AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 208 Bakı şəhəri, 19 iyun
2020-ci il
Bakı,
Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad
şəhərlərinin və Abşeron rayonunun ərazisində
xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə
bağlı əlavə tədbirlər barədə
“Sanitariya-epidemioloji salamatlıq
haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə
və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il
28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin
əmələ gəlməsi, yaxud yayılması təhlükəsi
yarandıqda karantin-təşkilat, profilaktika və
digər zəruri tədbirlərin görülməsi
Qaydaları”na əsasən Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1.
Yeni növ koronavirus (COVID-19) infeksiyasının
yayılma sürətinin azaldılması, habelə onun
törədə biləcəyi fəsadların minimuma endirilməsi
məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini
təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə,
Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin
və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat
00:00-dan
5 iyul saat 06:00-dək aşağıdakı məhdudiyyətlər
tətbiq edilsin:
1.1.
Aşağıda qeyd edilən iş və xidmət sahələri
üzrə fəaliyyət dayandırılsın:
1.1.1.
nəzdindəki ərzaq mağazaları və apteklər
istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;
1.1.2.
ictimai iaşə obyektlərində müştərilərə
yerində xidmətlər;
1.1.3.
muzey və sərgi zallarının fəaliyyəti;
1.1.4.
bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti
və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə
müştərinin evində və ya digər məkanda xidmət);
1.1.5.
təhsil müəssisələrinin fəaliyyəti (onlayn
imtahan, müsabiqə və müsahibələr istisna
olmaqla);
1.1.6.
açıq havada idman yarışlarının və oyunlarının
keçirilməsi.
1.2.
Aşağıdakı şəxslərin xidməti vəsiqələri
əsasında hərəkət etmələrinə yol
verilir:
1.2.1.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin,
Azərbaycan Respublikası Tibb Xidmətinin, Azərbaycan
Respublikası Nazirlər Kabineti Aparatının və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin
əməkdaşları;
1.2.2.
Azərbaycan Respublikası Milli Məclisinin deputatları və
Aparatının əməkdaşları;
1.2.3.
mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri
və onların müavinləri;
1.2.4.
dövlətə məxsus olan hüquqi şəxslərin, o
cümlədən dövlət adından yaradılan publik
hüquqi şəxslərin rəhbərləri və
onların müavinləri;
1.2.5.
hüquq mühafizə, məhkəmə və hərbi xidmət
nəzərdə tutulmuş orqanların əməkdaşları,
vəkillər;
1.2.6.
Azərbaycan Respublikasında akkreditasiya
olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq
təşkilatların əməkdaşları və
onların yerli heyəti (Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi tərəfindən
verilmiş akkreditasiya kartları əsasında).
1.3.
Bu Qərarın 1.2-ci bəndində qeyd olunanlar
istisna olmaqla, digər dövlət orqanlarının
(qurumlarının) əməkdaşlarının, “ASAN
Könüllüləri” İctimai Birliyinin, “Aqrar
İnkişaf Könüllüləri” Hərəkatının,
“Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbə-könüllülərinin, Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
könüllülərinin, həmçinin bu Qərarın əlavəsində
nəzərdə tutulan sahələrdə fəaliyyət
göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının
və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki
şəxslərin və onların işçilərinin, fəaliyyətinin
davam etdirilməsinə icazə verilməmiş özəl
hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin
təmin edilməsi üçün tələb olunan əməkdaşların
hərəkətinə onlar barəsində məlumatlar
işəgötürən tərəfindən gücləndirilmiş
elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az”
portalına daxil edildikdən sonra yol verilir.
1.4.
Kənd təsərrüfatı məhsullarının
toplanması, habelə növbəli suvarma, təxirəsalınmaz
baytarlıq və bitki mühafizə xidməti sahələrində
fəaliyyət göstərən hüquqi şəxslərin
əməkdaşları barədə məlumatlar işəgötürən
tərəfindən, həmin sahələrdə
fəaliyyət göstərən fiziki şəxslərin hərəkətinə
isə onlar barəsində məlumatlar Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı Nazirliyi və ya olduğu yer
üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi
nümayəndəlikləri tərəfindən gücləndirilmiş
elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az”
portalına daxil edildikdən sonra yol verilir.
