Ağdamlılar doğma torpağa qayıtmağın yolunu milli birliyimizdə, iqtisadi tərəqqimizdə və hərbi qüdrətimizin artmasında görürlər

Ağdamın işğalından 27 il keçir

 

Tarixən, aşağı – Aran Qarabağla yuxarı – Dağlıq Qarabağ arasında keçid, baş qapı sayılan, erməni məkrləri qarşısında möhkəm qala kimi dayanan Ağdamın 1993-cü il iyulun 23-də başıpozuqluq və xəyanətlər zəminində düşmənə təslim edilməsi, 5 ildən bəri davam edən bəlalı münaqişənin gedişində misilsiz hünər göstərmiş, 6 minədək şəhid vermiş bir bölgənin süqutu Qarabağ müharibəsində xalqımızın ən böyük itkilərindən biri sayılır. Hər il bu faciəli tarixin ildönümündə həmin bağışlanılmaz uğursuzluğun səbəb və nəticələrini, rayonun yerdə qalan hissəsində həyatın dinc məcraya salınması, problemlərin həlli ilə bağlı gerçəkləşdirilən kompleks, davamlı tədbirləri bir daha nəzərdən keçirir, ağdamlıların doğma yurda möhkəm bağlılıqları və ərazilərimizin tezliklə işğaldan azad edilməsinin qarşısıalınmazlığı həqiqəti ilə təsəlli duyuruq.

Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunu işğal ertməsi və xarabazara çevirməsi ilə bağlı rəsmi statistika təsdiq olunmuş, Birləşmiş Millətlər Təşkilatından tutmuş digər önəmli beynəlxalq qurumlara ün­vanlanmış, dünya ictimaiyyətinin geniş dairələrinədə yayılmış bəyanat və müraciətlərdə Ağdam faciəsinin qanlı və dağıdıcı nəticələri əksini tapmışdır. Bu mötəbər sənədlərdə göstərilir ki, 1993-cü il iyulun 23-də himayədarlarının fəal köməyi ilə Ermənistan silahlı qüvvələri 1094 kvadratkilometr ərazisi, 165 mindən çox nəfər əhalisi və 123 kəndi olan Ağdam rayonunu işğal etmişdir.

Bu zaman xeyli sayda dinc insan həlak olmuşgirov götürülmüşdür. Bölgə əhalisi bütünlüklə məcburi köçkünə çevrilmiş, sonradan onun bir hissəsi rayonun işğal olunmamış ərazisinə qayıtmaq imkanı qazanmış­dır. Hazırda Ağdam rayonunun Quzanlı qəsəbəsi və 44 kəndi Azərbaycanın nəzarətindədir və həmin ərazilərdə 100 mindən artıq əhali məskunlaşmışdır. Ağdam şəhəri və 123 kəndin 79-u 27 ildir ki, Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

İşğal nəticəsində Ağdam ərazisindəki memarlıq abidələri bütünlüklə talan edilmiş, yandırılmış və məhv edilmişdir. Bütün dünyada yeganə olan “Çörək muzeyi” ilə yanaşı, Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də erməni vandalla­rı tərəfindən vəhşicəsinə dağıdılmışdır. İşğaldan əvvəl Ağdamda 1898 müxtəlif obyekt, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış evi, 54 məktəbəqədər, 116 ümumi təhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, 109 klub, muzeylər fəaliyyət göstərmişdir. İşğalçılar nəzarətlərində olan ərazidə bütün əmlak və varidata sahiblənmiş, yer üstündə nə varsa hamısını dağıtmış və qarət etmişlər.

Ermənistanın Azərbaycana qarşı təcavüzü və Ağdamın işğa­lı ilə əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamədə ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bir daha təsdiq olunmuş, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması göstərilmişdir. Lakin indiyə kimi Ermənistanın açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından münaqişə ölkəmizin ərazi bütövlüyüsuverenliyi çərçivəsində öz həllini tapmamışdır.

