Möhtəşəm
Qayıdışa aparan dönüş
Ümummilli lider
Heydər Əliyevin Moskvadan Azərbaycana dönməsindən
30 il keçir
Ümummilli lider Heydər Əliyevin həyatının bütün mərhələləri canından artıq sevdiyi Azərbaycana xidmətdə keçmişdir. Ulu öndərin liderlik fəaliyyəti Vətəninə maraqlarını uca tutmağın misilsiz nümunəsidir. Dünya miqyaslı siyasət və dövlət xadimi səviyyəsinə yüksəlmiş bu insanın Vətənə dönüşü, möhtəşəm bir qayıdış və xilaskarlıq missiyası ilə şərəflənmişdir. 1993-cü il iyulun 20-də xalqımızın qüdrətli oğlu Heydər Əliyevin müstəsna bir qətiyyət və cəsarətlə Moskvadan Azərbaycana dönüşü dövlət müstəqilliyi uğrunda mübarizə tariximizə böyük siyasətə Qayıdışın başlanğıcı kimi yazılmışdır.
Ümummilli lider Heydər Əliyev 1982-ci ildə
Sov.İKP MK Siyasi Bürosunun üzvü seçilmiş,
SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə
təyin edilmişdi. Moskvada yüksək partiya
və dövlət vəzifələrində işləyən
Heydər Əliyev bu dövrdə ittifaq dövlətinin lideri
səviyyəsinə çatmış bədnam yenidənqurmaçı
M.Qorbaçovun üzdəniraq rəhbərlik metodlarına,
milli münaqişələrə səbəb ola biləcək
düşünülməmiş dövlət siyasətinə,
xüsusən türk respublikalarına qarşı qərəzli
siyasətə açıq və kəskin etirazını
bildirən görkəmli dövlət xadimi kimi
tanınırdı.
Avantürist siyasəti ilə qısa müdətdə ölkədə vəziyyəti mürəkkəbləşdirən, etnik münaqişələrə yol açan yeni sovet rəhbəri Heydər Əliyevin timsalında qüvvətli opponentini görürdü. Heydər Əliyevin onunla razılaşmaması, öz mövqeyini qətiyyətlə müdafiə etməsi ona xoş gəlmirdi. Bir çox hallarda Heydər Əliyevlə M.Qorbaçov arasında ziddiyyətlər də olurdu. Baş yenidənqurmaçı Heydər Əliyev kimi güclü şəxsiyyətlərdən, müstəqil düşünən insanlardan qorxurdu, onları qiymətləndirə bilmirdi, ondan canını qurtarmağa çalışırdı.
M.Qorbaçov Heydər Əliyevin getdikcə
artan nüfuzuna, populyarlığına qarşı gizli, məkrli
və daim qızışdırılan paxıllıq hissi
keçirirdi. Heydər Əliyevin “Siyasi
Büronun fəal üzvü və son dərəcə ciddi
rəhbər” (M.Qorbaçov) olmasına baxmayaraq,
M.Qorbaçovda qısqanclıq hissi üstün gəldi və
nəticədə, Heydər Əliyev 1987-ci ilin oktyabrında
idarəçilikdən uzaqlaşdırıldı. Bununla da
kifayətlənməyərək, xalqın gözündən
düşməsi üçün Heydər Əliyevin əleyhinə
böhtançı təbliğat işinə rəvac
verildi. Sov. İKP MK katibi, kobud davranışı ilə
tanınan V.Liqaçov Bakıya göndərildi. O, Baş
katibin adından Azərbaycan KP MK-nın ikinci katibi V.Konovalova
tapşırdı ki, Heydər Əliyevin birinci katib işlədiyi
bütün dövr ərzində onun fəaliyyətinin
yoxlanılması üçün komissiya yaratsın.
