Neft əsrinin
təhsil manifestini yazan universitet
Fəaliyyətini müasir Azərbaycan
təhsilinin strateji hədəflərinə uyğun quran və
keyfiyyətcə yeni mərhələyə qədəm qoyan
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bu
gün də ölkəmizin sənayesi və iqtisadiyyatı
üçün xüsusi əhəmiyyətə malik
ixtisaslar üzrə rəqabətqabiliyyətli mütəxəssislərin
yetişdirilməsi işində öz vəzifələrinin
öhdəsindən layiqincə gəlir. Beynəlxalq təhsil
məkanına inteqrasiya yolu seçməklə
dünyanın aparıcı ali məktəbləri
ilə qurduğu qarşılıqlı əlaqələr,
habelə ikili diplom proqramlarının tətbiqi bu universitetdə
görülmüş işlərin uğurlu nəticələrindəndir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti
Dünyanın
bütün ali məktəbləri
dövlətin ehtiyaclarından çıxış edərək
insanlara elm və təhsil vermək məqsədi
daşısa da, yaranmaları özəl səbəblərlə
bağlı olub. Belə ki, universitetlərin bir
qismi tarixi şəxsiyyətlərlə əlaqədar təsis
edilib, bəziləri də ya tarixi hadisələr, ya da
hakimiyyətlərin sifarişi ilə həyata “vəsiqə
qazanıb”. Amma bu gün haqqında söhbət
açdığımız və respublikamızda ali təhsilin bir əsrlik münifestini yazan Azərbaycan
Neft və Sənaye Universitetinin “dünyaya gəlməsində”
məhz ölkənin əsas təbii sərvətlərindən
olan neft amili mühüm rol oynayıb. Bu il 100 yaşı
tamam olacaq Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin rektoru professor Mustafa Babanlı ilə müsahibəmizə
də, məhz, bu tarixin nədən və haradan
başlamasından giriş verdik.
–
Dünyada ilk dəfə sənaye üsulu ilə neft
1846-cı ildə Azərbaycanda hasil olunub, – deyə Mustafa
müəllim söhbətə başladı. – Bunu təsdiq
edən tarixi sənədlər Rusiya Federasiyasının
Sankt-Peterburq şəhərindəki arxivdə
saxlanılır və onların surəti universitetimizdə də
var. XIX əsrin ikinci yarısından başlayaraq çar
Rusiyası Azərbaycana, xüsusilə Bakıda neft sənayesinin
inkişafına böyük diqqət yetirib və kifayət qədər
vəsait yönəldib. Məqsəd Bakıda
daha çox neft hasil edib satmaq idi.
Müəyyən bir dövrdən sonra neft sənayesində
işləmək üçün qazma ustalarına, texniki
mütəxəssislərə və ümumiyyətlə, mədən
texnikasını bilən bacarıqlı kadrlara ehtiyac
artmağa başladı. Bu ehtiyac Bakıda ilk vaxtlar peşə
texniki məktəbin yaranmasını zəruri edib və
1887-ci ildə politexnik texniki peşə məktəbi
yarandı. On il sonra – 1897-ci ildə
bu tədris müəssisəsi kollec təhsili verməyə
başladı və məhz universitetin indiki yerləşdiyi ərazidə
məktəb binasının tikilməsi qərara
alındı. Əslində, binanın 1896-cı ildə
inşasına başlanmışdı və 1898-ci il, ya da 1899-cu ildə neft milyonçusu, Vətənini
sevən böyük xeyriyyəçi Hacı Zeynalabdin
Tağıyev buradan keçəndə görür ki, bu tikinti
elə neçə vaxtdı beləcə
yarımçıq qalıb. Yaxınlaşıb
maraqlanır ki, bu nə tikintidi belə? Bildirirlər
ki, burada neft sənayesi üçün peşə verəcək
texnikum inşa edilir, pul olmadığından başa
çatdırılması ləngiyir. Hacı
fikirləşmədən deyir ki, “gəlin evdən nə qədər
lazımsa, pul götürün tikib qurtarın”. Məhz, ondan sonra binanın tikintisinin bütün xərcini
Zeynalabdin Tağıyev verir, həm də qızıl pulla.