Məlumat-sorğu qaynaqlarında göstərilir ki, Ağdam rayonu inzibati vahid kimi 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadratkilometr olan ra­yonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür- Araz ovalığının qərbində yerləşir.

Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri mi­nillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. “Ağdamsözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qala­lar tikirdilər. Zaman keçdikcə bu adın mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan bu şəhərdə özü üçün daşdan imarət tikdirib. Həmin tikili uzaqdan diqqəti cəlb edən bəyaz görkəmi ilə gəlib-gedənlərə bələdçilik edib. Bu mənada “ağdam” işıqlı, ev deməkdir.

Orta əsrlərin saysız- hesabsız müharibə və çəkişmələri rayon ərazisində insan əli ilə yaradılan hər şeyi dəfələrlə yer üzündən silsə də, əhali doğma torpağından didərgin salınsa da, bu yerin insanları ulu yurda qayıdıb həyat estafetini davam etdirmişlər. Sonuncu dəfə Nadir şahın qəzəbinə düçar olub İran səhralarına sürgün edilən əhali “Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ” harayında toparlanaraq geri dönmüş, Ağdam ərazisində yenigüclü Qara­bağ xanlığını ucaltmışlar.

Rus işğalından sonra daimi yaşayış yeri olaraq adı 1828-ci ildə rəsmiləşdirilən Ağdam Şuşa qəzasının Aran Qarabağda ən böyük məntəqəsi kimi sürətlə böyümüşdür. Dağlıq Qa­rabağda erməni muxtariyyəti yaradı­landan sonra Şuşanın itirilməkdə olan regional milli- mədəni mərkəz rolu tədricən Ağdama keçmişdir.

Xalqımıza məxsus “ günə çıxasan”, “günün olsunkimi alqışlar Ağdamda həmişə xüsusi ahəng və iltifatla səslənmişdir. Ərazidəki nənəng Şahbulaq əhəng daşı yatağın­dan kəsilən ağappaq mişar daşından salınmış yaraşıqlı Ağdam şəhəri, abadböyük kənd- qəsəbələr əsrlər boyu mövcud olmuşqara dam”ların yerində yurd sevgili insanların dilində- ağzında yaşayan gün” arzularının timsalı kimi nəhəng bir dam” mənzərəsi yaratmışdı. Ötən əsrin bir- birindən uğurlu gələn quruculuq illəri zəhmətlə torpağın ülfətindən bolluq yaradan ağ­damlıları bu damlarda günlərə qovuşdurmuşdu.

Sonuncu sovet rəhbəri Qorbaçovun bədnam “yenidənqurması” dalğaların­da erməni separatçılığı daxilixarici havadarların fitnəsi ilə baş qaldıranda Ağdamın günlərdən soraq verən görkəmli yaşayış məntəqələrinin də başının üstünü qara buludlar aldı. Qəzəblənib xain və namərd ermənilərin üstünə sel kimi, yel kimi gedən ağdam­lıların qarşısı odlu qurşunla kəsiləndən sonra geri dönüb qeyrət silahına sarılan insanlar münaqişə kəskinləşib qanlı toqquşmalara keçənədək yalın əllə özlərini və Dağlıq Qarabağdan qovulan soydaşlarımızı qorudular.

Alovlanmış Qarabağ müharibəsində hamılıqla iştirak edən rayon əhalisi döyüşlərdə ölkə üzrə həlak olanların üçdə biri qədər-- 6 min şəhid verdi. 14 ağdamlı Milli Qəhrəman adına layiq görüldü. Lakin ermənilərin arxasında dayanan xarici hərbi- siyasi dairələr və hakimiyyət da­vasından qaynaqlanan gözəgörünməz xəyanətlər serialı igid oğullarımızın hünərini heçə endirdikcə Ağdam da Şuşa, Laçın, Kəlbəcər kimi uduzdu­ruldu.

günlərinin üstünə qara yağ­murlar yağmış ağdamlıların əli həmin günlərdə xalqın tələb və hökmü ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin əlinə yetişəndən sonra yeni günlərə dönüşün əsası qoyuldu. Qısa müddətdə rayon ərazisində etibarlı müdafiə səddi yaradıldı. Zəruri kommunikasiyalar bərpa edildi. Ev- eşiyindən perik düşmüş 100 minədək əhali hissə- hissə öz ev- eşiyinə qaytarıldı. Son illərdə Prezident İlham Əliyevin xoş məramı ilə rayon ərazisində müasir qəsəbələr salındı, ağır şəraitdə yaşayan on minlərlə ağdamlı məcburi köçkünün qara günlərinə son qoyuldu. Ağdamın yeni günlərinə işıq salan ümid çırağı yandırıldı.

