Milli intibaha, mütərəqqi amallara və tərəqqiyə xidmət məramı
Hər
bir kütləvi informasiya
vasitəsi milli dövlət quruculuğu prosesində, vətəndaş cəmiyyətinin
qurulmasında, milli və bəşəri
dəyərlərin bərqərar edilməsi və
qorunmasında, ölkənin inkişafını təmin edən
islahatların həyata keçirilməsində səmərəli surətdə
iştirak etməli, həyatın güzgüsü kimi, həqiqət
carçısı olmalıdır. İnsanları yüksək
ideallar, humanist vətəndaş
və demokratik cəmiyyət uğrunda mübarizəyə səsləməli
və səfərbər etməlidir.
Heydər
ƏLİYEV
Ümummilli lider
Mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bu gün 145 illik yubileyini qeyd edən Azərbaycan mətbuatı milli intibaha, mütərəqqi amallara və tərəqqiyə xidmət məramı ilə şərəfli bir yol keçmişdir. Qlobal informasiya mühitində modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların tətbiqi medianın uğurlarını şərtləndirən əsas faktorlara çevrilib. Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 30 iyun 2020-ci il tarixli Sərəncamında ölkə mətbuatının fəaliyyəti yüksək dəyərləndirilir: “145 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümünəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir”.
Jurnalistika intellektual və informativ fəaliyyət sahəsi kimi hər bir xalqın elmi-mədəni, sosial-siyasi inkişafının müəyyən mərhələsində meydana gəlmişdir. Lakin bəşər cəmiyyəti bütün dövrlərdə informasiya və məlumat almağa, onun yayılmasına və nəticə etibarilə həm fərdlər arasında, həm də cəmiyyətlə hakimiyyət arasında ictimai münasibətlərin nizamlanmasına daim ehtiyac duymuşdur. Bu səbəbdən də informasiyanın hazırlanması, ötürülməsi və geniş kütlələrə çatdırılması daim xüsusi aktuallıq kəsb etmişdir.
İlk dövrlərdə gələcəyə
ötürmək istədiyi informasiyanı, baş
verən hadisələr barədə xəbəri qaya, daş, gil lövhə üzərinə həkk etməyə
belə çətinlik çəkən insanın
qarşısına zaman getdikcə daha mürəkkəb vəzifələr qoyurdu. Verbal və qeyri-verbal ünsiyyət artıq xəbərin,
informasiyanın tirajlanmasını, daha tez çatdırılmasını və
yayılmasını tələb edirdi. Tədqiqatçılar
belə hesab edirlər ki,
bugünkü qəzetlərə bənzəyən
ilk çap məhsulu
VIII əsrdə (bəzi məlumatlara görə 911-ci ildə)
Çində dərc edilən “Szin bao”dur (“Paytaxt
xəbərləri”). “Szin bao”da mətn taxta üzərində
oyulur, sonra tuşun köməyi ilə mətn çap olunurdu. Başqa sözlə, ottisk
ksiloqrafiya üsulu ilə
hazırlanırdı.
İohann Qutenberqin
çap maşınını ixtira etməsi insanın bu
arzusuna qovuşmasında mühüm
rol oynadı.
İohann Karolyusun
1605-ci ildə Strasburqda nəşr etdiyi “Relation” qəzeti
Avropanın ilk qəzeti oldu.
1609-cu ildə Volfenbüttel şəhərində
“Aviso” qəzetinin nəşrindən sonra 1610-cu ildə Bazeldə, 1615-ci ildə Frankfurtda, 1617-ci ildə Berlində, 1618-ci ildə
Hamburqda yeni qəzetlər
meydana gəldi. XVII əsrin
sonunda almandilli ölkələrdə
artıq 80-ə yaxın qəzet nəşr olunurdu.
1622-ci ildə İngiltərədə, 1623-cü ildə Niderlandda, 1631-ci ildə Fransada,
1641- ci ildə Portuqaliyada
da qəzetlər nəşrə
başladı. Yeri gəlmişkən qeyd edək ki, 1650-ci il iyulun 1-dən Leypsiqdə
nəşr edilən “Einkommende Zeitungen” bütün dünyada ilk gündəlik
qəzet hesab olunur.
