Hərbi təxribat Ermənistanın işğalçılıq planlarının davamıdır

Bugünlərdə işğalçı Ermənistan dövlətinin Azərbaycanla sərhəddə Tovuz–Qazax rayonu istiqamətində hər iki tərəfdən itki və insan tələfatı ilə nəticələnmiş irimiqyaslı hərbi təxribatının mahiyyəti və hədəfləri beynəlxalq aləmin diqqət mərkəzindədir. Pandemiya ilə mübarizədə hər bir insanın həyatını xilas etmək bəşəri önəm daşıdığı günlərdə Ermənistanı sülhün keşiyində dayanan əsgər və zabitlərin, dinc insanların ölümünə, itkilərə, dağıntılara bais olan hərbi əməliyyata təhrik edən nədir? Yeni dünya düzəninin formalaşdırılması üçün zəruri olan məntiq və insani zəkadan uzaq olan Ermənistan rəhbərliyinin iyul ayının 12–14-də Tovuz rayonu ilə sərhəddə xaincəsinə Azərbaycanın müdafiə postlarına hücum edərək silahlı təxribat törətməsi, çox təəssüf ki, Vətən müdafiəçilərinin, dinc sakinlərin şəhid olması, hərbçilərimizin yaralanması, dağıntı və itki ilə nəticələndi. Doğrudur, bu təxribata əl atmış Ermənistanın hərbi-quldur dəstələrinə və eləcə də onun hərbi-siyasi rəhbərliyinə Qafqazın ən güclü silahlı qüvvəsi olan Azərbaycan Orudusu layiqli cavab verdi. Azərbaycan xalqı, dövlət rəhbərliyi və ordumuz Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək yenidən vahid bir yumruğa çevrildi, işğalçı Ermənistan qarşısında öz mübariz iradəsini ortaya qoydu.

Əl atdığı məsuliyyətsiz təxribata görə, hətta, siyasi-hərbi ittifaq öhdəlikləri ilə bir təşkilatda birləşdiyi dövlətlər tərəfindən də dəstək ala bilməyən Ermənistanın indiki durumda gözlənilməyən belə bir təxribata əl atmasının səbəbləri barəsində istər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında və hökumət üzvləri ilə keçirdiyi müşavirədəki çıxışlarında, istərsə də respublika və beynəlxalq müqyasda ekspertlərin mülahizələrində dəyərli fikirlər səslənmişdir. Bu səbəblər arasında aşağı­dakılar daha qabarıq seçilir: Ermənistanın daxilindəki ağır siyasi-iqtisadi böhran; Ermənistanın indiki rəhbəliyinin daxili və beynəlxalq siyasət sahəsindəki naşılığı; işğalçı dövlətin üçüncü tərəfi Azərbaycana qarşı təcavüzkarlıq planlarının icrasına cəlb etmək cəhdi; ölkəsini düşdüyü dərin böhrandan çıxara bilməyən Ermənistan rəhbərliyinin çarəsiz durumu; Azərbaycana qarşı davam edən işğal siyasətinə son qo­yulması üçün artan beynəlxalq təzyiqlərdən yayınmaq və s.

Amma Ermənistanın Azərbaycana qarşı bu təxribatının arxasında onun əsassız, qəsbkar ərazi iddiası dayanır. Bunu deməyə erməni millətçi dairələrinin və dünya ermənilərinin Azərbaycan xalqına qarşı apardığı millətçilik və işğalçılıq siyasətinin çoxillik təcrübəsi də əsas verir. Sözsüz ki, bu təxribata əl atmaqla Ermənistan rəhbərliyi yuxarıda qismən toxunulan konkret məqsədlərə çatmağı planlaşdırırdı.

Beləliklə, Tovuz–Qazax istiqamətində təşəbbüsü ələ keçirmək həm də ermənilərin strateji hədəflərinə, xülyasında olduğu daha geniş Azərbaycan ərazilərinin işğa­lına xidmət edir. Həmin strateji hədəfin əsasını isə Tovuz–Qazax istiqamətindən Gəncəyə çıxmaq və bu şəhəri Qarabağın işğal edilmiş ərazilərinə birləşdirmək təşkil edir. Bu strateji plan adi oxucu üçün real görünməyə bilər. Gerçək olan isə budur ki, həmin erməni-daşnak planı, təxminən, bir əsrdir ki, milli təfəkkürü naqisliklə, vəhşiliklə yoğrulmuş erməni millətçilərinin stolu üzərindədir. Qəribədir ki, zaman keçdikcə onların bu planı ermənilərin yeni nəsillərinin beyinlərində özünə daha möhkəm yer tutur.

