Beynəlxalq
aləm Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasəti
bəyənir və dəstəkləyir
Azərbaycan
Şərq Tərəfdaşlığının fəal tərəfdaş
ölkəsidir. Avropa İttifaqı ilə əməkdaşlıq
Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir.
Bizim Avropa İttifaqının bir çox üzv ölkəsi
ilə sıx əməkdaşlığımız
mövcuddur. Azərbaycan Avropa İttifaqının 9
üzvü ilə strateji tərəfdaşlıq haqqında
sənəd imzalayıb. Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq
sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik.
Mətnin 90 faizi artıq
razılaşdırılıb. İki il bundan əvvəl
Brüsseldə Azərbaycan və Avropa İttifaqı
arasında “Tərəfdaşlıq prioritetləri” sənədi
paraflanıb ki, burada hər iki tərəfin müstəqillik,
suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə
tanınmış sərhədlərin
toxunulmazlığı prinsiplərinə sadiqliyi
vurğulanır.
İlham
ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Bu
gün Azərbaycanı Avropa İttifaqı (Aİ) ilə
davamlı inkişaf edən sıx siyasi, iqtisadi münasibətlər
bağlayır. Bunu ölkəmizlə adı
çəkilən qurumun 9 üzvü arasında strateji tərəfdaşlıq
əlaqələrinin mövcudluğu, həmçinin Aİ
ilə yeni tərəfdaşlıq sazişinin artıq 90
faizinın razılaşdırılması amilləri, eyni
zamanda, 2016- 2019-cu illər ərzində ticarətin
dinamikası da təsdiqləyir. Məsələn,
respublikamızla Aİ arasında həmin dövr ərzində
ticarətin həcmi 55 faiz artıb. Regiondaxili ticarətin həcmində
isə iki dəfədən çox artım qeydə
alınıb. Bununla bərabər, Azərbaycan Avropa
bazarlarına xam neft nəql edən etibarlı təchizatçı
kimi tanınıb və yaxın zamanda ölkəmiz Aİ-nin
üzv dövlətlərini təbii qazla da təchiz edəcək.
Burada
bir məqamı da xatırlatmaq istərdik. Aİ-nin Şərq
Tərəfdaşlığı ölkələri ilə
münasibətlərində suverenlik və ərazi
bütövlüyü əsas element olaraq xüsusi yer tutur.
Elə bu səbəbdəndir ki, Şərq Tərəfdaşlığı
sammitlərində Azərbaycanın mövqeyi qəti olur və
müdafiə edilir. Bu mənada, Şərq Tərəfdaşlığının
son sammiti də istisna təşkil etmədi və Azərbaycanın
Ermənistan üzərində növbəti siyasi qələbəsi
kimi tarixə düşdü.
Prezident
İlham Əliyev iyunun 18-də Şərq Tərəfdaşlığı
ölkələrinin videokonfrans formatında keçirilən
sammitindəki çıxışında bu barədə ətraflı
bəhs edib. Dövlətimizin başçısı nitqində
Azərbaycanın Şərq Tərəfdaşlığının
fəal tərəfdaş ölkəsi olduğunu,
respublikamızla Avropa İttifaqı arasında münasibətlərin
yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə
çatdırıb: “Bizim Avropa İttifaqının bir
çox üzv ölkəsi ilə sıx əməkdaşlığımız
mövcuddur. Azərbaycan Avropa İttifaqının 9
üzvü ilə strateji tərəfdaşlıq haqqında
sənəd imzalayıb. Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq
sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik.
Mətnin 90 faizi artıq razılaşdırılıb.
İki il bundan əvvəl Brüsseldə Azərbaycan və
Avropa İttifaqı arasında “Tərəfdaşlıq
Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin
müstəqillik, suverenlik, ərazi bütövlüyü və
beynəlxalq səviyyədə tanınmış sərhədlərin
toxunulmazlığı prinsiplərinə sadiqliyi
vurğulanır”.