Yaz tarla işləri başlayandan pandemiya şəraitində yaşamağa məcbur olan rayon əhalisi iyulun ortalarından başlayaraq Ermənistanla sərhəddə və cəbhə bölgəsində yaranmış gərginliyə, atəşkəsin davamlı olaraq pozulmasına baxmayaraq, əvvəlki qaydada öz işində-gücündədir. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla da cəbhə xəttindən qayıdarkən Mahrızlı kəndində görüş­dük. Budəfəki söhbətimiz, təbii olaraq, rayonun işğalı mövzusu ilə bağlı oldu. Rayon rəhbəri bildirdi:

– Ermənistanın işğalçılıq siyasətindən əl çəkmədiyini göstərən son hərbi təxribatı bütün xalqımız kimi ağdamlıları da hiddətləndirib. Lakin bir həqiqət var ki, düşmənin yaramaz əməllərindən qəzəblənmək azdır, gərək ondan qat-qat ağıllı və güclü olasan. Rayonumuzun işğal olunmuş əraziləri ilə qonşuluqdan keçən cəbhə xəttində ordumuzun mövqeləri kifayət qədər möhkəmdir. Yerli əhali Vətən keşikçilərinin arxasında möhkəm da­yanıb. Ölkəmizin daha qüdrətli olması üçün, ilk növbədə, milli birliyimiz möhkəm olmalı, iqtisadiyyatımız daim yüksəlməli, hər sahədə tərəqqi artmalı, hərbi potensialımız durmadan güclənməlidir. Bunun üçün rayonu­muzun zəhmət adamları hər qarış torpaqdan daha çox məhsul götürmək üçün bu mövsümdə daha artıq qüvvə və səylə çalışırlar.

Ölkədə kənd təsərrüfatının əsaslı surətdə inkişaf etdirilməsi yönündə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə son illərdə hazırlanıb həyata keçirilən kompleks, davamlı tədbirlər kəndi yeni yüksəliş yoluna çıxarmışdır. Qoyulan investisiyalar, subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Bütün bunlar ölkəmizin bölgələri arasında, yaxşı mənada, bəhsləşmə yaradıb. Ağdamın kənd əməkçiləri də bəzi çətinliklərə baxmayaraq, bu canlanmadan, yarışmadan kənarda qalmayıblar.

Vaxtilə ölkənin öndə gedən aqrar rayonu olan Ağdamın əvvəlki yüksək göstəricilərini bərpa etmək, şöhrətini geri qaytarmaq üçün dövlətin yaxın­dan köməyi ilə lazımi tədbirlər həyata keçirilir, qüvvə və imkanlar hərəkətə gətirilir. Son illərdə bütün sahələrlə yanaşı, rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sahənin inkişafı da diqqət mərkəzində saxlanılmış və bu yöndə xeyli görülmüşdür.

Rayon ərazisinin üçdə ikisi işğal altında olduğundan, əlavə əkinlərimiz olmadığından biz kənd təsərrüfatında istehsalı artırmağa məhsuldarlığı yüksəltməklə nail oluruq. Əksər məhsullar üzrə göstəricilərimiz orta respublika səviyyəsindən yüksəkdir. Uzun illərdən bəri ölkədə qabaqcıl taxılçılıq məktəbi sayılan Ağdamın bu­ilki göstəriciləri yenə respublika üzrə öncüllük təşkil edir.

