Hadi Qaraçayın “Sonsuzluq” poemasında
Azərbaycan tarixinə poetik baxış...
Hadi Qaraçay çağdaş Güney Azərbaycanda tanınmış tanınan və sevilən şair, milli ruhun daşıyıcısı olan qələm sahiblərindən biridir. Milli özünəqayıdışı, ənənəvilik və novatorluq prinsiplərini milli dünyagörüşün formalaşması prosesində tarixi bir zərurət olduğunu şeirlərində, xüsusən də “Sonsuzluq” poemasında qabarıq verir. Şair poemada Azərbaycan tarixinin şanlı səhifələrini xatırlamaqla yanaşı, qara səhifələrini də əks etdirən bir çox məsələlərlə, əski kültürümüz, hətta Gülüstan “sülh” müqaviləsilə bağlı məqamlara orijinal poetik münasibət bildirib.
Əlbəttə, özünəqayıdış, ənənəvilik və novatorluq, yenilik milli dünyagörüş üçün tarixi bir zərurətdir. Güney şairlərinin yaradıcılığında insan və zaman anlayışı, həyat gerçəkliklərinə dinamik münasibət əsasdır. Onlar həyati və insani münasibətlərə baxış prizmasını elə cəlbedici formada oxucuya təqdim edirlər ki, əxlaq kodeksi və insanın davranışındakı bəşəri psixoloji aspekt müxtəliflikdən çıxır, sanki oxucuya tanış olan bir çərçivədə cərəyan edir. Eyni zamanda insan faktoru və zaman-məkan müstəvisində insanın mahiyyəti epik-lirik şəkildə özünü göstərə bilir. Beləliklə də şeir və poemalarda insanın iç dünyası, mahiyyəti qabarıq verilməyə başlayır və nəticədə Mircəlil Hüseyninin “Qanlı günəş”, Huşəng Cəfərinin “Ağ atım”, Hüseyn Düzgünün dörd hissəlik “Şeyx Məhəmməd Xiyabani”, Hadi Qaraçayın “Sonsuzluq”, Kiyan Xiyavın “Yap-yalnız, kimsiz, kimsəsiz, kimliksiz-Faciə (Avtobioqrafiya)”, “İt bayramında, qartal ardınca”, “Hopbul-hop”, “Aman sevgilim!” kimi yeni ruhlu modern poemaları yaranır. Bu mövzu çağdaş dövrün ünlü şairi Hadi Qaraçayın (1966) “Sonsuzluq” poemasında da ehtiva olunur. Şair poemada Azərbaycan tarixinin şanlı səhifələrini xatırlamaqla yanaşı, qara səhifələrini də əks etdirən bir çox məsələlərlə, əski kültürümüz, hətta Gülüstan “sülh” müqaviləsilə bağlı təlmihlər vermiş, həmin məqamlara orijinal poetik münasibət bildirmişdir. Bu barədə H.Qaraçayın açıqlaması daha etkiləyicidir: “”Sonsuzluq” poeması sanki öz-özüylə danışan birisinin ağı söyləməsidir Əsərdəki qaramsarlıqdan, (yəni, pessimistlikdən - anti optimistlikdən), umudsuzluqdan məmnun deyiləm... Ancaq bu əsər üzərində işimi bitirmişəm. Ona bir daha dönəcəyimi və hansısa bir dəyişiklik edəcəyimi də sanmıram. Poemada tarixə öz baxışımı yazmış, dünənimizi və bu günümüzü göz önünə almış, gələcəyə sorğu-sualla yanaşmışam...”
Vətənindən uzaqlarda yaşamağa məhkum edilən, Norveçin soyuq havasında üşüyən cənublu balasının-doğma yurd-yuvasında öyrəşdiyi isti iqlim kimi istiqanlı Hadinin duyğularını, özünü ifadəsidir ”Sonsuzluq” poeması...