Dövlətimizin
başçısı daha sonra bildirib ki, Ermənistan və
Azərbaycan arasında olan münaqişə eyni prinsiplər
əsasında həll edilməlidir. Ermənistan Azərbaycanın
beynəlxalq səviyyədə tanınmış ərazisinin
20 faizinin işğalını davam etdirir. Dağlıq
Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə
yaxındır ki, Ermənistanın işğalı
altındadır. Ermənistanın etnik təmizləmə
siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı
qaçqın və məcburi köçkünə
çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının
4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın
işğal edilmiş bütün ərazilərindən
qeyd-şərtsiz və tam çıxarılmasını tələb
edir. Ermənistan bu qətnamələrə,
habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa
Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən
qəbul edilmiş müvafiq sənədlərə əməl
etmək əvəzinə işğal olunmuş ərazilərdə
qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir.
Danışıqların mahiyyət və formatının ləğvinə
çalışan Ermənistanın baş nazirinin dediyinin əksi
olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq
Qarabağ Azərbaycandır və bütün dünya bunu
belə tanıyır. Azərbaycanın ərazi
bütövlüyü bərpa olunmalıdır.
Azərbaycan Prezidenti nitqində
işğala və humanitar fəlakətə baxmayaraq, son 16
ildə Azərbaycanın sosial-iqtisadi inkişafda böyük
nəticələr əldə etdiyini diqqətə
çatdıraraq, bu dövrdə ümumi daxili məhsulun 3 dəfə
artdığını, yoxsulluq səviyyəsinin 49 faizdən
5 faizə endiyini vurğulayıb. Eyni zamanda,
Avropa İttifaqının Azərbaycanın əsas ticarət
tərəfdaşı olduğunu məmnunluqla qeyd edib. Bildirib
ki, ölkə icarətinin təqribən 50 faizi üzv
dövlətlərin payına düşür. On beş ilə
yaxındır ki, Azərbaycan Avropa bazarlarına xam neft nəql
edən etibarlı təchizatçıdır. Yaxın gələcəkdə
isə respublikamız Avropa İttifaqının üzv
dövlətlərini təbii qazla təchiz etməyə
başlayacaq.
Prezident İlham Əliyev
ölkəmizin Azərbaycanı Avropa İttifaqı
bazarlarına bağlayacaq 3500 kilometrlik inteqrasiya edilmiş boru
kəməri sistemi olan Cənub Qaz Dəhlizinin tikintisinin təşəbbüskarı
olduğunu və onu maliyyələşdirdiyini xatırladaraq,
bu Dəhlizi enerji əməkdaşlığı, enerji təhlükəsizliyi
və enerjinin şaxələndirilməsi layihəsi kimi dəyərləndirib.
Dövlətimizin
başçısı koronavirus pandemiyasına qarşı
görülmüş tədbirlər barədə də məlumat
verib: “Ümumdünya Səhiyyə Təşkilatı
koronavirusla mübarizədə Azərbaycanı nümunəvi
ölkə adlandırıb. Qoşulmama Hərəkatının
120 üzv ölkəsinin yekdil qərarı ilə 2019-cu ildə
təşkilata sədr seçilən Azərbaycan bu il
mayın 4-də Hərəkatın COVID-19-a həsr edilmiş
onlayn formatda Zirvə görüşünü təşkil
etmişdir. Biz Avropa İttifaqı və Afrika
İttifaqının həmin tədbirə
qoşulmalarını yüksək qiymətləndiririk. Ali
nümayəndə cənab Jozep Borelə videomüraciətinə
görə təşəkkürümü bildirmək istəyirəm.
Ümid edirik ki, bu, Avropa İttifaqı və Qoşulmama Hərəkatı
arasında fəal əməkdaşlığın
başlanğıcı olacaqdır. Biz, həmçinin BMT
Baş Assambleyasının COVID-19-a həsr edilmiş dövlət
və hökumət başçıları səviyyəsində
videokonfrans vasitəsilə xüsusi iclasının
keçirilməsini təklif etmişik. Azərbaycan pandemiya
ilə mübarizə üçün Ümumdünya Səhiyyə
Təşkilatına 10 milyon ABŞ dolları həcmində
könüllü maliyyə yardımı
ayırmışdır. Eyni zamanda, ölkəmiz bu günə
qədər 29 dövlətə humanitar yardım göstərib
və bu işi davam etdirməyi planlaşdırır”.