Heydər Əliyevə
qarşı Qorbaçov, Liqaçov və Yakovlevin
iştirakı ilə böyük bir proses
hazırlanırdı. Əlbəttə ki, bütün bu
işlər Heydər Əliyevi cəmiyyət
qarşısında nüfuzdan salmaq üçün
görülürdü. Amma Qorbaçovun istədiyi gurultulu
proses alınmadı, çünki Heydər Əliyevin əleyhinə
toplanmış faktların heç biri təsdiqini
tapmadı, hamısı saxta idi. Komissiyanın
çoxsaylı yoxlamaları nəticəsiz sonluqla bitdi.
Heydər Əliyev SSRİ Nazirlər Sovetinin dövlət müşaviri və Sov. İKP MK-nın üzvü vəzifəsində də çox qalmadı. Xalqımızın böyük oğlu sonralar bu vəzifədən də azad olundu: “Heydər Əliyevə qarşı ədalətsizlik etdilər” (A.Ş.Dzasoxov). “Heydər Əliyeviç çox güclü şəxsiyyət və böyük təşkilatçı idi” (A.Lixanov). Lakin: “İddiaları imkanlarını və biliklərini üstələyən adamlar sonda həmişə məğlubiyyətə düçar olublar” (Heydər Əliyev).
Siyasi Büronun keçmiş üzvü,
SSRİ Ali Sovetinin Sədri Anatoli Lukyanov Qorbaçovu belə
səciyyələndirirdi: “Hər şeyi, hətta
prinsipial məsələləri belə kompromis yolla həll
etməyə çalışmaq xasiyyəti, şəraitin və
şəxsi müşavirlərinin təzyiqi altında
improvizə etmək bir bəla kimi daim insanların
başının üstündən asılmışdı.
“Hər şey düzələr” kimi laqeyd inam və
hadisələrdən daim geridə qalmaq, prezidentin hər
sözünün öz-özünə yerinə yetiriləcəyinə
arxayınçılıq və başqalarının rəyini
dinləməyi bacarmamaq, sözsüz, onun əsas cəhətləri
idi”.
M.Qorbaçovda Heydər
Əliyevə qarşı paxıllıq, həsəd hissi,
“ondan bir vaxt çəkinməsi” (B.Yeltsin), milli siyasətdə
Qorbaçovu düşünülməmiş addımlar
atmaqdan çəkindirməyə çalışması,
onun dəyişkən fikirlərinə
uyğunlaşmaması, haqlı bildiyi mövqeyini inadla
müdafiə etməsi xalqımızın öndərini
Qorbaçovun “xoşa gəlməyən” adamlar
sırasına aid etmişdi. Burada erməni amilinin
Qorbaçova təsirini də qeyd edə bilərik. Məhz
bunlara görə də Qorbaçov və onun əhatəsi
Heydər Əliyevdən yaxa qurtarmaq qərarına gəldilər.
Qorbaçovun təhriki ilə Heydər Əliyev “səhhəti
ilə əlaqədar” tutduğu vəzifədən istefa
verdi.
Qorbaçov Heydər Əliyevin
istefasının səbəblərini açıqlayarkən
belə deyirdi: “Bu, onun səhhətiylə bağlı idi. Həm
də sizə deyim ki, respublikanın da böyük təzyiqi
vardı. O, tutduğu yüksək mənsəbin zirvəsindən
respublikaya mane olurdu. Bəli, bu çox böyük təzyiq
idi. Mən də sonda belə qərara gəldim”.
Heydər Əliyev 1987-ci ilin oktyabrından
1988-ci ilin noyabrına qədər SSRİ Nazirlər Sovetinin
dövlət müşaviri, 1989- cu ilin aprelinə qədər
isə Sov. İKP MK-nın üzvü vəzifələrində
olmuşdu.
