Fəxr
edirik ki, Sizin kimi liderimiz var, cənab Prezident
Kişi söhbəti. Onun etməyi və
dinləməyi hamı bacarırmı? Bacaranlar
xalqın inam və etibarını qazanır, zəfər daim
onların üzünə gülür. Doğru-düzgünlüyü,
halallığı, humanistliyi, bəşəri xidmətləri
və nəhayət, kişiliyi ilə həm öz
xalqının, həm də beynəlxalq ictimaiyyətin dərin
rəğbətini qazanmış Azərbaycan Prezidenti kimi.
Bacarmayanlar isə dedi-qoduya, giley-güzara, qeybətə
və dilənçiliyə başlayır və sonda
rüsvay olurlar. Bədxah qonşularımızın bədnam
baş naziri kimi...
Bakıda
şəhid ailələrinə, müharibə əlillərinə
mənzillərin və avtomobillərin təqdim olunması mərasimində
söylədiyi son dərəcə əhatəli və məzmunlu
çıxışında Azərbaycan Prezidenti İlham
Əliyev qeyd etdi ki, biz Ermənistana başından
güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatına (KTMT) qaçdılar. Tələb
edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin.
Buna nail ola bilmədilər, heç bir bəyanat
verilmədi. Sadəcə olaraq, bu hadisə ilə
bağlı ümumi sözlərdən ibarət bir şərh
verildi, vəssalam.
Azərbaycanın
dövlət başçısı bu yerdə Ermənistanın
baş nazirinə konkret mesaj göndərdi: “Gəl bizimlə
təkbətək vuruş, təkbətək, baxaq, görək,
bunun axırı nə olacaq”.
Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Azərbaycan
həm beynəlxalq müstəvidə, həm ölkə
daxilində, həm mənfur qonşu ilə mübarizədə
çox böyük bir gücə çevrilib. Bunu biz
yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan
xalqı tam əmin ola bilər ki, Azərbaycanın
müstəqilliyi, azadlığı, insanların rifahı və
ölkəmizin güclənməsi daim diqqət mərkəzində
olacaq. Bizim üçün bir nömrəli
milli məsələ – Ermənistan – Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllidir.
Mən bu məsələ ilə bağlı
öz fikirlərimi dəfələrlə demişəm – beynəlxalq
təşkilatlarda, beynəlxalq kürsülərdən,
ölkə daxilində. Çox da təkrarlamaq
istəmirəm, amma bir şeyi istəyirəm Azərbaycan
xalqı bilsin ki, bu, milli məsələdir. Biz bu məsələni elə həll etməliyik
ki, bu həll Azərbaycan xalqını tam təmin etsin.
Hər hansı bir yarımçıq həll
bizə lazım deyil. Məsələnin həlli
tam olmalıdır. Azərbaycanın
suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir.
İşğal edilmiş bütün torpaqlar
istisnasız azad edilməlidir.
Dövlət başçısı əlavə etdi ki,
bu gün Azərbaycan güclü dövlətdir, Azərbaycan
iqtidarının güclü iradəsi var və ən önəmlisi
xalqın dəstəyi var. Mən bu günlərdə hər
gün bəlkə də minlərlə məktub alıram. O məktublarda vətəndaşlar
öz dəstəyini ifadə edirlər, həmrəyik ifadə
edirlər, mənim çıxışımdan sonra orduda
xidmət etmək istəyirlər. Mən
demişdim, orada şüşələri qıranlar getsinlər,
yazılsınlar orduya. O gün cəmi 150 nəfər
könüllü olaraq Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin məntəqələrinə gəlmişdir. Amma mənim sözlərimdən sonra heç bir həftə
keçməyib, artıq əlli minə yaxın insan
yazılıb. Əlli minə yaxın Azərbaycan
vətəndaşı – onların mütləq əksəriyyəti
gənclərdir – Vətəni qorumaq üçün
artıq Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinə
müraciət edib, öz adlarını, ünvanlarını
veriblər. Mən onlara təşəkkür
edirəm. Bax, budur Azərbaycan xalqı,
budur Azərbaycan gənci. Parlamentin
şüşələrini, qapılarını qıran yox.
Budur, bu gün Qarabağda ölümə getməyə
hazır olan Azərbaycan gənci.
Bəli, Azərbaycan xalqı xoşbəxtdir. Həm də ona görə
ki, müdrik olduğu qədər də mərd, qorxmaz,
sözünün ağası olan və Qafqazda xüsusilə
yüksək dəyərləndirilən kişi
lideri var. Dövlət başçımıza göndərilən
vətəndaş məktublarının bir çoxu da məhz
belə dəyərlərdən bəhrələnir.
Zamanın
sınağından ləyaqətlə çıxmış
lidersiniz
Hörmətli
cənab Prezident!
Siz zamanın sınağından ləyaqətlə
çıxmış bir lidersiniz. Bu sınaqlarda xalq həmişə
Sizinlə bir yerdə olub.
