Aqrar sektora dövlət
qayğısı artır
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında iqtisadi
sahədə əldə edilən müsbət göstəriciləri
diqqətə çatdırmaqla bərabər, son illər kənd təsərrüfatında
da mühüm dəyişikliklərin
nəzərə çarpdığını
vurğulayıb. Dövlət başçısı, eyni zamanda, ərzaq təhlükəsizliyinin
təmin edilməsində önəmli addımlar
atıldığını və bu məsələ
ilə bağlı müvafiq qurumlara göstərişlər verdiyini də bildirib.
Burada onu da qeyd edək ki, dövlət
başçısının cari il aprelin 14-də
imzaladığı Koronavirus
pandemiyası şəraitində və sonrakı dövrdə
kənd təsərrüfatı məhsulları
istehsalçılarının mikrokreditlərlə təminatının
yaxşılaşdırılması üçün
vəsait ayrılması haqqında sərəncamına
əsasən Prezidentin ehtiyat
fondundan Aqrar Kredit və İnkişaf
Agentliyinə 30 milyon manat
məbləğində vəsait ayrılıb. Bu, fermerlərə əlavə bir dəstək, əkin dövründə
fermerlərin mikrokreditlərə tələbatının
ödənilməsi deməkdir.
Adı çəkilən sərəncamın
mühüm əhəmiyyəti həm də
onunla bağlıdır ki,
indiyədək fermerlər kredit üçün banklara
müraciət edəndə əksər hallarda
onlardan kredit
müqabilində Bakıda mənzil girovu
tələb olunurdu. Prezidentin
imzaladığı sərəncam isə fermerlərin kredit almaq imkanlarını
asanlaşdırıb. Yəni bu sərəncamla
fermerlərə girov tələb etmədən
mikrokreditlər verilməsinə başlanılıb.
Fermerlərə göstərilən
dövlət qayğısından danışarkən, qeyd etmək yerinə düşər ki, xüsusi karantin rejimi dövründə
bölgələrdə mineral gübrə,
pestisid, toxum təchizatı
və satışı, kənd təsərrüfatı
texnikalarının məhdudiyyətsiz hərəkəti təmin
edilib.
Prezident İlham Əliyevin 24 iyul 2020-ci il tarixli müvafiq sərəncamı ilə kənd təsərrüfatı texnikasına, texnoloji avadanlığa, suvarma sistemləri və soyuducu anbar dəstlərinə, damazlıq heyvanlara dövlət büdcəsinin vəsaiti hesabına güzəştlərin tətbiqi ilə əlaqədar maliyyə vəsaitinə yaranan ehtiyacın qarşılanması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20 milyon manat ayrılması da aqrar sahədə müasir texnologiyaların tətbiqini genişləndirmək və səmərəliliyi artırmaq üçün daha bir təkan olacaq.
Ekspertlər bununla
bağlı bildirirlər ki, Prezident İlham
Əliyevin sözügedən sərəncamı ilə
ayrılan vəsait əsasən müasir
suvarma sistemlərinin alışına
yönəldiləcək. Çünki
hazırda buna ciddi ehtiyac duyulur. Bu barədə
iyulun 23-də videoformatda
keçirilən su təsərrüfatının
vəziyyətinə həsr olunan
müşavirədə də ətraflı
danışılıb. Ölkə rəhbəri son illərdə bu sahədə
böyük işlər görülməsinə
baxmayaraq, qarşıya qoyulan
məqsədə hələ tam nail olunmadığını qeyd
edib. Buna görə də
indən sonra içməli su və meliorasiya layihələrinin
gündəlikdə ən vacib məsələlər
kimi duracağını diqqətə
çatdırıb.
