Azərbaycanın ərazi bütövlüyü daha böyük arenada dəstəklənir

Görkəmli dövlət xadimləri, məşhur siyasətçilər də dönə-dönə təsdiqləyirlər ki, bu gün Azərbaycan beynəlxalq müstəvidə artıq onunla hesablaşılan söz sahibinə və böyük gücə çevrilmişdir. Bunu ulu öndər Heydər Əliyevin al­ternativsiz inkişaf strategiyasını uğurla və yaradı­cılıqla davam etdirən Azərbaycan xalqı və bugün­kü Azərbaycan iqtidarı yaradıb. Dövlətimizin bir nömrəli problemi olan Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ düyününün ədalətli şəkildə açılması münaqişənin beynəlxalq hüququn tələblərinə uyğun həllidir. Bu, milli məsələ olduğu üçün Azərbaycan xalqının mənafeyini tam şəkildə təmin etməlidir. Yəni Ermənistan tərəfindən işğal edilmiş bütün torpaqları­mız azad olunmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 21-də şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində bu barədə çıxış edərkən demişdir: “Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən, Şuşaya qayıtmalıdır. Budur mənim siyasətim və bu, siyasətimin bir hissəsidir, o hissəsi ki, bu haqda hələ ki, açıq danışmaq olar. Mənim fikrim nədən ibarətdir, siz hamınız yaxşı bilirsiniz. Azərbaycan öz tarixi keçmişinə sadiq olan ölkədir və tarixi yaxşı bilirik. Gələcəyi necə görmək istəyirik, onu da bilirik və Azərbaycan xalqı da bilir. Ona görə ölkəmizin ərazi bütövlüyü danışıqlar pred­meti deyil, olmayıb, olmamalıdır və olmayacaq. Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdaca­ğıq”.

Möhtərəm Prezidentimizin bu qətiyyəti, hər şeydən əvvəl, ona əsaslanır ki, Azərbaycan qüdrətli dövlətə çevrilmişdir. Bugünkü Azərbaycan dövlətinin güclü iqtidarı və bu iqtidarın xalqdan dəstək alan güclü iradəsi var. Azərbaycanın dünyanın 50 güclü ordusundan biri olan qüdrətli silahlı qüvvələri möv­cuddur. Milli Ordumuz son illərdə dəfələrlə (2016-cı il aprel, 2018-ci il may və 2020-ci il iyul döyüşlərini xa­tırlamaq kifayətdir) düşmən ordusunu məğlubiyyətə uğratmışdır.

Bundan əlavə, Azərbaycanın tarixdə olma­dığı tərzdə beynəlxalq dəstəyi var. Beynəlxalq təşkilatlardan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (5 ölkə), İslam Əməkdaşlıq Təşkilatı (57 ölkə), Qoşulmama Hərəkatı (120 ölkə) və digər dövlətlər Azərbaycanın haqq işini müdafiə edirlər. Bütün bun­ların hamısı Azərbaycan dövlətinin uğurlu siyasətinin nəticəsidir. Prezident İlham Əliyevə ünvanlanmış məktublar da bundan xəbər verir.

Təhlükəsizliyimizi qoruyan güclü ordumuz var

Hörmətli cənab Prezident!

Ümummilli liderimiz Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyaları bugünkü inkişafımızın təməlini təşkil edir. Ulu öndərin bizə miras qoyduğu bu ideyalar Sizin sayənizdə daha da güclənərək xalqımızı birləşdirən amilə çevrildi.

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlər ordu­muzun gücünü bir daha göstərdi. Bu ordunun güclənməsi Sizin zəhmətinizin sayəsindədir.

Bizim Vətənimizi, təhlükəsizliyimizi qoruyan güclü ordumuz var. Biz də hər zaman öz ərazi bütövlüyümüzü qorumaq üçün hazırıq. Gənclər daim Sizə inanır və güvənirlər.

Hörmətlə,

Fidan Etibar qızı Abbaslı, Bakı şəhəri, Səbail rayonu

 

Vətənpərvər nəsil yetişib

Cənab Ali Baş Komandanımız!

Cəbhədə baş verən növbəti düşmən təxribatının qarşısı güclü ordumuz tərəfindən qətiyyətlə alındı. Bu çətin günlərdə dövlətimiz, xalqımız naminə fədakarlığınız bir gənc olaraq məni çox qürurlandırdı.

Vətənpərvər nəslin yetişdirilməsi vacib və çətin bir vəzifədir. Siz bu vəzifənin öhdəsindən ləyaqətlə gələrək ölkənin taleyüklü məsələlərinə münasibətdə öz sözünü deyə bilən Azərbaycan gəncliyi yetişdirmisiniz. Bu günlər gənc nəslin üzərinə daha böyük məsuliyyət düşür.

Cənab Prezident, bizə olan etibara və inama görə Sizə minnətdarıq. Sizin ətrafınızda daim sıx birləşərək xalqın əsrlər boyu yaratdığı ənənələri, milli mədəniyyəti yaşatmağa və gələcək nəsillərə ötürməyə söz veririk.