Haqq mübarizəmizdə də qəsbkar, xəyanətkar
erməni faşistləri zaman-zaman layiqli cavablarını
alıblar.
İnşallah, biz Sizin komandanlığınızla
torpaqlarımızı mənfur düşməndən azad edəcək,
bu mübarizədən qalib çıxacağıq.
Hörmətlə,
Aysel
Hüseynova, Lənkəran şəhəri
Tezliklə
qələbə müjdəsi eşidəcəyik
Möhtərəm
Prezidentimiz!
Yaşanan son hadisələr bir vətəndaş kimi hər
birimizi narahat etdi. Amma bütün narahatlıqlara baxmayaraq, qüdrətli
ordumuz düşmənə öz layiqli cavabını verdi. Sizin qətiyyətli
çıxışlarınız, düşmənə
verdiyiniz layiqli cavablar bizdə qürur hissi oyadır. Biz Sizinlə fəxr edirik. Atdığınız
hər bir addımı dəstəkləyirik. İnanırıq ki, bu gün həsrətlə
danışdığımız Qarabağımız tezliklə
bizim sevinc göz yaşlarımıza şahid olacaq. Tezliklə qələbə müjdəsi eşidəcəyik.
Biz Sizə güvənirik. Allah
Sizi və ailənizi qorusun.
Hörmətlə,
Şahnaz
Əliyeva, Abşeron rayonu
Müzəffər
ordumuzla fəxr edirik
Hörmətli
Ali Baş Komandan!
Bu gün hər bir Azərbaycan gənci müzəffər
ordumuzla fəxr edir. Bu günlərdə qəhrəman Azərbaycan
Ordusu erməni təxribatına layiqli cavab olaraq,
sarsıdıcı zərbələr vurmuşdur. Azərbaycan əsgəri Ermənistanın uzun illər
öz ordusu haqqında uydurduğu miflərin yalan olduğunu
bir daha sübut etdi.
Cənab
Ali Baş Komandan, güclü Azərbaycan naminə biz gənclər
Sizinləyik və əmrinizi gözləyirik!
Hörmətlə,
Rahim
Muradov, Naftalan şəhəri
Azərbaycan
xalqı Sizə inanır
Hörmətli
cənab Prezident!
Məlum olduğu kimi, Azərbaycan xalqı hər zaman
erməni təxribatlarının şahidi olmuşdur. Mənfur
düşmən bu gün də təxribatlarını davam
etdirməkdədir. Belə ki, Ermənistan
silahlı qüvvələrinin bölmələrinin iyulun
12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin
Tovuz rayonu istiqamətində artilleriya qurğularından
istifadə etməklə atəşkəs rejimini kobud şəkildə
pozması açıq-aşkar təxribatdır.
Azərbaycan-Ermənistan sərhədində baş verən
təxribatın qarşısı Sizin qətiyyətiniz,
ordumuzun əzmi sayəsində həm alındı, həm də
düşməni qorxuya saldıq. Vətənimizin mərd
oğulları onların öhdəsindən gəlməyi
bacardı. Azərbaycan xalqı Sizə
inanır. Sizin sayənizdə işğal
olunmuş ərazilər qısa zamanda geri alınacaq.
Hörmətlə,
Elgün
Kərimov, Cəlilabad rayonu
Sizin əmrinizi
gözləyirik
Cənab
Prezidentimiz!
Son
günlər baş verən hadisələrdən sonra Azərbaycan
xalqının Sizin yanınızda
olduğunun və apardığınız siyasəti dəstəklədiyinin
bir daha şahidi oldum. Bilirik ki, ordumuzun inkişafı həmişə
Sizin siyasətinizin əsas hissəsini təşkil
etmişdir. Vaxtında verdiyiniz
tapşırıqlar nəticəsində ordumuzun düşmənə
vurduğu zərbələr bir vətəndaş kimi məni
çox qürurlandırdı.
Biz ordumuza güvənərək Füzuli rayonunda
ata-baba yurdumuzda rahatlıqla yaşayırıq. Aprel
döyüşlərindən sonra işğaldan azad olunan Lələtəpə
yüksəkliyində dalğalanan bayrağımız Azərbaycan
Ordusunun gücünü bir daha göstərdi.
Sizin məcburi köçkünlərin, şəhid
ailələrinin, müharibə veteran və əlillərinin
həyat şəraitinin yaxşılaşdırılması
üçün gördüyünüz işlər də təqdirəlayiqdir. Sizin diqqət
və qayğınızı hər zaman hiss edirik. Mən
bir gənc vətəndaş, məcburi köçkün
kimi Sizin apardığınız siyasəti
həmişə qürurla dəstəkləmişəm. Verəcəyiniz əmrə uyğun olaraq, ehtiyatda
olan bir əsgər kimi doğma torpaqlarımızın
işğaldan azad edilməsi naminə canımdan keçməyə
hazıram.