Xalqımızın ümummilli
liderinin SSRİ rəhbərliyindən
uzaqlaşdırılması, hər şeydən əvvəl,
ermənipərəst M.S.Qorbaçovun Azərbaycana
qarşı mənfur siyasətini reallaşdırmaq
üçün əvvəlcədən
düşünülmüş planlarını həyata
keçirmək kimi çirkin məqsədindən irəli
gəlirdi. Heydər Əliyev 1990-cı il fevralın 9-da
“Vaşinqton post” qəzetinin müxbiri Devid Remnikin sualına
cavabında həmin səbəbləri belə izah edirdi: “Səbəblər
odur ki, işlədiyim son dövrdə Qorbaçov tərəfindən
özümə qarşı qeyri-səmimi münasibət hiss
edirdim. Bu, çox şeydə özünü büruzə
verirdi. Mən vicdanla işləyirdim, işimdə heç
bir qüsur görmürdüm. Qorbaçov isə subyektiv
hisslərinin əsiri oldu, vəssalam”.
Heydər Əliyevin istefaya göndərilməsinin səbəblərindən biri də SSRİ-nin siyasi rəhbərliyini ələ almış erməni lobbisinin, erməni mafiyasının təsiri və təzyiqi idi. Onların bu işdə məqsədləri və çoxdan hazırlanmış niyyətləri var idi. Lakin bu işə bizim bəzi milli bədxahlarımız və manqurtlarımız da qoşulmuşdular.
Heydər Əliyev təqaüdə
çıxdıqdan sonra ciddi nəzarət altında, təqiblər
şəraitində fəaliyyət göstərirdi. Ulu
öndər ona qarşı təxribat
hazırlandığını bilirdi. O, Bakıya qayıtmaq
arzusunda olduğunu bildirmiş, lakin Qorbaçov xəbər
göndərmişdi ki, Moskvada qalsın.
1990-cı il yanvarın 21-də,
sovet tanklarının Bakıya girməsinin və şəhərdə
qan tökülməsinin ikinci günü o, Moskvada SSRİ
Nazirlər Sovetinin yanında Azərbaycan SSR-in Daimi Nümayəndəliyinə
gəldi və çıxış edib Qorbaçovun
sanksiyası ilə həyata keçirilmiş aksiyanı kəskin
surətdə pislədi.
Çıxışının əvvəlində
söylədi ki, buraya vətəndə baş vermiş faciədən
xəbər tutub gəlmişdir. Azərbaycanda
baş verən hadisələri demokratiyaya yabançı,
humanizmə və SSRİ-də elan edilmiş hüquqi
dövlət quruculuğu prinsiplərinə tamamilə zidd
olan hadisələr adlandırdı. Faciənin səbəblərindən
birinin Dağlıq Qarabağda və onun ətrafında
baş verən hadisələrlə əlaqədar Azərbaycanla
Ermənistan arasında iki ildən bəri davam
edən millətlərarası münaqişə olduğunu
qeyd edərək, Azərbaycan və Ermənistan rəhbərliyinə,
eləcə də ölkənin ali siyasi rəhbərliyinə
bu məsələni tənzimləmək üçün iki
illik müddət tamamilə yetərli idi.
Ölkə rəhbərliyini
ciddi tənqid edən Heydər Əliyev ona yarınan respublika
başçılarının da yarıtmaz fəaliyyətini
ifşa etdi və göstərdi ki, Vəzirov “bu yüksək
vəzifədə olduğu müddətdə Azərbaycandakı
vəziyyəti sabitləşdirmək üçün
heç nə etməmişdir. Əksinə, səhv
addımları, yaramaz iş üslubu, yanlış siyasi
manevrləri ilə xalqla öz arasında uçurum
yaratmışdır”. Heydər Əliyev qorxmadan imperiya rəhbərlərini
“qatillər” adlandırdı, sovet dövlətinin səhv
siyasətinə qarşı açıq və kəskin
etirazını bildirdi.
Heydər Əliyev ilk dəfə olaraq 20 Yanvar hadisəsinə yeganə düzgün siyasi qiymət verdi və onun müqəssirlərini göstərdi. Moskva və respublika iqtidarı tərəfindən ona qarşı təzyiqlər daha da gücləndirildi.
Böyük rəhbərin Azərbaycana
qayıdacağından Qorbaçovun ehtiyat etdiyinə
heç bir şübhə yoxdur. Çünki Azərbaycanda
baş verən hadisələrdə Qorbaçov Heydər
Əliyevi təqsirləndirirdi.
