Xarici siyasətin
prioritetləri və hücum diplomatiyası:
Azərbaycan Prezidentinin qarşıya
qoyduğu yeni vəzifələr kontekstində
Tovuz rayonunda sərhəd xətti istiqamətində Ermənistanın
törətdiyi hərbi təxribat ancaq döyüş əməliyyatları
ilə məhdudlaşmadı. Azərbaycan Ordusunun
güclü zərbələri altında diz çökən
işğalçı və havadarları çox məyus
oldular. Erməni əsgəri Azərbaycan Ordusunun atəş
gücünü öz üzərində aşkar hiss etdi. İndi bir sıra ekspertlər baş verənləri
analiz etməyə çalışırlar. Müxtəlif qiymətləndirmələr, arqumentlər
eşidirik. Lakin ermənilərin Tovuz istiqamətində
hücum cəhdinin taleyini həll edən tək faktor var: Azərbaycan
Ordusunun şücaəti, hərbi sistemimizin qüdrəti, zərgər
dəqiqliyi ilə işləməsi, Ali Baş Komandan-ordu rəhbərliyi-müxtəlif
qoşun növləri arasında yüksək koordinasiyalı
fəaliyyət–Azərbaycan əsgərinin vətənsevərliyi,
qeyrəti, fədakarlığı və peşəkar
hazırlığının bir-birini tamamlaması! Məhz bunların sayəsində ermənilərin hərbi
və informasiya təxribat potensialı tükəndi. Və ondan sonra Nikol Paşinyan Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatına (KTMT) üz tutdu, kömək
istəməyə məcbur oldu.
Şanlı
ordunun zəfəri və regional geosiyasi proseslər
Azərbaycanın döyüş meydanında verdiyi
cavabı görəndə çoxları anladı ki, Azərbaycan
çox güclü orduya malikdir və istənilən an Ermənistan
ordusunu qısa zamanda əzib keçə bilər. Bunu anlayıb, sözdə
dost, əməldə düşmən olanlar məyus oldular. Beynəlxalq təşkilatlardan fərqli fikirlər
eşidildi. Hərçənd, Ermənistan
təxribata başlayanda susurdular və bilmək olmazdı, ermənilər
nəyəsə nail olsa idi, nə deyəcəkdilər.
Əslində, bilirik nə deyəcəklərini.
Yəni minbir bəhanə ilə erməni təcavüzünə
haqq qazandırmağa çalışacaqdılar. İşğalçını geri oturtmaq əvəzinə
bizə barışla bağlı “məsləhətlərini”
verəcəkdilər.
Fəqət
Azərbaycan əsgəri qəhrəmanlığı və
qanı bahasına bu təxribatın taleyini həll etdi: erməni
siyasi, informasiya və hərbi dairələri bir daha haqsız
olduqlarını nümayiş etdirdilər və nüfuzdan
düşdülər. Onları hətta üzvü
olduqları hərbi-siyasi blok – KTMT belə
müdafiə etmədi. Əksinə, onun bir
sıra üzvləri bəyan etdilər ki, Azərbaycanla
savaşa girməzlər. Rusiya Dövlət
Dumasının MDB məsələləri, Avrasiya
inteqrasiyası və həmvətənlərlə iş
üzrə komitəsinin sədri Leonid Kalaşnikov isə
açıq bəyan edib: “KTMT-nin bu münaqişəyə
qoşulması cinayət olar. Çünki bu təşkilat
bu və digər qonşularımızla müharibə etmək
üçün yaradılmayıb. Ona
görə də bu söhbətlərə son
qoyulmalıdır. Kimsə KTMT-ni
Qarabağ münaqişəsinə cəlb etmək istəyirsə,
bilsin ki, buna heç kəs, heç vaxt nail olmayacaq. KTMT-yə daxil olan ölkələr də çox
gözəl bilir ki, bu təşkilat nə üçün
yaradılıb. KTMT-nin Azərbaycanla
müharibəyə qoşulacağını
düşünmək belə axmaqlıqdır. Heç kəs buna getməz. Bunu
unudun”.
Deməli, N.Paşinyan hakimiyyətə gələndən
daha bir yalvarışı rəsmi İrəvan
üçün iflasla bitdi. Konkret olaraq, Ermənistan
rəhbərliyinə anlatdılar ki, KTMT Ermənistanın
oyuncağı və ya şıltaqlıq meydanı deyil.
