İnsan hüquqları və media: Azərbaycan təcrübəsi müsbət nümunə kimi

 

Səbinə ƏLİYEVA,

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), hüquq üzrə fəlsəfə doktoru

 

XXI yüzillik informasiya əsri kimi xarakterizə olunur. İnformasiya-kommunikasiya texnologiyalarının imkanlarından kütləvi surətdə və intensiv şəkildə istifadə olunması qlobal miqyasda cəmiyyət həyatına çox mühüm yeniliklər gətirib, ictimai-sosial, siyasi və hüquqi münasibətləri yeni keyfiyyət çalarları ilə zənginləşdirib. Heç şübhəsiz, “hakimiyyətin dördüncü qolu” adlandırılan, funksional təsisat səciyyəsi daşıyan kütləvi informasiya vasitələrinin (KİV) də fəaliyyətində ciddi dəyişikliklər baş verməkdədir. Media artıq təkcə ənənəvi informasiya istehsalçısı və ötürücüsü deyil, yaxud yalnız hakimiyyətlə cəmiyyət arasında körpü rolunu oynamır, eyni zamanda, istər cəmiyyət daxilində, istərsə də beynəlxalq miqyasda proseslərə təsir göstərən innovativ və informativ resurs kimi çıxış edir. Təsadüfi deyil ki, tanınmış tədqiqatçılar, o cümlədən nüfuzlu strateji araşdırma mərkəzləri “XXI əsrdə mediaya nəzarət edən dünyaya nəzarəti həyata keçirər” tezisi irəli sürməklə KİV-in qlobal idarəetmədə artan rolunu xüsusi olaraq diqqətə çatdırırlar.

Müstəqillik dövründə Azərbaycan mətbuatının inkişaf yolunun spesifik özəllikləri: faktlar və reallıqlar nəyi ifadə edir?

Əlbəttə, hər bir dövlətin gücü həm də onun intellektual potensialı­nın daşıyıcılarından və səfərbəredici vasitələrindən olan media institu­tunun səmərəli və məqsədyönlü fəaliyyətindən asılıdır. Bu kontekstdə Azərbaycan nümunəsi bir sıra spesifik xüsusiyyətləri ilə diqqəti cəlb edir. Ölkə mətbuatının real vəziyyətinə nəzər saldıqda aydın görünür ki, Azərbaycan mediasının milli ma­raqlara, müasir trendlərə və qlobal çağırışlara müvafiq fəaliyyətinin təmin olunması strateji hədəf kimi müəyyənləşdirilib. Elə bu məqsədlər istiqamətində və milli məsələlər ətrafında səfərbər olunmuş Azərbaycan mətbuatının inkişafını şərtləndirən əsas faktor dövlətin bu sahəyə xüsusi diqqət və qayğı göstərməsidir. Bu istiqamətdə dövlətin ardıcıl və məqsədyönlü siyasətinin, islahat xarakterli kompleks tədbirlərin əhəmiyyətini xüsusi vurğu­lamaq gərəkdir.

Ümumiyyətlə, 145 illik yubileyini qeyd etdiyimiz Azərbaycan mətbuatı ötən müddət ərzində zəngin və şərəfli inkişaf yolu keçib, xalqın və dövlətin strateji əhəmiyyətli maraqlarının müdafiəsi üçün mühüm vasitə olub, milli dövlətçiliyimizin qürurverici və şanlı tarixinin salnaməsini yazıb. Tədqiqat əsərlərində qeyd edildiyi kimi, Azərbaycan mətbuatı, eyni zamanda, jurnalistika məktəbi olub. Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin fəaliyyətə başlama­sı ilə zəngin mətbu ənənələrinin əsası qoyulmağa başlanıb, sonrakı dövrdə “mətbuat cəmiyyətin aynasıdır” prinsipinə əsaslanan ümummilli mis­siya milli jurnalistika məktəbimizin tanınmış – görkəmli nümayəndələri tərəfindən davam etdirilib. Nəsir İmanquliyev, Alı Mustafayev, Salatın Əsgərova, Çingiz Mustafayev kimi parlaq şəxsiyyətlərin xalqımızın və dövlətimizin ali mənafeyinin qo­runmasına xidmət edən fəaliyyətləri mühüm bir era yaradaraq milli jurnalistikamızın yeni istiqamətlərini müəyyənləşdirib.