Beləliklə, 1899-cu ildə indiki bu bina layihəyə
uyğun iki mərtəbədə tikilib istifadəyə
verilir.
1920-ci ildə
Sovet hökuməti elan ediləndən sonra Nəriman Nərimanov
taleyi qeyri-müəyyən olan texnikumun bazasında neft
profilli universitetin yaradılması təklifi ilə
V.İ.Leninə müraciət edir və beləliklə, elə
həmin il noyabrın 14-də Azərbaycanda Bakı Politexnik
İnstitutu təsis olunur.
– Mustafa müəllim, səhv etmirəmsə,
bu ali məktəbin adı 8 dəfə dəyişib.
Adın dəyişməsi ilə ötən
100 ildə universitetin kadr hazırlığı prosesində
hansı transformasiyalar gedib?
– Sualla
bağlı əvvəlcə qeyd edim ki, 1992-ci ilə qədər
ali məktəbin adı 7 dəfə dəyişsə
də, tədrisin, kadr hazırlığı prosesinin səviyyəsi
aşağı düşməyib, ciddi bir transformasiya
baş verməyib. 1992-ci ildə isə
institutun adı Azərbaycan Sənaye Universitetindən Azərbaycan
Dövlət Neft Akademiyasına dəyişdirilib. Bu, bilavasitə, akademik Azad Mirzəcanzadənin təşəbbüsü
və təklifi ilə reallaşıb. Çünki
dünyada bu ad altında elə bir ali məktəb
olmayıb. 2015-ci il sentyabrın 3-də isə
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə
bu ali məktəb Azərbaycan Dövlət Neft və Sənaye
Universiteti (ADNSU) adlandırılıb. Bu, sadəcə
ad dəyşdirilməsi deyildi. Əlbəttə,
cənab Prezidentin bütün qərarları kimi, bu qərar
da gələcək üçün nəzərdə
tutulmuşdu. Başqa sözlə, burada əsas
məqsəd neft sənayesi kadrlarının kütləvi
hazırlanması ilə yanaşı, sənayenin digər sahələrini
inkişaf etdirəcək milli kadr
hazırlığını diqqətdə saxlamaq idi.
XXI əsr innovasiya və informatika əsridir. Elə buna
görə də bizim universitetdə hazırda fəaliyyət
göstərən yeddi fakültə arasında ən
böyüyü neft yox, informasiya texnologiyaları və idarəetmə
fakültəsidir. Bu fakültədə 4
min tələbə təhsil alır. Azərbaycanda
innovasiya və informatika sahəsində elə bir istiqamət
yoxdur ki, biz onunla məşğul olmayaq. Ona
görə də bizim bu gün əsas məqsədimiz
dünyanın tələblərinə uyğun kadr
hazırlamaqdır.
– Xatırlayırsınızsa, təyinatınızdan
6 ay sonra Sizinlə görüşərkən
bildirmişdiniz ki, dövlət başçısının
ciddi tapşırıqlarından biri bu ali
məktəbin keçmiş nüfuzunu özünə
qaytarmaqdır. O vaxtdan beş il
ötüb, qarşıya qoyulan vəzifə necə yerinə
yetirilib? Yetirilibsə, bəs hazırda gündəlikdə
hansı vəzifələr durur?
– Səmimi
deyim ki, ciddi irəliləyişlərimiz olan sahələr də,
düşündüyümüzdən daha böyük
uğurlar əldə etdiyimiz məsələlər də
var. Ancaq mən söhbətə həyata keçirə bilmədiyimiz
işlərdən başlamaq istəyirəm.