Qəzetlərin geniş
yayılması, onun cəmiyyətin,
insanların həyatına təsiri məsələsinə toxunan fransız yazıçısı
özünəməxsus yumor hissi ilə yazırdı: “Artıq oxumayan qalmadı. Oğrular,
cəlladlar, meyxanaçılar və hətta xalqın
aşağı zümrəsi belə köhnə həkim və
alimlərdən daha bilgilidir.
Hətta, qadınlar və uşaqlar da oxuyurlar”.
Beləliklə, qəzet
çapı estafeti müxtəlif ölkələrə
keçməyə başladı. Azərbaycanda bu çətin işin
ağırlığı altına 1865-ci ildə Moskva Universitetinin fizika və riyaziyyat
fakültəsini bitirən böyük
mütəfəkkir, maarifçi-demokrat Həsən
bəy Zərdabi çiyin verdi. Həsən bəy Zərdabi
qarşıda onu gözləyən
çətinlikləri yaxşı dərk etsə də, qəzet
nəşr etməkdə israrlı idi. Böyük mütəfəkkir həmin
dövrdə yazırdı: “Bəs qəzetəni necə
çıxardım? Pul yox,
yazıçı yoldaşı yox, çapxana yox, əmələ
yox. 1-2 yüzdən artıq oxuyan da olmayacaq.
Dövlət tərəfindən izin almaq da ki,
bir böyük bəladır”.
Elə bu sətirlər
kifayətdir ki, böyük
ustadımızın “Əkinçi” qəzetini nəşr edərkən
hansı çətinliklərlə
rastlaşdığını təsəvvür edək. Həsən
bəy Zərdabi “Əkinçi” qəzetini ərsəyə
gətirməklə, sözün həqiqi
mənasında, böyük hünər,
qəhrəmanlıq göstərmişdi. Bakıya gələrək
Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini
hansı şəraitdə nəşr etdiyini,
hansı çətinliklərlə üzləşdiyini
görən fransız tədqiqatçısı heyrətlənərək
demişdi: “Həsən bəy, siz əsl qəhrəmansınız. Fransada heç kim belə vəziyyətdə bu
işin altına girməyə cəsarət
etməzdi”.
“Əkinçi”ni nəşr edərkən Həsən bəy Zardabi təkcə maddi və texniki çətinliklərlə üzləşməmişdi, onun qarşılaşdığı problemlərin sayı-hesabı yox idi. Milli mətbuatın banisinin “Rusiyada əvvəlinci türk qəzetəsi” adlı məqaləsindən bir məqama diqqət yetirək. Həsən bəy yazırdı: “Jandarma polkovnikinə hər gün məndən və “Əkinçi”dən donoslar göndərirdilər. Jandarma tərəfindən mənim üstümə qarovulçular qoyuldu. Onların birisi mənim rus qulluqçumun qardaşı adına gecələr mənzilimin içində yatırdı. Birisi də küçə qapısında durub mən harasa gedəndə məni aparıb gətirirdi. O vəqtdə mən hər gecə 1-2 saat kluba gedib bilyard oynayırdım və jandarma polkovniki də bəzi vəqtdə mənimlə oynayırdı. Onunla belə, həftədə bir neçə dəfə o polkovnik məni aparıb, məndən cavab istəyirdi ki, doğrudanmı filan günü axşam filankəslərin yanına gedib, filan sözü demisən? Mən ona cavab verirdim ki, filan saatda səninlə bilyard oynayırdım. Deyirdi ki, mən özüm də yaxşı bilirəm, amma neyləyim, zakon belədir, gərək xəbər alım, sorğu-sual edim.
Belə donosları bircə jandarmaya
versəydilər yenə dərd yarı idi,
amma onları vəzirlərə, sərdara
və qeyrilərə də göndərirdilər ki, onların cavablarını yazmaqdan
biçarə jandarma yorulmuşdu.
Amma bununla belə mən
qəzetəni vəqtlərində
çıxarırdım”.