Birincisi, hətta KTMT belə hesab edir ki, Ermənistan
haqsızdır, Azərbaycan torpaqlarını işğal
edib. L.Kalaşnikov bunu birmənalı belə ifadə
edib: “Heç kəs demir ki, bu, Azərbaycan
ərazisi deyil. Əlbəttə ki, Azərbaycan
ərazisidir. Lakin heç kəs bu ərazilərin
geri qaytarılması üçün heç nə etmir, məsələ
budur”.
Artıq Moskvada anlayırlar ki, Azərbaycanın
haqlı mövqeyini müdafiə etmək ən ədalətli
addımdır. Ayrıca, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan
və Türkiyə siyasəti onu deməyə əsas verir
ki, Rusiya geosiyasi prioritetlərinə düzəlişlər
edə bilər. Belə olarsa, əlbəttə,
bütün region, o cümlədən Azərbaycan və
Rusiya da qazanar!
Bunlardan
çıxarıla biləcək ikinci geosiyasi nəticə
ondan ibarətdir ki, Azərbaycan rəhbərliyi və ordusu qətiyyətini
bütün dünyaya anlatdı: Cənubi Qafqazda həqiqi mənada
sülh istəyən, əməkdaşlıqda maraqlı
olan, barış arzulayan və bunun üçün lazımi
siyasi, hərbi, iqtisadi və mədəni qüdrətə
malik olan dövlət Azərbaycandır!
Azərbaycan istəsəydi, Ermənistanın ərazisinə
daxil olub, şəhər və kəndlərini
darmadağın edərdi, çox sayda əsir
götürüb illərdir Ermənistanda əziyyət verilən,
təhqir edilən azərbaycanlı əsir və girovlarla dəyişərdi,
Xocalının qisasını bir gecədə alardı. Ancaq etmədi
və çox doğru etdi, çünki Azərbaycan
işğalçı deyil, kimsənin torpağında
gözü yoxdur və qonşu dövlətlərə də
hörmətlə yanaşır. O cümlədən
KTMT-dəki dostlarını Bakı heç zaman çətin
vəziyyətdə qoymaz. Bunlar adi hadisələr
deyil, siyasətçilər, hərbçilər təhlil
edir və başa düşürlər ki, Azərbaycanla
danışmağa dəyər. Çünki Cənubi
Qafqazda sülhün qarantı olmaq üçün
lazımlı olan siyasi, hərbi, iqtisadi, mədəni,
geosiyasi və diplomatik imkanlara malik ölkədir!
Deməli, biz Tovuz istiqamətində Azərbaycan–Ermənistan
dövlət sərhədində törədilən növbəti
hərbi-informasiya təxribatından sonra regionla bağlı
müşahidə olunan və hətta böyük dövlətləri
belə mövqeyində korrektələr etməyə məcbur
edən proseslərə vurğulanan tezislər prizmasından
baxmalıyıq. Və həmin kontekstdə məqalənin
başlıca məqsədi olan iki məqam üzərində
geosiyasi aspektdə dayanmaq zəruridir. Onlardan
biri Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2020-ci ilin
birinci yarısının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında ifadə etdiyi mükəmməl
fikirlərdir. Digəri isə dövlət
başçısının Ceyhun Bayramovu Xarici İşlər
naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul
edərkən xarici siyasət strategiyası və diplomatlar
qarşısındakı tələblərlə bağlı
ifadə etdiyi tezislərlə bağlıdır.
Beynəlxalq
reaksiya: Azərbaycanın nüfuzu daha da yüksəlib
Bu iki tədbir aydın surətdə rəsmi
Bakının dərin, düşünülmüş,
müstəqil və qətiyyətli siyasət yeritdiyini bir
daha təsdiqlədi. Göründü ki, Azərbaycan Prezidenti müasir siyasəti
və geosiyasi prosesləri dərindən bilən,
diplomatiyanın incəliklərinə nüfuz edən və
eyni zamanda, beynəlxalq hüquqa hörmətlə yanaşan,
milli dövlətçiliyi əzmlə qoruyan ədalətli
mövqedədir və onu dəyişmək fikrində deyil! Onların ayrı-ayrı məqamları üzərində
geniş dayanaq.