Bu təcavüz planının həyata keçirilməsi üçün ilk cəhdlər hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə göstərilməyə başla­mışdı. Belə ki, 1920-ci ilin Novruz bayramı günlərində Qarabağın dağlıq hissəsində qiyam təşkil ediləndə və Azərbaycan ərazilərinin işğalına başlanılanda erməni təcavüzünün mühüm istiqamətlərindən biri də Tovuz–Qazax idi. Bəllidir ki, Ermənistan Azərbaycanın bütün ərazilərinə iddia irəli sürməkdən çəkinmir. Hətta, o da məlumdur ki, 1919-cu ilin əvvəlində başlanan Paris sülh konfransında erməni millətçiləri Bakı şəhərinə də iddia irəli sürmüşdülər. Aparılan təhlillər onu deməyə əsas verir ki, İrəvan qəzasını və Zəngəzuru erməniləşdirdikdən sonra erməni işğalçılığının Azərbaycana qarşı qəsbkarlıq siyasətində Qarabağın dağlıq hissəsinin də erməniləşdirilməsi yaxın hədəf, “Şimali Arsax” adlandırdıq­ları Goranboy-Gəncə-Tovuz-Qazax arası ərazilərin ələ keçirilməsi isə orta hədəf sayılmışdır.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, 1920-ci ilin mart ayında ərazilərimizə erməni təcavüzünün başlanmasından sonra iyul ayının 12-də Tovuz rayonu ilə sərhəddə də hərbi təxtibatlar törədilməsi indiki durumla oxşarlıq təşkil edir. Hər iki təcavüz istirahət günlərində, yəni müdafiə postlarında fəallığın zəifləyə biləcəyi bir vaxtda həyata keçirilmişdir. Bu da erməni təcavüzkarlığına xas olan bir dəst-xətdir.

1920-ci ilin mart ayının 23-nə keçən gecə qəfil hücumla Ermənistanın hərbi qüvvələri ilə Qarabağın dağlıq hissəsində formalaşdırılmış erməni silahlı dəstələri Azərbaycan xalqının Novruz şənliklərinin sevincinə başı qarışmasından istifadə edərək bir sıra strateji postları və məntəqələri ələ keçirmişdilər. Malik olduqları böyük hərbi qüvvələrə arxalanmaqla erməni millətçi dairələri Gəncə şəhərinin ələ keçirilməsi planının icrasına da başlamışdılar. Bunun üçün Qarabağda möhkəmlənmiş erməni silahlı dəstələri şərqdən Gəncəyə doğ­ru hərəkət etməli idi. Başqa bir erməni silahlı dəstəsinin isə qərbdən, Tovuz–Qazax istiqamətindən əraziləri ələ keçirməklə Gəncəyə doğru hərəkət etməsi nəzərdə tutulmuşdu.

Bu planın həyata keçirilməsi üçün erməni millətçi dairələri konkret təxribatlara da əl amışdılar. Belə ki, 1920-ci il aprel ayının 5-də Çaykənd ətrafında olan erməni silahlı dəstələri onların qarşısında dayanmış azsaylı Azərbaycan partizanlarına üstün gələrək Hacıkəndin cənubundakı yoxuşu ələ keçirmişdilər. Bununla da onlar Gəncəyə xeyli yaxınlaşa bilmişdilər. Hərbi na­zir Səməd bəy Mehmandarovun əmri ilə Qarabağ cəbhəsindən Cümhuriyyət ordusunun III Gəncə piyada alayının polkovniki Qasımbəyovun tabeliyində olan tabor təcili olaraq Gəncəyə çağırılmışdı və buradakı müdafiə qüvvələrinin gücü daha da artırılmışdı. Bununla Gəncənin möhkəmləndirilmiş müdafiə qüvvələri erməni silahlı qüvvələrinin şərqdən şəhərə daxil olmasının qarşısını ala bilmişdilər.

Həmin günlərdə Tovuz–Qazax istiqamətində yeni bir cəbhənin açılması isə ermənilər tərəfindən kifayət qədər düşü­nülmüş bir hərbi-siyasi təxribat idi. Çünki bu istiqamətdə əldə edilə biləcək uğurla Azərbaycanın ərazi bütövlüyü çox ciddi təhülkə altına düşə bilərdi. Bu istiqamətdə qarşıya qoyulmuş məqsədə nail olmaq­la Azərbaycanı strateji əhəmiyyət kəsb edən Bakı–Tiflis dəmir yolu xəttindən də məhrum etmək olardı. Bununla Gəncəyə qədər olan ərazilərin işğalını da asanlaşdır­maq mümkün idi.