Azərbaycan Prezidenti
müşavirədə su təsərrüfatı
və meliorasiya sistemində nəzərə
çarpan, ciddi
narahatlıq doğuran səhvlər barədə
ətraflı bəhs edib, bundan
sonrakı illərdə isə buraxılan
çatışmazlıqların aradan
qaldırılması, vahid idarəetmə
mexanizminin işlənilib
hazırlanması və ardıcıl şəkildə
qısamüddətli, ortamüddətli və uzunmüddətli
fəaliyyət planının icrası zəruriliyini diqqətə
çatdırıb. Dövlətimizin başçısı
çıxışında Azərbaycanda içməli su və suvarma suyu ilə təminatın 100 faiz
olacağına əminliyini ifadə edib.
Ekspertlərin fikrincə, torpaq
sahələrinin həcmindən asılı olaraq
hazırda hər növ müasir
tipli suvarma sistemi mövcuddur və bu sistemlər ölkəmizdə müxtəlif
təchizatçılar tərəfindən təklif olunur. Sudan səmərəli
istifadə edərək və su itkisinə
yol vermədən yüksək məhsuldarlığa
nail olmaq mümkündür. Dövlətin təqdim etdiyi güzəşt və faizsiz
kredit fermerlər üçün
müasir suvarma sistemlərini
daha əlçatan edir.
Yeri gəlmişkən,
xatırladaq ki, cari ilin ötən 6 ayı ərzində dövlət
fermerlərə texnika alışı üçün 34,8 milyon
manat, damazlıq heyvan
alışı üçün 10 milyon manat güzəştli
kredit verib.
Respublikanın meliorasiya
sistemində nəzərə çarpan
narahatlıqlara gəldikdə isə deyə bilərik ki, hazırda quraqlıq və su
çatışmazlığının təsir etdiyi ən böyük
sahələrdən biri də kənd təsərrüfatıdır.
Ölkə üzrə su istehlakının
80 faizə yaxını, məhz, aqrar
sektorun payına düşür.
Bu ilin əvvəllərindən havaların quraq keçməsi, yağıntıların miqdarının azalması əkin balansının əsas hissəsini təşkil edən taxılın becərilməsində problemlər yaradıb. Mart-aprel aylarında havaların yağıntılı olması vəziyyəti qismən xilas etsə də, bir sıra, xüsusilə aran rayonlarında 100 min hektar ərazidə taxıl sahələrinə ziyan dəyib. Suvarma problemi yaşanmayan digər rayonlarda məhsuldarlıq əvvəlki illə müqayisədə xeyli yüksək olsa da, quraqlıq səbəbindən bu il taxıl üzrə ümumi nəticə ötən ilə nisbətən 5,5 faiz az olub.
Hazırda quraqlıq və su
çatışmazlığı pambıq bitkisinin
becərilməsinə də öz təsirini
göstərməkdədir. Cari ildə
100 min hektardan çox sahədə pambıq əkini həyata
keçirilib. Pambıq əkinləri
üzrə 7 min hektar
sahədə birinci vegetasiya
suvarması hələ də başa
çatmayıb. Eyni zamanda,
indiyədək 49 min hektar
sahədə ikinci vegetasiya
suvarması həyata keçirilib ki, bu göstərici
ötən ilin müvafiq
dövrü ilə müqayisədə 23
min hektar azdır.
Pambığın suvarılmasında ən kritik faza ikinci
vegetasiya suvarmasıdır. Keçənilki
dövrdə bugünkü tarixə 23 min hektar az
ikinci suvarma həyata keçirilib. Pambığın ikinci vegetasiya suvarması
vaxtında aparılmasa, məhsuldarlığın 25-40 faiz aşağı düşməsi ehtimalı
var. Hazırda pambığın
suvarılması üzrə əsas problemlər daha çox Saatlı, Sabirabad, Biləsuvar, Zərdab, Salyan
və Neftçala rayonlarında
müşahidə olunur.
Bundan əlavə, 35 rayon üzrə 50 min hektar sahədə təkrar
qarğıdalı əkini nəzərdə tutulub.
