ilə əlaqədar gerçəkləşdirilən
tədbirlər barədə də danışılıb. Ölkə Prezidentinin
imzaladığı müvafiq sərəncama əsasən
koronavirusla əlaqəli əmək şəraitinə
görə dövlət tibb müəssisələrində
çalışan işçilərin sosial rifahının
yaxşılaşdırılması məqsədilə
onların əməkhaqlarına aylıq vəzifə
maaşının 3-5 mislinədək müddətli əlavə
müəyyənləşdirilməsi, mart-iyun aylarında bu
prosesin icra edildiyi, ümumiyyətlə, koronavirus
pandemiyasının qarşısının alınması,
onunla mübarizə üçün səhiyyə sahəsinə
250 milyon manatdan artıq vəsait ayrılması da
vurğulanıb.
İclasda
bildirilib ki, respublikada su ehtiyatlarının az olması, iqlim dəyişməsi
və orta temperaturun yüksəlməsi, qonşu ölkələrdən
daxil olan yerüstü su ehtiyatlarının, çaylarda
sululuğun və yağıntıların əhəmiyyətli
dərəcədə azalması, digər tərəfdən
iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının
inkişafı, əkin sahələrinin, suvarma, habelə
içməli su təchizatı üzrə şəbəkələrin
genişləndirilməsi nəticəsində suya tələbatın
artması son illərdə ölkədə su
çatışmazlığını şərtləndirib.
Bu baxımdan, xüsusilə cari ildə
respublikamızın su ehtiyatları sahəsində gərgin
vəziyyət yaranıb. Hazırda əsas su
anbarlarında 20,5 milyard kubmetr tutuma qarşı əvvəlki
illərdən kəskin aşağı səviyyədə –
cəmi 11,3 milyard kubmetr su mövcuddur ki, bunun 8,6 milyard
kubmetri “ölü” həcmdir. Azərbaycan Prezidentinin rəhbərliyi
ilə əvvəlki illərdə böyük həcmdə
işlərin həyata keçirilməsinə, ehtiyat tədbirlərin
görülməsinə, məsələn, Taxtakörpü,
Şəmkirçay, Naxçıvanda Heydər Əliyev
(Vayxır) su anbarlarının, Oğuz-Qəbələ-
Bakı su kəmərinin və digər layihələrin
inşa edilməsinə baxmayaraq, hazırda kəskin su
çatışmazlığı müşahidə edilir.
Yaranan vəziyyətdən çıxmaq
üçün ölkə rəhbərinin müvafiq sərəncamı
ilə komissiya yaradılıb. Artıq komissiya
intensiv fəaliyyətə başlayıb, bütün aidiyyəti
qurumların koordinasiyası təmin edilib, su ehtiyatları barədə
operativ məlumat sistemi qurulub, alınan məlumatların
gündəlik təhlili və nəzarəti gerçəkləşdirilib.
Vəziyyətin ciddiliyi nəzərə alınaraq, xüsusi
əhəmiyyətə malik Mingəçevir və Ceyranbatan
su anbarları üzrə suvarma, içməli su təchizatı
və energetika məqsədləri üçün sudan istifadə rejimi təsdiq olunib.
Hazırda yaradılan proqram təminatı sayəsində
qrafiklər “Elektron kənd təsərrüfatı” informasiya
sisteminə inteqrasiya olunur. Suvarmaya dair problemlərin
operativ qaydada həlli məqsədilə Kənd Təsərrüfatı
Nazirliyi ilə “Azmelsutəsərrüfat” ASC-nin fəaliyyəti
əlaqələndirilib, “Çağrı mərkəzi”
(8770) yaradılıb.
Su ehtiyatlarının formalaşması və istifadəsi
üzrə ümumi dəyərləndirmələrin
aparılmasına imkan verən su təsərrüfatı
balansı hazırlanıb və bu, əvvəlki üç
ilin faktiki, cari ilin gözlənilən və növbəti
ilin proqnoz göstəricilərini əks etdirir.