Qarabağda və Tovuz–Qazax bölgəsində erməni təcavüzünün eyni zamanda baş­laması isə Cümhuriyyəti çox ciddi sınaq qarşısında qoymuşdu. AXC hərbi naziri Səməd bəy Mehmandarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü üçün belə ağır bir durumda döyüşən orduya yerindəcə rəhbərlik etmək üçün Gəncəyə gəlmişdi və öz qərargahını burada qurmuşdu. Bura­dan da hərbi nazir Cümhuriyyətin ordu qüvvələrinin həm Qarabağ bölgəsində, həm də Tovuz–Qazax istiqamətində apardığı döyüşlərə rəhbərlik etməyə başlamışdı. Səməd bəy Azərbaycanın bütün müdafiə qüvvələrini səfərbərliyə almışdı, hər iki istiqamətdə erməni hücumlarının qarşı­sının alınması üçün mümkün müdafiəni qurmağa çalışmışdı. Məhz, onun zəngin təcrübəsi, təşkilatçılıq qabiliyyəti ilə hər iki istiqamətdə erməni təcavüzünü dayandır­maq və Cümhuriyyətin ərazi bütövlüyünü təmin etmək mümkün olmuşdu.

Mövcud faktlar isə onu göstərir ki, 1920-ci iliun mart–aprel aylarında Tovuz– Qazax istiqamətində ağır bir hərbi şərait yaranmışdı və erməni millətçiləri öz planla­rını həyata keçirmək üçün böyük bir qüvvə ilə bölgə üzərinə hücuma keçmişdilər. Ona görə də Səməd bəy Mehmandarov özü şəxsən 1920-ci il mart ayının 28-də Ağsta­faya yollanmışdı, orada bölgənin rəhbərliyi ilə görüşmüşdü, mövcud vəziyyət haqqında lazımi məlumat almışdı. Onun tapşırığına əsasən, bu bölgənin müdafiəsinin təşkili başlıca olaraq 8-ci Ağdaş piyada alayına həvalə edilmişdi.

Lakin Ağdaş alayı tam şəkildə komplektləşdirilməmişdi və bu alayın bir taboru da Qarabağ cəbhəsində idi. Bu istiqamətdəki erməni təcavüzünün qarşısının etibarlı şəkildə alınması üçün S. Mehmandarov 2-ci Zaqatala piyada alayının Nuxada yerləşən taborunun da Qazaxa gətirilməsinə göstəriş vermişdi. Bölgənin müdafiəsinin gücləndirilməsi üçün Cümhuriyyət ordusunun zirehli qatarlarından biri də Ağstafaya gətirilmişdi. Amma S.Mehmandarov bununla da kifayətlənməmişdi və ikinci zirehli qatarın da Tovuza göndərilməsi barədə göstəriş vermişdi.

1920-ci il aprel ayının 5-də Tovuz– Qazax istiqamətində erməni silahlı dəstələrinin Azərbaycan mövqeləri üzərinə ilk ciddi hücumu həyata keçirimişdi. Səhər saat 5-də düşmən Tatlı kəndinə hücum etmişdi və kəndə soxulmağa müvəffəq olmuşdu. Amma Azərbaycanın müdafiə qüvvələrinin ciddi müqavimətindən sonra ermənilər kəndi tərk etmək məcburiyyətində qalmışdılar. Tatlı kəndi yenidən Azərbaycan tərəfinin nəzarəti altı­na keçmişdi. Amma erməni hərbi qüvvələri çox da geri çəkilməmişdi və Uzuntala– Lələkənd ətrafında möhkəmlənməyə baş­lamışdı. Hücumun gücləndirilməsi üçün həmin gün ermənilər bu bölgəyə toplar da gətirmişdilər.

Hərbi vəziyyətin sabitləşdirilməsi üçün aprelin 6-da Qazax istiqamətində Ermənistan nümayəndələri ilə danışıqlar da aparılmışdı və atəşin kəsilməsi haqqında qarşılıqlı razılığa gəlinmişdi. Baxmayaraq ki, Ermənistan tərəfi atəşı dayandırmaq haq­qında razılığını bildirmişdi, lakin elə həmin gün yenidən Qazaxın yaşayış məntəqələrini atəşə tutmuşdu. Əldə edilmiş razılaşmaya riayət edilməsi barədə erməni qoşunları­nın rəhbərliyinə iki dəfə əlavə teleqram göndərilsə də, onlar öz xislətlərindən dönməmişdilər, verdikləri vədin üstündə dayanmamışdılar.