“Heydər Əliyev parlaq, özgün, koloritli
və güclü bir şəxsiyyət idi” (A.Yakovlev).
Qorbaçov yanında güclü şəxsiyyətlərin
olmasına dözə bilmirdi. Ona görə də Heydər
Əliyevi gözdən salmaq üçün saxta materiallar
uydurulur və bunlar təşkil edilirdi.
Heydər Əliyev barəsində daxil olan
materialları öyrənməyi Qorbaçov A.Yakovlevə
tapşırmışdı. Sov. İKP MK yanında Partiya Nəzarəti
Komitəsinin sədri B.Puqo məhz Yakovlevə məlumat
vermişdi: Əliyev haqqında fərdi iş açmağa əsas
yoxdur. Yakovlev nə qədər inad etsə də Puqonun məruzələrinin
düzgünlüyünü təsdiq etməyə məcbur
oldu. Heydər Əliyev barəsində həqiqətən
heç bir ciddi arqument yox idi. Yakovlev Heydər Əliyevi və
onun fəaliyyətini yüksək qiymətləndirsə də,
Qorbaçovun tapşırığı, Heydər Əliyevin
isə L.Brejnevin yaxın adamı olması onu subyektiv meyillərə
istiqamətləndirirdi. Lakin fakt
faktlığında qalırdı. Heydər Əliyevin şəxsiyyəti,
problemlərə dərindən bələdliyi, hadisələrin
məğzinə, səbəb-nəticə əlaqələrinə
nüfuz etmək qabiliyyəti, nəhəng siyasətçi
kimi onunla birlikdə çalışanlardan ən azı bir
baş yuxarı idi.
1990-cı il mayın 17-də Naxçıvan şəhər partiya konfransında Naxçıvan kommunistləri Heydər Əliyevi Azərbaycan Kommunist Partiyasının XXXII qurultayına nümayəndə seçdilər. Bir neçə gündən sonra Naxçıvan vilayət partiya konfransı onun qurultay nümayəndəsi olduğunu rəsmən təsdiq etdi. Bununla əlaqədar Heydər Əliyev Andrey Karaulova müsahibəsində demişdir: “Mən Azərbaycan KP-nin bu ilin (1990 – İ.H.) 8 iyununa təyin edilmiş XXXII qurultayının nümayəndəsi seçilmişdim. Bundan başqa, haradasa mayın əvvəllərində mənə məlumat verdilər ki, respublikanın üç şəhər və rayon partiya konfranslarında Sov. İKP-nin XXVIII qurultayına da mənim namizədliyim irəli sürülübdür. Təbii ki, bu məlumatları mən məmnuniyyət hissiylə qəbul etdim və qərara gəldim ki, əgər kommunistlər belə etimad göstərib Azərbaycan KP-nin XXXII qurultayına nümayəndə seçiblərsə və Sov İKP-nin XXVIII qurultayına namizədliyimi irəli sürüblərsə, mən Bakıya gəlməliyəm. Qurultayın açılış günü yaxınlaşdıqca müxtəlif kanallarla siqnallar daxil olurdu. Respublika rəhbərliyindən gələn bu siqnallarda onların istəyi bundan ibarət idi ki, mənim Bakıya gəlişim, Azərbaycan KP-nin XXXII qurultayının işində iştirakım arzu olunmur”.
Qurultaya nümayəndə
seçildiyini eşidəndə Heydər Əliyev, əlbəttə,
məmnun qalmışdı. Qadağanı pozması və
Bakıya getməsi üçün ona qanuni hüquq verən
rəsmi əsas yaranmışdı. Lakin nə SSRİ rəhbərliyi,
nə də Azərbaycan KP MK-nın birinci katibi A.Mütəllibov
Heydər Əliyevin qurultaya getməsini məqsədəuyğun
hesab etmirdilər. A.Mütəllibov Heydər Əliyevə
telefon açaraq bildirmişdi ki, onun Bakıya gəlişi və
qurultayda iştirakı Azərbaycandakı mürəkkəb
vəziyyəti daha da gərginləşdirər. Buna
baxmayaraq, Heydər Əliyev Bakıya getmək
üçün təyyarə bileti sifariş etmiş və
yola düşmək üçün hazırlaşmağa başlamışdı.