O zaman ilk
beş ildə ADNSU-nun dünya universitetlərinin
ilk minliyinə düşməsini əsas vəzifələrdən
biri kimi qarşıya qoyulduğunu bildirmişdim. Açığı, bunu həyata keçirə
bilməmişik. Ancaq bununla bağlı
çox ciddi addımlar atılıb və pandemiya başa
çatandan sonra sözügedən yöndə fəaliyyətimizi
ciddi şəkildə davam etdirəcəyik. Lakin bu məsələ ilə bağlı müəyyən
məqamları da xatırlatmaq istərdim. Əvvəla, hazırda dünya universitetlərinin
reytinqlərinin əsas tələbi elmdir. Bəs bizdə hazırda bu sahədə vəziyyət
necədir və əvvəllər necə olub? Azərbaycanda bütün universitetlər təhsil
verməyə, mütəxəssis hazırlamağa köklənib.
Ancaq mütəxəssis necə
hazırlanıb? Əgər qarşıya
qoyulan vəzifə elmi prizmadan yerinə yetirilibsə, deməli,
bu universitet təhsilidir. Yox, əgər ali
məktəbdə tələbəyə elmi biliklər orta məktəb
səviyyəsindən bir az yuxarı aşılanıbsa,
onda, əlbəttə, universitet dünya reytinqinə
düşə bilməyəcək.
Reytinq nə üçün lazımdır? Sualın cavabında əvvəlcə
qeyd edim ki, hər hansı bir ali məktəb
üçün nüfuz böyük rol oynayır. Bu amil, ilk növbədə, abituriyentlərin, işəgötürənlərin
və investorların nəzərində universitetin cəlbediciliyinə
təsir göstərir. Həmçinin
milli universitetlərin reytinqdəki yüksək mövqeyi
bütövlükdə ölkənin imicini artırır və
xarici tələbələrin diqqətini çəkir.
Bunun üçün universitetlər daha şəffaf
olmalı, eyni zamanda, elmi-tədqiqatların və kadr
hazırlığının beynəlxalq səviyyədə
qəbul olunan standartlarını tətbiq etməlidirlər.
Son bir
neçə onillikdə bir çox dövlətlər ali məktəblərini, ilk növbədə,
universitetlərini beynəlxalq reytinqlərdə tanıtmaq
üçün xüsusi proqramlar həyata keçirirlər.
Uzağa getməyək, elə qonşu Rusiyada
2012-ci ildə dünya elmi və tədris mərkəzləri
arasında aparıcı universitetlərin rəqabət
qabiliyyətini artırmaq üçün hazırlanan “Layihə
5-100” yaradıldı. Məqsəd 2020-ci
ildə bu ölkədə səmərəli idarəetmə
quruluşuna və beynəlxalq akademik nüfuza sahib bir qrup
qabaqcıl universiteti meydana çıxarmaq idi. Elə buna görə də Rusiyanın 15
aparıcı universiteti yarışın
iştirakçısı oldu. Prezident Putinin sərəncamı
ilə federal büdcədən həmin ali
təhsil müəssisələrinə 1 milyard dollardan
çox vəsait ayrıldı...
Ola bilər ki, bu, Rusiya üçün böyük məbləğ
sayılsın. Amma baxın, təkcə 2009-cu ildə ABŞ-ın ali
məktəblərində tədqiqatların və elmi
araşdırmaların ümumi maliyyələşməsinə
55 milyard dollar ayrılıb ki, bunun da 60 faizi federal hökumətin
verdiyi vəsaitdir. Hazırda Birləşmiş Ştatlarda
COVİD-19-a qarşı dərman və peyvəndin
hazırlanması işində tədqiqatlar aparan,
dünyanın ali məktəblər reytinqində ilk pillələrdə
yer alan “Johns Hopkins University”nin 2011-ci ildə illik elmi-tədqiqat
büdcəsi 2,1 milyard dollar olub.