Yuxarıda qeyd etdiyimiz kimi, milli mətbuatımızın inkişafını, jurna­listika ənənələrinin möhkəmlənməsini təmin edən strateji amillərdən biri müstəqillik dövründə KİV-ə davam­lı və hərtərəfli dövlət qayğısının göstərilməsi olub. Bu kontekstdə bir sıra məqamlar və məsələləri xüsusi olaraq diqqətə çatdırmaq məqsədəmüvafiq olar. Əvvəlcə qeyd edək ki, 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman imzalanması KİV-in inkişafına təkan verən strateji əhəmiyyətli faktor oldu. Daha sonra – 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haq­qında” yeni qanun qəbul edildi, 2000- ci ilin mart ayında isə Heydər Əliyevin sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırıl­ması üzrə tədbirlər Proqramı” təsdiq olundu.

2003-cü ilin mart ayında isə Azərbaycan jurnalistlərinin qurultayın­da media ilə cəmiyyət və hakimiyyət arasında münasibətləri tənzimləyən qurum olan Azərbaycan Mətbuat Şurası yaradıldı ki, bu da KİV-in inki­şafının hüquqi və ictimai əsaslarının gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması baxımından mühüm əhəmiyyətə malik oldu.

Ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Res­publikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında” sərəncamı isə mətbuat orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi baxı­mından böyük önəm kəsb etdi. 2008-ci ildə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inki­şafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul edilməsi və Prezident İlham Əliyevin 3 aprel 2009-cu il tarixli sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması müstəqil Azərbaycan mətbuatının inki­şaf tarixində növbəti dönüş mərhələsi kimi səciyyələndirilən hadisələrdəndir.

Media orqanlarının maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, jurnalistlərin sosial rifah halının və məişət şəraitinin yaxşılaşdırılması­na xidmət edən tədbirlərin həyata keçirilməsi də xüsusi önəmə malikdir. Prezident İlham Əliyevin 2010-cu il 22 iyul tarixində imzaladığı “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqın­da” sərəncama əsasən, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnfor­masiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 mil­yon manat vəsait ayrıldı. Həmin sərəncamın icrası nəticəsində Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində jurnalistlər üçün 2 blokdan, 156 mənzildən ibarət 17 mərtəbəli bina tikildi və 2013-cü il iyulun 22-də Prezident İlham Əliyev həmin binada mənzillərin paylanması mərasimində iştirak etdi. Həmçinin Azərbaycan Respublikası Prezidenti­nin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli, 255 mənzilli binanın 2017-ci il iyulun 20-də istifadəyə verildi və üçüncü binanın təməli atıldı. Bütün bunlar Azərbaycan mətbuatının təmsilçilərinin dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduqlarını əks etdirməklə yanaşı, medianın davamlı inkişafında mühüm rol oynayan faktorlardır.

Bütün bu reallıqların fonunda hazırkı mərhələ və perspektivlər üçün Azərbaycan mediasının qarşısında yeni dövrün tələblərinə uyğun stra­teji əhəmiyyətli hədəflər və vəzifələr durur. Prezident İlham Əliyevin 2020-ci il 30 iyun tarixdə imzaladığı “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haq­qında” sərəncamında qeyd edildiyi kimi: “Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xal­qımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bununla belə, kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal infor­masiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyala­rın geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır”.

Söz, fikir və məlumat azadlığının milli və beynəlxalq qanunvericilikdə hüquqi əsasları

Dünya təcrübəsi göstərir ki, şərəf, ləyaqət və işgüzar nüfuzun qorunması, fikir və söz azadlığına hörmət, sağlam və əsaslı tənqidə münasib şəraitin yaradılması hər bir müasir demokra­tik dövlətin strateji prioritetlərindən birini təşkil edir. Bu kontekstdə milli media özünəməxsus rola və mühüm vəzifələrə malikdir. Söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, KİV nümayəndələrinin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması kimi faktorlar həm dövlətin, həm cəmiyyətin, həm də bu iki strateji təsisat arasında əlaqələrin inkişafında əhəmiyyətli rola malikdir.