1.5.
Bu Qərarın 1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərində
göstərilən şəxslər istisna olmaqla, digər
şəxslərin yaşayış yerini və olduğu yeri
tərk etmələrinə aşağıdakı hallarda yol
verilir:
1.5.1.
təxirəsalınmaz tibbi zərurətlə və hər
hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;
1.5.2. ərzaq və digər
gündəlik tələbat mallarının, habelə dərman
vasitələrinin alınması, dövlət xidmətlərindən,
bank, poçt və fəaliyyətinin davam etdirilməsinə
icazə verilən iş və xidmət sahələrində
göstərilən digər xidmətlərdən istifadə edilməsi
zərurəti ilə, həmçinin açıq havada
vaxtın keçirilməsi ilə əlaqədar;
1.5.3.
yaxın qohumunun dəfnində iştirakla əlaqədar.
1.6.
Bu Qərarın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində
göstərilən şəxslər yaşayış yerini
və olduğu yeri tərk etmək üçün icazə
almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumat
göndərməlidirlər (SMS – məlumatlar ödənişsizdir).
SMS məlumatın mətnində aşağıdakı iki
indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat
qeyd edilməlidir:
1.6.1. 1 rəqəmi - təxirəsalınmaz
tibbi zərurətlə və ya qrafik üzrə müalicə
almaqla əlaqədar yaşayış yerini və olduğu
yeri tərk etmək üçün (icazə rayon və
şəhər daxilində 2 (iki) saat müddətinə
verilir, rayonlar və şəhərlərarası hərəkət
zərurəti yarandıqda olduğu
ünvanla getməli olduğu ünvan arasında məsafə
və müalicə prosedurunun müddəti nəzərə
alınır, geri qayıtma müddəti həkim tərəfindən
verilən arayışla müəyyən edilir və zərurət
olduqda polis əməkdaşlarına təqdim edilir);
1.6.2. 2 rəqəmi – ərzaq və
digər gündəlik tələbat mallarının, dərman
vasitələrinin alınması, dövlət xidmətlərinin,
bank, poçt və fəaliyyətinin davam etdirilməsinə
icazə verilən iş və xidmət sahələrində
göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin
açıq havada vaxtın keçirilməsi ilə əlaqədar
yaşayış yerini və olduğu yeri tərk etmək
üçün (icazə 2 (iki) saat müddətinə
gündə 1 dəfə verilir, dövlət xidmətlərindən
istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri
tərk edən şəxslər üçün geri
qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən
verilən arayışla müəyyən edilir).
1.7.
Şəxsiyyəti təsdiq edən məlumatlar
aşağıdakılardır:
1.7.1.
Azərbaycan Respublikasının vətəndaşları
üçün - şəxsiyyət vəsiqəsinin seriya və
nömrəsi (məsələn, AZE 11111111);
1.7.2.
Azərbaycan Respublikasında müvəqqəti
və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər üçün – Azərbaycan
Respublikasının ərazisində müvəqqəti və
ya daimi yaşamaq üçün icazə vəsiqəsinin
seriyası və nömrəsi (MYİ (DYİ) 1111111);
1.7.3.
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti olma müddəti uzadılmış əcnəbilər
və ya vətəndaşlığı olmayan şəxslər
üçün – müvəqqəti olma müddətinin
uzadılması barədə qərarın seriyası və
nömrəsi (MOM 1111111);
nümunə: ərzaq və digər
gündəlik tələbat mallarının, habelə dərman
vasitələrinin alınması, bank və poçt xidmətlərindən
istifadə edilməsi zərurəti ilə əlaqədar
yaşayış yerini və olduğu yeri tərk etmək
üçün 2 AZE 1111111 məzmunlu SMS - məlumatı göndərilməlidir.