Bu gün dünyada universitet reytinqlərini müəyyənləşdirən
28 təşkilat var. Onlardan üçü–dünya
universitetlərinin reytinqini müəyyənləşdirən
QS – Böyük Britaniyanın “Quacquarelli Symonds” şirkəti,
eyni adlı jurnal nəşr edən “Times Higher Education (THE)”
şirkəti və Şanxay ARWU təşkilatı ən
nüfuzlu təşkilatlar sayılır. Meyarlara ən
çox akademik və elmi nüfuz, elmi məqalələrdən
sitatların istifadəsi, tələbələrin müəllimlərə
nisbəti, xarici müəllimlərin və xarici tələbələrin
sayı, biliklərin yayılması və yenilik səviyyəsi
daxildir. Daha öndə gedən Şanxay
reytinqi məzun və professorlar arasında Nobel və Filds
mükafatçılarının sayını da nəzərə
alır.
Biz də universitet olaraq bu reytinqlərə elmin səviyyəsinin
qaldırılması ilə düşmək barədə
düşünürük. Elmi necə
qaldırmaq olar? Biz bunu istədiyimiz vaxt
edə bilərikmi? Əlbəttə,
imkanlar və potensial olmalıdır və bunlar da, ilk növbədə,
elmin maliyyələşməsi ilə bağlıdır.
Bir az əvvəl mən ABŞ-da, Rusiyada
universitetdə elmin maliyyələşdirilməsindən
misallar çəkdim. Lakin bizdə vəziyyət
tamamilə fərqlidir. Azərbaycanın ali
məktəblərində 2011-ci ildən elm maliyyələşdirilmir.
Hazırda universitetimiz əsasən dövlətin
hər bir tələbə üçün
ayırdığı vəsait, xarici tələbələrdən
gələn gəlirlər və bir də ödənişli əsaslarla
oxuyan tələbələrin hesabına maliyyələşir.
Əlbəttə, əvvəlcə elmi maliyyələşdirmək
lazımdır ki, o, gəlir gətirsin. Universitetdə
onsuz da təhsil haqqı aşağıdır. Məsələn, Avropada bir tələbənin təhsili
10-15 min avrodur. Hətta 20-25 min avroya çatan yüksək
reytinqli universitetlər var. Cənab Prezidentimizə çox təşəkkür
edirəm ki, ötən il sentyabrdan, tədris
ili başlayandan dövlət sifarişi ilə təhsil alan tələbələrin
təhsil xərclərini 30 faiz qaldırdı. Bu,
bütövlükdə Azərbaycan universitetlərinə həm
tədrisdə, həm də avadanlıqların
alınmasında çox böyük kömək oldu. Amma nəzərə almaq lazımdır ki, tədris
də inkişaf edir, ona görə laboratoriyalar yenilənməlidir,
avadanlıq əvəzlənməlidir, tədris prosesi
üçün dərsliklər alınmalıdır, proqram
təminatlarına pul ödənilməlidir. Yəni elmin qaldırılmasını universitet
öz gücünə həyata keçirə bilməz.
Elə avadanlıqlar, innovativ texnologiyalar var ki,
onların qiyməti milyonlarla ölçülür. Əgər bu avadanlıq yoxdursa, labarotoriyalarda elmi
eksperimentlar aparılmırsa, dünya belə elmi qəbul
etmir.
Daha bir fakta diqqətə yetirək. Hazırda dünyanın ən
nüfuzlu elmi jurnallarında Azəbaycan alimlərinin dərc
edilmiş məqalələrinin 52 faizi universitetlərin, ali məktəb müəllimlərinin
payına düşür. Bu, onu göstərir
ki, heç bir elmi maliyyəsi olmayan universitetlər 52 faiz elmi
nəticə göstərirlər.
Universitetimizdə bu istiqamətdə alimlərimizi fəallaşdırmaq
üçün bir çox tədbirlər həyata
keçiririk.