İşğaldan əvvəl 150 mindən artıq insan yaşayan, ölkənin ən iri kənd rayonlarından sayılan Ağdamın əhalisi son 27 ildə 200 min nəfəri keçmiş­dir. Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində ötən illərdə 50 minədək ağdamlı köçkün rayona qaytarılmışdır. 2003--2014-cu illərdə rayonun ərazisində tikilmiş 18 köçkün qəsəbəsindəki 5 min 641 evdə 25 min 109 nəfər məskunlaşmışdır. Son 2 ildə “Ergi” deyilən ərazidə isə daha 1129 nəfər məcburi köçkün yerləşmişdir. Müxtəlif səbəblərdən rayonu tərk edənlər davamlı olaraq rayona qayı­dırlar. Beləliklə, hazırda rayonda 115 minədək insan məskunlaşmışdır və onların əsas məşğuliyyəti, dolanışıq mənbəyi kənd təsərrüfatı sahələridir.

Əvvəlki illərdə əhalinin məşğulluğunu təmin etmək xeyli çətinlik törətmişdir. Prezident İlham Əliyevin ənənəvi əkinçilik sahələrini dirçəltmək və inkişaf etdirməklə bağlı gerçəkləşdirdiyi tədbirlər rayonu­muzda da minlərlə insana gəlirli fəaliyyət sahəsi açmışdır. Bu gün kənd təsərrüfatı istehsalını daha da artırmaq, əkinçilərin yüksək reproduksiyalı to­xum, suvarma suyu, texnikamineral gübrələrlə təminatını yaxşılaşdırmaq, xüsusilə pambıqçılığı, baramaçılığı və damazlıq heyvandarlığı inkişaf etdirmək qarşımızda duran ən vacib məsələlərdir.

Başçı sonda dedi: “Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönumundə rayo­numuzun 200 mindən çox əhalisi beynəlxalq birliyi düşmən dövlətin Azərbaycan xalqına qarşı bu gündavam edən təcavüz hərəkətlərinə ob­yektiv siyasi-hüquqi qiymət verilməsi, işğala son qoyulması üçün ölkəmizin haqlı mövqeyini müdafiə etməyə çağırır. Biz inanırıq ki, Prezident İlham Əliyevin yeritdiyi siyasət tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpası iə nəticələnəcək”.

Rayonda olarkən onu da öyrəndik ki, ənənəvi suvarma mənbələri işğal zonasında qalmış Ağdamın 35,4 min hektar əkin sahəsi 843 subartezian quyusu, 4 nasos stansiyası, 11 kəhriz vasitəsilə suvarılır. Prezident İlham Əliyevin sərəncamına əsasən, son iki ildə rayonda daha 61 subartezian quyusu qazılıb istifadəyə verilmişdir. Münbit torpaqlar, tarixi təcrübə və ölkə rəhbərliyinin hərtərəfli dəstəyi Ağdamda pambıqçılığı dirçəldib inki­şaf etdirməyə yenidən əlverişli şərait yaradıb. Son 5 ildə ənənəvi gəlirli əkinçilik sahəsi olan pambıqçılığın inkişaf etdirilməsi üçün zəruri tədbirlər həyata keçirilib, fermerlərin bu sahəyə marağının artırılması üçün izahat-təşviqetmə işləri aparılıb. Rayonumuz­da pambıq əkilib-becərilməsi təcrübəsi əsasən bərpa edilib, fermerlərin bu sahəyə marağı artıb.

Ərazidəki 3 pambıqçılıq şirkətinin sifarişi ilə fermerlər 2 min 600 hektardan artıq sahədə pambıq əkib-becərirlər. Pambıq istehsalını yüksəltmək üçün ən məhsuldar və su təchizatı yüksək olan ərazilərə üstün­lük verilib, tarlalarda “Altunbəyaz” Türkiyə sortu çiyidi səpilib.