Dövlət başçısı Nazirlər
Kabinetinin yuxarıda vurğulanan iclasında
çıxışı zamanı Azərbaycan ictimaiyyətinin
diqqətini Ermənistanın son hərbi təxribatına
çəkərək mühüm bir məqamı
vurğulayıb. Prezident Ermənistan rəhbərliyinin KTMT-dən
yardım istəməsinin geosiyasi mənasını belə
izah edib: “KTMT-nin buna nə dəxli var? Birincisi, Azərbaycan,
bir daha demək istəyirəm ki, Ermənistanın dövlət
sərhədini pozmayıb, təxribat törətməyib, Ermənistan
ərazisinə keçməyib. Belə olan halda KTMT-nin bu
işə nə dəxli ola bilər? Bu bir. İkincisi, bu addım
onların acizliyini, qorxaqlığını göstərir.
Onu göstərir ki, Azərbaycan
qarşısında təkbaşına duruş gətirə
bilməyəcəklər və onu bilirlər. Biz də bunu bilirik. KTMT-yə
müraciət etmək onların qorxaqlığının
növbəti təzahürüdür”.
Dəqiq və dolğun qiymətləndirmədir. Və ölkə
rəhbərinin Ermənistan hakimiyyətinə üz tutaraq,
“...qələt eləmisən, təxribat törətmisən,
cinayət törətmisən, – cavab ver buna. Cavab ver və veribdir artıqlaması ilə”. Bununla yanaşı, Ermənistan itkilərini gizlətməyə
çalışdı. Bu da siyasətdə
acizliklə yanaşı, riyakarlıq deməkdir. Ermənistanın siyasəti riyakarlıq və
acizlik üzərində qurulub. Bunun bir
daha dövlət sərhədində törədilən təxribatda
təsdiqlənməsi başqa əlamətlərlə
yanaşı, geosiyasi aspektdə də ciddi hadisədir. Dövlət başçısı məsələnin
bu tərəfinə xüsusi vurğu etməklə bir daha
erməni siyasətinin əsl simasını tanımağa
çağırıb. KTMT üzvlərinin
bu hadisəyə reaksiyası da göstərir ki, Azərbaycanın
dövlət başçısı tamamilə
haqlıdır.
Bu tezislərin işığında dövlət
başçısı üç vacib sahəyə xüsusi
diqqət yetirib. Onlardan birincisi beynəlxalq təşkilatların
Ermənistanın təxribatçı davranışına
münasibətinin qiymətləndirilməsidir. Digəri, ayrı-ayrı dövlətlərin
münasibətidir. Üçüncüsü
isə bunların fonunda Ermənistan- Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi
Bakının mövqeyi və bütövlükdə xarici
siyasətin prioritet istiqamətləridir.
Prezident ilk növbədə Türkiyənin
reaksiyasına toxundu. Qardaş ölkəyə dərin təşəkkürünü
ifadə edən ölkə rəhbəri “...bu günlərdə
Türkiyədən yenidən qardaşlıq, dostluq
münasibəti gördük. İlk saatlardan Türkiyənin
rəsmi qurumları bu məsələ ilə bağlı Azərbaycanın
haqlı mövqeyini müdafiə etdilər,
açıqlamalar verdilər”,– deyərək
Azərbaycana ən yaxın olan dövlətin
ünvanını bir daha bütün dünyaya göstərdi.
Bu istiqamətdə fikirlərinə davam edən Prezident
İlham Əliyev ifadə etdi: “Dünən Prezident tərəfindən
çox önəmli açıqlama verildi. Ondan
əvvəl Müdafiə naziri, Xarici İşlər naziri,
Prezident Administrasiyasının nümayəndələri,
deputatlar, ictimai fəallar. Bir daha
bütün dünya, Türkiyə və Azərbaycan
xalqları gördü ki, biz əsl qardaşıq. Yaxşı günlərdə və ağır
günlərdə bir-birimizin yanındayıq”.
Bu cür qiymətləndirmənin böyük və
obyektiv geosiyasi əhəmiyyəti vardır. Hər
şeydən öncə, bu, ulu öndər Heydər
Əliyevin “Bir millət, iki dövlət” tezisinin geosiyasi,
siyasi, hərbi, diplomatik və mədəni zəfəridir.