Bu gün ifadə azadlığı hüququ, məlumat əldə etmək hüququ istər beynəlxalq sənədlərdə, istərsə də milli qanunvericilikdə müdafiə altına alınmışdır. İlk olaraq Ümumdünya İnsan Hüquqları Bəyannaməsini vur­ğulamaq yerinə düşər ki, bu sənədin 19-cu maddəsində hər bir şəxsin ifadə etmək azadlığı hüququ, informasiya və ideyaları istənilən vasitələrlə axtar­maq, əldə etmək və yaymaq azadlığı təsbit olunmuşdur. Bu sənəd tövsiyə xarakteri daşısa da, demokratik, hüquqi dövlətlərin konstitusiyalarında təsbit olunub. Beynəlxalq səviyyədə dövlətlər üzərində öhdəlik müəyyən edən ilk sənədlər sırasında Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı göstərmək olar ki, bu sənəddə digər hüquq və azadlıqlarla yanaşı, hər bir insanın öz fikrini sərbəst ifadə etmək, həmçinin informasiya əldə etmək hüququ müdafiə altına alınmış­dır. İfadə azadlığı hüququnun təmini, eyni zamanda, İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında Av­ropa Konvensiyanın 10-cu maddəsində təsbit olunub.

Azərbaycan dövləti bəhs olunan beynəlxalq sənədləri ratifikasiya edib və öz milli qanunvericiliyini beynəlxalq standartlara uyğun təkmilləşdirib. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi hər kəsin fikir və söz azadlığı hüququnu, 50-ci maddəsi isə məlumat azadlığı hüququnu təsbit edir. Bununla yanaşı, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublika­sının Qanunu ölkə Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat azadlığı hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokra­tik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirmək, həmçinin ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olun­masına şərait yaratmaq baxımından mühüm əhəmiyyətə malikdir.

Konstitusiyada kütləvi informasiya vasitələrinin azadlığına təminat verilir. KİV-lərdə, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. Qeyd etmək vacibdir ki, Azərbaycan dövləti bu hüququn təmini sahəsində kons­titusion normalarla yanaşı, müvafiq qanunlar, milli fəaliyyət planları qəbul edib. Bunların sırasında İnformasiya əldə etmək haqqında Azərbaycan Res­publikasının Qanunu, Açıq Hökumətin Təşviqinə dair Milli Fəaliyyət Planını və digər sənədləri göstərmək olar.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən səmərəli müdafiə mexanizmləri yaradılıb və uğurla fəaliyyət göstərməkdədir. Bu mexanizmlər sırasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatını xüsusilə vurğulamaq lazımdır. Konsti­tusiya Qanununa əsasən, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunub və Azərbaycan Respub­likasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqları­nın bərpa edilməsi və bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallar­da insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis edilir. Bununla yanaşı, 24 iyun 2011-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə Müvəkkilə əlavə yeni səlahiyyətlər verilib. Yeni dəyişikliyə əsasən, Müvəkkil infor­masiya sahibi olan dövlət orqanları­nın, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respub­likası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir.

Bir sıra hallarda informasiya əldə etmək azadlığı ilə bağlı fərqli fikir və mövqelər ifadə olunur, hətta bu məsələ manipulyasiya predmetinə çevrilir. Yu­xarıda bəhs olunan qanunda informasi­ya almaq azadlığı konkret olaraq təsbit edilmişdir. Bu kontekstdə bir sıra məsələlərə toxunmaq məqsədəmüvafiq olar.