1.8.
Elektron Hökumət informasiya sistemindən gələn cavab
SMS - məlumatda icazənin qüvvədə olduğu müddət
göstərilir. Şəxs yaşayış yerini və
olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk
edə bilər.
1.9.
Həyat və sağlamlığa bilavasitə təhlükəli
vəziyyət yarandıqda yaşayış yerini və
olduğu yeri tərk etmək üçün SMS - məlumatın
göndərilməsi tələb olunmur. Həmçinin
şəxslər məhkəməyə və ya hüquq
mühafizə orqanlarına çağırıldıqda SMS
- məlumat göndərilmədən yaşayış yerini
və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə
və ya hüquq mühafizə orqanına
çağırılmalarına dair sənədi polis əməkdaşlarının
tələbi ilə onlara təqdim etməlidirlər.
1.10.
SMS - icazə sistemindən istifadə
qaydaları və SMS göndərilməsi ilə bağlı
yaranan çətinliklərlə əlaqədar Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə
müraciət edilə bilər.
1.11.
Bu Qərarın 1.5.3-cü yarımbəndində
göstərilən əsasla yaşayış yerini və
olduğu yeri tərk etmək üçün hər bir şəxs
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
Növbətçi Hissələri İdarəetmə Xidmətinin
102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə
almalıdır.
1.12.
Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin
hərəkəti zamanı onların üzərlərində
şəxsiyyəti təsdiq edən sənədlərin
olması məcburidir.
2.
Bu Qərarla müəyyən edilmiş hərəkət
məhdudiyyətlərinin tətbiqi qaydalarının
pozulmasına görə fiziki, hüquqi və vəzifəli
şəxslər Azərbaycan Respublikasının İnzibati
Xətalar və Cinayət məcəllələrində nəzərdə
tutulmuş qaydada məsuliyyət daşıyırlar.
3.
Bu Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin
tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən
həyata keçirilir.
4.
Bu Qərara uyğun olaraq fəaliyyətinə
icazə verilmiş sahələrdə fəaliyyət göstərən
özəl hüquqi şəxslərin əməkdaşları
və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti
ilə məşğul olan fiziki şəxslər və
onların işçilərinin barəsində məlumatların
işəgötürən tərəfindən
gücləndirilmiş elektron imzadan istifadə edilməklə
“icaze.e-gov.az” portalına daxil edilməsinə nəzarət Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi tərəfindən həyata
keçirilir və “icaze.e-gov.az” portalı vasitəsilə
icazənin alınması üçün yanlış məlumatın
daxil edilməsi, habelə yaşayış yerini və
olduğu yeri tərk etmək üçün SMS sistemi vasitəsilə
icazə alınması prosedurundan sui-istifadə edilməsi
halları aşkar edildikdə, bu barədə məlumatlar məsuliyyət
tədbirlərinin görülməsi üçün
aidiyyəti üzrə təqdim edilir.
5.
Beynəlxalq və ölkədaxili
uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin
yaşadıqları və ya olduqları yerdən hərəkətinə
onların biletləri əsasında, dövlət sərhədindən
müvafiq qaydada ölkəyə daxil olan şəxslərin
yaşadıqları və ya olduqları yerə gəlməsinə
isə onların pasportuna vurulmuş ştamp əsasında
yol verilir.
6.
Müəyyən edilsin ki, “Xüsusi karantin
rejimi ilə bağlı əlavə tədbirlər barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may
tarixli 178 nömrəli Qərarında nəzərdə
tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə
öz qüvvəsini saxlayır.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarına əlavə
Fəaliyyətinə
icazə verilən sahələr
1. Səhiyyə
və sosial sahə üzrə:
1.1. elmi tədqiqat və laborator xidmətləri;
1.2. xəstəxanalar, poliklinikalar və digər
tibb müəssisələri üzrə xidmətlər;
1.3. baytarlıq xidmətləri;
1.4. tibbi avadanlıqların, dərmanların və
tibbi vasitələrin istehsalı;
1.5. sosial xidmətlər;
1.6. sabit fiziki, psixi, əqli və ya hissiyyat
pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan
şəxslər üçün baxıcılıq xidməti.