Heydər Əliyevi Bakı səfərindən
çəkindirmək üçün Sov. İKP MK nəzdində
Partiya Nəzarəti Komitəsinin sədr müavinləri
Slezko və Gerasimov zəng vurdular. Heydər Əliyev
Bakıya getmək üçün israrlı idi. Belə olan
halda Partiya Nəzarəti Komitəsinin sədri Puqo özü
Heydər Əliyevə zəng etdi. Məlum oldu ki, bu zəng
də həmin niyyətlə edilib. Telefon söhbətində
Heydər Əliyev Puqoya deyib: “Qəribədir,
siz məni haçandır yad etmirdiniz, hərçənd mən
çətin günlər yaşamışdım - xəstə
oldum, xəstəxanada yatdım, indi isə canımı
qurtarıb Vətənə yollanmaq istədiyim vaxtda siz birdən
məni yada salmısınız. Sizin bu səfəri
qadağan etməyə haqqınız yoxdur”.
Puqonun da söhbətinin nəticəsiz
qurtardığını bilən M.Qorbaçov SSRİ
DTK-sının sədri Kryuçkovu işə qoşdu.
V.Kryuçkov Bakıya getməməsi üçün onu bir
saatdan çox dilə tutdu. Söhbət səmimi olmuşdu.
Kryuçkov dostcasına məsləhət görürdü
ki, səfəri təxirə salsın, çünki Azərbaycan
rəhbərliyi onun Bakıya getməsinə etiraz edir.
Heydər Əliyev Bakıya gəlməsi məsələsini
Azərnəşrin direktoru Əjdər Xanbabayevlə
müzakirə etmişdi. Ə.Xanbabayev Bakı aeroportunda Heydər
Əliyevi qarşılayacağını bildirmişdi. Heydər
Əliyevin Vətənə qayıtmasına mane olmaq
üçün mayın 30-da saat 9-da Ə.Xanbabayev odlu silahla
açılan atəşlə öz avtomobilində qətlə
yetirildi. Heydər Əliyev bu qətldən həmin gecə xəbər
tutdu. Bir neçə il sonra Heydər Əliyev demişdi: “Bu
insanı məni qorxutmaq üçün öldürdülər”.
Heydər Əliyevin Bakıya gəlmək ərəfəsində
ona sonuncu zəng vuran A.Mütəllibov oldu. O, Heydər
Əliyevə yalvarırdı ki, Bakıya gəlməsin,
qurultayda iştirak etməsin. A.Mütəllibov qorxurdu ki, Heydər
Əliyev birdən böyük siyasətə qayıdar. Heydər
Əliyev güclü şəxsiyyət idi və heç kəsin
məsləhətinə möhtac deyildi. Bu qüdrətli
insanın Bakıya gəlişinin, sadəcə, vaxtı dəyişdi,
səfər təxirə salınmadı. O, Bakıya ay
yarım sonra– iyulun 20-də gəldi.
A.Mütəllibov Heydər Əliyevin Bakıya
gəlişinə mane olmaq üçün öz
adamlarından ibarət 30-40 nəfərlik etirazçılar
dəstəsini aeroporta göndərmişdi. Dəstə
üzvlərindən bir çoxu deyirmiş ki, “Biz
özümüz də bilmirik burda nə baş verir, bizi, sadəcə,
avtobuslara oturdub buraya gətiriblər və hər birimizə
yüz rubl verəcəklərini vəd ediblər”.
Heydər Əliyevin hakimiyyətə qayıda
bilməsi ilə bağlı İttifaq və Azərbaycan rəhbərliyinin
keçirdiyi qorxu hissi artıq sovuşmuşdu. Hər
şey öz yerini tutmuş, onlar sakitləşmişdilər.