Hörmətlə,

Qalib Elxan oğlu Kazımov, Şuşadan məcburi köçkün, Bakı şəhəri

 

Yol həyat deməkdir

Hörmətli Prezidentimiz!

Babadağın ətəyində yerləşən kəndimizi Quba şəhəri ilə 60 kilometrlik məsafə ayırır. Onun 15 kilometri dağlıq ərazidir. Əvvəllər bəzən həftələrlə rayon mərkəzinə gediş-gəliş kəsilirdi.

Bu yaxınlarda yaşadığımız kəndə yeni yol çəkildi. Artıq kəndimizin sakinləri rayon mərkəzinə rahat gedir, yetişdirdikləri məhsulları vaxtında satışa çıxara bilirlər.

Ulu öndər Heydər Əliyev yolu təkcə mədəniyyət və iqtisadiyyat amili kimi de­yil, həm də, bütünlüklə, həyat mənbəyi hesab edirdi. Biz də bilirik ki, bu yolun çəkilməsi ilə kəndimiz inkişaf edəcək, sakinlərin iqtisadi vəziyyəti daha da yaxşılaşacaq. Sizə minnətdarıq, cənab Prezident!

Hörmətlə,

Yaqub Həsənov, Quba rayonu, Buduq kəndi

 

Vətən uğrunda döyüşməyə hazırıq

Cənab Ali Baş Komandanımız!

Ermənistan silahlı qüvvələri öz işğalçı xislətinə sadiq qalaraq iyu­lun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizə vəhşicəsinə hücum etmişlər.

İnanırıq ki, Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə Azərbaycan Si­lahlı Qüvvələrinin düşmənin işğalçı həmlələrinə qarşı davam edən əks-əməliyyatları növbəti şanlı qələbəmizlə nəticələnəcəkdir.

Polşada yaşayan Azərbaycan gəncləri olaraq Qarabağımızın azad olunması və düşmənin hücumlarının qarşısının alınması üçün döyüşməyə hazırıq və əmrinizi gözləyirik.

Hömətlə,

Xəlil Həsənov, Polşa Azərbaycanlıları Assosiasiyasının rəhbəri, Fərid Cəfərli, Polşa Azərbaycanlıları Şurasının rəhbəri, Hüseyn Əsədli, Həzi Rəhimli, Teymur Məmmədov və başqaları Varşava şəhəri

 

Əmrinizi gözləyirik

Hörmətli cənab Prezident!

Ulu öndər Heydər Əliyevin çıxışları xalqımızın vətənpərvərlik tərbiyəsində əvəzsiz rol oynayıb, vətəndaşlarımıza Vətən sevgisi aşılayıb. Sizin çıxışlarını­zı da izlədikcə qəlbində Vətən sevgisi alovlanan lider görürük.

Buna görə də vətənpərvər Sizin bir çağırışına qısa zaman kəsiyində on minlərlə insan səs verdi. Biz həmişə fəxr etmişik ki, Sizin kimi Prezidentimiz var.

Mən də çağırışınıza qoşularaq or­duya çağırılmaq üçün könüllü siyahıya yazılmışam. Vətənin keşiyində durmağa hər zaman hazıram.

Ağdam rayon sakinləri Qarabağımızı mənfur ermənilərdən azad etmək üçün əmrinizi gözləyirlər. Allah Sizi qorusun!

Hörmətlə,

Yavər Fazil oğlu Cəfərov, Ağdam rayonu, Çullu kəndi

 

Sizin kimi lideri olan xalq uduzmaz

Möhtərəm Prezidentimiz!

Ölkəmizi çoxsaylı təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri, məhz, liderlə xalq arasında olan sıx bağlılıqdır. Sizin ölkəmizdə epidemiyanın geniş yayıl­masının qarşısının alınması ilə bağlı verdiyiniz tapşırıqlar layiqincə yerinə yetirilir, vətəndaşlara diqqət və qayğı göstərilir. Eləcə də erməni faşizminə qarşı mübarizəni də yüksək səviyyədə təşkil etdiniz.

 

Hörmətli cənab Prezident, mən inanıram ki, Sizin müdrik qərarlarınızla biz bu bəladan minimum zərərlə qurtula­cağıq. Biz həmişə Sizinləyik. Biz birlikdə güclüyük. Ümumiyyətlə, Sizin kimi lideri olan xalq uduzmaz.

Hörmətlə,

Ağasif Ələkbərov, Laçın rayonu

 

Şuşada görüşmək arzusu ilə

Hörmətli cənab Prezident!

Müstəqillik illərində respublikamızın bütün bölgələri kimi bizim rayonumuz da çox inkişaf edib. Xüsusilə ayırdığı­nız vəsaitlər hesabına son illər böyük tikinti-quruculuq işləri aparılır. Rayon mərkəzində bir çox binalar təmir edilib, yeni “Asan xidmət” mərkəzi istifadəyə verilib. Hazırda rayon mərkəzində aztəminatlı ailələr üçün yeni yaşayış binası tikilir. Son iki ildə Quba rayo­nunda 20-yə yaxın yeni məktəb binası istifadəyə verilib, yeni xəstəxana binası­nın açılışı olub.