Heydər Əliyev bu tezisi ilə Türkiyə–Azərbaycan
münasibətlərini emosional – milli-etnik, dini və mədəni
müstəvidən geosiyasi aspektdə konkret əməkdaşlıq
və məntiq modelinə dayanan müstəviyə
çıxardı. Hazırkı mərhələdə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
yürütdüyü siyasət imkan verir ki, Ankara
açıq və birmənalı bəyan etsin: “Bütün
imkanlarımızla dost və qardaş Azərbaycanın
yanındayıq”! Bu baxımdan Azərbaycan rəhbərinin
aşağıdakı fikirləri olduqca təsirlidir və həqiqəti
tam əks etdirir: “Yəqin ki, həm Türkiyə vətəndaşları,
həm Azərbaycan vətəndaşları mənim dəfələrlə
dediyim sözləri xatırlayırlar və görürlər
ki, mən nə qədər haqlı idim deyəndə ki,
dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər
bir-birinə yaxın olan ikinci ölkələr yoxdur”. Bu səbəbdəndir ki, İlham Əliyev tam səmimiyyət
və sevgi ilə bir daha qardaş Türkiyə xalqına,
onun Prezidentinə Azərbaycan xalqı adından və öz
adından dərin minnətdarlığını bildirdi.
Türkiyə ilə yanaşı, Pakistan və Ukrayna da
ədalətli mövqeləri ilə seçildilər. Onlar Azərbaycanın
ərazi bütövlüyünə tam dəstək ifadə
etdilər. Bundan başqa, İslam Əməkdaşlıq
Təşkilatı, Türk Şurası, Qoşulmama Hərəkatı
da Bakının haqlı mövqeyini dəstəklədiklərini
bildirərək Ermənistanın təcavüzünə son
qoyulmasını tələb etdilər. Sonrakı
günlərdə BMT, Aİ, NATO da hadisəyə reaksiya
verdilər. Onlar ümumi formulalarla
münaqişənin dinc yolla və beynəlxalq hüquq
normaları çərçivəsində həll edilməsinin
vacibliyini vurğuladılar. Azərbaycanın
xarici siyasəti aspektində vurğulanan məqamların əhəmiyyəti
böyükdür. Görünür ki, Azərbaycan
Prezidentinin birbaşa fəaliyyəti nəticəsində
ölkə beynəlxalq aləmdə böyük nüfuz əldə
edib. Artıq Azərbaycanı demək olar
ki, bütün beynəlxalq təşkilatlar dəstəkləyirlər.
Onların sırasında daha fəal
olanları da vardır. Bunlar
başlıca olaraq müsəlman və türk dövlətləridir.
Lakin bu, böyük gücdür. Dünya indi tam əmindir ki, Azərbaycan meydanda nəinki
tək deyil, hətta sistemli və davamlı olaraq onu dəstəkləyən
qüvvəyə malikdir.
Bundan başqa, dövlət
başçısının vurğulanan kontekstdə Xarici
İşlər Nazirliyinin artıq sabiq
başçısını kəskin tənqid etməsi kadr
siyasətində də ciddi yeniliklərin olduğuna işarədir. İlham
Əliyev kimliyindən asılı olmayaraq Azərbaycanın
xaricdə fəaliyyət göstərən bütün
diplomatlarından təşəbbüskar, hücum xarakterli,
milli mövqeyə tam uyğun fəaliyyət tələb
edir. Ölkənin xarici siyasət idarəsinin
yeni rəhbərini qəbul edərkən ifadə etdiyi fikirlər
bu baxımdan çox önəmlidir. İlham Əliyev
vurğulayıb: “...bizim diplomatiyamız hücum
diplomatiyası olmalıdır, milli maraqlar tam təmin edilməlidir.
Ancaq bir çox hallarda bunun əksini
görürük. Görürük ki,
razılaşma prinsipi əsas tutulur, milli maraqları kənara
qoyub kiminsə xoşuna gəlmək üçün səylər
göstərilir. Bu haqda bir çox məlumatlarım
var. Ona görə siz bu məsələləri nəzərdə
saxlayın. Bizə elə diplomatik kadrlar
lazımdır ki, peşəkar, milli ruhda, milli dəyərlərə
bağlı olsunlar, ölkəmizi müdafiə edə bilsinlər”.
Hücum
diplomatiyası: qələbəyə aparan yol...