Elə həmin günlərdə Tərtər–Gəncə istiqamətində də erməni hərbi qüvvələri vəziyyəti xeyli mürəkkəbləşdirmişdilər və bir sıra yeni mövqelər ələ keçirmişdilər. Aprel ayının 7-də Gəncə bölgəsində müdafiənin gücləndirilməsi üçün S.Mehmandarovun əmri ilə 1-ci piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinski Gəncənin müdafiə rəisi təyin edilmişdi və ondan tələb olunmuş­du ki, dərhal müdafiənin təşkil ediləcəyi mövqeləri şəxsən nəzərdən keçirsin.

Aprel ayının 7-də Qazax istiqamətində ermənilər yenidən güclü hücuma keçmişdilər. Bu dəfə də onların hücum obyekti Tatlı və Aradullu kəndləri olmuşdu. Bölgənin yerli hakimiyyət nümayəndələri Ermənistanın Dilican bölgəsinin komissarı­na teleqram göndərərək neytral zonada gö­rüş təklif etmişdilər. Bu teleqrama da cavab alınmmışdı və ermənilər atəşi dayandırma­mışdılar. Aprelin 8-də isə erməni koman­danlığı öz qüvvələrini Köhnəqışlaq və Tatlı kəndlərinə tərəf istiqamətləndirmişdilər və həmin kəndləri də ələ keçirib yandırmışdı­lar.

Bundan başqa erməni hərbi qüvvələri Qaraqaya dağını da ələ keçirib Əskipara və Kəmərli istiqamətində hücumu davam etdirməyə çalışmışdılar. Amma onların bu cəhdlərinin qarşısı alınmışdı. Qazaxın gene­ral-qubernatoru Xan Xoyski bildirmişdi ki, ermənilərin bu təcavüzünün qarşısında yal­nız müdafiədə dayanmaq düzgün deyil və onlara qarşı daha çevik qərar qəbul edilməsi haqqında o, Hərbi Nazirliyin rəhbərliyinin qarşısında vəsatət qaldımışdı. Amma Cümhuriyyətin əsas ordu qüvvələri Qarabağ cəbhəsində olduğu üçün Tovuz–Qazax istiqamətinə əlavə qüvvə göndərilməsi imkanı yox idi.

Vəziyyətin sabitləşdirilməsinin mümkün yollarından biri yenidən erməni koman­danlığı ilə danışıqlar aparılması və sərhəd xəttinə qarşılıqlı şəkildə riayət edilməsi idi. Bununla əlaqədar olaraq aprelin 8-9-da erməni komandanlığı ilə bir daha danışıqlar aparılmışdı. Yalnız Qarabağ cəbhəsində Cümhuriyyət ordusunun böyük uğurlar əldə etməsi aprelin 10-dan etibarən erməni tərəfini aparılan danışıqlara ciddi yanaşma­ğa məcbur etmişdi.

Bu razılaşmanın nəticəsi kimi, ap­relin 10-dan Azərbaycan hərbi qüvvələri sərhəd xəttindən geri çəkilməyə başla­mışdı və atəşkəs əlaməti olaraq sərhəd xətti boyunca ağ bayraqlar qaldırılmışdı. Amma bu atəşkəs də uzun müddət davam etməmişdi. Aprel ayının 11-də erməni hərbi qüvvələri əldə edilmiş razılaşmanı yenə xaincəsinə pozaraq güclü hücuma başlamışdılar və Yuxarı Əskipara, Aşağı Əskipara, Fərəhli, Xeyrimli, Bağanıs-Ay­rım, Məzəmli kəndlərini yandırmışdı. Bu bölgədə vəziyyət yenidən o qədər ağırlaş­mışdı ki, Azərbaycanın xarici işlər naziri Ermənistanın xarici işlər nazirinə nota da göndərməli olmuşdu.

Aprel ayının 14-də də erməni hərbi qüvvələri öz hücumlarını davam etdirmişdilər. Atəşkəsin əldə edilməsi üçün aparılan danışıqlardan sonra ermənilər artıq 4-cü gün idi ki, hücum­larını dayanmadan davam etdirmişdilər. Onlar Kəmərli kəndinin bir hissəsini yandırmağa müvəffəq olsalar da, Azərbaycanın müdafiə qüvvələrinin və yerli könüllülərin müqaviməti nəticəsində geri çəkilmək məcburiyyətində qalmışdı­lar və Azərbaycanın müdafiə qüvvələrinin müqaviməti qarşısında qarşılarına qoyduq­ları məqsədə çata bilməyəcəklərini anladıq­ları üçün, nəhayət ki, atəşkəs məsələsinə ciddi yanaşmalı olmuşdular.