Heç şübhəsiz, H.Qaraçay “Sonsuzluq” poemasında insanı, onun iç dünyasını, düşüncələrini qələmə alır, özgürlüyün, bağımsızlığın xəyalını qurur... Onun qənaətincə, azadlığı, özgürlüyü olmayan insan insan deyil, cəhənnəmə salınmış yazıq, çarəsiz bir varlıqdır. Azadlıq Hadi Qaraçay üçün yozumsuz yuxu, “şeytan dilində söylənmiş nağıl, qan qoxuyan göldü... Özünün və bütövlükdə xalqının bu duruma düşməyinin səbəbini o, I Nikolay ilə Fətəli şah-İran və Rusiya arasında imzalanmış “Gülüstan” (12 oktyabr 1813-cü il) və “Türkmənçay” (10 fevral 1828-ci il) “sülh müqavilələri” zamanı səlahiyyətli şəxslərin – soydaşlarının göstərdiyi qorxaqlıqda, “evlərinin qalın divarları arxasında, qadınlarının çadrası altında gizlənməsində, pul, mal-mülk və sərvət əsiri olmasında, mübarizə meydanlarından çəkilməsində və susmalarında görür...
Pulun və mülkün nəmli kölgəsində susdular...
Susdular qorxularında.
Və qorxunun iylənmiş löhməsindən
Uca heykəl yaratdılar, Qadın heykəli.
Adı dostluq, adı İran.
Böylə yaşadılar Gülüstanda
Əyinləri çıxarılmış “qəhrəmanlar”,
Böylə yaşadılar Türkmənçay dağlarında
soyum-soyum soyulanlar.
Özgürlük hər evdən öldürülmüş bir oğul idi.
Varlılar varlarına satdılar qan bahasını, yoxsullar yoxlarına.
Və böyləcə hər kəs öz evində quyladı quylanmaz cəsədi.
Eheeey...
sıldırım qayalar! Sizə “Anam” deməyə
utanmayacam...
Bir
gün danışacaqdınız
Sümüklərinizdə qılınc yarasından
bitmiş ardıclardan.
Bir gün danışacaqdınız o qəhrəmanlardan.
Dağı
qaynata, dədə kimi görüb ehtiram göstərmiş əcdadlarından
fərqli olaraq ona “Anam” deyən - hər bir sirrini,
sözünü deyə biləcək, ana kimi qoynuna
sığına biləcək bir varlıq kimi şair əsərdə
xalqının, Cənubi Azərbaycan türklərinin azad,
boyunduruqsuz yaşadığı insanlıq
çağını (!) xatırlayır. Bu insanlıq
çağında dili dil, eli el, yurdu yurd
olan, uca zirvədə qərar tutan, “ana sütündən
doğma, qız dodağından şirin, qadın
döşündən dadlı, insanlarının gəliş-gediş,
hətta gülüş haqqının olduğu Təbrizin də
cilvəli vaxtlarını yada salır. O vaxtlarını ki,
sazının hər telində yeni bir səs, kolunun hər
gülündə başqa bir qoxu vardı… “İnsanın
insanlıq hörməti imiş azadlıq!” qənaətini
hayqıran vətəndaş şair “Sonsuzluq” poemasında bu
kimi gözəlliklərin 1945-46-cı ildə - Milli Hökumətin
qurulduğu çağlarda bir daha yaşandığına
işarə edir, təlmih yaradır:
Ölüm
tufanların aşaraq gəldik
Və yaşam düzənində çadır qurduq.
Pay
aldıq, işdən və gücdən…
Paylaşdıq
insan ormanında
İnsana
yaraşan düzən qurmağı…
Bir ildə min ömür yaşadıq.
Ərkin,
unutmayacağı
Göy məscidin
görmədiyi
Dərin bir ömür.
Demokrit insanın əhval-ruhiyyəsini onun səadətinin
əsas ölçüsü hesab edirdi. Güney
şairləri üçün əsl xoşbəxtlik həyatı
real boyalarla, düzgün, yəni, olduğu kimi təsvir etməkdir.