Əvvəla qeyd etmək lazımdır ki, hüquqi və demokratik dövlət olan Azərbaycanda informasiyanın əldə olunması azaddır. Qanunda təsbit edildiyi kimi, hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasi­yanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Bununla yanaşı, informasiya sahibinə müraciət edən hər kəs sorğu edilən informasi­yanın informasiya sahibində olub-ol­madığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq hüququna malikdir. Bununla yanaşı, sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malik olmaq informasiya sahibinə müraciət edən şəxslərin hüquqları sırasında yer alır. Qanunda əksini tapmış digər mü­hüm məsələlərdən biri fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və han­sı məqsədlə istifadə etdiyini öyrənmək hüququnun olmasıdır.

Müzakirə predmetinə çevrilən mühüm məsələlərdən biri də informasi­ya əldə edilməsinin əsas prinsiplərinin hansılar olmasıdır. Təbii ki, müxtəlif interpretasiyalar verilməsinə bax­mayaraq, bu məsələ də bəhs olunan qanunda dəqiq surətdə öz əksini tapmış məsələlər sırasında yer alır. Qanuna istinad etsək, görərik ki, informasiya sorğusunun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə təmin edilməsi, informasiyanın əldə olunmasının qanuniliyi, dövlət orqanlarının və bələdiyyələrin informasiyanı açıqlamaq vəzifəsi, informasiyanın maksimum açıqlığı, informasiya sorğusunun ən qısa zamanda və ən münasib üsulla təmin edilməsi, informasiya təqdim olunarkən insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunma­sı kimi məsələlər informasiya əldə edilməsinin əsas prinsipləri sırasında yer alır. Bunlarla yanaşı, informasiya əldə etmək hüququnun dövlət tərəfindən qorunması, o cümlədən məhkəmə yolu ilə müdafiəsi, bəhs olunan qanunla müəyyənləşdirilmiş hallar istisna ol­maqla informasiyanın əldə edilməsinin ödənişsiz həyata keçirilməsi, informa­siya əldə etmək hüququnun pozul­masına görə informasiya sahiblərinin məsuliyyət daşıması, informasiya əldə edilməsinə qoyulan məhdudiyyətin bu məhdudiyyəti doğuran əsaslardan daha artıq müəyyənləşdirilməməsi, ictimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıq­lamağa görə vəzifəli şəxslərin təqib olunmaması kimi məsələlər də xüsusi vurğulanmalıdır.

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun icrasına nəzarət mexanizminin həyata keçirilməsi məsələsi

Bəs qanunun icrasına nəzarət necə həyata keçirilir? Qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombuds­man) haqqında” Azərbaycan Respub­likasının Konstitusiya Qanununun informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılma­sının xüsusiyyətlərinin ehtiva edən 13-1 maddəsində göstərilir: Müvəkkil informasiya əldə etmək hüququ­nun pozulmasına dair şikayətdə əks olunmuş halları 10 iş günü ərzində araşdırır. Əgər şikayət dəqiqləşdirmə tələb edirsə və ya şikayəti araşdırmaq üçün əlavə izahat və sənədlər topla­maq lazımdırsa, Müvəkkil bu barədə şikayətçiyə yazılı məlumat verməklə, şikayətə baxılması müddətini əlavə olaraq 10 iş gününə qədər uzadır. Şikayət konkret informasiya sahibi olan dövlət, yerli özünüidarə orqa­nının və ya vəzifəli şəxsin fəaliyyəti barəsində olmadıqda, həmin iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, ərizəçi informasiya sahibi olan dövlət, yerli özünüidarə orqanının və ya vəzifəli şəxsin in­formasiya əldə etmək üçün yaratdığı imkanlardan kifayət qədər səmərəli istifadə etmədikdə isə Müvəkkil şikayətə baxmır.

Digər tərəfdən, Müvəkkil informa­siya əldə etmək hüququnun pozulması­na dair şikayətdə əks olunmuş halların araşdırılması zamanı informasiya sahibi olan dövlət, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs tərəfindən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu­nun bır sıra tələblərinə riayət edilib-edilmədiyini aydınlaşdırır. Bunlar, in­formasiya əldə etmək üçün müraciətin (bundan sonra – informasiya sorğusu­nun) qeydiyyata alınması, informasiya sorğusunun qanunla nəzərdə tutulmuş qaydada, müddətdə və üsulla təmin edilməsi, informasiya sorğusunun icra­sından imtinanın qanunun tələblərinə uyğun olması, ictimai informasiyanın açıqlanması vəzifəsinin dəqiq və tam həcmdə yerinə yetirilməsi, internet informasiya ehtiyatının yaradılmasının qanunun tələblərinə cavab verməsi, in­formasiyanın əldə olunmasına qoyulan məhdudiyyətin qanunla nəzərdə tutul­muş qaydada müəyyənləşdirilməsidir.