Həmin günlərdə Qarabağ cəbhəsində böyük uğurlar əldə edilmişdi. Cümhuriyyət ordusu Qarabağ üzərinə hücum çəkmiş erməni hərbi qüvvələrinə layiqli zərbələr vuraraq bu bölgəni onlardan təmizləmişdilər. Ermənistanın hərbi rəhbərliyi Cümhuriyyətin hərbi qüvvələri qarşısında aciz duruma düşdükləri üçün Tovuz–Qazax istiqamətində də uğur əldə edə bilməyəcəklərini anlamışdılar. Ona görə də ap­rel ayının 19-da, yəni Qarabağ cəbhəsində aparılan döyüşlərin Cümhuriyyət ordusunun uğuru ilə başa çatdığı günlərdə tərəflər ara­sında yenidən atəşkəs haqqında ra­zılaşma əldə edilmişdi. Bu razılaş­maya əsasən, elə həmin gün hərbi qüvvələr öz əvvəlki mövqelərinə çəkilməli, ayın 21-dən etibarən isə yandırılmış kəndlərin əhalisi öz yurdlarına qayıtmalı idilər. Bununla da, Cümhuriyyət dövründə Tovuz–Qazax bölgəsinin erməni işğalı altına düşməsinin qarşısını almaq mümkün olmuşdu.

Sözsüz ki, erməni millətçiləri bununla heç də öz planlarından əl çəkməmişdilər. Sovet hakimiyyəti illərində də onlar bu planın icrasına addım-addım nail olmağa çalışmışdılar. Belə ki, Moskvada otu­ran himayədarlarının birbaşa köməyi ilə erməni millətçiləri hələ Azərbaycanın sovetləşməsindən dərhal sonra indi­ki Gədəbəy ərazisində olan Başkəndin Ermənistan anklavına çevrilməsinə nail olmuşdular. Başkənd və Şəmkir rayonu ərazisində yerləşmiş Çardaxlı kəndləri, erməni millətçilərinin nəzərincə, “Şimali Arsax”da yerləşməklə tədricən bu bölgənin ələ keçirilməsi üçün forpost rolunu oyna­malı idi.

Qeyd edilməlidir ki, Şəmkir rayonunun Çardaxlı kəndi XX əsrin 80-ci illərində erməni işğalçılıq planının hazırlanması­nın mərkəzlərindən birinə çevrilmişdi. Bu kənd 1986–1987-ci illərdə, nəinki Ermənistandan, hətta, Rusiyadan və qonaq adı altında bir sıra ölkələrdən “Böyük Ermənistan” sevdası ilə gələn erməni millətçilərinin vaxtaşırı toplaşdıqları məntəqələrdən biri olmuşdu. Bu həvəskarlar böyük iddialara düşərək Kür çayı ilə Bakı– Tbilisi dəmir yolu xətti arasındakı əraziləri “Böyük Ermənistan” kimi görürdülər və bu planın yaxın zamanlarda reallaşacağına da əmin idilər.

Kifayət qədər himayə olunan erməni millətçilərinin fəaliyyətləri üçün rəhbər tutduqları sənədlərdə, xəritələrdə, təlimatlarda da Tovuz, Qazax, Ağstafa, Şamxor, Gədəbəy, Daşkəsən, Samux, Xanlar “Şimali Arsax”ın tərkib hissəsi kimi görülürdü və Çardaxlı kəndi də bu “bölgə”nin paytaxtı kimi qəbul edilirdi. Lakin rayon rəhbərliyinin, ictimaiyyətin qətiyyəli mövqeyi nəticəsində erməni millətçilərinin Çardaxlını Gəncə–Qazax– Tovuz arası ərazilərin işğalının mərkəzinə çevirmək kimi məkrli planları baş tutmadı və elə keçən əsrin 90-cı illərində erməni millətçilərinin bu məkr yuvası dağıdıldı və həmin kənddə Ermənistan ərazisindən qaç­qın düşmüş azərbaycanlı əhali yerləşdirildi.

Çardaxlı kəndi və Gədəbəy rayo­nu ərazisindəki Başkənd kimi, keçmiş Xanlar rayonu ərazisindəki Çaykənd də Gəncədən Tovuz–Qazax zonasına qədər olan ərazilərin işğalı üçün başlıca dayaq məntəqələri kimi seçilmiş və bu məntəqədə hələ sovet hakimiyyəti illərində erməni təcavüzkarlarının mərkəzinə və onların silah və hərbi texnikasıının anbarına çevril­mişdi.