Üzləşdiyi bütün çətinliklərə,
problemlərə, məhrumiyyətlərə baxmayaraq,
Həsən bəy Zardabi özünün
çoxcəhətli fəaliyyəti, elmi-ədəbi
yaradıcılığı ilə milli
oyanış, maarifçilik, demokratik təşəkkül, sosial və ümumi tərəqqi
tariximizin öndərinə, yeni ziyalılar nəslinin örnəyinə
çevrildi. Zəkası, qələmi
və bütün varlığı ilə
millətimizə, Vətənimizə sədaqətlə xidmət
etdi, zəngin bir irs qoydu.
“Əkinçi” qəzetinin cəmi 56 sayı
işıq üzü gördü.
Lakin “Əkinçi” qısa bir zamanda xalqın, millətin
yolunda elm, maarif, demokratiya
çırağı yandırdı.
“Ziya” (1879 –
1884), “Ziyayi- Qafqaziyyə”, “Kəşkül”
(1880 – 1891), “Kaspi” (1881 – 1919), “Şərqi-rus”
(1903–1905), “Həyat”, “İrşad”, “Molla Nəsrəddin”, “Hümmət”, “Təkamül”,
“Tərəqqi”, “Nicat”, “İşıq”,
“Qurtuluş”, “Dirilik”,
“Füyuzat”, “Təzə həyat”, “Yeni Füyuzat”, “Şəlalə”,
“İqbal”, “Açıq söz”
və digər qəzetlər, jurnallar
“Əkinçi”nin yolunu uğurla davam etdirirdilər.
XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda mətbuat orqanlarını xalqa xidmət amalını özünün həyat kredosu seçən milli ziyalılarımız yaradırdı. Bu böyük şəxsiyyətlərin millət sevgisi onların mətbuata, qəzet və jurnallara biznes strukturu, qazanc mənbəyi kimi baxmasına imkan vermirdi.
XIX əsrin ikinci
yarısı – XX əsrin əvvəllərində milli şüurun və milli məfkurənin inkişafında önəmli
rol oynamış böyük
ziyalılarımızın milli
jurnalistikanın yüksəlişinə töhfə vermək
səyləri bürokratik əngəllərlə
rastlaşsa da Səid
və Cəlal Ünsizadə qardaşları,
Məhəmməd ağa
Şahtaxtlı, Əlibəy Hüseynzadə, Əhməd bəy
Ağayev, Əlimərdan bəy Topçubaşov, Nəcəf bəy Vəzirov,
Məmməd Əmin Rəsulzadə, Üzeyir
bəy Hacıbəyov, Cəlil Məmmədquluzadə, Ömər
Faiq Nemanzadə Azərbaycan mətbuatının
sayılıb-seçilən görkəmli simaları kimi zəngin irs qoydular, demokratik, liberal mətbuatın inkişafına güclü təkan verdilər.
Qeyd edək ki,
1870-1889-cu illərdə Qafqazda rus dilində 20, gürcü
dilində 15, erməni dilində 15, Azərbaycan dilində 3 mətbuat
orqanı nəşr olunurdu. Müxtəlif
cəmiyyətlərin, elmi qurumların,
idarələrin nəşrlərini də nəzərə alsaq o dövrdə 69 nəşr
işıq üzü görürdü.
Rusiyada 1905-07-ci illər burjua-demokratik
inqilabi dövründə imperator
II Nokolayın oktyabrın 17-də imzaladığı
“Dövlət qaydalarının təkmilləşdirilməsi
haqqında Ali Manifest”dən sonra imperiya ərazisində
siyasi hüquq və
azadlıqlar genişləndirildi. İmperiyanın siyasi həyatında baş
verən dəyişikliklər Azərbaycanda da mətbu sözə təsirsiz
ötüşmədi. 1905–1920-ci illərdə Azərbaycanda
400-ə yaxın qəzet və jurnal nəşr
olunurdu.