Bu düzgünlüyü M.Şəhriyar, B.Q.Səhənd,
K.M.Sönməz, H.M.Savalan, H.Sahir və digər şairlərin
yaradıcılığında ümdə səciyyə kimi
xarakterizə etmək mümkündür. Səhənd
xoşbəxtliyə həsrətdən, Şəhriyar və
Sahir qəm-qüssədən, Sönməz idraki yeniləşmə
tərzindən yanaşır, Ə.N.Oxtay, M.Üskülü,
M.T.Zehtabi, K.Xiyav, H.Qaraçay, H.Düzgün və b. modern
düşüncədən, azadlığın uzaq pəncərəsindən
baxırdılar... Fikrimizin ən bariz təsdiqi xoşbəxtliyi
qısaca olaraq “Azadlıq heykəlinə tapınmaqda” görən
H.Qaraçayın “Sonsuzluq” poemasındakı bu
misralardadır:
İyirminci
yüzilliyin ilkin usağı
O
böyük dədənin nəvəsiyəm mən.
Yüz
ildir dilimdə qıfıl,
Alnımda
qulluq damğası,
Əllərimdə tapı qandalı.
Böylə doğur, böylə yaşar, böylə
ölürəm.
Dilim
qurtuluşa, Alnım
Bütün
qutsal varlıqların astanasında daş olmağa,
Əllərim
Qələm tutmağa,
Qulaqlarım
o ilkin, o böyük nağıla
Susuzdur anam.
Hadi Qaraçayın həsrət əzabı
çökmüş misraları istər-istəməz Ayris
Merdokun “Dünya-iztirablar məskənidir. Son nəticədə bu,
dünyanın ən dəqiq tərifidir”, - fikrinə
assosiasiya doğurur. Çağdaş
dövrün ünlü şairi olaraq tanınan
H.Qaraçayın “Sonsuzluq” poemasında yaratdığı bədii
təsvir və ifadə vasitələri yeniliyi, ilkinliyi ilə
diqqət çəkir. Poemada tarixin səhifələrinə
qısaca poetik səyahət edən şair İranla Rusiya
arasında bağlanan və adı “sülh”, mahiyyətində
isə vəhşət, bir xalqın Quzey və Cənubi Azərbaycan
olaraq iki yerə bölünməsilə əsrlər boyunca
ayrılığa məhkum olunması, həsrətdən
odlanıb yanması, ölüm dayanan “Gülüstan” və
“Türkmənçay” müqavilələrinin
imzalandığı o məşum dövrün sonrakı fəsadlarına
öz bənzətmələri, orijinal təşbeh, epitet və
metaforaları ilə işıq salır:
Ölüm
çardaq qurdu, şəhərdən böyük,
Kəsilən
başlar, deşilən döşlər, yolunan saçlar
Və
özgürlük hər evdən öldürülmüş
bir oğul oldu…
...Beləcə
hər kəs öz içində quyladı quylanmaz cəsədi...
Səhəndin
döşündə yara
Və
Savalan yalqız qaldı köhnə qarıyla…
Nə
dördbucaq, nə üçbucaq, görkəmsiz...
Ilğım
köynəyində iti sivrilib keçmiş
İlan ləpiridir bu yurd.
