Prezidentin sərəncamının icrası ilə bağlı Tovuz rayonunda təcili tədbirlər görülür

Azərbaycan Ordusu Ermənistanın Tovuz istiqamətində hücumunu nəinki dəf etdi, həm də düşmən ordusunu istər hərbi texnika, istərsə də canlı qüvvə sarıdan ciddi itkilərə məruz qoydu. Amma namərd və xain düşmənin Tovuzun mülki obyektlərinə, vətəndaşların evlərinə ağır artilleriyadanminaatanlar­dan atəş açması nəticəsində mülki vətəndaşlara xeyli ziyan dəyib.

Bundan sonra Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Tovuz ra­yonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırıl­ması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamla mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi Azərbaycan Respublikası­nın İqtisadiyyat Nazirliyi və Fövqəladə Hallar Nazirliyinə tapşırılıb.

Hazırda Prezidentin sərəncamının icrası ilə bağlı Tovuz rayonunda təcili tədbirlər görülür. Bu məqsədlə işçi qrup yaradılıb, mütəxəssislər cəlb edilib, ekspertlər dərhal Tovuz rayonuna ezam olunub. Vəziyyətlə bilavasitə yerində tanış olmaq ucun hücu­ma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, ekspertlər tərəfindən müayinə və ekspertiza işləri aparılır. Dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi təmin ediləcək.

Ekspertlər tərəfindən hazırlanacaq və təqdim ediləcək qiymətləndirmə məlumatlarına əsasən, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldı­rılması ilə bağlı hökumət tərəfindən tədbirlər planı hazırlanacaq. Hərbi hücum nəticəsində zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər Azərbaycan Prezidentinə təqdim ediləcək.

Xatırladaq ki, Ermənistanın təcavüzü nəticəsində əsas ziyan Tovuz rayonunun 6 yaşayış məntəqəsinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəyib. İlkin qiymətləndirmələrə görə, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib. İntensiv atəş nəticəsində dövlət əmlakına da zərər dəyib. Bunlar əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur.

İşlərin gedişi dövlət başçısının şəxsi nəzarətindədir. Mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılma­sı üçün bütün qüvvələr səfərbərliyə alınıb. Dəymiş zərər tezliklə aradan qaldırılacaq, infrastruktur və evlər bərpa olunacaq. Həyat tamamilə öz məcrasına qayıdacaq.

Dəfələrlə təsdiq olunduğu kimi, Azərbaycan dövləti vətəndaşının yanındadır. Dövlətimiz Azərbaycanın ərazı bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıla­rı öyrənilir və onların həlli istiqamətində addımlar atılır. Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailələrinə ev verilib. Mehriban Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim fon­dun nəzarətində olacaq. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıb.

Azərbaycan dövləti ölkə ərazisində vətəndaşların təhlükəsiz yaşamasının qarantı­dır. Tovuza, tovuzlulara dəyən ziyan tezliklə aradan qaldırılacaq. Vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır. Cəbhəyanı rayon­larda infrastruktur bərpa olunur, yeni qəsəbələr salınır, yeni təsərrüfatlar, müəssisələr yaradı­lır. Şəhid ailələri dövlət hesabına evlə təmin edilir (indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev verilib). Şəhid ailələrinə birdəfəlik yardım göstərilir (hər ailəyə 11 min manat ol­maqla). 2016-cı ilin Aprel döyüşlərindən sonra Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və “Böyük qayıdış”ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işlər əyani misaldır. Artıq Cocuq Mərcanlıda yem emalı müəssisəsi tikilib, istixanalar və arıçılıq təsərrüfatları, inkubator məntəqəsi fəaliyyət göstərir.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Ağdam və Tərtər rayonlarının hər birinə 3 milyon manat vəsait ayrılıb, yaşayış məntəqələrində ciddi zi­yan dəymiş evlərin və sosial obyektlərin tikin­tisi, təmiri və bərpası işləri altı ay ərzində başa çatdırılıb. Tərtər rayonunda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilib, 8 ev bərpa olunub. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparılıb. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görülüb. Ağdam rayonunda 5-i üçotaqlı, 3-ü dördotaqlı olmaqla 8 ev yenidən tikilib, 15 ev tamamilə bərpa olunub, 27 ev əsaslı təmir edilib, 693 evdə cari təmir işləri görülüb. Bundan əlavə, bir məktəb və iki uşaq bağçasında əsaslı təmir işləri həyata keçirilib.

 

Paşa ƏMİRCANOV

Xalq qəzeti 2020.- 23 iyul.- S.4.