Ombudsman Aparatı yerli və xarici media orqanları ilə səmərəli əməkdaşlığa mühüm əhəmiyyət verir

Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Om­budsman) Aparatı kütləvi informa­siya vasitələri ilə əlaqələrə mühüm əhəmiyyət verir, media ilə əməkdaşlıq qurumun fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bununla, Müvəkkilin daimi ünsiyyətdə olduğu subyektlərlə - dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, icmalar və geniş ictimaiyyətlə sıx əlaqələri davam etdirilir, Ombudsman insti­tutunun fəaliyyəti və onun nəticələri geniş ictimaiyyətin diqqətinə çatdırılır. Eyni zamanda, KİV-lə əməkdaşlıq Müvəkkilin fəaliyyətinin aşkarlıq, şəffaflıq prizmasından təbliğində mü­hüm rola malikdir.

Müvəkkilin fəaliyyətinin əsas istiqamətləri və tədbirləri barədə mətbuat açıqlamaları hazırlana­raq mediaya, çoxsaylı informasiya agentliklərinə, müxtəlif qəzet və jur­nallara, teleradio kanallarına, elektron xəbər portallarına operativ şəkildə göndərilməsi təmin edilir, həmçinin paytaxtda və regionlarda keçirilən mühüm tədbirlər ölkənin aparıcı KİV-lərinin, teleradio kanallarının və qəzetlərin əməkdaşları, o cümlədən bölgə müxbirləri tərəfindən işıqlandı­rılması təşkil edilir.

Ombudsman təsisatı insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasının təbliği və təşviqi istiqamətdində yerli və xarici media orqanları ilə səmərəli əməkdaşlığa üstünlük verir, müxtəlif mövzular üzrə zəruri informasiyalar və analitik ma­teriallar geniş ictimaiyyətin diqqətinə çatdırılır.

Müvəkkil 20 Yanvar faciəsinin, Xocalı Soyqırımının, 31 Mart- Azərbaycanlıların Soyqırımı Gününün ildönümü və digər mühüm məsələlərlə əlaqədar tematik bəyanatlar verir, nü­fuzlu beynəlxalq qurumlara ünvanla­yır. Həmin bəyanatlar KİV-də də geniş dərc olunur. Belə ki, müxtəlif dövrlədə BMT-nin Baş katibinə, Təhlükəsizlik Şurasına, İnsan Hüquqları Şurasına, İnsan Hüquqları üzrə Ali Komissarı­na, Qaçqınlar üzrə Ali Komissarına, UNİCEF və UNESCO-ya, Avropa İttifaqına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasi­yasına, Avropa Uşaq Hüquqları Om­budsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilmiş, bəyanatların mətnləri dövri mətbuatda, internet saytlarında dərc edilmiş, televiziya və radio verilişlərində səsləndirilmişdir.

Ümumiyyətlə, qeyd etmək lazım­dır ki, 2020-ci ilin hazırkı dövrünədək Ombudsman təsisatı tərəfindən 134 bəyanat qəbul edilmiş, KİV-də 14500- dən çox məqalə və məlumat dərc edil­miş (bunlardan 2000-dən çoxu cari ilə aiddir), 4634 press-reliz (cari ilə düşən press-relizlərin sayı 118-dir) hazırla­naraq yayımlanmışdır. Bu açıqlamalar ingilis dilinə tərcümə olunaraq Avropa Şurasına və digər nüfuzlu beynəlxalq təşkilatlara göndərilmişdir.