XX əsrin 90-cı illərində bu kənddə Ermənistandan gətirilən silahlılar hesabına Azərbaycan ərazisində ən güclü erməni qruplaşmalarından biri formalaşdırılmış­dı və bu silahlı dəstə Gəncə şəhəri üçün real təhlükə sayılırdı. Bu dəstə çox böyük silah arsenalına da malik idi. Çaykənddə toplaşan ermənilər dünyanın hər yerindən gətirilmiş silahlarla silahlanmışdılar, həmin silahların arasında əldəqayırma silahlar da var idi, odsaçanlar da, avtomat­lar da, pulemyotlar və zirehli texnika da var idi.

Öz yurd-yuvalarında açıq erməni təcavüzü ilə qarşılaşmış Azərbaycan ictimaiyyətinin tələbi ilə 1991-ci ilin aprel ayında bu kəndin qanunsuz yolla silahlanmış erməni terror dəstələrindən təmizlənməsi üçün əməliyyat keçirildi. SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının bölgədə olan bölmələrinin və Azərbaycanın Xüsusi Təyinatlı Polis Dəstəsinin və Azərbaycanın xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilən bu əməliyyatda qanunsuz erməni silahlı dəstələri çox güclü müqavimət göstərdi. Erməni silahlı dəstələri malik olduqları hərbi potensialla hətta sovet qoşunlarının 9 hərbi qulluqçusunu məhv etmiş, 14 nəfəri isə girov götürmüşdü.

Doğrudur, bu əməliyyatdan sonra ermənilərin sıxışdırılmasına son qoyulması adı altında hətta SSRİ rəhbərliyinə də təzyiqlər artmışdı. Çaykənddə, guya, ermənilərin sıxışdırılması məsələsi 1991-ci ilin mayında Moskvaya rəsmi səfərə gəlmiş Fransa prezidenti F.Mitteranla SSRİ prezidenti M.Qorbaçov arasında aparılan müzakirələrdən biri olmuşdu. Bununla belə, Gəncə–Tovuz–Qazax arasındakı ərazilərin işğalı üçün ermənilərin böyük ümid bəslədiyi təcavüzkarlıq mərkəzlərindən biri olan Çaykənd bazasını məhv etmək və son­radan həmin kənddə də Ermənistandan qaç­qın düşmüş azərbaycanlıları yerləşdirmək mümkün oldu.

1992-ci il avqust ayının 6–8 tarixlərində isə “Şimali Arsax” üçün digər erməni for­postu sayılan və kifayət qədər güclü erməni silahlı dəstələrinin yerləşdirildiyi Başkənd də işğaldan azad edildi. Bununla bölgənin işğalı üçün erməni millətçi dəstələri böyük ümid bağladıqları Başkəndlə də vidalaşmalı oldular.

“Şimali Arsax”ın qoparılması üçün erməni millətçilərinin fəaliyyət istiqamətlərindən birini də, sözsüz ki, Tovuz–Qazax bölgəsinin ələ keçirilməsi və bu bölgənin erməniləşdirilməsi təşkil edirdi. Sovet hakimiyəti illərində erməni millətçiləri əvvəlcə dinc şəkildə Moskvada oturan himayədarlarının köməyi ilə bu pla­nın tədricən icrasına nail olmağa çalışdılar və bəzi “nəticələri” də əldə edə bildilər. Belə ki, 1984-cü ildə Ermənistan rəhbərliyi Qazax rayonunun Kəmərli kəndi ətrafında 1675 hektar ərazinin Ermənistana verilməsi barəsində Moskva qarşısında məsələ qaldırdı. Sovet rəhbərliyi Ermənistanın bu təklifini dəstəklədi və iddia olunan ərazinin Ermənistana verilməsi haqqında qərar çıxardı.

Bu qərarın icrası ilə bağlı Azərbaycanın Nazirlər Soveti sədrinin o zamankı müa­vini Şamil Rasizadə bir sıra rəsmi adam­larla birlikdə Kəmərli kəndinə gəldilər. Yerli əhali baş verənlərdən qəzəblənərək öz etirazlarını bildirdilər və hətta Şa­mil Rasizadənin xidməti maşınını da aşırdılar. Bununla belə, Azərbaycanın o zamankı rəhbərliyi bu erməni məkrinin qarşısını almaq üçün qətiyyət göstərmədi. Əksinə, Azərbaycan Kommunust Parti­yası Mərkəzi Komitəsinin Bürosunun 12 noyabr 1984-cüil tarixli iclasında “Qazax royununun Kəmərli kəndində münaqişə haqqında” məsələ müzakirə edildi və iddia olunan ərazilərin Ermənistana verilməsi təsdiqləndi.

