Aparılan dövlət idarəetmə
islahatları sosial-iqtisadi layihələrin
sistemliliyini təmin edir
Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur
və dəfələrlə demişəm ki,
mən Prezident kimi öz vəzifəmi bunda
görürəm – xalqa xidmət etmək.
Məhz bu xidmətə görə Azərbaycan
əhalisi bizə çox böyük
dəstək göstərir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidentiİdarəetmə sisteminə novator düşüncə tərzi, dinamizm və müasirlik çalarları gətirən dövlətimizin başçısı İlham Əliyev daim hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləşdirməklə onların icra prosesini nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir. Bu baxımdan son 17 ildə regional inkişaf və qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulamaq olar. Bölgələrin tarazlı və davamlı inkişafının təmin olunması, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzalanmış dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerində tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilk mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən səfərlər də Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri kimi diqqət çəkir.
Təcrübə göstərir ki, ictimai maraqların ifadəçisi olan hakimiyyət fəaliyyətində daim mütərəqqi ruhlu qanunlara əsaslanaraq xalqa təmənnasız xidməti başlıca məqsədə çevirir. Bu vəzifənin reallaşdırılması üçün monolit, güclü, peşəkar komandanın formalaşdırılması, habelə dövlət idarəçiliyinə müasirlik, dinamizm və təşəbbüskarlığın gətirilməsi obyektiv zərurətə çevrilir. İndiki pandemiya şəraitində bu və digər mütərəqqi meyarlara söykənən çevik idarəetmə modelinin formalaşdırılması Azərbaycan üçün də kifayət qədər aktualdır. Yeni dünya reallıqlarını obyektiv dəyərləndirən Azərbaycan Prezidenti son illərdə yürütdüyü məqsədyönlü siyasət, bu mənada, təkcə dünyada mövcud böhranın ölkəmizə mənfi təsirlərinin maksimum dərəcədə azaldılmasına deyil, həm də dövlət idarəçiliyində sistem xarakterli keyfiyyət dəyişikliklərinin təmin edilməsinə yönəlib.
Prezident İlham Əliyevin həyata keçirdiyi struktur və kadr islahatları dövlət idarəetməsinin səmərəliliyinin artırılması, şəffaflaşdırılması, cəmiyyəti narahat edən mənfi halların aradan qaldırılması, peşəkar kadr bazasının formalaşdırılması və layiqli namizədlərin mühüm vəzifələrə irəli çəkilməsi kimi məsələlərin həlli məqsədini daşıyır.
Dövlətimizin başçısı mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin edilmələri ilə əlaqədar videoformatda qəbulu zamanı bu barədə ətraflı danışıb. Prezident İlham Əliyev bildirib ki, respublikamızda dövlət idarəetmə islahatları bundan sonra da aparılacaq, bununla da iqtisadi və sosial islahatların sistemliliyi və dayanıqlılığı təmin ediləcək, ölkənin davamlı inkişafı daha da sürətlənəcək. Ən əsası isə islahatların sistemli şəkildə gerçəkləşdirilməsi bu prosesə inamı daha da artıracaq.
Ölkə rəhbəri nitqində bildirib ki, Azərbaycan ictimai-siyasi kataklizmlər yolu ilə deyil, təkamül yolu ilə inkişaf edir. Hazırda dünyada rəqabət idarəetmə sistemləri arasında gedir. Azərbaycan məhz idarəetmənin səmərəliliyini artırmaqla qlobal səviyyədə rəqabətlilik potensialını getdikcə gücləndirir.
Prezident İlham Əliyev çıxışında icra hakimiyyəti başçılarının peşəkar olmalarının mühüm önəm daşımasını xatırlatmaqla bərabər, onlara işlədikləri rayonlarda, şəhərlərdə nüfuz qazanmalarının, vətənpərvərlik, dürüstlük, şəffaflıq, vətəndaşlara xidmət, dövlətçilik prinsiplərinin əsas tutmalarının, habelə investorları cəlb etməyin, rayonların sosial-iqtisadi inkişafınını gerçəkləşdirməyin zəruriliyini də xatırladıb. Eyni zamanda, icra hakimiyyəti başçılarının yerlərdə xoşagəlməz hallara, korrupsiya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparmalarının vacibliyini diqqətə çatdırıb.