İclasda ölkənin maliyyə vəziyyəti barədə
də dövlət başçısına məlumat verilib. Bildirilib ki,
pandemiyanın cari ildə ölkə iqtisadiyyatı
üçün törətdiyi mənfi fəsadlara baxmayaraq,
büdcə gəlirləri üzrə proqnozlar artıqlaması
ilə icra olunub. Dövlət büdcəsinin gəlirləri
proqnoza qarşı 2,9 faiz və ya 338
milyon manat çox icra olunmaqla 12 milyard 23 milyon manat təşkil
edib. Daxilolmalar üzrə proqnoz göstəricilərini
İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti 327 milyon
manat və yaxud 8,9 faiz, Dövlət Gömrük Komitəsi
98 milyon manat və ya 5,1 faiz artıqlaması ilə icra edib.
Dövlət Neft Fondunun dövlət büdcəsinə
transferti üzrə daxilolmalar 100 faiz, digər daxilolmalar
üzrə proqnoz isə 15,2 milyon manat
çox icra olunub. Büdcə təşkilatlarının
büdcədənkənar daxilolmaları üzrə proqnozun
102 milyon manat az, dövlət büdcəsi xərclərinin
isə 105 milyon manat artıq və ya 100,9
faiz icra olunmasına baxmayaraq, 2020-ci il iyulun 1-i tarixinə
dövlət büdcəsində 292 milyon manat məbləğində
və ya proqnozdan 233 milyon manat çox profisit yaranıb.
Dövlət
investisiya proqramı çərçivəsində investisiya
layihələrinin həyata keçirilməsi
üçün ayrılmış vəsaitin 44,3 faizinin və
yaxud 1 milyard 835 milyon manatının maliyyələşdirilməsi
təmin edilib. Dövlət borcuna xidmətlə
bağlı xərclər isə 881 milyon manat təşkil
edib.
Pandemiya
ilə mübarizə tədbirləri, onun ölkə
iqtisadiyyatında yaratdığı mənfi təsirlərin
azaldılması üçün Azərbaycan Prezidentinin
müvafiq sərəncamları ilə dövlət büdcəsindən
ayrılmış 1 milyard 409 milyon manat vəsaitdən 6 ay ərzində
752 milyon manat vəsaitin maliyyələşdirilməsi təmin
olunub. Bu mənbədən səhiyyə sahəsinə
ayrılmış 250 milyon manat vəsaitdən 149 milyon manat,
sosial-iqtisadi dəstək tədbirləri üzrə
ayrılmış 570 milyon manat vəsaitdən 281 milyon manat,
sosial təminat dəstək tədbirləri üzrə
ayrılmış 309 milyon manat vəsaitdən 244 milyon manat,
dövlət şirkətlərinə maliyyə dəstəyinin
göstərilməsi ilə bağlı ayrılmış
280 milyon vəsaitdən isə 118 milyon manat artıq istifadə
edilib.
Bu ilin ilk yarısında həyata keçirilən tədbirlər
nəticəsində valyuta bazarı tarazlaşıb. İlin ilk 5 ayında 2,9 faizlik inflyasiya qeydə alınıb. Aparılan sorğular göstərib ki, həm əhalinin,
həm də biznesin inflyasiya göstəriciləri sabitləşib.
Bu ilin sonunda inflyasiya 3-3,5 faiz səviyyəsində
proqnozlaşdırılıb. Pul-kredit və faiz siyasətinin
yumşaldılması ardıcıl olaraq davam etdirilib və
ilin əvvəlindən faiz dərəcəsi 7,5
faizdən 7 faizə endirilib.
Pandemiyanın nəticələrini aradan
qaldırmağa imkan verən antiböhran tədbirlərinə
Mərkəzi Bank da qoşulub. Hazırda verilən
requlyativ güzəştlərə uyğun olaraq, banklara 1
milyard manat məbləğində kreditlərin
restrukturizasiyası ilə əlaqədar 64 mindən çox
müraciət olunub.
Banklar tərəfindən həmin müraciətlərə
operativ baxılır. Artıq biznes kreditlər
üzrə 58 faiz, ipoteka kreditləri üzrə 77 faiz, əhalinin
istehlak kreditləri üzrə isə 84 faiz müraciətlər
icra edilərək, restrukturizasiya olunub. Əhaliyə biznesə
möhlətlər verilib və bu, onlara bir qədər
yüngüllük gətirib. Çünki onlar pandemiya
dövründə öz gəlirlərini itiriblər.