Mətbuat üzərində sərt dövlət nəzarəti və total monopoliya yaratmış sovet sisteminin dağıdılmasından sonra Azərbaycanda beynəlxalq təcrübəyə, Qərb dəyərlərinə, milli-mənəvi ideallarımıza söykənən yeni jurnalistika formalaşmağa başladı. Təbii ki, 70 illik sovet dönəmində ideoloji kanonlar məngənəsində olmuş bir ölkədə yeni jurnalistikanın formalaşması prosesi müəyyən çətinliklərlə üzləşirdi. Lakin buna baxmayaraq, Qərb mətbuat modelləri, beynəlxalq jurnalistikanın nəzəriyyə və praktikasını səylə mənimsənildi, yaradıcılıq uğurları zənginləşdi. Yeni dövrdə zaman keçdikcə ideoloji problemlərin yerini iqtisadi problemlər tutmağa başladı. Bazar iqtisadiyyatı şəraitində informasiyanın potensial alıcılarının maddi imkanlarının zəifliyi medianın bazar mexanizmi şəraitində səmərəli fəaliyyətinə mənfi təsir göstərirdi. Belə bir şəraitdə medianın ənənəvi sosial məsuliyyətdən uzaqlaşaraq müxtəlif korporativ dairələrin təsiri altına düşmək təhlükəsi güclənirdi. Jurnalistikanın məlumatlandırmaq, maarifləndirmək və əyləndirmək funksiyasını sosial məsuliyyət hissi ilə yerinə yetirməsi üçün dövlətin dəstəyinə böyük ehtiyac duyulurdu. Sosial məsuliyyətin cəmiyyətin inkişafında, maariflənməsində, ictimai rəyin formalaşmasında böyük rol oynayan jurnalistikanın missiyasına çevrilməsi dövlətin də məramına və məqsədlərinə xidmət edir. Sivilizasiyanın inkişafı cəmiyyətin, dövlətin, dünyanın idarə olunmasında informasiyanın rolunu daha da gücləndirir.
Azərbaycan müstəqillik
qazandıqdan sonra ölkədə
demokratiyanın, siyasi plüralizmin,
vətəndaş cəmiyyətinin əsas atributlarından hesab edilən söz və
mətbuat azadlığının başlıca
daşıyıcıları olan kütləvi
informasiya vasitələrinin
inkişafına diqqət artmağa başladı.
Yeni cəmiyyət modelində mətbuatın
yeri və rolu getdikcə
aydınlaşır, müxtəlif tədbirlər həyata keçirilirdi.
Ümummilli lider Heydər Əliyevin 1993-cü
ildə siyasi hakimiyyətə
qayıdışından sonra Azərbaycanda
sosial-siyasi, iqtisadi və
elmi-mədəni sahələrdə həyata keçirilən
islahatlar vətəndaş cəmiyyətinin
inkişafına, demokratik dəyərlərin
bərqərar olmasına, söz və mətbuat
azadlığının geniş intişar tapmasına,
fikir plüralizminin siyasi müstəvidə xüsusi
önəm qazanmasına əlverişli şərait
yaratdı.
Ulu öndərin rəhbərliyi
altında yaradılan Konstitusiyanın 47-ci maddəsində fikir və söz
azadlığı, 50-ci maddəsində məlumat
azadlığı təsbit olundu, kütləvi
informasiyanın azadlığına təminat verildi.
Azərbaycan beynəlxalq təşkilatlara, Avropa Şurasına üzv qəbul olunduqdan sonra Qərbə inteqrasiya sürətləndi və ölkəmiz söz və mətbuat azadlığının təmini sahəsində mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. Bu dövrdə azad mətbuatın inkişafına əngəl törədən məhdudiyyətlər aradan qaldırıldı, qanunvericilik bazası qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla təkmilləşdirildi. Mətbu sözün inkişafı üçün yaradılan münbit şərait dərhal öz təsirini göstərdi. Ərazisinə və əhalinin sayına görə kiçik ölkə olan Azərbaycanda qısa bir zamanda yüzlərlə qəzet, jurnal, informasiya agentliyi, saytlar, televiziya və radio kanalları fəaliyyətə başladı.
Siyasi təmayülündən, ideoloji
istiqamətindən asılı olmayaraq,
Azərbaycan qanunvericiliyi çərçivəsində
fəaliyyət göstərən bütün
kütləvi kommunikasiya vasitələrinə
hakimiyyət tərəfindən eyni
münasibət sərgiləndi. Demokratik, hüquqi,
dünyəvi dövlət quruculuğunu özünün inkişaf
modeli seçən Azərbaycanda ümummilli lider Heydər
Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində
görülən tədbirlər, imzalanan
fərman və sərəncamlar mətbuatın iqtisadi müstəqilliyini gücləndirdi,
jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şəraitin
təmin edilməsinə yetərli təsir göstərdi.