Bununla belə erməni millətçiləri onu da anladılar ki, dinc şəkildə Tovuz–Qazax bölgəsini ələ keçirməyə müvəffəq ola bilməyəcəklər. Ona görə də, keçən əsrin 90-cı illərində arzusunda olduq­ları fürsət əllərinə düşən kimi, erməni millətçi dairələri Tovuz–Qazax bölgəsinin kəndlərini silah gücünə ələ keçirməyə başladılar. Məsələn, 1990-cı il mart ayının 23-dən 24-nə keçən geçə bölgədə yerləşmiş olan sovet qoşun bölmələrinin köməyi ilə erməni silahlı dəstələri Bağanıs-Ayrım kəndinə hücum çəkdilər. Onlar bu kəndi talan edib xarabazara çevirdilər, xeyli sayda kənd sakini erməni vəhşiliyinin qurbanı oldu.

Həmin il avqust ayının 20-də isə erməni silahlı dəstələri bu kəndi tam şəkildə işğal etdilər. Kəndin qorunmasına sovet rejiminin daxili qoşunlarının bölmələri cəlb edilsə də, onlar da erməni silahlı dəstələrinin işğal­çılıq təcavüzünün qarşısını ala bilmədilər. Bir çox hallarda isə sovet qoşun dəstələri erməni millətçilərinin himayəsinə qalxdılar. Beləliklə, Tovuz–Qazax bölgəsində yenidən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı üçün hazırlanmış köhnə planın icrasına başlandı. 1992-ci ilin mart–iyun ayları arasında Xeyrimli, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara kəndləri də erməni işğalı altına düşdü.

Ermənistanın millətçi rəhbərliyi və dünya erməniləri Tovuz–Qazax bölgəsində yalnız bu kəndlərin işğalı ilə kifayətlənmək istəmirdilər. “Böyük Ermənistan” qu-rulması üçün “Şimali Arsax”ın işğal edilməsi zehniyyatı iflic olmuş erməni millətçi dairələri üçün xüsusi əhəmiyyət kəsb erdirdi. Lakin Azərbaycan Ordusu­nun bölmələrinin, habelə yerli könüllü müdafiə qüvvələrinin fədakarlığı sayəsində Ermənistan qoşunlarının bölgənin dərinliklərinə doğru irəliləməsinin qarşısı uğurla alındı.

1994-cü ilin may ayında Ermənistan və Azərbaycan arasında atəşkəsin əldə edilməsi isə heç də erməni millətçilərini “Şimali Arsax”ın işğal edilməsi planın­dan əl çəkmək anlamına gətirmədi. Çünki erməni millətçi dəstələri hələ Cümhuriyyət dövründən başlayaraq əldə edilmiş qarşılıqlı razılaşmalara əməl etməmək xislətlərinə sadiq olduqlarını dəfələrlə nümayiş etdirmişlər.

Azərbaycan Xalq Cümhuriyyəti ordu­sunun Baş Ərkani-hərb (Qərargah) rəisi general leytenant Məmməd bəy Sulkeviç hələ 1919-cu ilin avqustunda “Qarabağ erməniləri ilə Azərbaycan hökuməti arasın­da müvəqqəti razılaşma”nın imzalanmasına münasibət bildirərkən demişdi ki, erməni millətçiləri öz işğalçılıq sövdalarından heç vaxt əl çəkməyəcəklər. Ermənilərin bu söv­dasının qarşısının etibarlı şəkildə alınması yolunu isə M.Sulkeviç Azərbaycan ordusu­nun gücləndirilməsində görmüşdü.

Nəhayət, bugünkü proseslər də onu təsdiq edir ki, erməni millətçiləri özgə torpaqlarının düşkünü olmaq təxəyyülündən heç də əl çəkməyiblər. Bu xəstəlik erməni millətçiliyinin zəkasını o dərəcədə kütləşdirib ki, “Şimali Arsax” ideyası bu gün də onları ilhamlandıran ideyalardan biri olaraq qalmaqdadır. “Xalq inqilabı” yolu ilə hakimiyyətə gəlmiş N.Paşinyan və onun ətrafı da Azərbaycan xalqının və dövlət rəhbərliyinin sülh prosesinə sadiqliyindən o dərəcədə həyasızlaşıblar ki, nəinki Dağlıq Qarabağ problemini həll etməyə ciddi bir meyl göstərmirlər, hətta Tovuz–Qazax bölgəsini istinad nöqtəsinə çevirməklə Qa­rabağın dağlıq hissəsinə qədər olan əraziləri də işğal etmək niyyətlərini gizlətmirlər.