Məsələn, universitet alimlərinin dərc
edilmiş məqalələri qeydə alınır, əmsallara
vurulur və onlar hər ay öz məvacibləri məbləğində
əlavə əməkhaqqı alırlar. Elmi işlərlə məşğul olan elə
müəllimlərimiz var ki, göstərdikləri elmi nəticələrə
görə onlara hər ay əlavə 1000-1300 manat vəsait
ödənilir.
Bizim qarşıya qoyduğumuz məqsəd, ilk növbədə,
universitetimizin elmi nüfuzunu yüksəltməkdir. Çünki
reytinqə düşmək biləvasitə bununla
bağlıdır. Həmin nüfuz reytinqinə
düşmək üçün beş
ildə universitet alimlərinin minə yaxın elmi məqaləsi
dərc edilməlidir ki, sənədlərimiz baxılmaq
üçün qəbul edilsin.
2015-ci ildə universitetmizin müəllimlərinin
nüfuzlu elmi jurnallarda cəmi yeddi məqaləsi çap
edilmişdi. Hazırda isə həmin göstərici 150-yə
yüksəlib. Amma bir ildə reytinqə
düşmək mümkün deyil. Yeri gəlmişkən,
xatırladım ki, bizdə birinci il elmi məqalələrin
sayı 7-dən 47-yə qalxdı, sonra 100-ə, 130-a
çatıb.
Bu gün ölkəmizdə elm və təhsil sahəsində
ciddi addımlar atılır. İndi elmi portalın
yaradılması, elmi potensialın inkişafı
üçün böyük işlər görülür,
doktorantura təhsili alanlar dövlət tərəfindən
maliyyələşdirilir, 2019-2023-cü illərdə gənclərimiz
xarici ölkələrin nüfuzlu elm ocaqlarında doktorantura
təhsili almağa göndərilir, ikili dövlət
proqramları həyata keçirilir və s. Bu tədbirlər
imkan verəcək ki, yaxın 5 ildə ölkənin ən
azı 3 ali məktəbini ilk minlikdə görək.
– XX əsrin sonlarından
başlayaraq, biliyin universal xarakterinə, beynəlxalq elmi
ictimaiyyətin kollektiv səylərinin səfərbərliyinə
əsaslanan ali təhsilin beynəlmiləlləşməsi
tendensiyası böyük sürət götürüb. Sizin
universitet bu sahədə zəngin ənənələri olan
bir ali məktəbdir. Bütövlükdə,
bu sahədə görülən işlər, ali
məktəbin beynəlxalq əlaqələri və
onların təhsilə, kadr hazırlığına təsiri
haqqında nə deyə bilərsiniz?
–
Çox aktual məsələyə toxundunuz. Təhsilin
beynəlmiləlləşməsi sərhədlərin
açılması, informasiyanın daha əlçatan
olması ilə bağlıdır. İndi heç bir ali məktəb özünə qapanıb istədiyi
təhsili verə bilməz. Ali məktəb tədrisi
bütün dünyada tələb olunan təkliflər üzərində
qurur.
Dünyada xarici universitetlərə təhsil almağa
gedən tələbələrin sayı ildən-ilə
artır.
Mütəxəssislərin fikrincə, 2020-2021-ci tədris
ilinə qədər onların sayı 7,5
milyon nəfərə çatacaq, 10 il əvvəl bu rəqəmin
heç yarısı da yox idi. Çünki
getdikcə daha çox ölkələr özlərini nəinki
təhsil ixracatçısı elan etməyə, həm də
bundan gəlir götürən liderlərə
yaxınlaşdırmağa çalışırlar.
Təhsil xidmətlərinin ixracına vəsait
qoymaq təkcə əlavə gəlir əldə etmək
üçün deyil, bu, ilk növbədə, strateji sahədə
xüsusi önəm daşıyır. Ona görə də
yerli ali təhsil liderləri dünyada öz nüfuzlarını
artırır və xarici təhsil sahəsində ən
yaxşı təcrübələri tədris prosesinə
inteqrasiya edirlər.