Şərq
Tərəfdaşlığı ölkələrinin
videokonfrans formatında keçirilən sammitində diqqətçəkən
bir məqama da toxunmaq istərdik. Bu, Ermənistanın baş
naziri Nikol Paşinyanın növbəti dəfə
özünü ifşa etməsi ilə bağlıdır.
Belə ki, işğalçı ölkənin baş naziri
ermənicə replika ataraq, hər zaman olduğu kimi, məntiqsiz,
cəfəngiyat, yalanla dolu müdaxilə etdi. Lakin
bu “ittiham” dövlətimizin başçısı tərəfindən
kəskin şəkildə cavablandırıldı. Prezident
İlham Əliyevin Nikol Paşinyana təmkinli cavabı Azərbaycanın
prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyinə,
öz ərazi bütövlüyünü bərpa etmək əzmində
və gücündə olduğuna, Şərq
Tərəfdaşlığı ölkələrinin ərazilərində
baş verən bütün münaqişələrin beynəlxalq
hüququn norma və prinsipləri əsasında həll
olunacağına daha bir mesaj oldu. Ümumiyyətlə, bu
sammit Münxen debatından sonra Azərbaycan Prezidentinin
müdrik dövlət xadimi olaraq təcrübəsinin,
təmkininin işğalçı dövlətin rəhbərindən
qat-qat üstün olmasının növbəti
nümayişinə çevrildi.
Şərq
Tərəfdaşlığı ölkələrinin
videokonfrans formatında keçirilən sammitində Ermənistanın
baş naziri Nikol Paşinyanın növbəti dəfə
özünü ifşa etməsi ilə bağlı başqa
bir məqama nəzər salaq. Ermənistan baş naziri tədbirdəki
çıxışı zamanı ingilis dilində
kağızdan oxuyarkən beynəlxalq aləmdə qəbul
olunan “Naqornıy Karabagh” sözünü işlədir. Ermənicə
çıxışında isə “Artsax” sözünü
diqqətə çatdırır. Bu, bir daha onu göstərir
ki, Nikol Paşinyan yalnız daxili auditoriyaya hesablanan
çıxışlarında beynəlxalq aləmin
tanımadığı “Artsax” ifadəsindən yararlanır.
Sözügedən sammitdəki çıxışı isə
həm də Ermənistan baş nazirinin “ingilis dili səviyyəsini”
göstərdi. Belə ki, o, əvvəlcədən
hazırlanan çıxışını kağızdan
ingilis dilində oxusa da, sonra fikirlərini bu dildə ifadə
edə bilmədi. Çıxış yolu erməni dilində
danışmaq idi. Ermənistanın baş naziri nitqində
koronavirusla mübarizə üçün təcili
ehtiyacların ödənilməsi və təsirin
azaldılması məqsədilə Avropa İttifaqından 92
milyon avro həcmində yardım aldıqlarını da
bildirdi. Azərbaycan Prezidenti isə
çıxışında vurğuladı ki, ölkəmiz
pandemiya ilə mübarizə üçün Ümumdünya
Səhiyyə Təşkilatına 10 milyon dollar
könüllü maliyyə yardımı ayırıb. Eyni
zamanda, Azərbaycan 29 dövlətə humanitar yardım
göstərib və bu işi davam etdirir. Bu, Azərbaycanla Ermənistan
arasında bütün sahələrdə olduğu kimi,
iqtisadi sektorda da dərin uçurumun mövcudluğunu
nümayiş etdirən tutarlı faktdır. Təsadüfi
deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı
koronavirusla mübarizədə nümunə ölkə
adlandırır, Azərbaycanın digər ölkələrə
yardımını təqdir edir, Ermənistan isə virusla
mübarizə üçün sadəcə pul dilənir.