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” (1998), “Məlumat azadlığı haqqında” (1998), “Kütləvi informasiya vasitələri haqqında” (1999), “Televiziya və radio yayımı haqqında” (2002), “İnformasiya əldə etmək haqqında” qanunların qəbul olunması kütləvi informasiya vasitələrinin fəaliyyətinin, həmçinin KİV-lə cəmiyyət, KİV-lə dövlət arasında münasibətlərin tənzimlənməsində önəmli rol oynadı.
“Kütləvi informasiya
vasitələri haqqında” Qanun mətbuatın
demokratik prinsiplər əsasında
inkişafına mühüm töhfə
verərək, bir sıra bürokratik
əngəlləri aradan qaldırdı, mətbuat
orqanlarının təsis olunması prosesini
asanlaşdırdı.
Prezident Heydər Əliyevin “2000 – 2001-ci illərdə
kütləvi informasiya vasitələrinin
maddi-texniki şəraitinin
yaxşılaşdırılması üzrə tədbirlər
Proqramı haqqında” 6 mart 2000-ci il tarixli sərəncamına
əsasən Maliyyə Nazirliyinə tapşırıldı ki, dövlət büdcəsinin layihəsi tərtib
olunarkən bu sənəddə nəzərdə
tutulan tədbirlərin həyata
keçirilməsi üçün
lazım olan vəsaitin
ayrılmasını təmin etsin. Proqramda qeyd olunurdu ki,
respublikanın nazirlikləri, komitələri, idarə, müəssisə
və təşkilatları, yerli icra hakimiyyəti orqanları söz,
fikir və mətbuat
azadlığının, eləcə də siyasi
plüralizmin dönmədən həyata
keçirilməsi prinsiplərinə uyğun
olaraq, kütləvi informasiya
vasitələrinin redaksiyalarında çalışan
jurnalistlərin dövlət idarələri, müəssisə
və təşkilatlarında peşə fəaliyyətinə
hər cür şərait
yaratmalıdırlar.
Proqramda, həmçinin Dövlət Əmlakı Nazirliyinə tapşırıldı ki, kütləvi informasiya vasitələri redaksiyalarına, nəşriyyatlara, poliqrafiya müəssisələrinə, informasiya agentliklərinə, yayıcılara, ötürücü mərkəzlərə dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin icarəsinə görə müəyyən edilmiş tarif və qiymətlərin minimum məbləğdə ödənilməsi təmin edilsin.
Ümummilli lider
Heydər Əliyev mətbuata çox
açıq dövlət xadimi idi. O, güclü təbliğat,
təşviqat və ideoloji tərbiyə
maşını olan mətbuatın cəmiyyəti
səfərbər etmək, təşkilatlandırmaq
imkanlarını yaxşı bilirdi. Bu səbəbdən də mətbuatın
qaldırdığı problemlərə həssaslıqla
yanaşırdı. Onun mətbuata
qayğısı, həssas münasibəti dövlət
orqanlarında çalışanlar və məmur korpusu üçün etalona çevrilmişdi.
Mətbuatın, jurnalistlərin fəaliyyətini hər zaman yüksək dəyərləndirən ulu öndər deyirdi: “Bu peşə çox vacib peşədir. Demokratik,
hüquqi, dünyəvi dövlətdə,
qanunlarla yaşayan
dövlətdə jurnalistika çox vacib bir peşədir, mətbuat çox
vacib bir sahədir. Bu, mənim fikrimdir və
mən bu fikrimi heç vaxt dəyişməyəcəyəm”.
İnformasiyanın obyektivliyinə
xüsusi önəm verən böyük öndər jurnalistlərə
tövsiyə edirdi ki,
həqiqət nə qədər acı olsa
da, onu yazın, bütün mənfi məqamları üzə
çıxarın ki, dövlət strukturları
mövcud problemlərə diqqəti cəlb
etsinlər və beləliklə, dövlət
aparatının həmin problemləri aradan
qaldırmaq işi asanlaşsın. Hesab edirəm ki, bu müdrik tövsiyə
hər bir jurnalistin, mətbuat
orqanının fəaliyyətinin ana xəttini
təşkil etməlidir.