Nə qədər qəribə olsa da, artıq bir sıra ölkələr, məsələn, Çin, Yaponiya, Cənubi Koreya, Hindistan və hətta Səudiyyə Ərəbistanı təhsil ixracında güclü “oyunçular” siyahısında yer alıblar. Burada maraqlı məqam odur ki, üç-dörd il bundan əvvəl heç kim Çinin dünya səviyyəli təhsil ixracatçısı ola biləcəyinə inanmazdı. İndi Çin onlardan biri kimi tanınıb. Bu ölkə xarici müəllimləri və qabaqcıl elm adamlarını cəlb etmək üçün onlara cəlbedici iş və yaşayış şəraiti yaradaraq təhsilin keyfiyyətini yüksəldir.
Bax, elə buna görə də Azərbaycan
universitetlərində də islahatlar aparılmalıdır.
Bu, reallaşdırılmasa, əldə edilən
uğurların da itirilmək təhlükəsi var. Yəni
biz əvvəlki qaydada tələbə qəbul edə bilməyəcəyik.
Dünya o qədər açıq olacaq ki, tələbə
Bakıda olmaqla xarici universitetlərlə də əlaqə
quracaq, təhsil alacaq və iş tapacaq. Ona görə də
universitetlərin tədris proqramı beynəlmiləl xarakter
daşımalıdır.
Bunun üçün ölkədə artıq çox ciddi addımlar atılır. Dövlət Qərbin qabaqcıl universitetlərinin proqramlarını Azərbaycana gətirir. Belə nümunələrdən biri də ADNSU-nun nəzdində yaradılımış Azərbaycan-Fransız Universitetidir.
– Mustafa müəllim, adını çəkmişkən,
elə bu layihə haqqında bir qədər ətraflı məlumat
verərdiniz.
– Azərbaycan-Fransız
Universiteti (UFAZ) 2014-cü ildə Azərbaycan və Fransa
prezidentlərinin təşəbbüsü ilə
yaradılan və uğurla davam edən layihədir. 2016-cı
ilin sentyabrından etibarən fəaliyyət göstərən
bu universitetdə 4 texniki ixtisas üzrə tələbə qəbulu
həyata keçirilir.
Layihəyə Fransa tərəfindən Strasburq
Universitetinin (Unistra) rəhbərlik etdiyi Fransa Universitetləri
Konsorsiumu daxildir. Azərbaycan tərəfindən isə
layihəyə Azərbaycan Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq
əsasında Azərbaycan Dövlət Neft və Sənaye
Universiteti rəhbərlik edir.
Universitetimizin nəzdində yaradılan UFAZ məzunlarını
ADNSU və Strasburq Universitetinin diplomları ilə təmin
edir. Beləliklə, tələbələr xaricə getmədən
ADNSU ilə bərabər, Fransanın ən qədim
universitetlərindən biri olan Unistranın diplomunu ala biləcəklər.
UFAZ Azərbaycanda ən eksklüziv texniki
imkanlara malik olan laboratoriyalardan faydalanmaq imkanı təklif
edir. Bizim hazırda əsası 2018-ci ildə qoyulmuş, Azərbaycanda
ilk və unikal altı mərtəbəli laboratoriyamız
müəllim və tələbələrimizə daha dərin
və geniş araşdırmalar aparmaq imkanı verir.
Fransız tərəfi bu avadanlıqların seçilməsi
və quraşdırılmasında birbaşa iştirak edib.
Elə həmin tədris binasında “Kompüter elmləri”
ixtisası üçün super kompüterin
quraşdırılmasını nəzərdə tutmuşuq.
Oradan da ikinci tədris binasına qapılar açılır
və xüsusi icazə
Xalq qəzeti 2020.- 30 iyul.- S.8;9.