Paşinyan
çıxışında daha bir yalana imza atdı. O, Avropa
İnsan Hüquqları Məhkəməsinin son qərarını
tamamilə saxtalaşdırılmış formada təqdim edərək
orada guya Azərbaycanın öz ərazisində ermənilərə
qarşı irqçi siyasət həyata keçirdiyinin əks
olunduğunu iddia etdi, Ramil Səfərovun Azərbaycana
ekstradisiyası və onun ölkəsində qəhrəman
kimi qəbul olunmasından narazılığını
bildirdi. Amma Paşinyan bilməlidir ki, beynəlxalq
səviyyəli məhkəmənin qərarını təhrif
etmək yolverilməzdir və Avropa İnsan Hüquqları Məhkəməsinin
qərarında da Azərbaycana qarşı hər hansı bir
ittiham irəli sürülməyib. Bu məhkəmənin
qərarında irqçilik ittihamı əsasında Azərbaycanın
hər hansı bir dövlət məsuliyyətinin də
olduğu qeyd edilməyib. Qərarda baş vermiş hadisənin
fərdi davranış əsasında törədildiyi
bildirilib. Beləliklə, Avropa İnsan Hüquqları Məhkəməsinin
qərarı əsasında Azərbaycanı irqçilikdə
ittiham edən Paşinyan növbəti dəfə
özünü yalan və saxtakarlıqda ifşa etdi.
Prezident
İlham Əliyev çıxışında erməni
terrorçusu Karapetyanla bağlı məsələyə
toxundu. Dövlət başçısının haqqında
danışdığı hadisə 1983-cü il iyulun 15-də
Parisin Orli hava limanında baş vermişdi. ASALA
terror təşkilatının üzvü Varujan
Karapetyanın başçılığı altında həyata
keçirilən, Türk Hava Yollarının kassası qarşısında
törədilən qanlı terror aktında həlak olan 8 nəfərdən
2-si Türkiyə, 4-ü Fransa, 1-i ABŞ, 1-i isə
İsveç vətəndaşı idi. Terror zamanı
55 nəfər də yaralanmışdı. Karapetyan istintaqa
ifadəsində hadisəni törətdiyini boynuna alaraq, əslində,
əsas məqsədin bombanı təyyarənin içində
partlatmaq olduğunu etiraf etmişdi. Törətdiyi cinayətə
görə Fransa məhkəməsi onu ömürlük həbs
etsə də, 2001-ci ildə Karapetyan Ermənistana ekstradisiya
olunur. Burada qəhrəman kimi qarşılanan terrorçu Ermənistanın
ovaxtkı baş naziri Andranik Marqaryan tərəfindən qəbul
edilir, mənzil və işlə təmin olunur. Bu, bir daha onu
göstərir ki, qanlı terror törədən insanın
Ermənistanda qəhrəmanlaşdırılması adi
haldır. Bu, Ermənistanda terrorizmin dövlət səviyyəsində
dəstəkləndiyini göstərən çoxsaylı
faktlardan biridir.
Bütün
bunlar bir daha sübut etdi ki, Paşinyan beynəlxalq səviyyəli
tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə
əsaslanan tutarlı faktları qarşısında növbəti
dəfə mat vəziyyətinə düşdü və
özünü biabır etdi. Bu isə bütün hallarda istənilən
bir hökumət başçısı üçün
arzuolunan vəziyyət deyil.
Ən
maraqlı və gülüş doğuran məqamlardan biri də
tədbirə N.Paşinyanın qoruyucu maska ilə
qatılması idi. Qeyd edək ki, N.Paşinyan
bir müddət əvvəl koronavirusa yoluxduğunu elan
etmiş, daha sonra da sağaldığını
açıqlamışdı. Mütəxəssislər deyir
ki, tibbi protokollara görə koronavirusa yoluxan və sağalan
adam heç kimi yoluxdurmur. Çünki bədəndə
anticisim formalaşır və belə olduqda maska taxılmasına
ehtiyac yoxdur. Bu halda, Paşinyanın maska taxmasına nə
ehtiyac var idi, həm də kamera qarşısında?!.
Kadrlardan da göründüyü kimi, N.Paşinyandan başqa
heç bir dövlət və hökumət
başçısı maska taxmayıb. Çünki beynəlxalq
tibbi standartlara görə əgər
yaxınlığında kimsə yoxdursa maska taxmaq lazım
deyil. Demək bu, N.Paşinyanın növbəti ucuz
şousudur. Onun bundan məqsədi özünü xalqı
qarşısında qurban kimi göstərmək və
ictimaiyyətin diqqətini cəlb etməkdir.
Vaqif BAYRAMOV,
Xalq qəzeti. - 2020.- 20 iyun.- S.1.