Göründüyü kimi, təsisatın fəaliyyətində KİV, o cümlədən daha üstün keyfiyyətlərə malik olan çevik, dinamik yeni media strukturları, inter­net saytları, elektron qəzetlər və xəbər portalları ilə əlaqələrə mühüm yer ve­rilir. Eyni zamanda, Ombudsman ins­titutunun yeni yaradılmış “facebook” və “twitter” səhifələri zəruri məlumat, müraciət və bəyanatların yayılmasın­da, vətəndaş müraciətlərinin təmin olunmasında, qurumun fəaliyyəti ilə bağlı informasiya dövriyyəsinin təşkil edilməsində mühüm vasitədir.

Bunlardan əlavə, Müvəkkilin təşəbbüsü ilə hər il elan olunan 18 may-18 iyun “İnsan Hüquqları Aylığı”, 21 avqust-21 sentyabr “Sülh aylığı”, o cümlədən 20 oktyabr-20 noyabr tarixlərində “Uşaq hüquq­ları aylığı” çərçivəsində paytaxtda və regionlarda mərkəzi və yerli icra hakimiyyəti orqanları, beynəlxalq təşkilatlar, təhsil müəssisələri, QHT və KİV-lə əməkdaşlıqda ictimaiyyətin fəal iştirakı ilə bu mövzu ilə bağ­lı konfranslar, dəyirmi masalar, maarifləndirmə tədbirlər keçirilir, müsabiqələr və sərgilər təşkil edilir. Aylıqla bağlı keçirilən tədbirlər və aylıqların yekunu ilə bağlı Müvəkkilin və əməkdaşlarının məqalələri KİV-də işıqlandırılır ki, bu da insan hüquqla­rının səmərəli təmininə və təbliğinə, həmçinin onların fəallığına və iştirak­çılığına xidmət edir.

10 dekabr – Beynəlxalq İnsan Hü­quqları Günü münasibətilə “Hüquqlar hamı üçün!” mövzusunda jurnalist yazıları müsabiqəsi keçirilir və qaliblər mükafatlandırılır.

Ombudsman institutunun media ilə səmərəli əlaqələrinin çox mühüm istiqamətlərindən birini jurnalistlərin hüquqi biliklərinin artırılması istiqamətində tədbirlərin keçirilməsi, sahə üzrə ixtisaslaşmış media təmsilçilərinin Müvəkkilin təşəbbüsü ilə keçirilən ənənəvi müsabiqələrə cəlb edilməsi, müxtəlif beynəlxalq təşkilatların, o cümlədən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı­nın Bakı Ofisi ilə birgə respublikamı­zın müxtəlif bölgələrində jurnalistlər üçün maarifləndirici seminarların təşkil olunmasıdır. Eyni zamanda, qurumumuzun təmsilçiləri müxtəlif təşkilatların media məsələlərinə dair keçirdiyi müxtəlif tədbirlərə qatılaraq hüquqi maarifləndirmə yolu ilə hüquq mədəniyyətinin və düşüncəsinin inki­şaf etdirilməsində fəal iştirak edirlər.

Ötən dövrdə Ombudsman təsisatı, Avropa Şurası və Mətbuat Şurası ilə əməkdaşlıqda gender bərabərliyinin təmin olunmasında medianın və media nümayəndələrinin də rolunu nəzərə alaraq, “Gender bərabərliyi və media” mövzusunda beynəlxalq və yerli ekspertlərin iştirakı ilə Bakı, Qazax, Mingəçevir, Gəncə, Şəki, Zaqatala və Qubada jurnalistlər və qeyri-hökumət təşkilatları nümayəndələri üçün dəyirmi masalar və təlimlər təşkil edilmiş, “Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları”na edilən əlavə ilə əlaqədar jurnalistlərin gender problemləri üzrə maarifləndirilmə işinin təşkil olunması və davam etdirilməsi önə çəkilmişdir.

Bunlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respub­likasında insan hüquq və azadlıq­larının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda nəzərdə tutulmuş infor­masiya əldə etmək hüququnun, media azadlığının daha səmərəli təmini və İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası qanunveri­ciliyinin izahı ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi üzrə müvafiq dövlət orqanları tərəfindən kompleks tədbirlər həyata keçirilib və bu istiqamətdə vətəndaş cəmiyyəti təşkilatları, media qurumları ilə sıx əməkdaşlıq edilib.