Bunlar çox önəmli fikirlərdir. Prezident konkret vəzifə
qoyur: imitasiya, ona-buna xoş gəlmək, passivlik mərhələsi
artıq arxadadır. Azərbaycan siyasi-diplomatik
sahədə hücumda olmalı, məsələlərin
konkret və ədalətli həllinə istiqamətlənməlidir.
Dövlət başçısının bu mövqeyində
diqqəti çəkən məqam ondan ibarətdir ki, bu, həm
də bir sıra xarici dairələrə mesajdır – Prezident
İlham Əliyevin başqa sahələrdə olduğu kimi,
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllində də mövqeyi dönməz
və prinsipial xarakter daşımaqla cəmiyyətin siyasi
iradəsini əks etdirir! Bu, müstəqil bir dövlətin
milli, qürurlu, qətiyyətli və ədalətli
başçısının olduqca əhəmiyyətli
mesajıdır! Dünyanın hər bir böyük dövləti,
ilk növbədə, həmsədr ölkələr
anlamalıdırlar: Azərbaycan Prezidenti ölkənin ərazi
bütövlüyünün bərpasında tam qətiyyətlidir
və bu istiqamətdə hər şeyi edəcəkdir! Bizcə, İlham Əliyevin məhz bu
davranışı bir çoxlarının ağlını
başına yığır. Ermənistanı təxribata
təhrik edənlər başa düşdülər: Azərbaycan
heç bir təzyiqə boyun əyməyəcək və qələbəyə
qədər mübarizə aparacaq! Bu səbəbdən, nə
qədər gec deyil, Ermənistana havadarlıq edənlər ədalətin
yanında dursunlar ki, sonra geosiyasi dalana düşməsinlər!
Sözün həqiqi mənasında belə bir cəsur,
müdrik və qətiyyətli dövlət
başçısı ilə Azərbaycan xalqı qürur
duyur!
Bütün bunların fonunda dövlət başçısının
Azərbaycanın xarici siyasətinin prioritetlərini bir daha
vurğulaması çox əhəmiyyətlidir. İlham Əliyev ifadə
edib: “O ki qaldı, bizim xarici siyasətlə əlaqədar əsas
prioritetlərimizə, qeyd etməliyəm ki, mən bu
prioritetlər haqqında ictimaiyyətə kifayət qədər
geniş açıqlama vermişəm... Qonşu
ölkələrlə münasibətlərimiz bizim
üçün prioritetdir. Bu münasibətlər
çox sağlam zəmində qurulubdur. Artıq
həyat və hadisələrin gedişatı onu göstərir
ki, bu, çox düzgün siyasətdir... dövlətlərlə
bizim münasibətlərimiz strateji xarakter daşıyır.
Biz bir bölgədə yaşayırıq, biz
qonşuyuq və bu qonşuluq əbədi olacaqdır. Eyni zamanda, qonşu ölkələrdə yaşayan
azərbaycanlılar, əlbəttə, bu münasibətlərdə
xüsusi yer tutur və onların rahat yaşaması təbii
ki, bizim üçün çox önəmlidir”.
Burada güclü Azərbaycan dövlətinin təcavüzkar
ölkə istisna olmaqla bütün qonşu dövlətlərlə
qarşılıqlı faydalı əməkdaşlıq
prinsipi əsasında münasibətlərini dərinləşdirməsi
ilə yanaşı, soydaşlarımızın taleyi ilə
də ciddi maraqlandığı aydın görünür. Məsələnin
bu tərəfi çox əhəmiyyətlidir və perspektiv
də onu tam təsdiq edəcək. Təsadüfi
deyil ki, Prezident bir daha təşəbbüskarı olduğu
ikitərəfli və üçtərəfli əməkdaşlıq
formatlarının verdiyi faydalardan bəhs edib.