Ötən əsrin 90-cı illərində siyasi qeyri-sabitliyin, iqtisadi tənəzzülün dumanlı üfüqləri və tarixi perspektivləri görünməz etdiyi bir zamanda Azərbaycan mətbuatı da çətin günlərini yaşayır, iqtisadi problemlərin məngənəsindən xilas olmağın yollarını arayırdı. Bəzi mətbuat orqanlarının mübarizə ruhu zəifləmiş, illərlə yığılıb qalmış borcların ödənilməsinə inamları itmişdi. O çətin dövrdə gənc, müstəqil dövlətin maddi imkanları zəif olsa da, ulu öndər Heydər Əliyev bir sıra qəzet və jurnalların “Azərbaycan” nəşriyyatına borclarının ödənilməsinin əvvəlcə dondurulması barədə sərəncam imzaladı. Böyük öndərin mətbuata davamlı qayğısı, həssas münasibəti cavabsız qalmadı. 2002-ci ildə Heydər Əliyev milli mətbuatın inkişafında xidmətlərinə görə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.
Təqdimat mərasimində mətbuata, fikir və söz
azadlığına qayğıdan, yaradılan şəraitdən
bəhs edən Heydər Əliyev qeyd etdi ki, Azərbaycanın böyük tarixi var: “Bu böyük
tarixə nəzər salsaq görərik ki, heç vaxt Azərbaycanda söz bu qədər azad
olmayıbdır, fikir bu
qədər azad olmayıbdır, mətbuat
bu qədər azad
olmayıbdır”. Bu fikir
həqiqətin obyektiv inikası idi.
Həmin mərasimdə səmimiyyətlə
jurnalistlərlə axıra qədər dost
olmaq istədiyini bildirən Heydər
Əliyev az sonra mətbuat
orqanlarının “Azərbaycan” nəşriyyatına olan borclarının dövlət büdcəsinin
vəsaiti hesabına ödənilməsi barədə sərəncam
verdi.
Ötən əsrin 90-cı illərində internetin, müxtəlif sosial
şəbəkələrin meydana gəlməsi
və yeni texnologiyaların sürətlə
inkişaf etməsi nəticəsində jurnalistika yeni keyfiyyət
mərhələsinə qədəm qoydu.
Veb əsaslı texnologiyalardan
istifadə etməklə ünsiyyəti interaktiv
dialoqa çevirən sosial
media informasiya
alanına müxtəlif xəbər saytları, sosial şəbəkələr, ünsiyyət
proqramları, bloqlar, forumlar
gətirdi. Bu fəaliyyət ənənəvi
mediadan fərqli praktikadır. İnteraktivliyin məhdud olduğu
ənənəvi mediadan fərqli olaraq, yeni media
çoxluğun kütləyə təsirini
reallaşdırır. Bəzi tədqiqatçılar yeni medianın konturlarını sosial şəbəkələrlə məhdudlaşdırsa
da, digərləri bütün
rəqəmsal və elektron informasiya ötürücülərini, elektron qəzetləri, radio
və televiziyaları da bura
daxil edirlər.
Təəssüf ki, sosial şəbəkədə, yeni mediada özünütənzimləmə mexanizminin olmaması, peşəkarlığın zəifliyi, baş verən hadisələrin bəzən birtərəfli, subyektiv işıqlandırılması auditoriyaya mənfi təsir göstərir. Bütün bunlara baxmayaraq, yeni media artıq informasiya məkanında getdikcə öz yerini möhkəmləndirir, balansı öz xeyrinə dəyişir. Praktika göstərir ki, belə bir şəraitdə ənənəvi mətbuat rəqəmsallaşmalı və internet medianın geniş imkanlarından istifadə etməklə konvergensiyaya diqqəti artırmalıdır.
Müstəqil mətbuatın
formalaşmasına və inkişafına yönələn
Heydər Əliyev siyasəti bu gün möhtərəm Prezidentimiz
cənab İlham Əliyev tərəfindən
böyük uğurla
davam etdirilir. Azərbaycanın
artan iqtisadi
imkanları kütləvi kommunikasiya vasitələrinin
qarşısına çıxan müxtəlif çətinliklərin
aradan qaldırılmasına, aktual problemlərin həllinə yönəldilir.