Əziz Prezidentimiz, kəndlərimiz də qayğınızdan kənarda qalmayıb. Bu yaxınlarda yaşadığım Zərqova kəndinin yollarına asfalt çəkilib, məktəb binası təmir edilib. Biz ağsaqqallar həm rayo­numuzda, həm də kəndimizdə həyata keçirilən quruculuq işlərinə görə Sizə minnətdarlığımızı bildiririk.

Bu məktubu Tovuz istiqamətində döyüşlərin getdiyi bir vaxtda yazıram. İnanırıq ki, Sizin rəhbərliyinizlə tezliklə işğal altındakı torpaqlarımız azad olunacaq, xalqımız qədim mədəniyyət mərkəzimiz Şuşada qələbə bayramını qeyd edəcək.

Şuşada görüşmək arzusu ilə,

 

Səfər Bayramov, Quba rayonu, Zərqova kəndi

 

Goranboylular tarixi qələbəyə köklənirlər

Çox hörmətli Prezidentimiz!

Bu məktubu Sizə cəbhə bölgəsi olan Goranboy rayonundan yazıram .Məlum olduğu kimi, bu günlərdə üzdəniraq düşmənlərimiz Tovuz istiqamətində növbəti təxribata əl atdılar. Təbii ki, düşmən şanlı ordumuz tərəfindən sarsı­dıcı zərbələrə məruz qaldı .

Ordumuzun özünə inamı Sizin qətiyyətli siyasətinizdən yaranır. Biz bir müsəlləh asgər olaraq Sizin döyüş əmrinizi gözləyirik. Mən Sizi əmin edirəm ki, biz goranboylular tarixi qələbə eşqi ilə yaşayırıq və bu yolda əlimizdən gələni etməyə hazırıq. Biz ön cəbhə insanları əminik ki, işğal altında olan torpaqlarımızı tezliklə azad edəcəyik. Bu şanlı qələbə tariximizin səhifələrinə qızıl hərflərlə yazılacaq.

Hörmətlə,

Müslüm Mustafayev, Goranboy rayonu

 

Sizin iradənizə güvənirik

Hörmətli cənab Prezident!

Dünyada geniş yayılan korona­virus hər bir dövlətə ciddi təsir etdi. Ancaq məhz Sizin uğurlu, düşünülmüş siyasətiniz nəticəsində ölkəmizdə koro­navirus tam nəzarət altına alındı. Atılan bütün addımlar, Sizin xüsusi həssaslıqla həyata keçirdiyiniz önləyici tədbirlər əlbəttə ki, xalqımızı bu bəladan qoru­yacaqdır. İş yerləri bağlansa da, dövlət istər işləyənlərə, istərsə də işsizlərə dəstək oldu.

Son günlər cəbhədə Azərbaycan tor­paqlarına təcavüz edən düşmənin layiqli cəzalandırılması hər bir vətəndaş kimi, məni də sevindirir. Qüdrətli ordumuz hər zaman olduğu kimi, düşmənin növbəti təxribatının da qarşısını və şəhidlərimizin qisasını layiqincə almışdır. Biz Sizin iradənizə, siyasətinizə hər zaman güvənir və döyüş əmrinizə gözləyirik.

Hörmətlə,

Ramal Bağırov, Sumqayıt şəhəri

 

Hər iki cəbhədə uğurlar qazanırıq

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Ümumdünya böhranına çevrilmiş COVID-19-un ölkəmizdə qarşının alınması ilə bağlı həyata keçirdiyiniz düşünülmüş və məqsədəyönlü siyasət xalqımızın bu ağır bəladan az itkilərlə çıxmasına şərait yaratmışdır.

Möhtərəm Prezidentimiz, Sizin pandemiya dövründə gördüyünüz məqsədyönlü tədbirlər beynəlxalq aləmdə, dünya birliyində böyük əks-səda doğurmuşdur.

Bütün dünyanın COVID-19 pandemi­yası kimi dəhşətli bəlaya qarşı mübarizə apardığı bir vaxtda Ermənistan hərbi bölmələrinin iyulun 12-dən başlaya­raq növbəti təxribata əl atması, Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirməyə cəhd etməsi, mənfur düşmənin öz çirkin xislətindən əl çəkmədiyini göstərir. Aprel döyüşlərində olduğu kimi, Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın iş­ğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hazır olduğunu, düşməndən dəfələrlə üstün olduğunu bir daha dünyaya sübut etdi. Mən Sizə, pandemiya ilə savaşan tibb işçilərimizə, eyni zamanda, düşmənlə üz-üzə dayanan şanlı Azərbaycan Ordu­suna təşəkkürlərimi bildirirəm.

 

Hörmətlə,

Cəmil Qurbanov, Bakı şəhəri

 

Təqdim etdi: Qüdrət PİRİYEV

Xalq qəzeti  2020.- 26 iyul.- S.2.