Lakin Heydər Əliyevin xalq arasında yüksək nüfuza
malik olması iqtidar sahiblərini hələ də qorxuya
salırdı.
Heydər Əliyevi xalq hədsiz sevgi ilə qəbul
etdi. Minlərlə insan heç bir təzyiqdən çəkinməyərək
şəhərə, dənizkənarı parka seyrə
çıxan “millət ağsaqqalı”nın başına
toplaşaraq, ona olan xalq məhəbbətini ifadə etdi. Heydər
Əliyevin vəzifələrə təyin etdiyi nankor iqtidar
nümayəndələri isə 14 il Azərbaycanı
qurub-yaradan adamı Bakıda yaşamağa qoymadılar.
Bakının hakimiyyət orqanları onu qeydiyyata
götürməkdən imtina etdilər. Heydər Əliyevin
şəxsiyyətinin böyüklüyü o vaxt hakimiyyətdə
olanların cılızlığını daha aydın
göstərirdi.
Heydər Əliyev iyulun 22-də
Naxçıvana gəldi. Azadlıq meydanında 80 min nəfərlik
Naxçıvan əhalisi Heydər Əliyevi böyük
coşqu və sevgi ilə qarşıladılar, ayaqları
altında qurbanlar kəsdilər.
Heydər Əliyevin Naxçıvana qayıdışı Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə seçki kampaniyası ilə bir vaxta düşdü. Naxçıvanın müxtəlif şəhər və kəndlərindən gələn nümayəndələr Heydər Əliyevi görüşlərə dəvət edir, onu xalq deputatlığına namizəd irəli sürürdülər. Heydər Əliyevin əhali ilə görüşləri əsl xalq bayramına çevrilirdi. Babək rayonunun Nehrəm kəndindəki sovxozun əkinçiləri ilə görüşdə Heydər Əlirza oğlu Əliyevin 34 nömrəli Nehrəm seçki dairəsi üzrə Azərbaycan SSR xalq deputatlığına namizədliyi irəli sürüldü. O, həmçinin 2 nömrəli Naxçıvan şəhər M.F.Axundov adına seçki dairəsi üzrə Naxçıvan MSSR xalq deputatlığına namizəd göstərildi. Heydər Əliyevin hər iki dairədə seçicilərlə görüşü çox yüksək fəallıq şəraitində keçirdi.
1990-cı il sentyabrın 30-da Azərbaycan SSR və
Naxçıvan MSSR Ali Sovetinə elan olunan seçkilər
tutdu. Ümummilli lider Heydər Əliyev tam yekdilliklə Azərbaycan
SSR və Naxçıvan MSSR ali qanunverici orqanına üzv
seçildi.
Naxçıvan MSSR Ali Sovetinə seçilmiş deputatların 1990-cı il noyabrın 17-də ilk sessiyası keçirildi. Həmin sessiyaya sədrlik etmək ümummilli lider Heydər Əliyevdən təkidlə xahiş edildi. O ərəfədə Azərbaycanda ictimai-siyasi vəziyyət həddindən artıq mürəkkəb olduğundan sessiyaya sədrlik etmək müdriklik və siyasi uzaqgörənlik tələb edirdi. Ümummilli liderin sədrlik etdiyi həmin sessiya təkcə Naxçıvanda yox, bütün Azərbaycanda tarixi bir hadisə oldu. Sessiyanın qəbul etdiyi siyasi əhəmiyyətli qərarlar müstəqillik tariximizə qızıl hərflərlə yazıldı. Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında”, “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” və başqa məsələlərlə bağlı tarixi qərarlar qəbul etdi.