Dövlətimizin başçısı videoqəbulda yeni təyin olunan rayon icra hakimiyyəti başçılarına böyük etimad göstərildiyini, bu etimadı öz işləri ilə doğrultmağa borclu olduqlarını diqqətə çatdırıb. Ölkə rəhbəri daha sonra deyib: “Ağstafa və İmişli rayonlarının icra hakimiyyəti başçıları həbs olunub. Bu barədə ictimaiyyətə məlumat verilib. İndi istintaq gedir və hüquq- mühafizə orqanları hər şeyi müəyyən edəcək. Artıq ictimaiyyət məlumatlandırılıb. Ağstafa və İmişli rayonlarında icra hakimiyyəti başçıları tərəfindən edilmiş bu pozuntular digər rayonlarda da mövcud olub və bir neçə icra hakimiyyəti başçısı artıq istintaqa cəlb edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa, talançılığa qarşı mübarizə sözdə yox, əməldə aparılır və bu mübarizə bundan sonra da aparılacaq. İndi həm yerli, həm də mərkəzi icra orqanlarının fəaliyyəti araşdırılır və yol verilmiş bütün pozuntular üzə çıxacaq”.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın uğurlu, dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmasının, korrupsiyanın, rüşvətxorluğun, talançılığın kökünün kəsilməsinin zəruriliyini bir daha vurğulayıb. Eyni zamanda, yeni təyin olunan icra hakimiyyəti başçılarına rəhbərlik edəcəkləri rayonlarda bütün xoşagəlməz hallara qarşı öz işləri ilə ciddi mübarizə aparmalarının vacibliyini xatırladıb. Bu məsələdə geniş ictimaiyyətin rolunun mühüm önəm daşıdığını, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsinin daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyətini qeyd edib. Həm də əsas vəzifənin, ilk növbədə, rayon icra hakimiyyəti başçılarının üzərinə düşdüyünü bildirib: “Birinci növbədə siz vəziyyəti təhlil etməlisiniz və insanları narahat edən problemləri həll etməlisiniz. Sizin həll etməyə gücünüz çatmayan məsələlər barədə müvafiq mərkəzi icra orqanlarına məlumat verin ki, bu məsələlər operativ şəkildə öz həllini tapsın”.
Dövlətimizin başçısı nitqində bölgələrdə həyata keçirilən sosial islahatlardan, abadlıq-quruculuq işlərindən bəhs edərkən, bütün bunların əsasında, mənbəyində xalqın iradəsinin dayandığını, eyni zamanda, artıq regionların dördüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra olunduğunu da diqqətə çatdırıb. Bildirib ki, bütün proqramların tərtibatında yerlərdən gələn təkliflər üstünlük təşkil edir. Ölkə rəhbərinin rayonlara çoxsaylı səfərləri çərçivəsində vətəndaşlarla görüşlərində səsləndirilən fikirlər bu proqramların hazırlanmasında xüsusi rol oynayır. Ona görə də bölgələrdə elə işlər görülməlidir ki, həmin tədbirlərin reallaşdırılmasına ciddi ehtiyac duyulur. Mövcud çətinliklərin aradan qaldırılması isə son nəticədə insanların əziyyətdən xilasına gətirib çıxarır. Yeni təyin olunan icra hakimiyyəti başçıları tərəfindən də bu məsələyə mühüm önəm verilməli, yerlərdə vəziyyət dərindən təhlil edilməli, ilk növbədə, vətəndaşlarda narahatlıq doğuran məsələlər üzə çıxarılıb aşkarlanmalıdır.
Prezident İlham Əliyev çıxışında yerlərdə üç Dövlət Proqramının icrası nəticəsində infrastruktur layihələrinin böyük hissəsinin icrasının reallaşdırıldığını da xatırladıb: “Bunu indi hər kəs görür, bölgələrdə yaşayan insanlar görür və eyni zamanda, beynəlxalq təşkilatlar da bunu qeyd edir. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında elektrik enerjisinin əlçatanlığına görə Azərbaycan dünyada 2-ci yerdədir. Yolların keyfiyyətinə görə 30-cu yerlərdədir. Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, demək olar, qazlaşdırma layihələrinin böyük əksəriyyəti başa çatıb, qazlaşdırmanın səviyyəsi 96 faizdir. İçməli su layihələri bütün şəhərlərdə icra edilir, ya artıq başa çatıb, ya da ki, başa çatmaq üzrədir. Bütün bunlar dövlət tərəfindən görülmüş işlər, qoyulan investisiyalardır. Ona görə infrastruktur layihələrinin əsas hissəsi öz həllini tapıb”.