Medianın məsuliyyəti məsələsi: milli maraqlar və müasir çağırışlar kontekstində

Bu gün milli təhlükəsizliyin mühüm komponenti olan informa­siya təhlükəsizliyinin təmin olun­masında da medianın üzərinə böyük məsuliyyət düşür. Bu, milli informa­siya məkanının qorunmasında özünü göstərir. Milli informasiya məkanının qorunması dedikdə isə, dezinfor­masiyanın qarşısının alınmasın, xarici təsirlərin neytrallaşdırılması kimi məsələlər nəzərdə tutulur. Təbii ki, burada klassik - ənənəvi KİV nümayəndələri ilə yanaşı, yeni media növü olan sosial medianın istifadəçilərinin də üzərinə böyük məsuliyyət düşür. Bir sıra hallarda biz istər bəzi elektron resursların, istərsə də sosial şəbəkə istifadəçilərinin timsalında milli məsuliyyət prinsi­pinin və milli maraqların qorunması məsələsinin arxa plana atıldığını müşahidə edirik. Məsələn, son za­manlar koronavirus pandemiyası ilə əlaqədar heç bir elmi əsası olmayan, konspiroloji nəzəriyyələrə əsaslanan məlumatların həm bəzi media orqanları tərəfindən yoxlanılmadan tirajlandığını, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən yayıldığını müşahidə edirik. Bu, heç şübhəsiz, ictimai rəyə neqativ təsir göstərərək insanlarda səhv fikir formalaşdırır, məsuliyyət hissini aşağı salır. Nəticə etibarilə, cəmiyyət üzvlərinin bir qis­mi müəyyən olunmuş qaydalara riayət etməkdən yayınır. Kütləvi informa­siya vasitələrinə və sosial şəbəkə istifadəçilərinə müraciətimizdə həm KİV nümayəndələrini, həm də sosial şəbəkə istifadəçilərini vətəndaş məsuliyyəti nümayiş etdirməyə, əsassız məlumatları yaymamağa çağı­rırmışıq. Digər tərəfdən, son zaman­lar Ermənistanın döyüş bölgəsi ilə yanaşı, informasiya müstəvisində də təxribatı zamanı müşahidə edilənlər bu zərurətin əhəmiyyətini daha aydın nümayiş etdirir. Dəqiqləşdirilməmiş, yaxud rəsmi mənbəyi olmayan məlumatların yayılması, həmçinin hərbi sirr sayılan informasiyaların müxtəlif resurslar vasitəsilə tiraj­lanması, eləcə də düşmənin dezin­formasiyalarının yayılması üçün internet resurslarının platformaya çevrilməsi yolverilməzdir. Bu kimi hallar mənəvi məsuliyyət kateqori­yasına aid edilməklə yanaşı, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə hüquqi məsuliyyət yaradır. Bütövlükdə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz informasiya məkanımızı da qorumalıyıq. Bunu etmək çətindir. Çünki biz bu gün internet dövründə yaşayırıq. Han­sısa hər bir yalan, böhtan, təxribat xarakterli məlumat dərhal özünə yer tapır. Ancaq milli jurnalistikamız, Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır, milli maraqlar hər şeydən üstün olmalıdır”.

22 iyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini səmimi-qəlbdən təbrik edir, onla­ra yaradıcı fəaliyyətlərində yeni uğurlar arzu edirəm. Ümidvaram ki, Ombudsman təsisatı ilə media qurumları arasındakı səmərəli işgü­zar əlaqələr bundan sonra da uğurla davam edərək insan hüquqlarının qorunması, təbliği və təşviqi, hüquq mədəniyyətinin və düşüncəsinin inkişafı istiqamətlərində mühüm rol oynayacaq, qarşıya qoyulan strateji hədəf və vəzifələrin yerinə yetirilməsinə əsaslı töhfələr verəcək.

Xalq qəzeti 2020.- 23 iyul.- S.7.