Son illərdə kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsində mövcud çətinliklər nəzərə alınaraq xidmət idarələrinin fəaliyyəti xeyli gücləndirilmişdir. “Aqrolizinq” ASC- Ağdam rayon bölməsi gətirdiyi 1119 ton mineral gübrənin böyük hissəsini güzəştli qiymətlə fizikihüquqi şəxslərə satmışdır. Fermerlərə yanacaq xərclərinin və digər subsi­diyaların ödənişi də vaxtında təmin edilmişdir.

İşğaldan sonrakı dövrdə rayonun 1 əsas yolu normal vəziyyətdə saxlansa da, Bərdədən gələn və Ağcabədiyə gedən, kəndlərarası yollar tədricən da­ğılıb sıradan çıxmışdı. Son 3 ildə Dörd­yol – İmamqulubəyli, Quzanlı – Hin­darx magistralı və bir neçə istiqamətdə kəndarası yollar yenidən çəkilməklə ümumi gediş-gəliş rahatlaşdırılmışdır. Bu, təsərrüfat fəaliyyətini də ciddi surətdə yaxşılaşdırmışdır. Dövlətin fəal dəstəyi ilə həyata keçirilən belə tədbirlər iqtisadi sahədə əldə edilən nailiyyətləri artırmağa əlverişli şərait yaratmışdır.

Ötən mövsümdə də 4,5 min hektarda tərəvəz, 373 hektarda kartof, 302,4 hektarda şəkər çuğunduru əkilib- becərmiş, sahələrdə bol məhsul yetişdirilmiş Ağdam fermerləri 5 min 923 ton kartof, 68 min 355 ton tərəvəz istehsal etmişdilər. Bu il daha artıq kartof, tərəvəz, şəkər çuğundurunun əldə edilməsi gözlənilir.

Rayonda əkinçiliklə yanaşı, baramaçılığın, heyvandarlığın da inkişaf etdirilməsinə diqqət artırıl­mış və hər iki sahənin yem bazasının möhkəmləndirilməsi ilə bağlı zəruri işlər görülmüşdür. Əlavə 1553 hektarda yeni yoncalıq salınmışdır. Rayonda baramaçılığı daha da inkişaf etdirmək üçün 182 min ədəd tut tingi əkilmişdir.

Göründüyü kimi, atəşkəs illərində dirçəldilən və inkişaf etdirilən təsərrüfatlarda indi əhali özünə lazım olandan da artıq məhsul hasilə gətirir. Cəbhəyanı bölgənin evləri əvvəlkindən də yaraşıqlı və işıqlıdır. Rayonun yeni mərkəzi kimi qurulan, abadlaşdırılan və böyüyən Quzanlı qəsəbəsində yaradılan zəruri xidmətlər və rahatlıqlar adamların ağdamlı günlərinin kədər və həsrətinin üstünə məlhəm qoyur, yeni günlərdən soraq verir. Burada Ağdamın günlərinin unudulmaz nişanəsi olan, vaxtilə hind-çin üslübunda ucaldılmış məşhur “Çay evinin oxşarının yaradılması isə düşmənə ciddi bir mesajdır: “Ağda­ma gedən yolun start meydançasında ucalan bu arzular- diləklər peyki Ali Baş Komandan İlham Əliyevin hücum düyməsini basması ilə uçub ağdamlıla­rı Ağdama yetirəcək!”

Ağdama səfərimizin yekun qənaəti isə bu oldu ki, ağdamlılar 27 il əvvəl itirdikləri günləri hissə- hissə geri qaytarmağa nail olmuşlar. Onlar bununla Ağdamlı günlərin astanası­na gəlib çıxmışlar. Ağdamın yeni günləri o qədər də uzaq deyil.

Görüşüb söhbət etdiyimiz ağ­damlıların ortaq mövqeyi isə belədir: Onlar bundan sonra da Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək rayonun sosial-iqtisadi inkişafı, ölkənin tərəqqisi üçün bütün qüvvə və imkan­larını səfərbər edəcəklər. Bu mövqe onları itirilmiş torpaqlara qaytaracaq yeganə doğru siyasətin uğuruna xidmət edir.

Tahir AYDINOĞLU

Xalq qəzeti  2020.- 23 iyul.- S.10.