Dövlət başçısı xarici siyasətin
prioritetləri sırasında Türk dövlətləri və
İslam Əməkdaşlıq Təşkilatı üzvlərini
də vurğulayıb. Azərbaycan müsəlman və
türk dünyasında indi strateji tərəfdaş kimi
mövqeyini möhkəmlədib. Bu məqamın geosiyasi qiyməti
Bakının Qərb istiqamətində yeritdiyi siyasətin
fonunda çox aydın görünür. Belə ki, ölkə
rəhbəri vurğulayıb ki, Avropa və ABŞ-la da
münasibətlər xarici siyasətin prioritetləri
sırasındadır. Bununla Azərbaycan xarici siyasətdə
ciddi bir üstünlük əldə etmiş olur. Azərbaycan
Qərb və müsəlman dünyası ilə olan yüksək
əlaqələri əsasında sivilizasiyalar, mədəniyyətlər
və dinlər arasında dialoqun təşkili istiqamətində
ciddi işlər görə bilir.
Prezident İlham Əliyev Azərbaycanın
xarici siyasətində Qoşulmama Hərəkatının
böyük yer tutduğunu ifadə edib. Ölkə rəhbəri
bu aspektdə bir mühüm məqamı da vurğulayıb:
“Qoşulmama Hərəkatı adından BMT Baş
Assambleyasının xüsusi sessiyasının keçirilməsinin
təşəbbüskarı biz olmuşuq və bu təşəbbüsə
bildiyiniz kimi, 130-dan çox ölkə qoşuldu. Hesab edirəm
ki, bu, bizim növbəti siyasi uğurumuzdur”.
Bu fakt həm də ona görə
əhəmiyyətlidir ki, Ermənistanın təcavüzkarlığı
Azərbaycanın bu kimi uğurlarını həzm edə
bilməməsi ilə bağlıdır. Öz daxilində
pandemiya ilə mübarizə apara bilməyən Ermənistan,
Azərbaycanın həm qlobal pandemiya ilə ciddi mübarizə
aparmasını, beynəlxalq səviyyədə əhəmiyyətli
təşəbbüslər irəli sürməsini və
bunu bütün dünyanın dəstəkləməsini qəbul
edə bilmir. Bundan başqa, Azərbaycan uğurla daxildə
islahatlar aparır, kadrları yeniləşdirir, sosial-iqtisadi
istiqamətdə böyük irəliləyişlər əldə
edir. Bu səbəbdən də Ermənistan Azərbaycana mane
olmağa çalışır. Açıq görür ki,
bütün istiqamətlərdə məğlubiyyət
özünü göstərir.
Nəhayət, vurğulanan proseslər Azərbaycanın
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
yeritdiyi siyasətin gücünü və məzmununu müəyyənləşdirir.
Rəsmi Bakı torpağının bir qarışını
belə kimsəyə verməyəcək.
İşğalçı erməni qüvvələri
qeyd-şərtsiz Azərbaycan torpaqlarından
çıxarılacaq. Azərbaycan rəhbərliyi bu istiqamətdə
mümkün olan hər bir imkandan istifadə edəcək.
Bütün dünya Azərbaycan Prezidentinin
aşağıdakı fikirlərini unutmamalıdır.
Dövlət başçısı deyib: “O ki qaldı,
danışıqlara, mən bir daha demək istəyirəm
ki, biz imitasiya naminə danışıqlar aparmaq, mənasız
videokonfranslar keçirmək fikrində deyilik. Bunun mənası
olmalıdır. Mən demişəm ki, Minsk
qrupunun işi çox fəal olmalıdır və onların
mandatı çərçivəsində təkcə təmas
xəttində, yaxud da ki, dövlət sərhədində atəşkəsin
təmin edilməsi məsələsi yox, mahiyyət üzrə
danışıqlar aparılmalıdır və bunun
üçün artıq uzun illər ərzində
formalaşmış baza var”.
Beləliklə, Ermənistanın Tovuz istiqamətində növbəti hərbi avantürasından Azərbaycan qalib çıxıb. Dövlətimiz hərbi, siyasi, ideoloji və informasiya aspektlərində olduğu kimi, geosiyasi olaraq da zəfər əldə edib. Bu, bir tərəfdən, Azərbaycanın dövlət kimi kifayət qədər güclü potensiala malik olduğunu göstərir, digər tərəfdən isə, onun beynəlxalq aləmdə nüfuzunun davamlı olaraq yüksəldiyini təsdiqləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində Azərbaycan yüksələn xətlə hərbi qüdrətini artırıb, sosial-iqtisadi, mədəni, geosiyasi sferalarda yeni zirvələr fəth edib!
Kamal
ADIGÖZƏLOV
Xalq qəzeti 2020.- 23 iyul.- S.4.