Belə bir planın icrasına yenidən başlamaq ümidi ilə Ermənistanın yeni müdafiə naziri olan Tonayan 2019-cu ilin aprel ayının 13-də Ermənistanın Gədəbəy rayonu ilə sərhəd nöqtəsinə gəlib oradan keçmiş Başkənd ərazisini müşahidə etdi və bu əraziyə olan iddiasını açıq şəkildə ortaya qoydu. O da bəllidir ki, Tonayan müdafiə naziri vəzifəsinə gətirildikdən sonra dəfələrlə mətbuatda Azərbaycanın yeni ərazilərinin işğalı niyyətində olduğunu açıqlamaqdan da çəkinmir.

Onun bu iddialarına Tovuz–Qazax­dan başlayaraq dəmir yolu xətti boyunca Yevlaxa qədər olan ərazilər də daxildir. Heç şübhəsiz, Ermənistan rəhbərliyini iyul ayının 12–14-də baş verən hərbi təxribatının həyata keçirilməsinə təhrik edən məqamlardan biri də elə Tovuz–Qazax bölgəsinin ərazilərinə olan iddiasıdır.

Bu təxribatın baş verə biləcəyi, əslində, gözlənilən idi. Ermənistanın indiki və keç­miş rəsmilərinin Qarabağın dağlıq hissəsinə davamlı səfərləri, Ermənistan rəhbərliyinin hər vasitə ilə sülh danışıqlarını pozmaq cəhdləri, Azərbaycana qarşı məntiqdən uzaq olan iddiaların irəli sürülməsi də Ermənistanın təcavüzkarlığının yenidən baş qaldıracağına ehtimal yaradırdı.

Tovuz hadisələrinin başlamasından cəmi bir neçə gün əvvəl özünü Qarabağdakı qondarma rejimin “xarici işlər nazirinin müşaviri” adlandıran Ruben Marqaryan adlı birisi, guya, beynəlxalq normalara əsasən, Azərbaycanı erməni torpaqlarını işğal etməkdə ittiham edir və qondarma rejimin keçmiş Şaumyan rayonuna, “Şimali Arsax”a daxil olan Gəncə şəhərinə, Daşkəsən, Gədəbəy, Şəmkir, Xanlar rayonlarına ərazi iddiaları irəli sürürdü. O bəyan edirdi ki, bu ərazilərin ələ keçirilməsi qondarma rejimin (həqiqətdə isə Ermənistan Respublikasının) siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bununla bağlı BMT-nin bir sıra qərarlarına da öz xəstə təfəkkürü çərçivəsində istinad edən müəllif, hətta, Azərbaycanın bu sənədlərə riayət etməyə və adları çəkilən əraziləri qondarma rejimə qaytarmağa “borclu olduğunu” bildirirdi.

Görünür, erməni millətçiləri bu sərsəm ideyalarını Tovuz–Qazax istiqamətində baş verən hərbi təxribatın həyata keçirilməsi üçün də əsas kimi qəbul edirdilər. Son 33 ilin cəzasızlığı, müəyyən beynəlxalq qüvvələrin isə obyektivlik meyarlarını alverə çevirməsi Ermənistanın zehniyya­tı pozulmuş rəhbərliyində və elitasında hər bir ağlasığmaz iddianın dorğu olduğu qənaətini gücləndirmişdir. Bu da faşizmin real şəkildə bölgədə çiçəklənməsinə yol açmışdır. Amma Azərbaycan Ordusunun uğurlu döyüşləri, zabit və əsgərlərimizin fədakarlığı, bütün xalqımızın isə ordu və dövlət rəhbərliyi ilə birlikdə olması Ermənistanın millətçi dairələrinə layiq olduğu yeri göstərdi.

İndi artıq vaxt çatıb ki, erməni faşizmi­nin başı əzilsin və gözəl Qafqaz torpaqları bu bəladan təmizlənsin. Azərbaycanın dövlət rəhbərliyinin müdrik və uzaqgörən siyasəti, xalqımızın yurd sevgisi və yek­dilliyi, Azərbaycan Ordusunun şücaəti nəticəsində bu günü görəcəyimiz tarix uzaqda deyil. Erməni faşizmi, nəhayət ki, layiq olduğu cəzasını almalıdır. İyul ayının 12-14-ü tarixlərində Tovuz cəbhəsində canını fəda etmiş şəhidlərimizin, Vətən yolunda qurban gedən soydaşlarımızın qisasının tamamilə alınacağı və onların uğrunda mübarizə apardıqları torpaqlarımı­zın bütövləşəcəyi günü görmək bizim hər birimizin haqqıdır.

Mehman SÜLEYMANOV,

Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının professoru, tarix elmləri doktoru

Xalq qəzeti  2020.- 28  iyul.- S.10.