Sessiya Naxçıvan MSSR adından “sovet”,
“sosialist” sözlərinin çıxarılması,
Naxçıvanın Ali Sovetinin adını dəyişərək
onun bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
adlandırılması haqqında qərar qəbul etdi. Azərbaycan
Xalq Cümhuriyyətinin üçrəngli dövlət
bayrağı Naxçıvan Muxtar Respublikasının
dövlət bayrağı kimi qəbul edildi. Sovetlər
birliyinin yaşadığı bir dövrdə muxtar
respublikanın adında belə dəyişiklik etmək və
milli bayrağı qəbul etmək həqiqətən də
böyük cəsarət və uzaqgörənlik tələb
edirdi.
1990-cı il noyabrın 21-də
ümummilli lider Heydər Əliyevin təşəbbüsü
və siyasi iradəsi ilə Naxçıvan Muxtar
Respublikası Ali Məclisi 20 Yanvar hadisəsini müzakirə
etmiş, siyasi qiymət vermiş, qanlı hadisələri
törədən şəxslərin məsuliyyətə cəlb
olunması tələb edilmişdir. Sənəddə
ilk dəfə olaraq 20 Yanvar gününün hər il
Naxçıvan Muxtar Respublikasında milli matəm
günü kimi qeyd edilməsi qərara alındı.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
SSRİ-nin saxlanılması ilə əlaqədar
keçirilməsi nəzərdə tutulan ümumittifaq
referendumunun və prezident seçkilərinin
dayandırılması ilə bağlı qərarlar qəbul
etdi və bunlar Naxçıvanda baş tutmadı.
1991-ci il sentyabrın 3-də Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Heydər Əliyevi xalqın
təkidli tələbi ilə Ali Məclisin sədri
seçdi. Heydər Əliyevin Naxçıvan
MR Ali Məclisinin sədri seçilməsi Azərbaycan
xalqının taleyində böyük siyasi əhəmiyyətə
malik olan tarixi hadisə idi. Ümummilli lider, ilk növbədə,
Naxçıvanda fəal və peşəkar fəaliyyəti
ilə milli dövlətçiliyə inam hissini
formalaşdıra bildi.
Heydər Əliyevin Ali Məclisin sədri seçilməsi onun böyük siyasətə dönüşünün əsası oldu. Bunun nəticəsində Azərbaycanın bu strateji bölgəsinin əhalisi ağır məhrumiyyətlərdən və çətinliklərdən xilas ola bildi, muxtar respublikada həyat tədricən öz axarına düşməyə başladı. Muxtar respublikada həyata keçirilən tədbirlər, demokratik dəyişikliklər, milli dövlətçiliklə bağlı qəbul edilən qərarlar Azərbaycanın müstəqilliyini möhkəmləndirmək yolunda mühüm addımlar idi.
Heydər Əliyevin bütün
fəaliyyəti muxtar respublikanın düşdüyü
ağır vəziy-yətdən çıxarılmasına,
sərhəd kəndlərinin və muxtar respublikanın təhlükəsizliyinin
təmin edilməsinə, əhalinin ərzaqla təmin edilməsinə,
sosial vəziyyətinin yaxşılaşdırılmasına
və başqa bir sıra vacib məsələlərin həllinə
yönəlmişdi.
Azərbaycanda ilk dəfə olaraq iqtisadi
islahatlar Naxçıvanda başlandı. Naxçıvan
Muxtar Respublikasında zərərlə işləyən
kolxoz və sovxozlar fərdi təsərrüfatlara
çevrildi və mal-qara özəlləşdirildi. Torpaqlar pay norması əsasında həmin kənddə
yaşayan əhaliyə paylandı. Muxtar respublikada olan 139 təsərrüfatın
119-da və ya 86 faizində, 208 kəndin 158-də və ya 76
faizində torpaq islahatı aparılmışdır.
İslahat nəticəsində 43,3 min ailə torpaq payı
almış, 12,4 min ailəyə dövlət torpaq
aktları paylanmışdır.