2.
İnfrastruktur sahəsi üzrə:
2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı,
qaz təchizatı, istilik təchizatı, enerji paylanması);
2.2. elektrik enerjisinin istehsalı və təchizatı;
2.3. su təsərrüfatı və meliorasiya;
2.4. telekommunikasiya və rabitə xidmətləri.
3. Nəqliyyat
və logistika sahəsi üzrə:
3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı
ilə yük daşımaları;
3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və
avtomobil yolları xidmətləri;
3.3. logistika xidmətləri;
3.4. ictimai nəqliyyat və taksi xidmətləri.
4. Əsas
istehsalat növləri:
4.1. müdafiə sənayesi məhsullarının
istehsalı;
4.2. neft avadanlıqları və
qurğularının istehsalı;
4.3. qida məhsullarının və onlar
üçün xammal istehsalı, qida məhsullarının
tədarükü, təchizatı, saxlanması və topdan
satışı;
4.4. gündəlik baxım və gigiyena vasitələrinin
istehsalı;
4.5. kimyəvi məhsulların istehsalı;
4.6. kənd təsərrüfatı məhsullarının
toplanması, istehsalı və emalı, o cümlədən
fermer təsərrüfatlarının fəaliyyəti;
4.7. əkinçilik, növbəli suvarma, bitki
mühafizə xidməti və məhsul yığımı;
4.8. neft və qazın hasilatı, emalı,
saxlanması və satışı;
4.9. neft və qazın boru kəmərləri vasitəsilə
ötürülməsi;
4.10. metallurgiya sənayesi üzrə fəaliyyət;
4.11. tikinti və məişət
avadanlıqlarının istehsalı və təmiri;
4.12. mühəndislik və layihələndirmə
xidmətləri;
4.13. mülki və sənaye təyinatlı bina və
qurğuların, yolların tikintisi və təmiri;
4.14. qablaşdırma məhsullarının
istehsalı;
4.15. daş, metal və taxta məhsullarının
istehsalı;
4.16. mebel istehsalı və təmiri;
4.17. diri heyvanların kəsimi.
5. Pərakəndə
və topdan satış üzrə:
5.1. ərzaq məhsullarının satış məntəqələri;
5.2. apteklər;
5.3. yanacaqdoldurma məntəqələri;
5.4. zoomağazalar, o cümlədən heyvanlar
üçün yem satış məntəqələri;
5.5. tikinti materiallarının və məişət
xırdavatlarının satışı məntəqələri;
5.6. onlayn satışlar.
6. Məişət
xidmətləri üzrə:
6.1. məişət tullantılarının
yığılması və utilizasiyası;
6.2. kimyəvi təmizləmə;
6.3. mənzillər istisna olmaqla, yaşayış
binalarının təmizlənməsi;
6.4. avtomobillərin təmiri;
6.5. avtomobil yuyulma məntəqələri;
6.6. heyvan sığınacaqları.
7. Kütləvi
informasiya vasitələri.
8. Maliyyə
təşkilatları üzrə:
8.1. banklar və bank olmayan kredit təşkilatları,
lombardlar;
8.2. investisiya şirkətləri, fond birjaları;
8.3. sığorta təşkilatları;
8.4. ödəniş xidmətləri və klirinq
xidmətləri göstərən təşkilatlar.
9. Xüsusi
xidmət növləri üzrə:
9.1. çatdırılma xidmətləri;
9.2. tərcümə xidmətləri;
9.3. poçt xidmətləri;
9.4. dezinfeksiya xidmətləri.
10.
Vəkillik fəaliyyəti.
Əli Əsədov
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti. - 2020.- 20 iyun.- S.2.