Bu günədək 36 min
hektar sahədə səpin
aparılıb. Hazırda suvarma problemi ilə əlaqədar bu
işin həyata keçirilməsində
çətinliklər yaşanılır.
Hazırda Kənd Təsərrüfatı
Nazirliyində suvarma probleminin
həlli ilə bağlı müəyyən tədbirlər
həyata keçirilir. Bununla
bağlı iyulun 23-də videoformatda keçirilən su
təsərrüfatının vəziyyətinə həsr olunan müşavirədə də ətrafı
danışılıb. Bildirilib ki, su çatışmazlığı,
o cümlədən, izafi
su itkisi torpaqların
şoranlaşmasına, eyni zamanda, eroziya və səhralaşmaya
səbəb olur. Sadalanan
problemlər torpağın münbitlik
göstəricilərinin pisləşməsinə, nəticədə
məhsuldarlığın aşağı düşməsinə
gətirib çıxarır.
Hazırda su
çatışmazlığı fermerləri narahat edən ən aktual
problemlərdəndir. İlin birinci yarısında bununla
əlaqədar nazirliyə 2500-dən çox
müraciət daxil olub.
Müraciətlər əsasən suvarmada
yaranmış çətinliklər, subartezian
quyularının istismarı və qazılmasında yaranmış
problemlər, irriqasiya sistemlərinin
nasazlığı, suvarma qrafiklərinin
pozulması ilə bağlı olub. Bu problemlərin həlli üçün
dövlət başçısının sərəncamı
ilə yaradılan komissiyanın koordinasiyası ilə müvafiq tədbirlər görülür,
qurumların fəaliyyəti əlaqələndirilir. Mövcud su
ehtiyatlarının ədalətli bölünməsi üçün 53 rayon
üzrə 580 mindən çox suvarma qrafiki tərtib olunub və nazirliyin
saytında yerləşdirilib. Qrafiklərə əməl
edilməsi ilə bağlı yerlərdə maarifləndirmə
və nəzarət işləri həyata keçirilir.
Daxil olan müraciətlər
təhlil edilir və baxılması üçün Meliorasiya
və Su Təsərrüfatı ASC-yə
göndərilir.
Görülən tədbirlərin əsas məqsədi
dəyər zəncirinin bütün mərhələlərində,
yəni suyun sututarlarda
toplanması, kanallarla nəqli və əkin
sahələrinə paylanmasında effektivliyin
təmin olunmasıdır. Habelə su balansının
elektronlaşdırılması, dəqiq uçot
sisteminin qurulması və suvarma
məlumatlarının elektron kənd təsərrüfatı
sisteminə inteqrasiya edilməsi sudan səmərəli və qənaətlə
istifadəni özündə ehtiva edən
subsidiya mexanizminin
formalaşdırılması istiqamətində təkliflər
hazırlanır.
Məhdud su resursları kontekstində suvarmanın səmərəliliyinin artırılması üçün suvarma zəncirinin bütün mərhələlərində, o cümlədən, birbaşa suvarma fazasında innovasiyaların tətbiqi artıq zərurətə çevrilmişdir. Suvarma zəncirinin son mərhələsi olan birbaşa suvarmada fermerlərin pivot, damlama, yağış yağdırma və tamburlu suvarma sistemlərinə marağı yüksəkdir. Dövlət tərəfindən müasir suvarma sistemlərinin qurulması təşviq edilir. Belə ki, suvarma sistemləri dövlət tərəfindən subsidiyalaşdırılan avadanlıqlar siyahısına daxildir. Son iki il ərzində nazirlik xətti ilə 9,3 min hektar ərazidə suvarma sistemlərinin qurulmasına 28,8 milyon manat subsidiya verilib. Verilən güzəştlərlə iki il ərzində iqtisadiyyata əlavə 54 milyon manat investisiya qoyuluşu təşviq edilib.
Vaqif BAYRAMOV
Xalq qəzeti 2020.- 26 iyul.- S.1.