Tale Heydər Əliyevi bu regiona
göndərməklə Naxçıvanı Dağlıq
Qarabağın və Azərbaycanın digər işğal
olunmuş rayonlarının acı aqibətindən qorudu, “Azərbaycanın
bu qədim torpağını xilas edən dahi şəxsiyyət
özünə Naxçıvan boyda əbədi, həmişəyaşar
abidə ucaltdı”. Ölkə Prezidenti
İlham Əliyevin qeyd etdiyi kimi, “Naxçıvanlılar Heydər
Əliyevi qorudu, Heydər Əliyev isə
Naxçıvanı xilas etdi”. Ümummilli liderin
Naxçıvan MR Ali Məclisinin sədri işlədiyi
1991-1993-cü illərdə müdrik fəaliyyəti,
böyük dövlətçilik təcrübəsi,
xalqın ona olan sarsılmaz inamı və dəstəyi
Naxçıvanı real erməni işğalından xilas
etdi.
1991-ci il oktyabrın 26-da Heydər
Əliyevin təşəbbüsü ilə Ali Məclisin
sessiyasında Naxçıvan MR ərazisindəki qoşun
hissələrinin statusu haqqında məsələ müzakirə
olundu. Ümummilli liderin müdrik, uzaqgörən siyasəti nəticəsində
muxtar respublika ərazisindəki sovet qoşun hissələri
dincliklə oradan çıxarılmasına, əmlakın
tamamilə Azərbaycanın ixtiyarına verilməsinə nail
oldu. Rusiya ordusunun hərbi hissələri 1992-ci il avqustun 18-də,
41-ci Sərhəd Dəstəsinin zabit və əsgərləri
isə sentyabrın 29-da təntənəli şəkildə
Naxçıvan Muxtar Respublikasından yola salındılar.
Bütün keçmiş müttəfiq respublikalar içərisində
ilk dəfə olaraq sovet imperiyasının ordu hissələri
bütünlüklə Naxçıvandan, ondan bir müddət
sonra isə Azərbaycandan çıxarıldı.
Dağlıq Qarabağ hadisələrinin
başlanması, Ermənistanın təcavüzkar
mövqeyi nəticəsində muxtar respublikanı Azərbaycanla
bağlayan yeganə dəmiryolu 1992-ci il aprelin 24-də, qalan
kommunikasiyalar isə iyulun 13-də kəsilmişdi. 1991-ci ilin
dekabrından qaz, 1992-ci ilin iyunundan Naxçıvan MR-ə
elektrik enerjisi verilməsi dayandırıldı, muxtar
respublika blokada vəziyyətinə düşdü.
Yolların və kommunikasiyaların kəsilməsi,
Azərbaycan rəhbərliyinin Naxçı-vana ögey
münasibəti Naxçıvan Muxtar Respublikasını
çətin vəziyyətə qoymuşdu. Ağır
blokada illərində Naxçıvanda yaşayan ulu öndər
Heydər Əliyevin nüfuzu və uzaqgörən siyasəti
nəticəsində Naxçıvan MR-in İran və
Türkiyə ilə əlaqələri yaradıldı,
Naxçıvanın həyati tələbatını ödəmək
üçün danışıqlar aparıldı, protokollar
imzalandı. Naxçıvan Muxtar Respublikasına rəhbərlik
etdiyi iki ilə yaxın müddətdə ümummilli lider
Heydər Əliyev əsasını qoyduğu xarici əlaqələr
sayəsində bölgəni gözlənilən fəlakətdən
xilas etdi.
Qüdrətli dövlət xadimi, dünya şöhrətli tarixi şəxsiyyət Heydər Əliyevin Naxçıvandakı uğurlu fəaliyyəti Bakıya nümunə idi. Bakıda isə naşı rəhbərlərin səriştəsizliyi ucbatından böyük qarşıdurma yaranmış, Azərbaycan xalqı vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Belə olan halda Azərbaycan rəhbərliyi ulu öndər Heydər Əliyevi Bakıya çağırmağa məcbur oldu. Böyük Qayıdışın yolları Azərbaycanın qurtuluşuna, onun xilasına apardı.
İsmayıl
HACIYEV,
AMEA
Naxçıvan Bölməsinin sədri, akademik
Xalq qəzeti 2020.- 21 iyul.- S.3.