Tədbirlər Planının
növbəti istiqaməti pandemiyadan zərər çəkmiş
sahələrdə çalışan muzdlu işçilərin
əməkhaqqının müəyyən hissəsinin ödənilməsi
və fərdi, o cümlədən mikrosahibkarlara maliyyə dəstəyinin
göstərilməsidir. Cari il iyulun 1-dək muzdlu
işçilərin əməkhaqlarının
kompensasiyası çərçivəsində 24 min 300
vergiödəyicisi üzrə 210 min muzdlu işçiyə
95 milyon manat vəsait ödənilib. Bundan başqa, fərdi,
o cümlədən mikrosahibkarlara maliyyə dəstəyi
paketi çərçivəsində 105,6 min vergiödəyicisinə
63 milyon vəsait verilib.
Tədbirlər Planının
mühüm istiqamətlərindən biri də pandemiyadan zərər
çəkən sahələrdə fəaliyyət göstərən
sahibkarlıq subyektlərinə ayrılacaq 500 milyon manat yeni
bank kreditləri üzrə dövlət zəmanətlərinin
verilməsi, yeni və 1 milyard həcmində mövcud
kreditlər üzrə faizlərin
subsidiyalaşdırılmasıdır. Hazırda hər iki
mexanizm İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan və
ölkədə ilk dəfə tətbiq olunan rəqəmsal
kredit platforması vasitəsilə həyata keçirilir.
Sahibkarlar tərəfindən kredit təşkilatlarına 318
milyon manat kredit əldə olunması üçün
artıq 820 müraciət olunub. Üç milyon manat məbləğində
kreditlərin rəsmiləşdirilməsi prosesinə
başlanıb. Yəni, banklar tərəfindən də
müvafiq qaydalara uyğun olaraq razılıq verilib. Avqust
ayının 1-dək isə platformada sahibkarlara eyni vaxtda 3
bank seçmək imkanı yaradılacaq.
Hesabat dövründə aqrar sahənin
inkişafı istiqamətində də davamlı tədbirlər
həyata keçirilib. Xüsusi karantin rejimi
dövründə bölgələrdə mineral gübrə,
pestisid, toxum təchizatı və satışı, kənd təsərrüfatı
texnikalarının məhdudiyyətsiz hərəkəti təmin
edilib. İndiyədək əhalinin kənd təsərrüfatı
məhsulları ilə təminatında xüsusi bir problem
qeydə alınmayıb. Hazırda əsas diqqət taxıl
biçininin yekunlaşmasına yönəlib, ölkə
üzrə bir milyon hektardan artıq taxıl sahəsində məhsul
yığımı aparılmaqdadır. Taxıl biçinində
bu günlərdə, ümumiyyətlə, 1700-dən
artıq kombayn iştirak edib və Kənd Təsərrüfatı
Nazirliyi tərəfindən biçinə 700-ə yaxın
kombayn cəlb olunub. Hazırkı dövrə qədər 860
min hektardan çox sahədə taxıl biçini
aparılıb, sahələrdən bu günədək ilkin
olaraq 2,7 milyon tondan artıq məhsul toplanılıb.
Taxıl üzrə orta məhsuldarlıq hər hektarda 31,5
sentner təşkil edib. Müvafiq olaraq buğda üzrə
orta məhsuldarlıq 32,3 sentner, arpa üzrə isə 30,1
sentnerdir.
Hesabat dövründə bitkiçilik məhsulları istehsalında artım dinamikası davam edib. Cari ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz çox tərəvəz, 5,3 faiz çox meyvə və giləmeyvə, 9,7 faiz çox kartof istehsal olunub.
Hazırkı günlər aqrar sektorda təsərrüfat fəaliyyətinin ən qızğın dövrüdür. Dövlətin fermerlərə göstərdiyi qayğı və davamlı dəstək onların daha da yüksək nəticələr əldə etməsini şərtləndirir. Bu sahəyə göstərilən daimi diqqət fermerlərin məsuliyyətini də artırır.
Bütün bunlar isə dövlət başçısı tərəfindən ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması üçün qarşıya qoyulan vəzifələrin bu il də layiqincə yerinə yetiriləcəyindən və xüsusilə pandemiya və quraqlıq şəraitində kənd təsərrüfatının bütün istiqamətlərində yüksək məhsuldarlıq əldə olunacağından xəbər verir.
Vaqif BAYRAMOV
Xalq qəzeti 2020.- 19 iyul.- S.3.