“Sazaqlı
külək, qanlı çaylar, sürüşkən torpaq,
quylanmaz cəsəd, yanmış qum və hər addımda
sızıldayan çalı quşları, acı təbəssüm”
epitetlərinin yansıtdığı müsibəti oxucu
aydın dərk edir… “Ölümün şəhərdən
böyük çardaq qurması” metaforası kütləvi
qırğınların törədildiyinə işarə,
“kəsilən başlar, deşilən döşlər,
yolunan saçlar” epitetləri isə qətlə yetirilmiş
soydaşlarının nə böyüklükdə faciənin
qurbanları olduğunun kanıtıdır... H.Qaraçay
özəl bir metaforaya imza atır və əsarət
altına düşən xalqının əldən getmiş
bağımsızlığını, itkin düşən
özgürlüyünü “hər evdə
öldürülmüş bir oğul”a bənzətməklə
bu anlamın nə qədər əziz, doğma, insan
üçün övlad, oğul qədər önəmli
olduğunu yansıdır. Ardınca daha yeni bədii təsvir
vasitələrilə daha bənzərsiz biçimdə,
modern tərzdə 1946-cı ildə azadlığın şərbətini
içən Güneyli soydaşlarımızın bir ildə
yaşadığı zövqü və “nə qədər
uzun, necə də qısa olan” o ili
anladır:
Bir ildə
min ömür yaşadıq...
Ərkin
unutmayacağı,
Göy məçidin
görmədiyi
Dərin bir ömür.
Ana
südündən doğma,
Qız
dodağından şirin,
Qadın döşündən dadlı.
Hadinin yozumunda 1945-ci ilin 12 dekabrından 1946-cı ilin
dekabrınadək keçən dövrdə - Milli Hökumətin
qurulduğu və hakimiyyətdə olduğu bu bir ildə xalq
dərindən anladı ki, “yasəmən qoxuyan
yanaqlarından öpmək, sehrli torpağına dodaq basmaq qədər
şirin imiş yaşam. Yozumsuz yuxuya dönərmiş
Azadlıq… Daşı parçalayan yaşıl bir mamır,
hətta şeytanın dilindən söylənmiş
nağıl, qan qoxuyan gül də ola bilərmiş
azadlıq…” Oxucu bircə anlıq düşünür ki, bənzərsiz
təşbeh və metaforaların oluşdurduğu bu
orijinallığı yalnız Hadi Qaraçayın qələmi
yarada bilər!.. Bu aləmdə
görürsən ki, “insanın gülüş
haqqını bu gündən sabaha uzanan umud
lağımına”, azadlığını isə “sevinc
payına, Ana dilində oxunan mahnının həyəcanına,
fəhlənin ləzzətlə işdən
ayrılmasına bənzətmək olarmış… Yazarın
bədii təfəkkürünün gücü onun
sözişlətmə oyununda, qeyri-adi poetik gedişlər
etməsində, sözlə cızdığı əsrarəngiz
tablolarla, bənzərsiz təsvirlərlə oxucunu heyrətə
gətirməsindədir…
Acı
yağışlardan göyərmiş şirin bitkilər
kimi,
Dayanıb dik, qürurlu qalalarımız.
Yalnız
bir daşı yetər
Dünyanın ömür nağılını oxutmaq üçün.
...Ax, kim?
Kim oyadacaq sizi bu ölümcül yuxudan?
Hansı
qara bulud,
Hansı
yer titrəməsi,
Hansı qan qoxusu?
- kimi fikir zəncirini misralarda sapa düzməyi
bacarmasındadır... Hadi Qaraçay “Sonsuzluq”
poemasında həyatının ayrılmaz bir hissəsinə,
nəfəsinə çevrilmiş “şeir”i də ən
mükəmməl təbiət mənzərələrinin
fonunda obrazlaşdırır. Onun üçün
“İlğım köynəyində iti sivrilib keçmiş
ilan ləpiri” olan başıbəlalı yurdunun “əyilib
tikanlarından öpmək, yanmış qumlarına dodaq
basmaq və qısaca olaraq Azadlıq heykəlinə
tapınmaqdır şeir... Oxucu anlayır ki,
şair bu metaforalar vasitəsilə bədii məramnaməsinin
əsas istiqamətinin məhz azadlıq-özgürlük
olduğunu daha təsirli şəkildə sübut etmək
istəyib.
Esmira Fuad
filologiya
üzrə elmlər doktoru
Xalq Cəbhəsi.- 2020.- 5 iyun.- S.14.