Jurnalistlərin peşəkarlığının
artırılması sahəsində əməli tədbirlərin
həyata keçirilməsi, KİV-in
müstəqilliyinin gücləndirilməsi, maddi-texniki
bazanın yaxşılaşdırılması, yeni texnologiyaların tətbiqi məqsədilə
Prezident İlham
Əliyev 2008-ci il iyulun
31-də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına
dövlət dəstəyi Konsepsiyası”nın təsdiq
olunması haqqında sərəncam imzaladı.
Konsepsiyada qeyd olunur ki, Azərbaycan Respublikasında KİV-in inkişafına dövlət dəstəyi
qanunçuluq, şəffaflıq, əməkdaşlıq,
qarşılıqlı məsuliyyət, kütləvi informasiya vasitələrinin müstəqilliyinin
qorunması, onların fəaliyyətinə hər hansı
müdaxilənin istisna edilməsi, KİV-in inhisarlaşmasının
qarşısının alınması, ictimai
maraqları əks etdirən layihələrə üstünlük verilməsi, regional
KİV-in dəstəklənməsi
prinsipləri əsasında həyata keçirilir.
“Azərbaycan Respublikasında
kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq, Prezident İlham
Əliyevin 3 aprel 2009-cu il
tarixli fərmanına əsasən Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi
Fondu yaradıldı. Fondun
yaradılmasında əsas məqsəd ölkədə fikir və məlumat azadlığını inkişaf etdirmək, KİV-in
müstəqilliyini dəstəkləmək, informasiya
sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini
stimullaşdırmaq, cəmiyyət və KİV arasında səmərəli əməkdaşlığı genişləndirmək,
jurnalistlərin peşəkarlığının artmasına
şərait yaratmaq, onların sosial müdafiəsini gücləndirmək,
dövlət və cəmiyyət üçün
əhəmiyyət kəsb edən layihələri,
proqramları maliyyələşdirmək idi.
Qeyd edək ki,
artıq bu istiqamətdə müxtəlif
tədbirlər, layihələr, proqramlar
həyata keçirilmişdir. Bu sırada
möhtərəm Prezidentimizin 2010-cu,
2013-cü və 2017-ci ildə imzaladığı tarixi sərəncamlar əsasında mətbuat
işçilərinin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması məqsədilə üç yaşayış binasının
(ümumilikdə tam təmirli 666 mənzil)
tikilməsi xüsusi qeyd
olunmalıdır. 2005-ci, 2010-cu və
2015-ci illərdə Azərbaycan milli mətbuatının
130, 135 və 140 illik yubileylərinin
dövlət səviyyəsində qeyd
olunması, yubiley münasibətilə mətbuat
işçilərinin böyük bir qrupunun təltif edilməsi,
fəxri adlara layiq
görülməsi, KİV-ə maliyyə yardımı
göstərilməsi jurnalistlərin əməyinə
yüksək dəyər verilməsinin parlaq
ifadəsidir.
Möhtərəm Prezidentimiz cənab İlham
Əliyevin mətbuat işçilərinə həssas
münasibətinə, qayğısına, söz
və mətbuat azadlığının təmin
olunmasında davamlı və sistemli fəaliyyətinə,
medianın inkişafına misilsiz
töhfələrinə biz jurnalistlər
sadə və səmimi bir cavab
verərək, onu üç
dəfə “Jurnalistlərin dostu” elan etdik. Bütün dövlətçilik
fəaliyyəti ərzində əsl liderlik
keyfiyyətləri nümayiş etdirərək
xalqımızı xoşbəxt gələcəyə aparan, bayrağımızı ucaldan,
Vətənimizə şan-şöhrət gətirən,
möhtərəm Prezidentimiz, bütün mətbuat işçiləri
adından, qələm əhli adından Sizə Vətənimizin
çiçəklənməsi naminə yeni-yeni
uğurlar arzu edirik!
Yolunuz nurlu, ömrünüz uzun, başınız uca olsun!
Həsən
HƏSƏNOV,
“Xalq qəzeti”nin baş redaktoru, Respublikanın Əməkdar
jurnalisti
Xalq qəzeti 2020.- 22 iyul.- S.5.