Hörmətlə,
Elnur Səfərov,
Füzuli rayonu, Aşağı Yağlıvənd kəndi
Sizin
liderliyiniz dünyada bəyənilir
Hörmətli
cənab Prezident!
Ermənistanla
sərhədin Tovuz rayonu sahəsində baş verən hadisələr
xalqla Sizin birliyinizi yenidən təsdiq
etdi. Məhz Sizin liderliyinizlə Azərbaycan
dövlətinin nüfuzu getdikcə artır, beynəlxalq təşəbbüslərimiz
dünyada bəyənilir.
Cənab
Prezident, mən internat məktəbinin məzunuyam. “Məzunlar evi”ndə yaşayıram, dövlətimizin
qayğısı ilə əhatə olunmuşam.
Doğma yurduma sevgimi, Sizə sədaqətimi
nümayiş etdirmək, Vətənə olan borcumu qaytarmaq
üçün hərbi xidmətə getmək, düşmənləri
doğma torpaqlardan qovmaq istəyirəm. Sizin hər
bir əmrinizə hazır olduğumu bildirirəm.
Hörmətlə,
Elçin
Qələmirzə oğlu Sultanov, Abşeron rayonu, Masazır
kəndi
Azərbaycan
heç zaman belə güclü olmamışdır
Müdrik
Ali Baş Komandan!
Azərbaycan dövlətinin və xalqının
növbəti dəfə bəxti gətirdi ki, ulu öndər
Heydər Əliyevdən sonra bizə uzaqgörən siyasəti,
müdrik qərarları, xalqa yaxın olması ilə fərqlənən
bir lider rəhbərlik etdi. Hər addımında
zəfər duyulan, "Mən hər bir azərbaycanlının
Prezidentiyəm" söyləyən rəhbərin
xalqını növbəti qələbələrə
doğru aparacağına ürəkdən inanırıq və
Sizi hər zaman dəstəkləyirik. Azərbaycan
heç belə güclü olmamışdır. Uğurlar Sizin adınızla bağlıdır.
Bizə məhz Sizin kimi Vətəninə
ürəkdən bağlı olan, novator, enerjili, qətiyyətli,
müdrik və humanist bir lider lazımdır. Azərbaycanımızı işıqlı gələcəyə
doğru inamla aparın, möhtərəm Prezident, cənab
Ali Baş Komandan. Allah bu yolda yar və
yardımçınız olsun!
Dərin
hörmət və ehtiramla,
Məhərrəm
Abdullayev, Bakı şəhəri
Vətən
uğrunda döyüşmək bizə şərəfdir
Hörmətli
cənab Prezident!
Torpaqlarımızın azadlığı uğrunda
döyüşmək bizə şərəfdir. Azərbaycan
tarixinin şanlı səhifələri igidlərlə
yanaşı, qəhrəman qadınlarımız tərəfindən
də yazılır. Bu qəhrəmanlıq
salnaməmizə bu gün də yeni-yeni səhifələr əlavə
edilir. Erməni qəsbkarları
torpaqlarımıza təcavüz etməyə
başladıqları andan bu günədək Azərbaycanın
qəhrəman qızları igid oğullarımızla
çiyin-çiyinə torpaqlarımızın
bütövlüyü uğrunda mübarizə aparırlar.
Mən də yüz minlərlə Azərbaycan gənci
kimi, Vətən uğrunda döyüşə hazıram, səfərbərlik
əmrinizi gözləyirəm.
Hamımız inanırıq ki, bu mənfur düşmənə
qalib gələcək, işğal olunmuş
torpaqlarımızı azad edəcək və qələbə
marşları yazacağıq.
Hörmətlə,
Aydan Cəfərova, Bakı şəhəri,
Suraxanı rayonu, Əmircan qəsəbəsi.
Uğurlarınız daimi olsun
Möhtərəm cənab Prezident!
Ali Baş Komandan kimi fəaliyyətiniz,
ordumuzun bugünkü potensial gücü, əsgər və
zabitlərimizin döyüş qabiliyyəti və vətənpərvərlik
ruhu, dövlətimizdə xalq-iqtidar birliyi, xüsusən də
Sizə inam və sevgi bizi qürurlandırır. Mötəbər beynəlxalq təşkilatlardakı
qətiyyətli çıxışlarınız və
söz sahibi olmağınız, dünya siyasətçiləri
arasındakı xüsusi yeriniz, böyük dövlətlərin
başçılarının Sizin şəxsiyyətinizə
xüsusi hörməti hamımızı sevindirir.
Cənab Prezidentim, bu günlərdə dövlət
sərhədimizdə atəşkəsin Ermənistan təxribatçıları
tərəfindən pozulması zamanı Sizin ətrafınızda
bir yumruq kimi birləşərək təxribatçılara
layiqli cavab verdik. Uğurlarımız daimi olsun!
Hörmətlə,
Xəyalə Yusifova, Qubadlı rayonu
Təqdim etdi:
Qüdrət PİRİYEV
Xalq qəzeti 2020.- 23 iyul.- S.3.