Dövlətimizin başçısı nitqində yeni təyin olunan icra hakimiyyəti başçıları qarşısında yaradılan təməl üzərində rayonların sosial-iqtisadi inkişafını təmin etməyi, eyni zamanda, bütün işlərin ədalətli görülməsini, indiki vaxtda-pandemiya dövründə insanlara daha çox yardım, kömək göstərilməsini mühüm vəzifə kimi qoyub.
Prezident İlham Əliyev videoformatda qəbul zamanı Azərbaycanda pandemiya ilə əlaqədar tətbiq olunan mexanizmin ən yüksək qiymətə layiq olduğundan, koronavirusla mübarizədə yüz minlərlə insanın sosial vəziyyətinin pisləşməsini nəzərə alaraq, onlara yardım göstərilməsindən bəhs edərək, yeni icra hakimiyyəti başçılarından bu məsələyə daha həssaslıqla yanaşmaları ilə bağlı tövsiyələrimi də verib. Bununla bağlı dövlətimizin başçısı deyib: “Sizin işinizdən, eyni zamanda, ümumiyyətlə, Azərbaycanda görülən işlər haqqında da təsəvvür yaranır. Əgər icra hakimiyyəti başçısı öz vəzifə borcunu yerinə yetirmirsə, əksinə, insanları incidir, insanların əmlakına göz dikir, kimsəsiz insanlara çatacaq yardımı, ictimai işlərə cəlb edilmiş insanların ödəniş kartlarını oğurlayır, talançılıqla, rüşvətxorluqla, korrupsiya ilə məşğul olursa, onda insanlar hansı fikirdə ola bilərlər? Siz işdə də, məişətdə də nümunə göstərməlisiniz və elə işləməlisiniz ki, insanlar sizdən razı olsunlar. İnsanlar sizdən razı olsalar, mən də sizin işinizdən razı olacağam. Ona görə vəziyyəti dərindən təhlil edin, həllini gözləyən məsələləri həll etmək üçün səylər göstərin və gücünüz çatmayan işlərin həll edilməsi üçün Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, müvafiq dövlət orqanlarına müraciət edin”.
Azərbaycan Prezidentinin təyin etdiyi icra hakimiyyəti başçılarına verdiyi tövsiyələr sırasında sahibkarlığın bundan sonra da dəstəklənməsi, iş adamlarına məmurlar tərəfindən problemlər törədiləcəyinə imkan verilməməsi kimi mühüm məsələlər xüsusi yer alıb. Ölkə rəhbəri Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin edilmələri ilə əlaqədar videoformatda da bu barədə danışıb: “Bəzi məmurlar onların layihələrinə şərik çıxmaq istəyirlər, bəzi məmurlar onların gəlirlərinə göz dikirlər. Buna qətiyyən yol vermək olmaz. Əksinə, siz sahibkarları cəlb etməlisiniz, siz onları inandırmalısınız. İndi dünyada investisiyalar uğrunda mübarizə aparılır. Ölkələr öz təkliflərini irəli sürürlər ki, investorları cəlb etsinlər. Ona görə siz, ilk növbədə, yerli sahibkarları inandırmalısınız ki, onlar gəlib məhz sizin rayonlarınıza sərmayə qoysunlar, iş yerləri yaratsınlar və beləliklə rayonların inkişafına töhfə versinlər”.
Dövlətimizin başçısı yuxarıda qeyd edilənlərlə bərabər, icra hakimiyyəti başçılarına kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilməsini, bu sahədə məhsuldarlığın artırılması istiqamətində müəyyən tədbirlərin görülməsini, o cümlədən suvarma suyunun ədalətli bölüşdürülməsinə ciddi fikir verilməsini, ödənişli ictimai iş yerlərinin yaradılmasına prioritet istiqamət kimi yanaşılmasını, əhalinin sosial problemlərinin həllində fəallıq göstərilməsini də tövsiyə edib.
V. BAYRAMOV
Xalq qəzeti 2020.- 13 iyun.- S.1.